Məhkəmə qərarları › İş №2-1(112)-2612/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2612/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2612/2021 24.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin “ç” bəndi ilə əvəz olunması və sair» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin “ç” bəndi ilə əvəz olunması və bu müddət ərzində iddia ərizəsində qeyd etdiyi ödənişlərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, elektronika üzrə mütəxəssisdir. Bu peşədə 4 illik peşə təhsili olmaqla ümumilikdə 23 illik təcrübəsi var. Sırf bu peşə üzrə 15 ilə yaxın, “xxxx” QSC-də Hərəkət Xidməti Stansiya Avadanlıqlarının Təmiri və Xidməti sahəsində 8-ci dərəcəli elektrik mexaniki vəzifəsində çalışmışdır. Onun işi və peşəsi, vəzifəsinin əsası stansiyada olan elektroniki avadanlıqların təmiri olmuşdur. Bu müddətdə çoxlu sayda imtahandan və 2 attestasiyadan keçmişdir. Cavabdehin keçirdiyi sonuncu attestasiya zamanı ona verilən suallar tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə), yerinə yetirdiyi işlərə və onların nəticələrinə aid olmadığı halda, x xxxxxx 2017-ci ildə attestasiya komissiyasının rəyi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndi ilə işdən çıxarılmışdır. Bu barədə rəhbərliyə şifahi, həmkarlar ittifaqına və attestasiya komissiyasının sədrinə yazılı müraciətini bildirmişdir. Cavabdehin ona rəsmi yazılı cavabı və onun 2 müəssisədən əldə etdiyi sənədlərdə açıq-aydın qeyd edilmişdir ki, verilmiş 50 attestasiya sualları müəssisədaxili təlimat və qaydalardır. Yəni onun elektroniki avadanlıqlarının təmirçisi kimi tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlərə və onların nəticələri barədə deyil, əmək müqaviləsi ilə tənzimlənən müəssisəyə aid olan daxili təlimat və qaydalardır. Cavabdeh bu halları bilərəkdən Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndini tətbiq etmişdir, bu da onun peşəkarlığına şər və böhtandır. Cavabdeh qeyd edir ki, o, çox savadlı işçidir. Attestasiya zamanı verilən suallar müəssədaxili təlimat və qaydalardır və ya buna uyqundur. Amma cavabdeh izah edə bilmir ki, nə üçün məlum maddəni tətbiq edib. Özü də bilir ki, tətbiq etdiyi qərar özünün də qeyd etdiyi kimi, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə uyğundur. Bu, tam aydınlığı ilə göz önündədir və əlavə izaha ehtiyac yoxdur. Məhz buna görə məlum maddənin dəyişməsini və sosial vəziyyətinə dəymiş ziyanı könüllü ödəməsini istəyir. Ailə tərkibi 4 nəfərdən ibarətdir, əmək haqqı və ya ailə başçısı kimi minimum gəliri 560 manatdır. Hər iki halda bu məbləğ ona hər ay dəymiş ziyan kimi öz təsdiqini tapır. 42 ay müddətdə birbaşa onun peşəkarlığına cavabdehin atdığı şər, böhtana görə sosial vəziyyətinə 23.520 manat ziyan dəymişdir. Həmçinin işləsəydi Dövlət Sosial Müdafiə Fondundakı hesabına 2600 manat da ödəyə bilərdi. Göstərilənlərə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin “ç” bəndi ilə əvəz olunması və bu müddət ərzində iddia ərizəsində qeyd etdiyi ödənişlərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçının tələbi vaxtilə tərəflər arasında mövcud əmək münasibətləri üzrə yaranmış mübahisə ilə əlaqədardır. Belə ki, “xxxx” QSC-nin Hərəkət Xidmətinin SAXT sahəsinin 8-ci dərəcəli elektrik mexaniki İddiaçı ilə bağlanmış əmək müqaviləsi “xxxx” QSC Sədrinin xx.xx.2017-ci il tarixli Ş-6443 saylı Əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsi, ixtisası (peşəsi) kifayət dərəcədə olmadıqda) xx.xx.2017-ci il tarixdən ləğv edilmişdir. Bu mübahisə ilə bağlı İddiaçı məhkəmə instansiyalarında “xxxx” QSC-yə qarşı müxtəlif iddia tələbləri irəli sürmüşdür. Belə ki, 2017-ci ildə İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-9252/2017 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-2402/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-9252/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti əsasında işə baxan Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-5946/2018 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-2402/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı “attestasiya suallarının uyğunluğunun yoxlanılması və s.” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 2(006)-1023/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı cavabdeh “xxxx” QSCyə qarşı “əmək münasibətləri üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 2(006)- 3989/2020 saylı qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilmiş, iddiaçı şikayət versə də, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-3989/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-3989/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərilən məhkəmə aktlarından aydın görünür ki, iddia tələbləri üzrə işin mahiyyəti (əmək münasibətləri ilə əlaqədar yaranan mübahisə) məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, hüquqi qiymət verilmişdir. «xxxx» QSC inzibati orqan deyil, tərəflər arasında yaranan mübahisə isə inzibati hüquq münasibətləri ilə deyil, vaxtilə İddiaçı ilə “xxxx” QSC arasında mövcud olmuş əmək münasibətləri ilə bağlıdır. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” QSC-nin xx xxxxxx 2017-ci il tarixli Ş-6443 saylı əmrinin surətindən görünür ki, İddiaçı - Hərəkət Xidmətinin SAXT sahəsinin 8-ci dərəcəli elektrik mexaniki ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən (peşəkarlıq səviyyəsi, ixtisası (peşəsi) kifayət dərəcədə olmadıqda) xx xxxxxx 2017-ci il tarixdən ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda “xxxx” QSC inzibati orqan sırasına daxil edilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi ona qarşı irəli sürülmüş cavabdeh inzibati orqan deyildir. Buna görə də inzibati orqan olmayan cavabdehlə iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisə də mövcud deyildir. Bundan başqa, iddiaçı “xxxx” QSC-nin Hərəkət Xidmətinin SAXT sahəsinin 8-ci dərəcəli elektrik mexaniki vəzifəsində işləmişdir, tərəflər arasında əmək müqaviləsi mövcud olmuşdur və iddiaçı ilə cavabdeh arasında münasibətlər əmək qanunvericiliyi ilə tənzimlənir. Belə olan halda hazırki mübahisənin araşdırılması ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir, həmin məsələlər mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. Göstərilənlərə əsasən hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar