Məhkəmə qərarları › İş №2-1(112)-2609/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2609/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2609/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində inşa edilmiş fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli **********23 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Zirə Südçülük-Tərəvəzçilik Sovxozunun ərazisində yerləşir. Bundan əlavə, iddiaçının əvvəlki müraciəti zamanı təqdim edilmiş cizginin həqiqiliyi ilə bağlı Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, cizgi həqiqətə uyğun sayılmır. Bununla bağlı cinayət-prosessual qanunvericiliyinə əsasən cinayət təqibinin həyata keçirilməsi üçün material müvafiq hüquq mühafizə orqanına göndərilmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0.12 ha 3\97\6 kodlu torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhər Xəzər (Əzizbəyov) rayon İcra Hakimiyyəti Başçısının 24 mart 1997-ci il tarixli sərəncamına əsasən ona Zirə qəsəbəsində 3/97/6 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh “elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Zirə Südçülük-Tərəvəzçilik Sovxozunun ərazisində yerləşməsini qeyd etməklə bundan əvvəlki müraciəti zamanı təqdim edilmiş cizginin həqiqiliyi ilə bağlı Bakı şəhəri, Xəzər rayonu, İcra Hakimiyyətətinə ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, cizgi həqiqətə uyğun sayılmayır. Bununla bağlı materiallar müvafiq hüquq mühafizə orqanlarına göndərilmişdir. İddiaçıya torpaq ayrıldıqdan sonra həmin idarənin əməkdaşları iddiaçını plan sxemlə tanış etmiş və həmin yerdə kənar ölçüləri ilə tanış etməklə torpağı ona göstərmiş və iddiaçı da həmin yeri hasara almışdır. 1997-ci ildən bu günədək həmin torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsindədir. Cavabdeh xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Zirə Südçülük-Tərəvəzçilik Sovxozunun ərazisində yerləşir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verdi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 225 nömrəli sərəncamından görünür ki, Zirə qəsəbəsi, Babayev küçəsi, döngə 6, ev 8-də yaşayan heç bir yerdə işləməyən, ailə tərkibi 1 nəfərdən ibarət olan İddiaçı Zirə qəsəbəsində 3/97/6 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. İşdən görünür ki, xx.xx.2024-cü il tarixdə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Əzizbəyov RİHB-nın 225 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə Zirə qəsəbəsində vətəndaş İddiaçı oğıuna ayrılmış 3/97/6 saylı torpaq sahəsinin yerləşmə sxemi tərtib edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi ümumi ərazinin bir hissəsidir. A tikilisi təqdim olunmuş layihəyə uyğundur, təmirlidir, yaşayışa yararlıdır. Layihədəki 3 saylı həyət tikilisi (sanitar qovşağı) inşa edilməmiş, ərazidə əlavə həyət tikililəri inşa edilmişdir. Ərazinin ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki 1200 kv.metrdir. İddiaçı hazırda onun faktiki istifadəsində olan bu torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, yerli icra hakimiyyəti orqanlarının aktlarını bu əsaslardan birinə aid etmişdir, hansı ki, iddiaçı bu əsası, ona, fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 225 nömrəli Sərəncamını cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış həmin torpaq sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, bu zaman:;

1. torpaq sahəsinin Zirə Südçülük-Tərəvəzşilik sovxozunun ərazisi olmasına;

2. iddiaçının əvvəlki müraciəti zamanı təqdim edilmiş cizginin həqiqiliyi ilə bağlı Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə ünvanlanmış sorğuya cavab olaraq cizginin həqiqətə uyğun sayılmamasına istinad etmişdir. Məhkəmə cavabdehin ilk dəlili ilə bağlı qeyd edir ki, müabhisəli torpaq sahəsi 1997-ci ildə iddiaçıya ayrılmış, həmin dövrdə artıq sovxoz və kolxozların islahatı həyata keçirilməklə, onların fəaliyyəti dayandırılmışdır. Bu səbəbdən iddiaçıya ayrılmış torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış torpaq olmaqla, həmin dövrdə torpaq sahəsini ayırma səlahiyyətinə malik qurum tərəfindən ayrılmışdır. Qanunvericiliyin həmin sənədi hüququların dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutması isə iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt mövcud olmuşdur. Yerləşmə cizgisinə gəldikdə, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-12/2-3885/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, Əzizbəyov rayon İHB-nın 225 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə vətəndaş İddiaçı Zirə qəsəbəsində fərdi yaşayış evi tikmək üçün ayrılmış 3/97/6 saylı torpaq sahəsinə verilmiş yerləşmə sxemi həqiqətə uyğundur. Göründüyü kimi, iddiaçının ilkin təqdim etdiyi cizgi şübhəli olsa da, sonradan təqdim edilən yerləşmə sxeminin həqiqiliyi onu verən orqan tərəfindən təsdiq edilmişdir. Məhkəmə onu da qeyd edir ki, işdən görünür ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 225 nömrəli iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamı ləğv olunmamışdır və hazırda qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1200 kv.metr sahəsi olan 3/97/-6 saylı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar