Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2604/2022 21.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ natı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ natı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək həqiqi hərbi xidmət müddətindən artıq 01.12.1991-ci ildən 08.09.1992-ci il tarixə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N saylı hərbi hissənin tərkibində xidmət etdiyi üçün 26 aprel 2014-cü ildən 26 aprel 2017-ci ilədək ödənişlərin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 aprel 2017-ci il tarixdə Müdafiə Nazirliyi tərəfindən 059040 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Müharibə veteranı kimi hər ay Nazirlik tərəfindən ona 80 manat müavinət pulu ödənilir. 26 aprel 2017-ci ildə Müdafiə Nazirliyi tərəfindən “Qarabağ müharibəsi” veteranı adı və vəsiqəsi verilmişdir. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək bildirmişdir ki, 01.12.1991-ci ildən 08.09.1992-ci ilə kimi müddətdən artıq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Müdafiə Naziriyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmət müddətindən artıq xidmət etməyini nəzərə alıb son 3 ilə görə, yəni 26 aprel 2014-cü ildən 26 aprel 2017-ci ilə kimi 3 illik ödənişin ödənilməsinə dair tədbir görmələrini xahiş etmişdir. Qanunvericiliyin tələbinə görə veteran vəsiqəsi ona verildiyi tarixdən əvvəlki 3 ilə görə dövlət tərəfindən ödəniş edilməlidir və bu, 26.04.2014-cü ildən 26.04.2017-ci ilədək tarixləri əhatə edir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazında bildirilmişdir ki, İddiaçı 21.06.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 26.04.2014-cü il tarixdən 26.04.2017-ci il tarixədək sosial müavinətin hesablanmasını və ödənilməsini tələb etmişdir. Ərizəyə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır. Filialın iddiaçıya ünvanladığı imtina məktubunda ona müharibə veteranları üçün nəzərdə tutulan təqaüdün qanunauyğun olaraq təyin edildiyi qeyd edilmişdir. İşin faktiki hallarına əsasən İddiaçı 059040 nömrəli veteran vəsiqəsi 26.04.2017-ci il tarixində verilmişdir. İddiaçıya veteran vəsiqəsini aldığı tarixdən Azərbaycan Respublikasının Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26.12.2001-ci il tarixli, 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli 641 nömrəli Fərmanına uyğun olaraq müharibə veteranlarına 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə 01.04.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsasları “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir və həmin Qanunun 4.0.1.6-cı maddəsinə görə veteranlara verilən müavinətin növü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət” olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11.07.2005-ci il tarixli, 257 nömrəli Fərmanı ilə də “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər” sosial müavinət alan şəxslərin siyahısına daxil edilmişlər. Fərmandan görünür ki, müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Prezidenti “müharibə veteranı adı almış şəxslər”ə olan güzəştləri müavinətlə əvəz etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda isə sadəcə “müharibə veteranları” anlayışı açıqlanmış, onun əhatə etdiyi şəxslərin dairəsi verilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin şəxsə sosial müavinət təyin edilməsi üçün hər hansı birbaşa qüvvəsi yoxdur və məhkəmənin iddiaçıya veteran vəsiqəsini almamışdan əvvəlki dövr üçün sosial müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı mübahisəyə həmin normanı tətbiq etməsi əsassızdır. Müharibə veteranı anlayışının əhatə dairəsinə daxil olmaq sosial müavinət üçün əsas deyil. Sosial müavinətlər haqqında qanunvericilik “müharibə veteranlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi” şərtini gətirir. Müvafiq icra hakimiyyəti orqanı isə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər” olaraq müəyyən edir. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4-cü maddəsinə görə veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinət ödənişi həyata keçirilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin - Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının 2.2-ci bəndinə görə müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. İşə baxan məhkəmələr adıçəkilən Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına əsaslanmaqla, həmin müavinətlərin şəxsin müharibə veteranı statusunu aldığı vaxtdan, yəni müvafiq müavinəti almaq hüququnun yarandığı gündən əvvəlki üç il üçün də ödənilməli olmasını qət edirlər ki, bu da aşağıda qeyd edilən səbəb və əsaslara görə sözügedən maddi hüquq normasının məhkəmələr tərəfindən səhv təfsir və tətbiq edilməsinin nəticəsidir. Maddənin dispozisiyasından göründüyü kimi qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüquqununu yarandığı günlə şərtləndirmişdir. Ona görə də bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. 28.06.1994-cü il tarixdən qüvvədə olan “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (02 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995-ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001-ci il tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir: “İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir”. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana 11.07.2005ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən (AR NK-nin 18 iyul 2006-cı il tarixli 174 nömrəli Qərarı ilə əlavə edilib), veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Beləliklə, şərh olunan qanunvericilik aktları normalarının əlaqəli təhlilindən göründüyü kimi müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada iddiaçıya bildiriş göndərilsə də məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1968-ci il təvəllüdlü Zeynalov X2 rayonu, Todan kəndi ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin verdiyi 26 aprel 2017-ci il tarixli, M/V seriyalı 059040 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ natı üzrə Mərkəzi Filialı tərəfindən 16 noyabr 2021-ci il tarixli, **********0 nömrəli məktubla məhkəməyə göndərilmiş müavinət işindən görünür ki: - Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin 24 nömrəli 16.06.2017-ci il tarixli qərarı ilə İddiaçı 26.04.2017-ci ildən müharibə veteranı üçün aylıq 50 manat məbləğində müavinət təyin edilmişdir. - İddiaçı 21.06.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət edəərk ona 26 aprel 2014-cü ildən 26 aprel 2017-ci ilədək ödənişlərin ödənilməsinə dair Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 05.08.2021-ci il tarixli, **********3 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26.12.2001-ci il tarixli, 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir, lakin Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli 641 nömrəli Fərmanına uyğun olaraq müharibə veteranlarına 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə 01.04.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. “Sosial müavinətlər məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanına əsasən “Sosial müavinətlər məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı almış şəxslərə 55000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Bununla da qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikasının Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər “Veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq sizə müharibə veteranları üçün nəzərdə tutulan təqaüd “Veteran vəsiqəsi” təqdim edildiyi (26.04.2017-ci il) tarixdən qanunauyğun olaraq təyin edilmişdir. Müraciətinizə baxılmasının nəticəsi barədə qərarla razı olmadığınız təqdirdə “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş müddətdə (30 gün) yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia qismində mümkün iddiadır. İddiaçının tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin edilməsinə yönəlib. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı formada imtina cavabı almışdır. İddianın bu növ iddia üzrə nəzərdə tutulmuş xüsusi mümkünlük şərti də ödənilir. İddia mahiyyət üzrə əsaslı iddiadır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra - müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -7.0.6-cı maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. -9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən, 9.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. İşin mübahisələndirilən halı iddiaçının müharibə veteranı statusuna görə müvafiq güzəştləri əldə etmək hüququnun hansı vaxtdan yaranması, qanunvericiliyə əsasən hansı vaxtdan hesablanaraq ödənilməli olmasının aydınlaşdırılmasından ibarətdir. Bu məsələyə isə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, hüquq münasibətlərinin yarandığı dövrdə məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. “Sosial müavinətlər haqqında” Qanunun yuxarıda qeyd edilən 9.1-ci maddəsində müavinətin təyin edilməsi və onun ödənilməsi anlayışları fərqləndirilmişdir. Qeyd edilməlidir ki, müharibə veteranı statusuna görə müavinət almaq hüququ müharibə veteranı vəsiqəsinin alındığı andan yaranır. Müharibə veteranı statusuna görə müavinətin təyin edilməsi anı da məhz onu almaq hüququnun yarandığı anı ehtiva edir. Müavinətin ödənilməsi anı ilə bağlı isə qanunverici müəyyən etmişdir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilir, lakin bu zaman həm də əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Dolayısı ilə, qanunvericiliyin tələbinə görə inzibati orqan müharibə veteranı vəsiqəsi təqdim edildikdə eyni anda iki hərəkəti etməlidir - həm müavinət üçün təyinat aparmalı, həm də əvvəlki üç il üçün ödəmələr etməlidir. Hazırkı işin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılmış və ona 26.04.2017-ci il tarixdə bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Həmin vaxtdan iddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna, həmçinin “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə həmin tarixdən müavinətin təyin edilməsi və həmin müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Sosial müavinətin təyinatına məsul olan hazırkı cavabdeh inzibati orqanın vəzifəsi yalnız müvafiq vəsiqənin təqdim edildiyi təqdirdə müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparmaq və eyni zamanda əvvəlki üç il üçün ödəmələr etmək olmuşdur. Azərbaycan Respublikası Prezidentinin ““Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 2.1.1-ci bəndinə əsasən sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanının 5-ci bəndinə əsasən bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Qeyd edilməlidir ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 2019-cu il 1 aprel tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir. Bu mənada məhkəmə cavabdehin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, artıq təşəkkül tapmış məhkəmə təcrübəsi ilə də müəyyən edilmişdir ki, 2019-cu il 1 aprel tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. 2019-cu il 01 aprel tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin 26 aprel 2014-cü ildən 26 aprel 2017-ci ilədək ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin 26 aprel 2014-cü ildən 26 aprel 2017-ci ilədək ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ natı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2604/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2604/2022
21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver