Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2607/2022 05.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri X3 üzrə Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 08.09.2021-ci il tarixli **********381400 saylı “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, küçələrdən metal qırıntıları yığıb satmaqla ailəsini dolandırır. Topladığı metal qırıntılarını müxtəlif metal qırıntı məntəqələri və metal əritmə zavodlarına təqdim etmişdir, malları satarkən ona alıcılar tərəfindən bildirilmişdir ki, onun heç bir vergi öhdəliyi yoxdur, eyni zamanda dəfələrlə 195 çağrı mərkəzindən və vergi ödəyicilərinə xidmət mərkəzlərindən məlumat almışlar ki, metal qırıntıları toplayıb satan şəxslərin vergi öhdəliyi alıcı tərəfindən ödəmə mənbəyində 2% məbləğində vergi tutulmaqla icra olunur. O, da işini, gəlir və xərclərini buna uyğun olaraq qurmaqla fəaliyyət göstərmişdir. Lakin bu yaxınlarda Bakı şəhəri X3 üzrə Baş İdarəsindən ona məktub gəlmişdir ki, o, məcburi olaraq öz ərizəsi olmadan 09.06.2021-ci il tarixdə ********** saylı şəhadətnamə ilə vergi uçotuna alınmışdır. Bundan sonra heç bir xəbərdarlıq edilmədən 02.08.2021-ci il tarixli **********536800 saylı “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən ona 7.325,96 manat məbləğində gəlir vergisi hesablanmışdır. Həmin qərarın əsaslandırma hissəsində qeyd olunur ki, “Vergi Məcəlləsinin müddəalarına əsasən ona gəlir vergisi bəyannaməsi təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablanmışdır. Halbuki, onu 09.06.2021-ci il tarixində vergi uçotuna alıblar və vergi öhdəliyi də bundan sonrakı dövrə yarana bilərdi. Vergi orqanı isə hesablamasını vergi ödəyicisi kimi uçotda olmadığı 2020-ci ilə dair aparmışlar. Bununla bağlı olaraq, vergi orqanına dəfələrlə şikayət etsə də, şikayətə faktiki olaraq baxılmamışdır. 16.08.2021-ci il tarixində tərəfindən 2020-ci ildə heç bir fəaliyyətinin olmaması barədə "Fiziki şəxsin gəlir vergisi bəyannaməsi” təqdim edilsə də vergi orqanı tərəfindən 08.09.2021-ci il tarixli **********381400 saylı "Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən yenidən 7 325.96 manat məbləğində gəlir vergisi hesablanmışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, metal qırıntısı satan şəxslərin sahibkarlıq subyekti kimi uçota alınması ilə bağlı qanunvericilikdə hər hansı norma nəzərdə tutulmamışdır. Əksinə, həmin şəxslərin vergi orqanında uçotda olmadan elektron alış aktı əsasında nağd qaydada satış həyat keçirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair 26.10.2021-ci il tarixli **********376100 №li yazılı etirazda göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərməklə 2020-ci il ərzində elektron alış aktları əsasında 146.519,2 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq, 2020-ci il gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 25.06.2021-ci il tarixli **********257500 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2020-ci il üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2020-ci ilin gəlir vergisi üzrə 7.325,96 manat (146519,20 x 5%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə 02.08.2021ci il tarixli **********536800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı göndərilmişdir. Vergi orqanının 08.09.2021-ci il tarixli **********381400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə 02.08.2021-ci il tarixli **********536800 nömrəli qərarla hesablanmış vergi məbləği təsdiqlənmişdir. İddiaçı öz ərizəsində əsassız olaraq “Nağdsız hesablaşmalar haqqında" AR Qanunun 3.5.2-ci maddəsinə “Əlvan və qara metal qırıntıları vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər” istinad edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu pərdələməyə çalışmış və bu yolla külli miqdarda verginin dövlət büdcəsindən yayındırılmasına səbəb olmuşdur. Məlum olduğu kimi, 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş olan Vergi Məcəlləsinin 16.1.11-10-ci maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Məlumat üçün bildirirlər ki, fiziki şəxs alış aktı əsasında 2020-ci il üzrə 146519,2 manat dəyərində mal (metal qırıntısı) təqdim etməsinə baxmayaraq, vergi uçotuna durmamış və bəyannamə təqdim etməmişdir. İddiaçı iddia ərizəsində əsassız olaraq bildirir ki, metalları satın alan tərəf ÖMV bəyannaməsində aldığı malların vergisini hesablayıb ödədiyi üçün onun heç bir vergi öhdəliyi yoxdur. Lakin iddiaçı tərəfindən təqdim edilmiş malların məbləğinin yüksək olduğunu nəzərə alsaq bəlli olur ki, iddiaçı tərəfindən təkbaşına həmin miqdarda metal qırıntısı yığa bilməz. Belə ki, həmin işin görülməsi üçün iddiaçının işçisi və yaxud hər hansı bir texniki avadanlığı, maşını olmalıdır. Həmçinin metalların yığılmasına da müəyyən xərclər çəkilmişdir ki, bu da öz növbəsində iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunun sübutudur. Məlumat üçün bildirirlər ki, elektron alış aktı ilə malalan şəxslərin xərclərinin araşdırılması zamanı bir sıra hallarda vergi ödəyiciləri tərəfindən saxta formada əməliyyatlar yaradılaraq müxtəlif vergi üstünlüyü əldə edilməsi halları müşahidə edilmişdir. Belə ki, vergi orqanında uçotda olmayan bir fiziki şəxsin adına müxtəlif çeşidli kənd təsərrüfatı mallarının alış aktları tərtib edilməklə sənədləşdirilməsi, bir sıra şəxslərin vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri, təsisçisi və ya həmin hüquqi və ya fiziki şəxsin muzdlu işçisi olduğu, habelə malların vergi ödəyicilərindən alış aktları ilə alındığı və ya öz-özünə elektron alış aktı ilə mal təqdim edən fiziki şəxs olduğu, bundan başqa adına alış aktı tərtib edilmiş şəxsin malların təqdim edilməsi ilə əlaqəsi olmayan kənar şəxslərin olduğu müəyyən edilmişdir. Bununla yanaşı, təhlil zamanı bir sıra vergi orqanında uçotda olmayan şəxslər tərəfindən müxtəlif sayda elektron alış aktı ilə mütəmadi olaraq müxtəlif adda mallar təqdim etdikləri müəyyən edilmişdir ki, həmin şəxslərin təqdim etdikləri malların sahibkarlıq məqsədləri üçün təqdim edilib-edilməməsi hallarının araşdırılmış və sahibkarlıq məqsədləri üçün təqdim edilməsi halları aşkar edilərək, qanunamüvafiq tədbirlərin görülməsi təmin edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmamasını xahiş edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri X3 üzrə Baş İdarəsinin nümayəndəsi X2 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən verilmiş məlumatdan müəyyən olunur ki, İddiaçı 09.06.2021-ci il tarixdə vergi ödəyicisi kimi (Qeydiyyat nömrəsi VÖEN: **********) qeydiyyata alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 25.06.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərməklə 2020-ci ıl ərzində elektron alış aktları əsasında 146.519,2 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq, 2020-ci il gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində aşağıdakı sənədlərin təqdim olunması tələb olunur: Sənədlər: Müvafiq hesabat dövrü üzrə cari gəlir vergisi bəyannaməsi; Qeyd olunanalarla bağlı təsdiqedici sənədlər əlavə edilməklə müvafiq izahat məktubu; Araşdırmaya təqdim edilməsi ucun zəruri hesab etdiyi digər sənədlər. Bildirilmişdir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37. 67-və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının Onun vergi öhdəlikləriniyenidən hesablamaq hüququ vardır. Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02.08.2021-ci il tarixli **********536800 nömrəli qərarından müəyyən olunur ki, İddiaçı bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 7.325,95 manat məbləğində vergi borcu hesablanmışdır. İddiaçı Ağaməli oğlu tərəfindən (VÖEN: **********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə ünvanlanmış 16.08.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “Corona virus pandemiyası” ilə əlaqədar olaraq maddi durumu çətinləşmişdir, maddi vəziyyətini yaxşılaşdırmaqdan ötrü metal tullantılarını toplayıb zavoda təhvil vermişdir. Malı təhvil verəndən sonra ona elektron qaimə təqdim edilmişdir. Həmin elektron qaiməyə əsasən zavodun kassasında ona malın dəyərinə uyğun, order vasitəsi ilə pul ödənilmişdir. Ödəniş, zamanı ona ödənilən puldan ümumi məbləğin 2% həcmi miqdarında - yəni ödəmə mənbəyindən 2% dərəcə ilə vergi tutulmuşdur. Bütün bunlar mühasibat sənədlərində də öz əksini tapmışdır. Faktiki fəaliyyəti “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5 bəndində nəzərdə tutulmuş, VÖEN tələb olunmayan fəaliyyətə uyğun gəlməsi və ödəmə mənbəyində onun gəlirlərindən vergi tutulduğu üçün onun fəaliyyətinin qeyri-sahibkarlıq fəaliyyəti kimi nəzərə alınmasını xahiş etmişdir. O, yalnız bir dəfə yuxarıda qeyd olunan dəmir qırıntıları yığıb zavoda təhvil vermişdir. Bu isə VÖEN tələb olunmayan qeyrisahibkarlıq fəaliyyəti kimi nəzərə alınmalıdır və onun tərəfindən ödəmə mənbəyindən, vergi kimi 2% dərəcə ilə vergi tam zavoda ödənilmişdir. Odur yaranmış anlaşılmazlığin aradan qaldırılması üçün hesablanmış kameral vergi məbləğinin ləğv edilməsini və şəxsi hesab vərəqəsidə düzəliş aparılmasını xahiş etmişdir. İddiaçı “Fiziki şəxsin uçotdan çıxarılması haqqında” ərizəsinə dair 16.08.2021-ci il tarixli məlumatdan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri X3 üzrə Baş İdarəsinə ərizə ilə müraciət edərək vergi ödəyicisi kimi fəaliyyətinə xitam verilməsini xahiş etmiş, 16.08.2021ci il tarixdə vergi ödəyicisi kimi ləğv olunmuşdur. Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 08 sentyabr 2021-ci il tarixli **********381400 saylı qərarın surətindən müəyyən olunur ki, İddiaçı barəsində 2020-ci il gəlir vergisi üzrə- vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 7 325,96 manat vergi müəyyən edilməsinə görə, ona 7.325,95 manat əlavə vergi borcu hesablanmışdır. Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi borcunun ödənilməsinə dair” 09 sentyabr 2021-ci il tarixli ********** saylı bildirişin surətindən müəyyən olunur ki, İddiaçı 09.09.2021-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 8,498.11 manat, o cümlədən vergilər üzrə 7,325.96 manat, maliyyə sanksiyaları üzrə 0,00 manat, faizlər üzrə 1.172,15 manat vergi borcu mövcud olmuşdur. İşin faktiki hallarından da göründüyü kimi mübahisələndirilən qərarın mübahisə edilməsi əsası qismində iddiaçı metal qırıntılarının toplanmasından ibarət olan fəaliyyətinin sahibkarlıq fəaliyyəti olmamasını qeyd edir. Cavabdeh isə əksinə, iddiaçının fəaliyyətini sahibkarlıq fəaliyyəti ilə əlaqələndirir və onun gəlir vergisinin ödəyicisi qismində görərək vergi hesablanmalı olmasına istinad edir. Eyni zamanda iddiaçının sahibkarlıq fəaliyyətinin uçotda durmadan iddiaçının həyata keçirdiyin qeyd edir. Göründüyü kimi, hal-hazırda qərarın qanuniliyinin müəyyən edilməsi ilə bağlı iddiaçının fəaliyyətinin sahibkarlıq fəaliyyəti olub-olmamasının aydınlaşdırılması zərurəti vardır ki, məhkəmə hesab edir ki, metal qırıntılarının toplanması ilə bağlı iddiaçının fəaliyyəti aşağıda qeyd olunanlar da nəzərə alınmaqla sahibkarlıq fəaliyyəti hesab edilə bilməz. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsindən də müəyyən edilir ki, Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Halbuki, cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti göstərməsi barədə mövqeyi yuxarıda adıçəkilən qanunvericiliyin sahibkarlıq fəaliyyətinin kriteriyalarına uyğun olmamış, metal qırıntılarının toplanması barədə fəaliyyət ehtimallara əsaslanaraq sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilmişdir. Bu zaman, iddiaçının fərdi sahibkar kimi vergi uçotunda olması da məhkəmə hesab edir ki, iddiaçının vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, iddiaçının metal qırıntılarını toplaması əsası ilə vergi uçotuna alınması aşağıda adıçəkiləcək vergi qanunvericiliyin pozulması ilə həyata keçirilmişdir ki, məhkəmə hər nə qədər iddia tələbində ayrıca göstərilməsə belə, qərarın ləğvi ilə bağlı iddia tələbinin mahiyyətinə, eləcə də işin digər faktiki hallarına da nəzər yetirdikdə müəyyən edir ki, hazırkı qərarın qəbulu şəxsin fergi uçotunda olması ilə birbaşa bağlıdır. Belə ki, şəxsin vergi uçotuna alınması onun metal qırıntı toplamaq fəaliyyəti ilə əlaqədar olmuşdur ki, iddiaçının sahibkarlıq fəaliyyəti göstərib-göstərməməsi, eləcə də hazırkı qərarın ləğv edilib-edilməməsi onun vergi uçotuna düzgün alınıb-alınmaması ilə bağlıdır. Başqa sözlə, necə ki, inzibati məhkəmə icraatı zamanı formalaşmış praktika qərarların ləğvi ilə bağlı işlərdə həmin qərarın qəbulu zamanı vergi və digər aidiyyəti qanunvericilik aktlarının pozulmasına (məsələn: sahibkarlıq fəaliyyəti üzrə yoxlamalarla bağlı reyestrdə məlumatın daxil edilməməsi, yoxlamaların keçirilməsinə dair qərarın qəbulunun əsassız olması, ekspertizanın təyini, aparılması ilə bağlı qaydaların pozulması və s), əsassız qərarların qəbul edilməsinə işin mahiyyəti üzrə həllini həyata keçirmək üçün münasibət bildirə bilirsə, məhkəmə hesab edir ki, analoji hal tətbiq edilərək hazırkı mübahisələndirən qərarın qəbulu üçün mühüm əhəmiyyət daşıyan, iddiaçının fəaliyyətinin sahibkarlıq fəaliyyəti olubolmamasının müəyyən edilməsi üçün də onun vergi uçotuna düzgün alınıb-alınmamasının yoxlanılması da məhkəmə baxışının predmetini təşkil edir. Cavabdehin etirazda qeyd etdiyi kimi vergi uçotuna düzgün alınıb-alınmaması barədə ilkin olaraq müraciət edilməli, daha sonra iddia tələbi irəli sürülməlidi kimi, iddianın mümkünsüzlüyünə yönəlmiş mövqe isə məhkəmə hesab edir ki, prosessual qənaət prinsipinə uyğun deyil. Belə ki, iddiaçının marağı aşkardır. O, qərarın ləğvini istəyir ki, iddiaçının ilkin olaraq vergi uçotundan çıxarılması barədə tələb irəli sürməsi, həmin işə baxılması, daha sonra iddia verərək qərarın ləğvini istəməsi iddia müddətinin ötürülməsi deməkdir. Halbuki, qərarın ləğvində iddia müddətinin tətbiqinin zəruriliyi aşkar səbəblərlə bağlıdır. Hüquqi marağın tez bir zamanda reallaşdırılması, qərarın ləğvinin düzgün olub-olmamasının müəyyən edilməsi üçün vaxt itkisinn qarşısının alınması. Eyni zamanda, nəzərə alınmalıdır ki, vergi uçotunda olmanının qanuni sayılması, özündə onu da ehtiva edir ki, iddiaçı vergi öhdəliyinin müəyyən edilməsi ilə bağlı bəyannamə təqdim etməlidir ki, halbuki, uçot səhv aparılmışdırsa, deməli bəyannamənin təqdim edilməsi ilə bağlı öhdəlik də yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə qəbul edilmiş qərarın qəbulu zamanı iddiaçının vergi uçotuna alınması ayrıca iddia tələbi kimi də verilə bilsə də, vergi orqanının qərarının ləğvi ilə bağlı iddia tələbinin qiymətləndirilməsi zamanı da məhkəmə baxışının predmetini təşkil edə bilər. Bu zaman vergi orqanının uçota alınma ilə bağlı hərəkətlərinin qanunsuzluğu aşkardırsa, subsidiar xarakter daşımayan mübahisələndirmə barədə tələbin həmin tələbin ayrıca qaldırılmasından asılı edilməsi yol verilməzdir. Bu səbəbdəndir ki, məhkəmə iddiaçının sahibkar olub-olmaması, qərarın düzgün olubolmamasının müəyyənləşdirilməsi üçün onun barədə vergi uçotu ilə bağlı hərəkətlərin qiymətləndirməsini zəruri hesab edir və məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -33.1-ci maddəsinin müddəalarına əsasən, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyrirezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. - 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır - 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir - 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir - 34.1-ci maddəsinə əsasən, vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında məlumat təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 34.2-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər vergi orqanına sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Eləcə də Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 19 may 2015ci il tarixli **********003100 nömrəli qərarı ilə (14.06.2016-cı il tarixli **********005500 nömrəli, 19.01.2017-ci il tarixli **********002400 nömrəli qərarları ilə edilmiş dəyişikliklərlə) “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” təsdiq edilmişdir. - 1.3-cü bəndinə əsasən, vergi orqanlarında fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə uyğun olaraq aparılır. Vergi orqanlarında fiziki şəxslərin uçota alınması ilə bağlı tələblər, uçotun aparılması yeri və müddətləri, habelə uçota alınmaq üçün verilən ərizəyə əlavə edilən sənədlər Vergi Məcəlləsinin həmin maddələri ilə müəyyənləşdirilir. Fiziki şəxsi vergi orqanlarında vergi uçotuna alınma, yenidən uçota alınma və uçotdan çıxarılma məsələlərində notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında səlahiyyət verilmiş şəxs təmsil edə bilər. Vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına Vergi Məcəlləsinin 34.1-ci maddəsinin 7-ci bəndinə əsasən forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” (bundan sonra - “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”) verilir. - 1.4-cü bəndinə əsasən, vergi uçotuna alınma, yenidən uçota alınma, uçotdan çıxarılma, habelə uçot məlumatlarında dəyişiklik edilmə barədə təqdim edilən ərizənin forması və onların doldurulması qaydaları, vergi ödəyicilərinin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilir. - 1.5-ci bəndinə əsasən bu Qaydaların məqsədləri üçün vergi orqanına təqdim edilən ərizələr yalnız fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalana bilər. Ərizəni qəbul edən vergi orqanı əməkdaşı onun yalnız buna səlahiyyəti olan şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra bu Qaydalarda göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etməlidir. Ərizələrin səlahiyyətli olmayan şəxslərdən, yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Eyni tələblərə vergi orqanı tərəfindən hazırlanmış sənədlərin “Vergi ödəyicilərinin uçotuna dair sənədlərin vergi ödəyicisinə təqdim edilməsi kitabı”nda (bu Qaydaların 1 №–-li əlavəsi), vergi ödəyicilərinə xidmət mərkəzlərində isə Vergilər Nazirliyinin əmri ilə təsdiq edilmiş müvafiq jurnalda imza edilməklə verilməsi zamanı da əməl edilməlidir. Sadalanmış normalarının təhlilinə keçməzdən əvvəl, məhkəmə vergi qanunvericiliyinə görə VÖEN (Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) ifadəsini ehtiva edən anlayışın nədən ibarət olmasına münasibət bildirir. Belə ki, vergi ödəyicisi olan hüquqi şəxs, onun filialları və nümayəndəlikləri və ya digər təsərrüfat subyektləri (obyektləri) olduğu yer üzrə, fərdi sahibkar və VM-in müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxs isə yaşadığı yer üzrə vergi orqanında uçota alındıqdan sonra onlara bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə verilən və Azərbaycan Respublikasının bütün ərazisində vahid olan fərdi say nömrəsidir. Vergi orqanlarından VÖEN almaq vergi ödəyicisinin əsas vəzifələrindən biridir. VÖEN vergi ödəyicisinin uçota alındığını təsdiq edən sənəddir. Mülkiyyət formasından saılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən VÖEN verilməklə aparılır. Ümumməlum arqumentlərdən biri odur ki, vergi hüquq münasibətlərinin ən kütləvi iştirakçıları vergi ödəyiciləridir. Vergi ödəyiciləri Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir ki, oların hüquq və vəzifələri Vergi Məcəlləsinin, o cümlədən vergi qanunvericiliyinə daxil olan digər normativhüquqi aktlarla müəyyən edilir. Nəzərə alınmalıdır ki, vergi ödəyicisinin vergi uçotuna alınması, ona VÖEN və bunun əsasında şəhadətnamə verilməsi qanunvericilikdə müəyyən edilmiş prosedurlar çərçivəsində həyata keçirilir. Yuxarıda səciyyələnmiş qanunvericiliyin normalarından göründüyü kimi, qanunvericilik vergi ödəyicisinin vergi orqanında uçota alınması onun tərəfindən forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən ərizə verilməsi və ərizəyə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməsi ilə şərtləndirilmişdir. Vergi ödəyicisi tərəfindən və ya onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən ərizə şəxsiyyət vəsiqəsi ilə birlikdə vergi orqanına təqdim olunur, bundan sonra qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alınaraq VÖEN verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə VM-nin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. Bir daha qeyd olunur ki, yuxarıda adı çəkilən normaların tələblərindən də görünür ki, Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir.Vergi orqanında uçota alınması üçün Vergi ödəyicisinin özünün Vergilər Nazirliyinə müvafiq ərizə ilə müraciət etməsi tələb olunur. İşdən müəyyən olunur ki, iddiaçı vergi ödəyicisi kimi uçota alınmasına dair ərizə ilə cavabdehə hər hansı müraciət etməmiş, nə də cavabdeh iddiaçının belə ərizə verməsi barədə mübahisə açmamışdır. Vergi Məcəlləsinin 53.1-ci maddəsinin müddəasını nəzər yetirdikdə müəyyən olunur ki, vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi qanunvericilik qanunla müəyyən olunmuş müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmasını nəzərdə tutmuşdur. Lakin cavabdeh qeyd edilən səlahiyyətindən istifadə edərək iddiaçını maliyyə sanksiyasına cəlb etmək yerinə, vergi məcəlləsində nəzərdə tutulmamış qayda və üsullardan istifadə edərək iddiaçını məcburi qaydada vergi ödəyicisi kimi uçota almışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2536/2019 saylı iş üzrə qəbul etdiyi 22.10.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, “Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir.” Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1186/2020 saylı iş üzrə qəbul etdiyi 03.07.2020-ci il tarixli qərarında da həmin mövqe bir daha təsdiq edilmişdir. Ümumiyyətlə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdeh inzibati orqanda əsaslı şühbələrin olması şəxsin vergi ödəyicisi qismində uçota alınması və ona VÖEN təqdim edilməsi ilə nəticələnməməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının, eləcə də Ali Məhkəmənin məhkəmə təcrübəsini formalaşdıran qərarlarından da göründüyü müvafiq müraciət olmadan şəxsin vergi ödəyicisi qismində qeydiyyata alınması qanunvericiliyin tələblərinin pozuntusu olması ilə yanaşı, eyni zamanda cinayət və inzibati xəta qanunvericiliyi ilə tənzimlənmiş münasibətlərə də müdaxilə kimi qiymətləndirilməlidir. Belə ki, AR İXM-nin 398.1-ci maddəsindən də göründüyü kimi dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Eyni zamanda, AR CM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət məsuliyyəti müəyyən edilmişdir. Məsuliyyətin cinayət və ya inzibati xəta qanunvericiliyi ilə müəyyən edilməsinin meyarı isə AR CM-nin 190-cı maddəsinin qeyd hissəsindən, eləcə də AR İXM-nin yuxarıda adıçəkilən 398-ci maddəsinin qeyd hissəsindən göründüyü kimi məbləğin 50 min manat olması ilə bağlıdır. Göründüyü kimi cavabdeh iddiaçının vergi uçotuna alınmadan sahibkarlıq fəaliyyətini həyata keçirdiyini ehtimal edirsə bununla bağlı məbləğin 50 min manatdan aşağı olması nəzərə alınmaqla inzibati xəta qanunvericiliyində nəzərdə tutulmuş tədbirlər həyata keçirilməli idi. Maddənin məzmunundan da göründüyü kimi vergi uçotuna alınmadan sahibkarlıq fəaliyyətinin göstərilməsi inzibati xəta məsuliyyəti müəyyən edir. Vergi orqanı isə hazırkı iş üzrə iddiaçını vergi uçotuna alaraq səlahiyyətinə uyğun olmadan inzibati xəta qanunvericiliyinin tətbiqini iddiaçı sahibkarlıq fəaliyyətini qanunsuz həyata keçirsə belə istisna etmişdir. Halbuki hüquqi tənzimləmə konkretdir və əgər şəxsin vergi uçotuna dayanmadan sahibkarlıq fəaliyyəti həyata keçirdiyi müəyyən edilərsə məsuliyyətlə bağlı tədbir görülməsi vergi orqanının səlahiyyətində olub, onun heç bir müraciət olmadan məcburi qaydada qeydiyyata alınması qanunvericiliyin tələblərinə uyğun olmayan hal kimi qiymətləndirməyə əsas verir. Göründüyü kimi, məhkəmə bir daha vurğulamağı zəruri hesab edir ki, şəxsin vergi uçotunda olması, onun sahibkarlıq fəaliyyəti həyata keçirməsini təsdiq etmir. Məhkəmə, həmçinin qərarın ləğvi ilə bağlı aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Bununla yanaşı, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulu zamanı mallar nağd qaydada satın alına bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.6-cı maddəsinin qüvvədə olmuş maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Məhkəmə qeyd edir ki, iddiaçı hər nə qədər vergi uçotuna alınmış olsa da, reallıqda əlvan və qara metal qırıntılarını təhvil verən zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Bununla yanaşı “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsində vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulunun miqdarı və ya dövriliyi ilə bağlı hər hansı bir şərt qeyd edilməmişdir. Belə olan halda qanunvericiliklə müəyyən olunmayan bir əsas üzrə şəxsə vergi hesablanması ilə bağlı cavabdehin hərəkətləri əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda adıçəkilən müddəalarına bir daha nəzər saldıqda aşkar surətdə görünür ki, fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulu ilə bağlı vergi öhdəliyinin hansı formada olması konkret olaraq tənzimlənmişdir. Bu zaman iddiaçının vergi ödəyici kimi qeydiyyata alınması ilə bağlı öhdəliyi qeyd edilməmiş, 2 faiz dərəcə ilə verginin ödənilməsi öhdəliyi qırıntıları qəbul edən şəxs üzərində yox, qəbul edən şəxs üzərində olmuşdur. Göründüyü kimi cavabdeh həm metal qırıntılarını qəbul edən şəxsi, həm də təqdim edən şəxsi vergi öhdəliyi daşıması barədə mövqe nümayiş etdirir ki, məhkəmə həmin hərəkətləri vergi qanunvericiliyin ümumi prinsiplərinə uyğun hesab etmir və yuxarıda adıçəkilən əlvan və metal qırıntıları ilə bağlı vergi öhdəlikləri ilə bağlı konkret şərtlərin pozulmasına yönələn hərəkət kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdehin mövqeyi ehtimallara əsaslanmış, sübut edilməmiş, vergi uçotuna alınma, bəyannamənin verilməsinin tələb edilməsi ilə bağlı hərəkətləri qanunsuz olmuşdur ki, həmin işin faktiki halların qərarın əsassız qəbul edilməsini birbaşa təsdiq edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 08 sentyabr 2021-ci il tarixli **********381400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2607/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2607/2022
05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver