Məhkəmə qərarları › İş №2-1(112)-2605/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2605/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2605/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən sahəsi 920 kv.metr olan torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iş üzrə X2 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

3. Məhkəmənin qərardadı ilə iş üzrə üçüncü şəxs X1 prosessual varisi X5 işə cəlb edilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışla ünvan 1 ünvanında sahəsi 0,1001 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı və X2 AR xx.xx.2003-cü il tarixli Xocavənd rayon Məhkəməsinin qətnaməsində və xx.xx.2006-cı il tarixli, 8m-10/06 nömrəli Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının AR Ali Məhkəməsinin Plenumunun qərarına əsasən ünvan 3 ünvanda yerləşən evi və ona aid olan yardımçı tikililəri, eləcə də həmin ünvanda yerləşən torpaq sahəsinə dair çəkilmiş cizgilərlə bağlı aid mülkiyyətə dair çıxarışların verilməsinə dair aralarında razılığa gələrək xx.xx.2014-cü il tarixdə saziş bağlanılmışdır. Azərbaycan Respublikasının AR Ali Məhkəməsinin Plenumunun qərarına əsasən ünvan 1 torpaq sahəsi 2 yerə bölünmüşdür. Belə ki, İddiaçı və X1 notarial qaydada təsdiq edilmiş bölgü sxeminə əsasən 920 kv.metr olmaqla İddiaçı mülkiyyətinə, sahəsi 520 kv.metr olmaqla isə X1 mülkiyyətindədir. Göründüyü kimi artıq uzun illərdir ki, həmin sahə iddiaçının mülkiyyətindədir. Hal-hazırda İddiaçı qanuni mülkiyyətində olan 920 kv.metr fərdi yaşayış evi üzərində yaranmış hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə əlaqədar müvafiq sənədləri toplayıb Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ona məktub ilə imtina edilmişdir. Hesab edir ki, cavabdeh idarənin ona verdiyi cavab konstitusion hüquqlarını pozur. Vətəndaşların, idarə , müəssisə və təşkilatların mülkiyyət hüququ ali qanunumuz Konstitusiya ilə də qorunur. Lakin AR DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən imtina məktubu iddiaçının hüquq və azadlıqlarını pozur. Bunda başqa, mübahisəli mənzil sahəsində bir neçə ildir ki, mübahisəsiz, açıq- aydın istifadəni nümayiş etdirir. Bununla belə, mübahisəli qeyri-yaşayış sahəsinə verilən sənədlər qanunidir və bu sənədlər səlahiyyətli orqan tərəfindən verilib.

5. Cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2012-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Apellyasiya Məhkəməsinin 2MK-7070/2006 saylı xx.xx.2010-cu il tarixli qərardadına əsasən yuxarıda göstərilən əmlak Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatı ləğv olunmuşdur.

6. Cavabdehin iddia tələbinə dair etirazında qeyd edilmişdir ki, İddiaçı ünvan 4 ünvanında yerləşən sahəsi 920 kv.metr olan torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1mk7070/2006 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-1340/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinin icrasına dönüş edilərək həmin qətnamə əsasında İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsi, 53 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 1059 kv.m torpaq sahəsinə mülkiyyət hüququ haqqında aparılmış bütün sənədləşmələr ləğv edilmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən sahə **********48 reyestr nömrəsi ilə digər şəxsin (X4) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin bildiririk ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1146/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə İddiaçı ünvan 4 ünvanında yerləşən sahəsi 920 kv.metr olan torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilir.

7. İş üzrə üçüncü şəxs X1 prosessual varisi X5 tərəfindən məhkəməyə ünvanlanan iddia tələbində dair etirazında qeyd etmişdir ki, İddiaçı ünvan 4 ünvanında yerləşən sahəsi 920 kv.metr olan torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Halbuki, iddiaçı hazırkı tələblə bağlı Xətai Rayon Məhkəməsinə müraciət edib, həmin məhkəmənin 9 iyun 2006-cı il tarixli qətnaməsi ilə iddia təmin olunsa da, AR Apellyasiya Məhkəməsinin 19 dekabr 2006-cı il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv olunub, iddia rədd edilib. Bu qətnamədən kassasiya şikayəti verilsə də, Ali Məhkəmənin 23 sentyabr 2009-cu il tarixli qərarı ilə AR Apellyasiya Məhkəməsinin 19 dekabr 2006-cı il tarixli qətnaməsi qüvvədə saxlanılıb. Beləliklə, eyni tələblə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu halda, hazırkı iddia təmin edilə bilməz. İkincisi, iddiaçı torpaq üzərində faktiki əmlak payına uyğun aparılmış bölgü sxemini hazırkı iş üzrə sübut kimi təqdim etsə də, o bölgünün heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, notarius qanunsuz olaraq mülkiyyətdə olmayan bir əmlak üzərində paylara uyğun bölgünü təsdiq edib. Bununla yanaşı, hörmətli notarius Qulu müəllimin təsdiq etdiyi “saziş”in adına baxanda görünür ki, o hüququn ana prinsiplərinə ziddir. Belə ki, orada ifadə olunan tərəflərin niyəti artıq qüvvədə olan məhkəmə qərarından sonra geriyə dönüş edib, icraata xitam vermək, məhkəmə qərarı ilə ləğv olunmuş mülkiyyət hüququna dair çıxarışı bərpa etməkdir. Belə “saziş” isə, özlüyündə əhəmiyyətsiz əqdir və etibarsızdır. Bundan əlavə, Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1146/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə İddiaçı ünvan 4 ünvanında yerləşən sahəsi 920 kv.metr olan torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmamışdır. Hesab edir ki, iddiaçı əvvəlcə onunla birgə vərəsə kimi mərhum Həsənqulu Həsənquliyevin adına mübahisəli torpaq və evə dair mülkiyyət hüququna dair arayışı DƏDRX-dən almalı, notarius tərəfindən həmin əmlaka dair miras kimi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli, bundan sonra cavabdeh təşkilat hər ikisinin bərabər paylı mülkiyyət hüququnu reyestrdə qeydə alınmalıdır. Bu prosedur çərçivəsində reyestr xidməti hər hansı imtina verərsə, həmin imtinadan şikayətə baxılması mümkün ola bilər. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin mümkün sayılmaması xahiş edilir.

8. Məhkəmənin soröusuna əsasən cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2- 14147/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

9. Məhkəmənın iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs etirazı müdafiə edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir.

II. İddianın mümkünlüyü

11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarının: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

14. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

15. X10 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

16. X9 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

17. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);

18. Məhkəmə qeyd edir ki, iddia lazımi qaydada qaldırılmayıb.

19. Belə ki, iş materiallarına əlavə edilmiş Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2009-cu il tarixli 2(102)2613/09 nömrəli qərarına əsasən: Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək X7 oğlunun Bakı şəhəri Əhmədli qəsəbəsi 5-ci Əhmədli küçəsi 53 saylı fərdi yaşayış evinin ona aid olan hissəsindəki 1059,0 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, həmin yaşayış evinin ona aid hissəsindəki 1059,0 kv.m torpaq sahəsinə mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsinin və şəhadətnamənin verilməsi ilə əlaqədar müvafiq sənədlərin hazırlanmasının cavabdehlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli qətnaməsi ilə Xətai rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2009-cu il tarixli 2(102)2613/09 nömrəli qərarı ilə iddiaçı X7 oğlunun kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli 1mk- 7070/2006 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Xətai rayon Məhkəməsinin 2- 1340/06 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinin icrasına dönüş edilərək həmin qətnamə əsasında X7 oğlunun Bakı şəhəri Əhmədli qəsəbəsi 5-ci Əhmədli küçəsi 53 saylı fərdi yaşayış evinin yerləşdiyi 1059,0 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun haqqında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi və Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Bakı şəhər Şöbəsində aparılmış bütün sənədləşmənin ləğv edilməsi, qərardadın icrasının Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilməsi qərara alınmışdır.

21. Göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-1340/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinin icrasına dönüş edilərək həmin qətnamə əsasında İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsi, 53 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 1059 kv.m torpaq sahəsinə mülkiyyət hüququ haqqında aparılmış bütün sənədləşmələr ləğv edilmişdir.

22. İddiaçının məhkəməyə təqdim edilmiş “torpaq üzərində aparılmış bölgü sxemi” çıxarışın verilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçı torpaq üzərində aparılmış bölgü sxemini hazırkı iş üzrə sübut kimi təqdim etsə də, bölgünün heç bir hüquqi əhəmiyyəti yoxdur.

23. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırkı işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur.

24. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

25. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar