Məhkəmə qərarları › İş №2-1(112)-2607/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2607/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2607/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın artıq ödənilmiş məbləğin tutulması hissəsində ləğv edilməsi və s.” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-5187/2024 saylı qərarının artıq ödənilmiş pensiya məbləğinin tutulması hissəsində ləğv edilməsi kimi dəqiqləşdirilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı daxili işlər orqanlarında xidmət etmiş və ona xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən pensiya məbləğinin yenidən hesablanması haqqında ona məktub göndərilmiş və pensiyasının yenidən hesablanaraq 1428,63 manat məbləğində müəyyən edildiyi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə pensiya kartına köçürülən pensiyanın məbləğinin 142 manat az olduğunu müəyyən etmişdir. Məsələnin aydınlaşdırılması üçün o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu tərəfindən iddiaçının müraciətinə baxılaraq, əmək pensiyasının yenidən hesablanması və artıq ödənilmiş pul vəsaiti haqqında xx.xx.2024-cü il tarixdə cavab məktubu göndərilmişdir. Məktubda qeyd edilmişdir ki, “X3 tərəfindən yaşa görə əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda Fondun digər struktur bölməsi tərəfindən də əsassız olaraq xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 5394,07 manat ümumi əsaslarla yaşa görə pensiya ödənildiyi aşkar edilib. Həmin 5394,07 manat artıq ödənilmiş pul vəsaitidir. Eyni zamanda bildiririk ki, işləyən əmək pensiyaçısı kimi topladığınız pensiya sığorta kapitalına əsasən pensiyanız yenidən hesablanaraq 1428,63 manat (cari il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi də nəzərə alınmaqla) məbləğində müəyyən edilib. Həmçinin, keçmiş müddət üçün yenidən hesablanmaqla Sizə ödənilməli olan 880,88 manat fərq məbləği müəyyən edilib. Qeyd olunanlara əsasən Sizə artıq ödənilmiş 5394,07 manat pul vəsaitindən Sizə ödənilməli olan 880,88 manat fərq məbləği çıxılaraq büdcəyə bərpa edilib. Qalan 4513.19 manat pul vəsaiti isə cari ilin iyun ayından etibarən hissə-hissə əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir”. İddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən əmək pensiyasından tutulmaların həyata keçirilməsi qanunsuz və əsassızdır. Belə ki, ona xx.xx.2006-cı il tarixdən əmək pensiyası təyin edilmiş və həmin vaxtdan yalnız bir əmək pensiyası almışdır. Ona hər hansı başqa əsaslarla yaşa görə əlavə pensiya təyin edilməmişdir. Bundan başqa, o, 1998-ci ildən müharibə veteranıdır və buna görə aylıq müavinət alır. O, müharibə veteranı kimi müavinəti "xxxx" ASC, əmək pensiyasını isə "xxxx" ASC tərəfindən verilmiş kart vasitəsi ilə alır. 5394,07 manat məbləğində pul vəsaiti də xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində "xxxx" ASC tərəfindən verilmiş karta köçürülmüşdür. Cavabdeh qurumun ona məlum olmayan səbəblərə görə xx.xx.2019-xx.xx.2021-ci il tarixləri aralığında guya ona ümumi əsaslarla yaşa görə 5394.07 manat pensiya ödənildiyini müəyyən etməsi və işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına əsasən ödənilməli olan 880,88 manat məbləğində pul vəsaitini həmin məbləğdən çıxaraq və qalan 4513.19 manat pul vəsaitini isə hər ay 142 manat olmaqla aldığı pensiyadan tutması əsassızdır. Filial tərəfindən pensiyadan tutulmaların aparılmasına əsas olmuş qərar ona təqdim edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçıya 1 may 2006-cı il tarixindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən iddiaçıya əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 -ci maddəsinə əsasən, müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya Mərkəzi Filial tərəfindən yaşa görə əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda Fondun digər struktur bölməsi tərəfindən də əsassız olaraq xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 5394,07 manat ümumi əsaslarla yaşa görə pensiya ödənildiyi aşkar edilib. Həmin 5394,07 manat artıq ödənilmiş pul vəsaitidir. Eyni zamanda bildirilir ki, işləyən əmək pensiyaçısı kimi iddiaçının topladığı pensiya sığorta kapitalına əsasən pensiyası yenidən hesablanaraq 1428,63 manat (cari il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi də nəzərə alınmaqla) məbləğində müəyyən edilib. Həmçinin keçmiş müdət üçün yenidən hesablanmaqla iddiaçıya ödənilməli olan 880,88 manat fərq məbləği müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanlara əsasən, iddiaçıya artıq ödənilmiş 5394,07 manat pul vəsaitindən ona ödənilməli olan 880,88 manat fərq məbləği çıxılaraq büdcəyə bərpa edilib. Ümumilikdə iddiaçıya 4513,19 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək bildirdi ki, pensiyasının yenidən hesablanması haqqında qərarın ancaq artıq ödənilmiş kimi müəyyən olunan məbləğin tutulması hissəsindən narazıdır və qərarın yalnız həmin hissədə ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etiraza uyğun məzmunda cavab verilmişdir. -AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. Müvafiq sorğu əsasında cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının pensiya işinə dair sənədlərin və onun Mərkəzi Filiala maraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -AR Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş Departamenti tərəfindən iddiaçıya xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə (hərbi qulluqçu kimi) yaşa görə əmək pensiyası təyin edilmişdir. -Mərkəzi Filial tərəfindən cavabdehə ünvanlanan 03 iyun 2021-ci il tarixli pensiya öənişinin dayandırılması haqqında məktubdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixinə kimi 259,78 manat məbləğində yaşa görə əmək pensiyasının ödənildiyi, və xx.xx.2021-ci il tarixdən ödənişin dayandırıldığı, İddiaçı keçmiş dövr üzrə ödənilməmiş qalıq məbləği və pensiyadan tutulmasının olmadığı bildirilmişdir. -Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-7-5187/2024 saylı qərardan görünür ki, yenidən hesablamanın səbəbi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.3-cü maddəsinə istinad edilərək, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası (hazırkı məbləğ 1399,64 manat) yenidən hesablanma nəticəsində 1428,63 manat müəyyən edilmişdir. Qərarın 13-cü bəndinin Qeyd hissəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək artıq ödənilmiş vəsaitin tutulması göstərilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2006-cı ildən güzəştli şərtlərlə (hərbi qulluqçu kimi) yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına əsasən iddiaçının pensiyası yenidən hesablanaraq 1428,63 manat məbləğində müəyyən etmiş, həmçinin icraat zamanı Fondun digər struktur bölməsi tərəfindən xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumi əsaslarla yaşa görə pensiya ödənilməsi nəticəsində iddiaçıya 5394,07 manat məbləğində artıq ödəmə aşkar edildiyi bildirilərək həmin qərar əsasında iddiaçının pensiyasından tutulmalar aparılmağa başlamışdır. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Qanunların tələblərinə əməl edilmədən pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərə yol vermişdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi aşağıda qeyd olunanlara əsasən qanuni və əsaslıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; -2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: 1.Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir;

2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanun 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi zəruridir. Hazırkı işin hallarına görə, əmək pensiyaçısı olan iddiaçının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması iş materialları ilə müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs- inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 28.1.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Göründüyü kimi, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Cavabdeh tərəfindən isə bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Sözügedən Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-5187/2024 saylı qərarı artıq ödənilmiş pensiya məbləği kimi müəyyən edilmiş 5394,07 manat məbləğinin tutulması hissəsində ləğv edilməli və həmin məbləğ üzrə tutulmuş ödənişlərin iddiaçıya geri qaytarılması vəzifəsi cavabdehə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-5187/2024 saylı qərarı artıq ödənilmiş pensiya məbləği kimi müəyyən edilmiş 5394,07 manat məbləğin iddiaçıdan tutulması hissəsində ləğv edilsin və həmin məbləğ üzrə tutulmuş ödənişlərin iddiaçıya geri qaytarılması vəzifəsi cavabdehə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar