Məhkəmə qərarları › İş №2-1(112)-2607/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2607/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2607/2021 14.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçı 2 iyul 1984-cü il tarixdən sanitar, 18 fevral 1992-ci il tarixdən tibb bacısı, 27 aprel 1992-ci il tarixdən hal-hazıradək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi publik hüquqi şəxsində fəaliyyət göstərən “Respublika Psixiatriya Xəstəxanası”nın psixiatrik vərəm şöbəsində böyük tibb bacısı vəzifəsində çalışır. Onun 2 iyul 1984-cü il tarixdən 1 yanvar 2006-cı ilədək 21 il 5 ay ümumi stajı, 27 aprel 1992-ci il tarixdən 01 yanvar 2006-cı il tarixədək Respublika Psixiatriya Xəstəxanasının psixiatrik vərəm şöbəsində böyük tibb bacısı vəzifəsində çalışdığına görə güzəştli şərtlərlə 13 il 08 ay iş stajı var. Buna görə ona 52 yaşdan, yəni 1 mart 2018-ci il tarixdən pensiya təyin edilməlidir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh 25 sentyabr 2020-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, 27 aprel 1992-ci il tarixdən hal-hazıradək işlədiyi “Respublika Psixiatriya Xəstəxanası”nda böyük tibb bacısı vəzifəsi AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “Səhiyyə və sosial təminat idarələri” bölmələri (19), uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələrində, bölmələrində (c) orta tibb heyəti, kiçik tibb heyəti sahəsinə uyğun deyil. AR Nazirlər Kabinetinin 9 yanvar 2004-cü il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği»nə əsasən böyük tibb bacısı orta tibb heyətinə aiddir. Cavabdehin imtinası tam əsassızdır və qanunsuz olmaqla onun Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə nəzərdə tutulmuş hüququnu pozur. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 60, 149-cu maddələrinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1, 9.8-ci maddələrinə, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinə, İPM-in 45, 46, 73.1-ci maddələrinə, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsaslanaraq, iddiaçıya 52 yaşın tamam olduğu 1 mart 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə iddia ilə bağlı təqdim olunmuş yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilmişdir: - İddiaçı iddiası tam əsassız hesab edilir, qanunazidd olduğuna görə rədd edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1, 9.8-ci maddələrinə və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın səhiyyə və sosial təminat idarələri bölməsində (19) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə- profilaktika idarələrində, bölmələrində (c) orta tibb heyəti, kiçik tibb heyəti nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 8 yanvar 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 27 aprel 1992-ci il tarixdən bu günədək “Respublika Psixiatriya Xəstəxanası”nda böyük tibb bacısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46.600 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28.780,68 manat təşkil edir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi Bakı İnzibati Məhkəməsinin X1 iddiası üzrə 2-1(112)-5359/2020 saylı 2 dekabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur. Həmin qərara əsasən, Azərbaycan Respublikasının “«Əmək pensiyaları haqqında» AR Qanununda dəyişikliklər ediməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmi ilə, “52” rəqəmi “55” rəqəmi ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 1 iyul 2017-ci il tarixədək güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (1 iyul 2017-ci il) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 1 iyul 2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır. Beləliklə, məhkəmə sözügedən qərarda qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış kapitalından az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Nəticə etibarilə 1 iyul 2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Qeyd olunanları nəzərə alaraq, İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiamı İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilənləri təsdiqlədi iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, 1 mart 1966-cı il tarixdə doğulmuş İddiaçı yaşayış yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Salmanov küçəsi, ev 28-dir. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 17 iyun 2020-ci il tarixli 220 nömrəli arayışında aşağıdakılar qeyd olunur: - 1966-cı il təvəllüdlü İddiaçı həqiqətən AR Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində 2 iyul 1984-cü il tarixdən sanitar, 18 fevral 1992-ci il tarixdən tibb bacısı vəzifələrində işləmiş, 27 aprel 1992-ci il tarixdən halhazıradək psixiatrik vərəm şöbəsində böyük tibb bacısı vəzifəsində çalışır. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 19-cu bəndinin “Səhiyyə və sosial təminat” bölməsinə müvafiq olaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının vətəndaş İddiaçı ünvanlanmış 25 sentyabr 2020-ci il tarixli məktubunda «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.8, 9.8-ci maddələrinə, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya istinad edilərək aşağıdakılar bildirilir: - Qanunun yuxarıda qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın səhiyyə və sosial təminat idarələri bölməsində (19) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələrində, bölmələrində (c) orta tibb heyəti, kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Təqdim olunan onun 8 yanvar 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 27 aprel 1992-ci il tarixdən bu günədək “Respublika Psixiatriya Xəstəxanası”nda böyük tibb bacısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, həmin vəzifə yuxarıda qeyd olunan sahəyə aid deyil. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 46.600 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28.780,68 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1966-cı il təvəllüdlüdür. O, hazırkı “Respublika Psixiatriya Xəstəxanası”nda 1984 – 1992-ci illərdə sanitar, 18 fevral 1992-ci il tarixdən 27 aprel 1992-ci il tarixədək tibb bacısı vəzifələrində işləmiş, 27 aprel 1992-ci il tarixdən hal-hazıradək psixiatrik vərəm şöbəsində böyük tibb bacısı kimi çalışır. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılır ki, həm iddiaçının işlədiyi “böyük tibb bacısı” peşəsi AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmamışdır, həm də iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İddiaçı hazırda cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinasını mübahisələndirir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XXİV. Səhiyyə və sosial təminat idarələri” bölməsinin “v” bəndində uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicəprofilaktika idarələrində, bölmələrində orta tibb heyəti və kiçik tibb heyəti “2260000b” kodu ilə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı qüvvədən düşmüş hesab edilmişdir. Sözügedən 23 yanvar 2007-ci il tarixli Qərarla təsdiqlənmiş Siyahının “19. Tibb və sosial təminat müəssisələri” bölməsinin “c” bəndində uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika müəssisələrində, bölmələrində orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək 20 il ümumi iş stajına, o cümlədən 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıda göstərilən) iş stajına malik qadınlar 52 yaşına çatdıqda onlara güzəştli şərtlərlə iş stajına malikdirlər. Göründüyü kimi, güzəştli şərtlərlə yaşa əmək pensiyasının «Əmək pensiyaları haqqında» AR Qanununun tələbləri 2 yanvar 2006-cı il tarixədək yuxarıda göstərilən iş stajlarına malik şəxslərə başqa şərt, o cümlədən “müvafiq minimum məbləğdə sığorta kapitalını toplamaq” şərtini qoymur. Odur ki, iddiaçının tələbinin ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından ibarət olmasını da (yəni «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə deyil, 9.8-ci maddəsinə istinad etdiyini də) nəzərə alaraq, məhkəmə cavabdeh tərəfin imtinasını həmin hissədə əsaslı saymır. İnzibati orqanın imtinasında göstərilən digər xüsusata gəldikdə isə, məhkəmə vurğulayır ki, iddiaçının işlədiyi “böyük tibb bacısı” vəzifəsi AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının “XXİV. Səhiyyə və sosial təminat idarələri” bölməsində və 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahının “19. Tibb və sosial təminat müəssisələri” bölməsində konkret nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə cavabdehin imtinası həmin hissədə qanuna zidd saymır. Beləliklə məhkəmə iddiaçının ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbini əsassız sayır. İddiaçının ikinci tələb də həmin tələbdən törəmə və asılı olduğundan, əsaslı sayıla bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd olunanalara əsaslanaraq hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 62, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar