Məhkəmə qərarları › İş №2-1(112)-2608/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2608/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2608/2021 11.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «Cavabdeh Sığorta Şirkəti» Açıq Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh Sığorta Şirkəti» Açıq Səhmdar Cəmiyyətinə qarşı «daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi əsasında cavabdeh tərəfindən 15.000 manat sığorta məbləği olmaqla dəymiş maddi ziyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hallarının araşdırılması məqsədilə hazırlıq icraatı üzrə məhkəmə iclasları təyin edilmiş və tərəflərin ünvanına bu barədə bildirişlər göndərilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iş materiallarını araşdırarq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə təqdim edərək iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. İPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İPM-in 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İPM-in 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 55-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh «Cavabdeh Sığorta Şirkəti» Açıq Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi» barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar