Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2611/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri LGBİ-nin 08.06.2021-ci il tarixli, **********2664 nömrəli qərarın və Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin 06.08.2021-ci il tarixli, **********004700 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri LGBİ tərəfindən qəbul edilmiş, 27.05.2021-ci il tarixdə onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanda yerləşən "FACE STUDİO" obyektində keçirilmiş operativ vergi yoxlamalarının nəticəsi olaraq 08.06.2021-ci il tarixli, **********2664 nömrəli "Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə" qərara əsasən 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. 12.07.2021-ci il tarixdə həmin qərardan inzibati şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Lakin, Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən,baş idarənin rəis müavini, baş vergi xidməti müşaviri Əhməd Hüseyn tərəfindən qəbul edilən 06.08.2021-ci il tarixli, **********004700 nömrəli qərarı ilə inzibati şikayəti təmin edilməmişdir. Həmin qərar vergi orqanının rəsmi səhifəsinə 07.08.2021-ci il tarixdə yerləşdirilmiş, o, qərarla 14.09.2021-ci il tarixdə tanış olmuşdur. Hesab edir ki, DVX-nin 08.06.2021-ci il tarixli, **********2664 nömrəli və 08.06.2021-ci il tarixli, **********2664 nömrəli qərarları qanunsuzdur. 27.05.2021-ci il tarixli DVX seriyalı 006018 nömrəli "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktda qeyd olunmuşdur ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanda yerləşən "FACE STUDİO" obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı göstərilmiş xidmətə görə ödənilmiş 10,0 manat məbləğə görə alıcıya nəzarətkassa aparatı çeki təqdim edildi, lakin araşdırma zamanı obyektdə quraşdırılmış nəzarətkassa aparatının çekində Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinin pozulduğu qeyd edilmişdir. Bakı şəhəri LGBİ-nin 27 may 2021-ci il tarixli, **********1094 nömrəli qərarına əsasən ünvan 2 ünvanında yerləşən “FACE STUDİO” adlı bərbərxana və gözəllik salonuna 27 may 2021-ci il tarixində vergi xidmətinin əməkdaşları yaxınlaşmış və yoxlamalar həyata keçirmişdir. Apardıqları yoxlamalar zamanı onlara lazımi şərait yaradılmış və müvafiq qaydada 27.05.2021-ci il tarixli, **********1120 nömrəli Tələbnaməyə əsasən tələb edilən əmək müqavilələrini, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surətlərini, əmək haqqı cədvəllərini və vergi ödəyicisinin fəaliyyəti ilə bağlı elektron faylları tələbnaməni aldıqları vaxtdan vergi ödəyicisinin elektron kabineti vasitəsilə təqdim etmişdirlər. Hesab edir ki, 27.05.2021-ci il tarixli DVX seriyalı 006018 nömrəli akt qeyri-humanist şəkildə tərtib edilmişdir. Akt tərtib olunarkən xəbərdarlıq edilməmiş və cərimə olunmağı barədə qərar qəbul edilmişdir. Bildirir ki, təsərrüfat subyektində olan nəzarət-kassa aparatında texniki problem olduğu üçün dəyişdirilməsi üçün müraciət etmişdir. Lakin OVN tədbirləri başlayana qədər vaxt məhdudluğuna görə həmin aparatın yenisi gətirilməmişdir. Vergi orqanı buna məhəl qoymadan akt tərtib etmişdir. Əgər onlara vaxt verilsəydi, şərait yaradılsaydı onlar nəzarətkassa aparatını tezlikdə yeniləyə bilərdi. Lakin Vergi orqanı tərəfindən bunun üçün onlara vaxt verilməmiş, şərait yaradılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. 25.10.2021-ci il tarixdə məhkəməyə Bakı şəhəri LGBİ-nin iddiaya dair yazılı vəsatəti daxil olmuşdur. İddianın mümkün sayılmaması barədə 20.10.2021-ci il tarixli **********21900 saylı vəsatətdə göstərilmişdir ki, iddiaçı tərəfindən 12.07.2021-ci il və 17.07.2021-ci il tarixlərdə tarixdə Dövlət Vergi Xidmətinə hesablanmış verginin ləğv olunması ilə bağlı müraciət edilmişdir. Dövlət Vergi Xidməti tərəfindən 06.08.2020-ci il tarixli İnzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilmişdir. Sözügedən qərar vergi ödəyicisinə 07.08.2021-ci il tarixdə elektron qaydada göndərilmiş və onun tərəfindən 10.08.2021-ci il tarixdə oxunmuşdur. Daha sonra isə iddiaçı tərəf 21.09.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Görünüyü kimi iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı (və ya vəkili-nümayəndəsi) məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya 05 yanvar 2022-ci il tarixli məktubla müraciət olunaraq, iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) təklif olunsa da, iddiaçı tərəfindən İPM-nin 54-cü maddəsinə müvafiq iddianın dəyişdirilməsi barədə ərizə məhkəməyə təqdim olunmamışdır. Cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi X3 vəsatətə uyğun izahat verərək, vəsatətdə qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Bakı şəhəri LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08.06.2021-ci il tarixli **********2664 nömrəli qərarından görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respubikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birici dəfə yol verildiyinə görə 1000 (bir min) manat məbləğində vergi məsuliyyətinə cəlb olunması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 06 avqust 2021-ci il tarixli **********004700 saylı qərarın surətindən müəyyən olunur ki, fərdi sahibkar İddiaçı (VÖEN **********, , Bakı şəhəri, Səbail rayonu,Q.Abbasov küçəsi, ev 70, mənzil 11) tətbiq olunmuş maliyyə sanksiyasının ləğv edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş 12.07.2021-ci il və 17.07.2021-ci il tarixli (AVİS qeydiyyatı: 13.07.2021-ci il tarixli **********818800 və 17.07.2021-ci il tarixli **********542600 nömrəli) müraciətinin araşdırılmasının nəticəsinə əsasən aşağıdakılar qərara alınmışdır: - İddiaçı operativ vergi nəzarətinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi 12.07.2021-ci il və 17.07.2021-ci il tarixli şikayətləri təmin edilməsin. - 27.05.2021-ci il tarixli DVX seriyalı 006018 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında" akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən qəbul edilmiş ‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08.06.2021-ci il tarixli **********2664 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat” dan müəyyən olunur ki, Bakı şəhəri LGBİ tərəfindən mübahisələndirilən **********327500 saylı 06.08.2021-ci il tarixli qərar 10.08.2021-ci il tarixdə İddiaçı elektron kabinetinə göndərilmişdir. Hazırda iddiaçı inzibati orqan tərəfindən barəsində qəbul edilmiş qərarın və həmin qərardan verilmiş şikayət əsasında inzibati orqanın yuxarı orqanı tərəfindən şikayətin təmin olunmaması barədə qəbul edilmiş qərarın ləğv olunmasını xahiş edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra, lazımi qaydada çatdırılmış sayılır. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İddia ərizəsindən də göründüyü kimi iddiaçı mübahisələndirilən 08.06.2021-ci il tarixli qərardan 12.07.2021-ci il və 17.07.2021-ci il tarixlərdə cavabdeh inzibati orqanın yuxarı orqanına şikayətlə müraciət etmişdir. Qeyd olunan şikayətlərə baxılmasının nəticəsində qəbul olunmuş 06.08.2021-ci il tarlxi qərarı iddiaçı 07.08.2021-ci il tarixdə rəsmi qaydada əldə etmişdir (iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, həmin qərar vergi orqanının rəsmi səhifəsinə 07.08.2021-ci il tarixdə yerləşdirilmişdir). İddia ərizəsinin məhkəməyə göndərildiyi zərfin üzərinə vurulmuş poçt ştampından isə göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə göndərilməsi üçün 30 günlük müddət ötürülməklə yəni 17.09.2021-ci il tarixdə poçta təqdim olunmuş, həmin iddia ərizəsi 21.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. X5 Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin 06.08.2021-ci il tarixli, **********004700 nömrəli qərarının ləğv edilməsi hissəsinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərindən də göründüyü kimi, həmin qərarın məhkəmə qaydasında mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə müvafiq olaraq iddia müddətini ötürdüyündən və məhkəmə qaydasında mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmayan qərarı mübahisələndirdiyindən iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Nəriman Abıyev