Məhkəmə qərarları › İş №2-1(112)-2611/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2611/2020

26.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2611/2020 26.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon polis idarəsinə qarşı “maddi və mənəvi ziyanın tutulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon polis idarəsinə qarşı “maddi və mənəvi ziyanın tutulması barədə” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon polis idarəsinin müstəntiqi Anar Məmmədovdan ona vurulan maddi və mənəvi ziyanın həcmini toplayaraq, cəm şəkildə, 36000 manat pul vəsaitinin Suraxanı rayon polis idarəsindən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin məhkəmənin 23 oktyabr 2019-cu il tarixli, 2(010)-5842/2019 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Sonradan iddiaçı ərizə ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Anar Məmmədovun əsl cavabdeh Bakı şəhəri Suraxanı rayon polis idarəsi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Həmin məhkəmənin 2(010)- 5842/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmış, iş materialları 24 yanvar 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində göstərilmişdir ki, dövlət nömrə nişanı ** XN *** olan “Mersedes Benz” 320 markalı, buraxılış ili 1997-il olan avtomobil iddiaçının mülkiyyətindədir. xx.xx.2017-ci il tarixdə iddiaçı Bakı şəhəri, Nizami rayonu, Azərsu tikinti xəstəxanasının sol tərəfindən yerləşən Şərq küçəsi 40/85-ci məhəllə ünvanında yaşayan, qohumu X1 həyətyanı sahəsinin qarşısında avtomobilini saxlamış və həmin tarixdə Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 32-ci polis bölməsinin əməliyyatçıları tərəfindən iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri Suraxanı rayon polis idarəsinin müstəntiqi Anar Məmmədov tərəfindən onlara sözügedən avtomobilin dayanacağa aparılması barədə göstəriş verilmişdir. İddiaçı onun avtomobilinin dayanacağa aparılması ilə bağlı qərarın surətini Bakı şəhəri Suraxanı rayon polis idarəsindən tələb etməsinə baxmayaraq, ona heç bir qərar təqdim edilmədən avtomobili dayanacağa aparılmışdır. İddiaçı qeyd edir ki, ona məxsus avtomobili 10 fevral 2015-ci il tarixdə "xxxx" MMC ilə bağlanılmış 463 saylı müqavilə əsasında ilkin olaraq 28%-lə 18 ay müddətinə girov qoyaraq, 8000 manat məbləğində kredit götürmüşdür. İddiaçı bu müddətdə ona məxsus avtomobildən istifadə etməklə taksi fəaliyyəti ilə məşğul olmuş, əldə etdiyi qazancla kredit borcunu mütəmadi şəkildə ödəmişdir. İddiaçı hesab edir ki, avtomobilinin dayanacaqda əsassız olaraq uzun müddət ərzində saxlanıldığından, ümumilikdə, 13990 manat qazancdan məhrum olmuş, əlavə olaraq həmin müddətdə ictimai nəqliyyat vasitələrindən istifadə etməsi ilə əlaqədar, ümumən, 4330 manat zərərə məruz qalmışdır. İddiaçının avtomobili dayanacaqda saxlanıldığı müddət ərzində istismara yararsız vəziyyətdə düşmüşdür. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, ona dəymiş maddi və mənəvi zərər, cəmi 36000 manat pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyədək cavabdeh inzibati orqana müraciətini təsdiq edən sübutu və eləcə də, cavabdehin imtina məktubu iş materiallarına əlavə edilmədiyindən hazırlıq icraatı üzrə məhkəmə iclasında iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məsələnin həlli üçün müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh təyin edilmiş məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçı qaldırdığı məsələ ilə bağlı məhkəməyədək cavabdeh Bakı şəhəri Suraxanı rayon polis idarəsinə müraciət etməsini təsdiq edən sübutunu və cavabdehin imtina məktubunu məhkəməyə təqdim edə bilmədiyinə görə, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin yuxarıda qeyd edilən hallarına əsasən iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı məsələlərin həlli üçün qanunvericiliklə zəruri hesab edilən sübutlarını ərizəsinə əlavə etməklə cavabdeh Bakı şəhəri Suraxanı rayon polis idarəsinə müraciət etməli, əsassız səbəblərdən xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilərlər. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar