Məhkəmə qərarları › İş №2-1(112)-2610/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2610/2023

18.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2610/2023 18.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları

1. İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, müraciətin aidiyyəti üzrə göndərildiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – Cavabdeh) **********6 nömrəli xx.xx.2022-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim olunan əmək kitabçasının surətinə əsasən onun sığorta stajı 19 il 10 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 8 il 7 ay sığorta stajına uyğun olaraq 6.979,35 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək 7.890,40 manat olmaqla, ümumilikdə 14.869,75 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən ona xx.xx.2017-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək və xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş “Qaya” kooperativinin xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, “Beq Merkuriy” kooperativinin xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək və 6 nömrəli Təmir Tikinti idarəsinin xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək faktiki və arxiv sənədlərinin yerləşdiyi ünvan məlum olmadığı üçün əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Mərkəzi Filialın xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçasında qeyd olunmuş "xxxx" ASC-dəki xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan əmək fəaliyyəti zamanı 1997-ci ildə 3 ay və xx.xx.1998-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək isə 2 il müddətinə öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Bu səbəbdən sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. (Qanunun 1.0.2-ci və 21.1-ci maddələrinə əsasən). Qeyd olunanlar nəzərə alınaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər.

2. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 6 nömrəli Təmir Tikinti İdarəsində işlədiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı 10 may 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması

3. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx xxxxxx 1959-cu ildə anadan olmuşdur. 10 may 2022-ci il tarixində ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə (62,5 yaş) çatmışdır. Pensiyanın təyin olunması məqsədi ilə AR ƏƏSMN tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış 31 avqust 2022-ci il tarixli **********6 nömrəli məktubun məzmunundan aydın olur ki, ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Cavabdeh inzibati orqanın qərarı qanunsuz və əsassız olmaqla, onun qanunvericiliklə müəyyən edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, onun adına açılmış 15 may 1989-cu il tarixli ******* nömrəli əmək kitabçasındakı qeydlər əsasında onun xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək “Qaya” kooperativində, xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək “Beq merkuriy” kooperativində, xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" ASC-də, xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Bakı şəhəri Nizami rayonu 2 nömrəli rayonlararası təmir-tikinti trestinin 6 nömrəli təmir-tikinti idarəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək AR Daxili İşlər Nazirliyinin Tibb İdarəsində işlədiyi öz təsdiqini tapır. Beləliklə, əmək kitabçası üzrə onun ümumi iş stajı 27 il 6 ay 15 gün təşkil edir. Cavabdehin sözügedən imtina məktubunda onun xx.xx.2006-cı il tarixinədək 8 il 7 ay sığorta stajının olduğu qeyd edilmişdir. Lakin sığorta stajı hesablanarkən xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək “Qaya” kooperativində, xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək “Beq Merkuriy” kooperativində və xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək 6 nömrəli təmir-tikinti idarəsində işlədiyi dövr nəzərə alınmamışdır. Cavabdeh inzibati orqan bunu həmin müəssisələrin faktiki və arxiv sənədlərinin yerləşdiyi ünvan məlum olmadığı üçün əməkhaqqı alıb-almadığını müəyyən etməyin mümkün olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Onun adına tərtib olunmuş 15 may 1989-cu il tarixli ******* nömrəli əmək kitabçasında işlədiyi dövrlərə dair bütün qeydlər öz əksini tapmış, həmin qeydlər səlahiyyətli şəxslərin imzası və müəssisənin möhürü ilə təsdiq edilmiş, qeydlərin ardıcıllığı gözlənilmiş, hər hansı bir qaralama və ya pozuntuya yol verilməmişdir. Beləliklə, cavabdeh inzibati orqanın həmin əmək kitabçasındakı qeydləri və onun sığorta stajını şübhə altına alması üçün hər hansı bir əsas yoxdur. Qeyd olunan dövrlər üzrə işəgötürənin sənədlərinin arxivə təhvil verməməsi, həmin müəssisələrdən hər hansı birinin hazırda mövcud olmaması və ya faktiki ünvanının məlum olmaması işçinin məsuliyyəti kimi qəbul edilə və iş illərinin sığorta stajına daxil edilməməsinə səbəb ola bilməz.

4. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında, habelə 17 avqust 2023-cü il tarixli etiraza əlavədə imtina məktubunda göstərilənlərə istinad etmiş və əlavə olaraq göstərmişdir ki, İddiaçı cavabdehə təqdim etdiyi əmək kitabçasının surətinə əsasən onun mübahisələndirilməyən sosial sığorta stajı cəmi 20 il 9 ay təşkil edir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən sosial sığorta stajı aşağıdakı kimidir: 1.1997-ci ilin iyun, noyabr, dekabr ayları və 1998-ci ilin avqust ayından xx.xx.2000-ci il tarixədək "xxxx" ASC-dəki əmək fəaliyyəti zamanı öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövrlər (xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən) – 2 il 3 ay; 2.xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 6 №li Təmir Tikinti idarəsindəki əmək fəaliyyəti əmək kitabçasının doldurulma qaydasına riayət olunmadığı üçün – 4 il 6 ay 9 gün. İddiaçının ümumilikdə 6 il 9 ay 9 gün mübahisəli sosial sığorta stajı müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" ASC-dəki əmək fəaliyyətinin qarşılıqlı yoxlanılması zamanı iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan əmək fəaliyyəti zamanı 1997-ci ildə 3 ay (iyun, noyabr, dekabr ayları) və xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək isə 2 il müddətinə öz hesabına ödənişsiz məzuniyyətdə olduğu aşkar olunmuşdur. Bu fakt Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli aktı ilə təsdiq olunur. İddiaçının cavabdeh tərəfindən növbəti mübahisələndirilən əmək fəaliyyəti dövrü isə xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 6 №-li Təmir Tikinti idarəsindəki işlədiyini iddia etdiyi dövrlərdir. İddiaçının əmək kitabçasının 8 və 9-cu səhifəsində işə daxil olma barədə qeyd olsa da, işdən çıxma barədə qeyd edilməmişdir. Həmçinin, iddiaçının sözügedən dövrlərdəki əmək fəaliyyətinin araşdırılması, müəyyən sənədlərin (əmrlər kitabı, əməkhaqqı cədvəlləri) əldə edilməsi məqsədilə müvafiq qurumlara sorğular ünvanlansa da, iddiaçının çalışdığını iddia etdiyi müəssisənin (6№li Təmir Tikinti idarəsi) fəaliyyətinə dair məlumat əldə edilə bilməmişdir. Beləliklə, İddiaçı 1997-ci ilin iyun, noyabr, dekabr ayları və 1998-ci ilin avqust ayından xx.xx.2000-ci il tarixədək olan əmək fəaliyyəti dövrü ödənişsiz məzuniyyətdə olması səbəbilə, o cümlədən, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmək fəaliyyəti dövrü əmək kitabçasının doldurulma qaydalarına riayət edilmədiyindən mübahisəli dövr hesab edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən 25 il sosial sığorta stajına qarşı 20 il 9 ay sosial sığorta stajına malik olduğundan inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtna etmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı və ona əlavəni müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi

7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

8. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

9. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2ci maddəsinə əsasən Qanunun 7-ci maddəsində qadınların yaş həddi 1 iyul 2021 – 30 iyun 2022 üzrə 62 yaş 6 aydır.

10. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2021 – 30 iyun 2022 üzrə qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 62 yaş 6 ayının tamam olması 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması.

11. İş olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə doğulmuş, 62 yaş 6 ayı xx.xx.2022-ci ildə tamam olmuşdur.

12. Deməli, iddiaçı ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş tələbini ödəyir.

13. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, işdən görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 8 il 7 ay sığorta stajına uyğun olaraq 6.979,35 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək 7.890,40 manat olmaqla, ümumilikdə 14.869,75 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir.

14. Belə olan halda aydındır ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun xx.xx.2022-ci il tarixə azı 25 il sığorta stajı olmalıdır.

15. İşdə olan ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1989-xx.xx.1992-ci il tarixlərdə “Qaya” kooperativində yığıcı, xx.xx.1992-xx.xx.1992ci il tarixlərdə “Beq Merkuriy” kooperativində mal qablaşdırıcısı, xx.xx.1992-xx.xx.2000-ci il tarixlərdə “Bakı məişət kondisionerləri” zavodunda itiləyici (yonucu), xx.xx.2000xx.xx.2005-ci il tarixlərdə 6 №li Təmir – tikinti idarəsində anbar təhcizatçısı vəzifələrində işləmişdir. xx.xx.2005-ci il tarixdə AR DİN-in Tibb İdarəsinə xadimə vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir.

16. Göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasına əsasən onun ümumilikdə 25 ildən çox (27 il 6 ay 23 gün) ümumi sığorta stajı vardır.

17. İddiaya etirazdan və etiraza əlavədən görünür ki, cavabdeh bu dövrlərdən 20 il 9 ay sığorta stajını mübahisəsiz qəbul edir. Lakin iddiaçının 1997-ci ilin iyun, noyabr, dekabr ayları və 1998-ci ilin avqust ayından xx.xx.2000-ci il tarixədək "xxxx" ASC-dəki ödənişsiz məzuniyyətdə olduğu dövrü, habelə xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 6 №li Təmir Tikinti idarəsindəki əmək fəaliyyəti dövrünü sığorta stajına daxil etməkdən imtina edir.

18. İddiaçı isə hazırda bu dövrlərdən xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 6 №li Təmir Tikinti idarəsində işlədiyi dövrün sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir.

19. Deməli, hazırda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün müəyyən edilməli hal onun 6 №li Təmir Tikinti idarəsində işlədiyi dövrün sığorta stajına daxil edilməsinin mümkün olub-olmamasıdır.

20. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh həmin dövrü ona görə qəbul etmir ki, iddiaçının əmək kitabçasının 8 və 9-cu səhifəsində işə daxil olma barədə qeyd olsa da, işdən çıxma barədə qeyd edilməmişdir. Həmçinin, iddiaçının sözügedən dövrlərdəki əmək fəaliyyətinin araşdırılması, müəyyən sənədlərin (əmrlər kitabı, əməkhaqqı cədvəlləri) əldə edilməsi məqsədilə müvafiq qurumlara sorğular ünvanlansa da, iddiaçının çalışdığını iddia etdiyi müəssisənin (6 №li Təmir Tikinti idarəsi) fəaliyyətinə dair məlumat əldə edilə bilməmişdir.

21. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmır. Çünki iddiaçının əmək kitabçasının 8 və 9-cu səhifəsində işdən çıxma barədə qeyd mövcuddur. Belə ki, əmək kitabçasının 8-ci səhifəsi üzrə 2-ci sütunda işdən çıxma tarixi (gün, ay , il) göstərilməsə də, 9-cu səhifədəki 4-cü sütunda işdən çıxma əmrinin tarixi və nömrəsi göstərilmiş, iddiaçının xx.xx.2005-ci il tarixli 145K nömrəli əmrlə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilməsi barədə qeyd aparılmış, bu qeyd kadrlar üzrə müfəttiş P.İ.Salbiyeva tərəfindən imzalanmış və müəssisənin möhrü ilə təsdiq edilmişdir.

22. Məhkəmə qeyd edir ki, mübahisələndirilən dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

23. 26.09.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır.

24. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, mübahisəəndirilən qeydlər bu tələblərə cavab vermiş, səlahiyyətli şəxsin imza və möhrü ilə təsdiq edilmiş, iddiaçı xx.xx.2005-ci ildən etibarən isə AR Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə işə qəbul edilmiş, əmək kitabçasında aparılan bu qeydlər ardıcıl olmuş, hər hansı düzəliş edilməmiş, mötəbərliyini şübhə altına alan hər hansı bir əsas olmamışdır.

25. Həmin müəssisənin fəaliyyətinə dair məlumat əldə edilməməsinə gəldikdə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubla təqdim etdiyi məlumatlardan görünür ki, Bakı şəhəri 6 saylı Təmir tikinti idarəsi 06 oktyabr 1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə hüquqi şəxs kimi qeydə alınmış və onun rəsmi fəaliyyətinə icazə verilmişdir.

26. Müəssisənin arxiv sənədlərinin mövcud olmaması isə iddiaçının ziyanına şərh oluna bilməz. Çünki arxiv sənədlərinin saxlanılması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur.

27. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin 2.10-cu bəndinə əsasən 2.10. İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə təhvil verilir. Həmin Qərarla təsdiq edilmiş Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalarının 4 və 5-ci hissələrinə əsasən qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin fəaliyyəti nəticəsində yaranan və daimi mühafizə edilməli olan arxiv sənədlərinin mühafizəsi işi bilavasitə onların özləri tərəfindən həyata keçirilir. Qeyri-dövlət idarə, təşkilat və müəssisələri öz arxiv sənədlərini saxlamaq üçün əlverişli bina və otaqlar ayırmalı, sənədlərin mühafizəsi üçün tam məsuliyyət daşımalı, məsul şəxslər təyin etməlidir.

28. Göründüyü kimi qanunvericiliyə əsasən istər dövlət, istərsə də, qeyri dövlət təşkilatlarının arxivlərinin mühafizəsi müvafiq müəssisələr tərəfindən həyata keçirilməlidir (təhvil verilənədək).

29. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 6 №li Təmir Tikinti idarəsindəki dövrü iddiaçının sığorta stajına daxil etməməsi qanunsuz olmuş, onun hüquqlarının pozulmasına səbəb olmuşdur.

30. Həmin dövrü sığorta stajı kimi qəbul etdikdə isə müəyyən olunur ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən 20 il 9 ay sığorta stajı və məhkəmə tərəfindən iddiaçının sığorta stajına daxil edilən 4 il 6 ay 9 gün nəzərə alınmaqla, iddiaçının xx.xx.2022-ci il tarixə 25 ildən çox, 25 il 3 ay 9 gün sığorta stajı mövcud olmuşdur.

31. Deməli, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan hər iki şərti ödəmişdir.

32. O da qeyd edilməlidir ki, iddiaçı bu şərtləri ödəməsə belə, ƏPQ-nin 22-1.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi hüququ mövcud olmuşdur.

33. Belə ki, “ƏPQ”-nin 22-1.1-ci maddəsinə görə 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.

34. Beləliklə, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Qanunla əlavə edilmiş yeni tənzimləməyə görə xx.xx.2019-cu il tarixdən pensiya təyinatı avtomatlaşdırılmış qaydada təyin olunur. Bu zaman 2018-ci ilin 1 iyul tarixinə şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olduqda avtomatik olaraq həmin şəxslərin xx.xx.2006-cı il tarixə ümumi iş stajları 25 ilə bərabərləşir. Başqa sözlə, xx.xx.2006xx.xx.2018-ci il tarixədək fərdi hesabda məbləğindən asılı olmayaraq kapitalın olması yaşa görə pensiya təyinatı zamanı avtomatik qaydada xx.xx.2006-cı il tarixədək əksik gələn stajın tələb olunan 25 il staja çatdırılmasına və bununla da pensiya təyinatının aparılmasına əsas verir.

35. Hazırkı iş üzrə iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının olması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək iddiaçının fərdi hesabında 7.890,40 manat pensiya kapitalı toplanmışdır.

36. Deməli, iddiaçıya ƏPQ-nin 22-1.1-ci maddəsinə görə avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin edilməli və bu zaman onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanmalıdır.

37. İşdən görünür ki, cavabdeh iddiaçıya münasibətdə həmin normanı tətbiq etməmiş, bu halı “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən İddiaçı xx.xx.2017-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilməsi ilə əsaslandırmışdır.

38. Belə ki, ƏPQ-nin 22-1.4-cü maddəsinə əsasən həmin Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.5. 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22- 1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.

39. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır və qeyd edir ki, ƏPQ-nin 22-1.5-ci maddəsində nəzərdə tutulan keçirilmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan, lakin əmək pensiyası hüququ olmayan və işləməyən şəxslərə təyin edilmiş yaşa görə sosial müavinətin yaşa görə əmək pensiyasına keçirilməsini nəzərdə tutur.

40. Qanunverici bununla xx.xx.2019-cu il tarixədək əmək pensiyası yaşına çatsa da, staj, yaxud kapital tələbini ödəmədiyindən əmək pensiyasına hüquq yaranmayan və buna görə də yaşa görə sosial müavinət təyin edilmiş işləməyən şəxslərin həmin müavinəti ƏPQ-nin 22.-1-ci maddəsindən istifadə etməklə yaşa görə əmək pensiyasına keçirilməsini tələb etmək imkanının qarşısını alır.

41. Lakin iş materiallarında olan sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 288 nömrəli, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2017-ci ildə sosial müavinət “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatmasına baxmayaraq əmək pensiyası hüququ olmaması və işləməməsi əsası ilə deyil, həmin dövrdə qüvvədə olan normalara əsasən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş və 57 yaşına çatmış şəxs kimi təyin edilmişdir.

42. Yəni xx.xx.2017-ci ildə iddiaçı ƏPQ-nin 7-ci maddəsi ilə müəyyən edilmiş əmək pensiyası hüququ verən yaş həddinə çatmadığıdan ona təyin edilmiş sosial müavinət ƏPQ-nin 22-1.5-ci maddəsində nəzərdə tutulan sosial müavinət, yəni əmək pensiyasına hüquq yaranmadığında kompensasiya kimi təyin edilən yaşa görə sosial müavinət hesab edilə bilməz.

43. Buna görə də məhkəmə cavabdehin iddiaçıya ƏPQ-nin 22-1.2.1-ci maddəsini tətbiq etməməsini də qanunsuz hesab edir.

44. Beləliklə, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bununla iddiaçının işləməsi, həm də sənədlərlə iş yerinin mövcudluğu təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, həmçinin ƏPQ-nin 22-1-ci maddəsinin tələblərini nəzərə alınmaqla məhkəmə hesab edir ki, bəhs edilən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməklə ona pensiya təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

45. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 6 nömrəli Təmir Tikinti İdarəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə ona 62,5 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar