Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2595/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən 31 il ərzində məhkəmə qərarının icra edilməməsi nəticəsində ona vurulmuş mənəvi zərərə görə 100.000 (bir yüz min) manat, maddi zərərə görə 3.000.000 (üç milyon) manat kompensasiyanın tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15, 153-cü maddəsinin 1ci hissəsi ilə (köhnə redaksiyada) cinayət işi başlanılaraq həmin maddələrlə ona ittiham elan olunmuşdur. Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli, 1-55/1993 nömrəli qərardadı ilə əməlində cinayət tərkibi olmadığından cinayət işinin icraatına xitam verilmiş və 5493 nömrəli qəbzlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maliyyə Şöbəsinə təhvil veerilmiş 34455 (otuz dörd min dörd yüz əlli beş) rublun İddiaçı qaytarılması qərara alınmışdır. Nəsimi rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli məktubu ilə sözügedən məhkəmə qərarının surəti 34.445 rubl hissədə icra olunması üçün Azərbaycan Respublikasının DİN-in Maliyyə Şöbəsinə göndərilmişdir. Buna baxmayaraq, cavabdeh inzibati orqan həmin məhkəmə qərarını bu günədək icra etməmişdir. 1990-cı illərdə dəfələrlə DİN-nin müxtəlif vəzifəli şəxslərinin, o cümlədən maliyyə şöbəsinin rəhbərliyinin qəbullarında olsa da, hər dəfə ona “səbr et, pulun qaytarılacaq” deyib yola salmışlar. Sonuncu dəfə DİN-in Maliyyə-Plan İdarəsi xx.xx.2024-cü il tarixli məktubla mhkəmə qərarının icrasından imtina edərək ona istinad etmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının 2013-cü il 14 avqust tarixli, Q27-001-13 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”ın 4.3-cü bəndində məhkəmənin bəraət hökmü və ya cinayət təqibini istisna edən hal barədə bildiriş təqdim ediləndən sonra 10 il ərzində əmlak sahibi və ya vəkalətnamə ilə başqa şəxs həmin əmlakın qaytarılması barədə müraciət etməzlərsə, əmlakın dövlət mülkiyyətinə keçməsi üün tədbirlərin görülməsi, 4.5-ci bəndin 4.5.2-ci yarımbəndində isə bu halda əmlakın dövlət mülkiyyətinə keçirildiyi müəyyən edilmişdir. 1993-cü ilin məhkəmə qərardadına əsasən vəsaitin geri qaytarılması barədə qərar verildiyinə baxmayaraq, 10 il ərzində müraciət etmədiyi üçün qeyd edilən vəsaitin dövlət nəfinə keçirildiyi baxımından müraciətinin müsbət həlli mümkün deyildir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, cavabdeh puunu qaytarmamaq üçün məktubunda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının 2013-cü il 14 avqust tarixli Q27-001-13 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”a əsaslanmışdır Halbuki, özünün də, qeyd etdiyi kimi, həmin təlimat məhkəmə qərarı icra edilməsi üçün ona göndərildikdən 20 il sonra təsdiq edilmişdir. O zaman, sual olunur ki, cavabdeh bu təlimat təsdiq edilənə kimi – 20 il ərzində məhkəmə qərarını hansı qanuni əsasla icra etməmişdir. Məhkəmə qərarı icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilən gündən 7 il ərzində qüvvədə olmuş Azərbaycan Respublikası SSR-nin CPM-nin “Maddi sübutlar haqqında məsələnin həlli” adlanan 80-ci maddəsinin 4-cü hissəsinə əsasən, cinayətkarlıq yolu ilə əldə edilmiş pul və sair qiymətli şeylər məhkəmənin hökmü ilə dövlət gəlirlərinə keçirilməli; qalan şeylər qanuni sahiblərinə verilir, sahibləri müəyyən olunmadıqda isə dövlət mülkiyyətinə keçir. Göründüyü kimi, həmin vaxt qüvvədə olan CPM-nin tələblərinə əsasən, cavabdeh inzibati orqan məhkəmə qərarını icra edərək, sözügedən pulu ona qaytarmalıl idi. Hətta pulun sahibini müəyyən etmək kimi vəzifəsini də, icra etməli idi. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mənəvi sarsıntı keçirmişdir. O, dəfələrlə DİN-nin rəhbərliyinin qəbulunda olsa da, nəticəsi olmamışdır. Hər dəfə ona yalan vədlər vermişlər. Sonda isə xx.xx.2024-cü il tarixli məktub vermişlər. Buna görə də, əsəbləri pozulmuş, əsəb sakitləşdirici dərman pereparatları qəbul etmişdir. Cavabdehin inamından istifadə etməklə onu aldatması, pulunun alınması üçün məhkəməyə müraciət etməsi, cavabdehə etibar etdiyinə görə ailəsində narazıçılıqların yaranması, eləcə də, cavabdehin uzun müddət ərzində onu aldatması nəticəsində mənəvi sarsıntı və iztirab keçirmişdir ki, bununla da, cavabdeh ona mənəvi ziyan vurmuşdur. Cavabdehin sadaladığı qanunsuz hərəkət və hərəkətsizlikləri nəticəsində uzun müddət sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmişdir. Ona görə də, xüsusi mülkiyyəti olan əziyyətlə qazandığı pul məbləğini dövlət nəfinə keçirilməsi ilə bağlı keçirdiyi iztirablara görə mənəvi zərərin əvəzi kimi cavabdehdən 100.000 manat tələb edir. Cavabdeh inzibati orqan heç bir üzrlü səbəb göstərmədən məhkəmə qərarını icra etməməklə ona birbaşa zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməl (hərəkətsizlik) törətmişdir. Odur ki, vurduğu zərərin əvəzini ödəməlidir. Belə ki, o, 30 il ərzində 34455 (otuz dörd min dörd yüz əlli beş) rubla hansısa şirkətdən səhm alıb mütəmadi gəlir əldə edə bilərdi, öz biznesini qura bilərdi, daşınmaz əmlakarlar alıb icarəyə verə bilərdi və s. 30 il ərzində əldən çıxmış faydanın əvəzi kimi cavabdehdən 3.000.000 (üç milyon) manat məbəğində maddi zərər tələb edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət (etiraz) təqdim edilməmişdir.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı məhkəmə iclasında təmin edilməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İ-55 nömrəli, 1993-cü il tarixli Nəsimi Rayon Xalq Məhkəməsinin qərardadına əsasən İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15, 153-cü maddəsinin 1-ci hissəsi ilə olan cinayət işinin icraatına əməlində cinayət tərkibi olmadığına görə xitam verilmiş, 5493 nömrəli qəbaləyə əsasən Azərbaycan Respublikası DİN-nin maliyyə şöbəsinə təhvil verilmiş 34 min rublun İddiaçı qaytarılması qət edilmişdir.
8. Nəsimi Rayon Xalq Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Şöbəsinə ünvanlanmış xx.xx.1993-cü il tarixli, K12 nömrəli məktuba əsasən bildirilmişdir ki, Nəsimi Rayon Xalq Məhkəməsi İddiaçı Azərbaycan Rspublikası Cinayət Məcəlləsinin 153-cü maddəsinin 1-ci hissəsi ilə ittiham olunmasına dair qərarın surəti (34 min 455 rubl pul) icra olunması üçün göndərilmişdir.
9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-27/2-A-2114/1/2024 nömrəli məktubla bildirilmişdir ki, 1992-ci ildə müsadirə edilmiş 34455.00 rus rublu Maliyyə-Plan İdarəsinin depozit hesabına mədaxil edilmişdir. Məlumat qaydasında bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2013-cü il 14 avqust tarixli “Q27-001-13” nömrəli qərarı ilə təsdiq edilmiş, Ədliyyə Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilmiş “Məhkəmə qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”ın 4.3-cü bəndində məhkəmənin hökmü və ya cinayət təqibini istisna edən hal barədə bildiriş təqdim ediləndən 10 il ərzində əmlak sahibi və ya vəkalətnamə ilə başqa şəxs həmin əmlakın qaytarılması üçün müraciət etməzlərsə, əmlakın dövlət mülkiyyətinə keçməsi üçün zəruri təbdirlərin görülməsi, 4.5-ci bəndin 4.5.2-ci yarımbəndində isə bu halda əmlakın dövlət mülkiyyətinə keçirildiyi müəyyən edilmişdir. 1993-cü ilin məhkəmə qərardadına əsasən vəsaitin geri qaytarılması barədə qərar verilməsinə baxmayaraq 10 il ərzində müraciət etmədiyi üçün qeyd edilən vəsaitin dövlət nəfinə keçirilməsi baxımından müraciətinin həlli mümkün deyildir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
14. inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
15. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
16. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:
17. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: Maddə 18. Mülkiyyət hüququnun təmin edilməsi 18.1. Cinayət təqibi gedişində bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa, heç kəsin mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. 18.2. Prosessual hərəkətlərin həyata keçirilməsi zamanı götürülmüş əmlak müvafiq prosessual hərəkətə dair protokolda göstərilməli, ətraflı siyahıya alınmalı və əmlakın məsuliyyətlə saxlanılması üçün götürülməsinə dair əmlak sahibinə qəbz verilməlidir.
18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2013-cü il 14 avqust tarixli “Q27-001-13” nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə” Təlimat-a əsasən: 1.1. Bu Təlimat “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli qərarının 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinə uyğun hazırlanmışdır. 1.2. Bu Təlimat daxili işlər orqanları tərəfindən aparılan təhqiqat və ibtidai istintaq zamanı götürülmüş əşyalara, pullara və digər qiymətlilərə (bundan sonra - əmlak) şamil edilir, onların uçotu, saxlanılması, qaytarılması və dövlət mülkiyyətinə verilməsi qaydalarını müəyyən edir. 1.3. Aşağıdakı əmlak uçota götürülür və saxlanılır: 1.3.1. tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər; 1.3.2. Azərbaycan Respublikasının və digər dövlətlərin orden və medalları; 1.3.3. milli və xarici valyutada olan pul vəsaitləri, bank kartları; … 2.1. Təlimatın 1.3-cü bəndində göstərilən, lakin maddi sübut sayılmayan əmlak şəxslərdən götürüldükdən sonra 1 iş günü ərzində əməliyyat işçiləri tərəfindən polis orqanlarının maliyyə xidmətinə təhvil verilməlidir. Maliyyə xidməti olmayan polis orqanlarında qeyd olunan əmlak təhqiqat və ibtidai istintaq aparan əməkdaşlar tərəfindən üç gün müddətində tabeçiliyi üzrə daxili işlər orqanlarının maliyyə xidmətinə təhvil verilir. 2.2. Əmlakın maliyyə xidmətinə təhvil verilməsi axtarış (baxış və ya götürülmə) haqqında protokol və ya qərar əsasında müvafiq olaraq “Təhqiqat və ibtidai istintaq dövründə götürülmüş pulların qəbulu qəbzi” (forma № QQ-1) və “Təhqiqat və ibtidai istintaq dövründə götürülmüş qiymətli əşyaların qəbulu qəbzi” (forma № QQ-2) doldurulmaqla həyata keçirilir. Maddi sübut sayılan əmlak maliyyə xidmətinə verildikdə onlara ayrıca “QQ-1” və ya “QQ-2” formalı qəbzlər yazılır və həmin qəbzlərin yuxarı sağ küncündə “maddi sübut” sözləri yazılır. 2.3. Maddi sübut sayılan əmlak saxlama kamerasına yalnız müstəntiqin qərarı əsasında, “Maddi sübut sayılan pulların və qiymətli əşyaların qəbulu qəbzi” (forma № QQ-3) doldurulmaqla təhvil verilir. Qərarda cinayət işinin nömrəsi, başlanma tarixi, cinayət məsuliyyətinə cəlb edilən şəxs haqqında məlumatlar, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olmadıqda isə cinayətin qısa məzmunu, təhvil verilən maddi sübutların dəqiq adları (adı, çəkisi, növü, əmtəə markası, həcmi, çeşidi və s.) göstərilməlidir. ... 2.7. Milli və xarici valyuta ilə nağd pullar, bank kartları, sənədli qiymətli kağızlar, çeklər, konosamentlər, lotereya biletləri, əmanət kitabçaları götürüldüyü andan 7 (yeddi) gündən gec olmayaraq maliyyə xidməti tərəfindən zərflərə qoyulub polis orqanının rəisi və maliyyə xidmətinin rəisi tərəfindən imzalanmış müşayiət məktubu ilə həmin polis orqanının xidmət olunduğu xəzinədarlıq orqanının Agent-Bankına təhvil verilir. Milli və xarici valyuta ilə nağd pullar polis orqanının depozit xəzinə hesab kitabına köçürülür. Əmlakın zərflərə qoyulması onları təhvil verən əməkdaşın və 3 nəfər digər əməkdaşın şahidliyi ilə həyata keçirilir və həmin şahidlər bunu imzaları ilə zərfin üzərində təsdiq edirlər. Zərfin və qutunun üzərində habelə əşya sahibinin soyadı, adı, ata adı ,hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı hüquqi şəxsin adı və təşkilati-hüquqi forması, sənəd (qəbz) nömrəsi və tarixi göstərilir. Zərfin müşayiət məktubu 2 nüsxədə yazılır, həmin məktubda əmlakın adı, nömrəsi, nominal dəyəri, ümumi məbləği, qəbz nömrəsi və tarixi göstərilir. ... 4.1. Əmlak məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs məhkəmənin hökmü ilə bəraət qazandıqda və ya cinayət təqibini istisna edən hallar üzrə cinayət təqibinə xitam verildikdə sahibinə qaytarılır. 4.2. Əmlak məhkəmənin hökmü (qərarı) və ya istintaq orqanının qərarı qüvvəyə mindikdə sahibinə və yaxud onun vəkalət verdiyi şəxsə, onların ərizə ilə müraciətindən sonra 20 gün ərzində əmlakın təhvil verilməsi barədə qəbz təqdim edilməklə, kassa məxaric orderi əsasında qaytarılır. Qəbz itirilmiş olarsa, əmlak şəxsin müraciət ərizəsinə əsasən qaytarılır. Bu zaman pulun məbləği və ya sənədli qiymətli kağızların nominal dəyəri və təhvil verilmə tarixi ərizədə göstərilməlidir. Əmlakın qaytarılması barədə uçot kitabında qeydiyyat aparılır. 4.3. Əmlakın sahibinə qaytarılması o halda həyata keçirilir ki, məhkəmənin bəraət hökmü və ya cinayət təqibini istisna edən hal barədə bildiriş təqdim ediləndən sonra 10 il ərzində o, ərizə ilə daxili işlər orqanlarına müraciət etmiş olsun. Əgər göstərilən müddət ərzində əmlak sahibi və ya vəkalətnamə ilə başqa şəxs həmin əmlakın qaytarılması üçün müraciət etməzlərsə, əmlakın dövlət mülkiyyətinə keçməsi üçün zəruri tədbirlər görülür.
19. Ləğv olunmuş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 453 nömrəli, xx.xx.2002-ci il tarixli əmri ilə təsdiq edilmiş, Azərbaycan Respubikasının Ədliyyə Nazirliyi tərəfindən 2945 qeydə alma nömrəsi, xx.xx.2002-ci il qeydiyyat tarixi ilə dövlət qeydiyyatına alınmış “Məhkəmə qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə” Təlimata əsasən: 1.1. Bu təlimat “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli Qərarına və Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinə uyğun hazırlanmışdır. 1.2. Bu təlimat Daxili İşlər orqanları tərəfindən aparılan təhqiqat və ibtidai istintaq zamanı götürülmüş əşyalara, pullara və digər qiymətlilərə şamil edilir, onların uçotu, saxlanılması, qaytarılması və Dövlət mülkiyyətinə verilməsi qaydalarmı müəyyən edir. 1.3. Aşağıdakılar xüsusi uçota götürülür və saxlanılır: - tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər; - dövlət əhəmiyyətli orden və medallar; - milli və xarici valyutada olan pul vəsaitləri; … 4.2. Götürülmüş pullar, əşyalar və digər qiymətlilər məhkəmənin hökmü və ya istintaq orqanının qərarı qüvvəyə mindikdə sahibinə və yaxud onun vəkalət verdiyi şəxsə, onların müraciətindən sonra 20 gün ərzində əmlakın təhvil verilməsi barədə qəbz təqdim edilməklə, kassa məxaric orderi əsasında qaytarılır: Əmlakın qaytarılması barədə uçot kitabında qeydiyyat aparılır, Qəbz itirilmiş olarsa, əmlak şəxsin müraciət ərizəsinə əsasən qaytarılır. Bu zaman pulun və digər qiymətli kağızların məbləği və təhvil verilmə tarixi ərizədə göstərilməlidir. Əmlakın sahibinə qaytarılması o halda həyata keçirilir ki, məhkəmənin bəraət hökmü və ya cinayət tərkibini istisna edən hal barədə bildiriş təqdim ediləndən sonra 10 il ərzində o, ərizə ilə Daxili İşlər orqanlarına müraciət etmiş olsun. Əgər göstərilən müddət ərzində əmlak sahibi və ya vəkalətnamə ilə başqa şəxs həmin əmlakın qaytarılması üçün müraciət etməzlərsə, əmlakın dövlət mülkiyyətinə keçməsi üçün zəruri tədbirlər görülür.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
21. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2 Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
22. Beləliklə, hazırki işin hallarından müəyyən edilmişdir ki, Nəsimi Rayon Xalq Məhkəməsinin İ-55 nömrəli, 1993-cü il tarixli qərardadına əsasən İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15, 153-cü maddəsinin 1-ci hissəsi ilə olan cinayət işinin icraatına əməlində cinayət tərkibi olmadığına görə xitam verilmiş, 5493 nömrəli qəbaləyə əsasən Azərbaycan Respublikası DİN-nin maliyyə şöbəsinə təhvil verilmiş 34 min rublun İddiaçı qaytarılması qət edilmişdir. Nəsimi Rayon Xalq Məhkəməsi tərəfindən xx.xx.1993-cü il tarixli, K12 nömrəli məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Şöbəsinə Nəsimi Rayon Xalq Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153-cü maddəsinin 1-ci hissəsi ilə ittiham olunmasına dair qərarın surəti (34 min 455 rubl pul) icra olunması üçün göndərilmişdir. İddiaçı həmin pul məbləğinin geri qaytarılması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfidən onun müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2013-cü il 14 avqust tarixli “Q27-001-13” nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə” Təlimat-a istinad edilməklə imtina edilmiş, imtinada bildirilmişdir ki, 1993-cü ilin məhkəmə qərardadına əsasən vəsaitin geri qaytarılması barədə qərar verilməsinə baxmayaraq 10 il ərzində müraciət etmədiyi üçün edilən vəsait dövlət nəfinə keçirildiyindən müraciətinin müsbət həlli mümkün deyildir.
23. İddiaçı hazırda, bugünədək cavabdehə ünvanlanmış çoxsaylı müraciətlərinə baxmayaraq həmin pul məbləğinin ona geri qaytarılmaması nəticəsində dəymiş maddi və mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir.
24. Bununla bağlı məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinin, Mülki Məcəllənin 1100-cü maddəsinin əlaqəli təhlilinə görə zərərin əvəzinin ödənilməsi bilavasitə zərəri vuranın və onun təqsirinin müəyyən edilməsi ilə şərtlənir. Lakin, hazırki işin hallarından müəyyən edilir ki, iddiaçı Nəsimi Rayon Xalq Məhkəməsinin İ-55 nömrəli, 1993-cü il tarixli qərardadına əsasən ona qaytarılmalı olan pul məbləğinin geri qaytarılması ilə bağlı cavabdehə çoxsaylı müraciətlər ünvanlamasına baxmayaraq bugünədək qaytarılmadığını bildirsə də, iş materiallarına bununla bağlı, qərardadın qəbul edildiyi tarixdən ötən bu müddət ərzində cavabehə müraciətini təsdiq edəcək hər hansı bir təsdiqedici sənəd məhkəməyə təqdim etməmişdir. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin normalarından da, göründüyü kimi, əmlak məhkəmənin hökmü (qərarı) və ya istintaq orqanının qərarı qüvvəyə mindikdə sahibinə və yaxud onun vəkalət verdiyi şəxsə, onların ərizə ilə müraciətindən sonra 20 gün ərzində əmlakın təhvil verilməsi barədə qəbz təqdim edilməklə, kassa məxaric orderi əsasında qaytarılır. Əmlakın sahibinə qaytarılması o halda həyata keçirilir ki, məhkəmənin bəraət hökmü və ya cinayət təqibini istisna edən hal barədə bildiriş təqdim ediləndən sonra 10 il ərzində o, ərizə ilə daxili işlər orqanlarına müraciət etmiş olsun. Əgər göstərilən müddət ərzində əmlak sahibi və ya vəkalətnamə ilə başqa şəxs həmin əmlakın qaytarılması üçün müraciət etməzlərsə, əmlakın dövlət mülkiyyətinə keçməsi üçün zəruri tədbirlər görülür. Belə olan təqdirdə, maddi zərərin ödənilməsi ilə bağlı cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
26. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarı: 1-ci bənd. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, ididaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
27. Məhkəmə tərəfindən yuxarıda sadalanan qanunvericiliyin normalarının işin faktiki hallarına tətbiq edilməsi nəticəsində isə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməmişdir.
28. Bununla bağlı məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində cavabdehin qanunsuz hərəkətlərinə görə mənəvi sarsıntılar keçirərək, çoxsaylı dərman pereparatlarını qəbul etməsi nəticəsində ona maddi və mənəvi zərər dəydiyini bildirsə də, bununla bağlı iş materiallarında iddiaçının sağlamlıq vəziyyətini əks etdirən tibbi sənədlər, onun fiziki və psixoloji sağlamlığına cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər vurulmasına dair hər hansı bir sübut aşkar edilməmişdir.
28. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
29. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
30. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
31. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
33. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və X2 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
36. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva