Məhkəmə qərarları › İş №2-1(112)-2613/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2613/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2613/2022 02.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “artıq hesablanmış əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 25.08.2021-ci tarixli **********4 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəi Filialının direktoru Şahin Əliyev tərəfindən 25.08.2021-ci il tarixli **********4№-li “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” Qərar qəbul olunmuşdur. Qərara əsasən iddiaçıdan 14.04.2006-30.12.2020-ci il tarixləri arasındakı dövr ərzində 61222,40 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayonu, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi tələb olunmuşdur. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, cavabdeh inzibati orqanın 25.08.2021-ci il tarixli **********4 №-li Qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Cavabdeh tərəfindən 14.04.2006-cı il tarixində sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edilərək ödəniş aparılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Daxili nəzarət departamenti tərəfindən aparılmış araşdırmaya əsasən İddiaçı 14.04.2006- 30.12.2020-ci il tarixləri arasındakı dövr ərzində 61222,40 manat məbləğində artıq ödənilmiş məbləğin geri tələb olunması zərurəti ortaya çıxmışdır. İddiaçı artıq ödənilmiş, ümumilikdə, 61222,40 manat pul vəsait onun "xxxx" ASC-də olan kart hesabına köçürülmüşdür. İnzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Bundan başqa qərarda sosial təminat sahəsindəki münasibətlərə dair ümumi mülahizələr sadalanmış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun bəzi müddəaları göstərilmişdir. Qanunun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Yuxarıda göstərilənlərə əsaslanan inzibati orqan sözügedən qərarda iddiaçıdan 61222,40 manat vəsaitinin tutulmasına dair nəticəyə gəlmişdir. İnzibati orqan, həm sosial təminat hüququna dair qanunvericiliyin müddəalarına, həm də inzibatı icraatı tənzimləyən qanunvericiliyin müddəalarına zidd qərar qəbul etmişdir. Ona görə də mübahisələndirilən qərar iddiaçıya münasibətdə əlverişsiz (yükləyici) olmaqla qanunsuz və əsassızdır. Hazırki iddia tələbi ilə ləğvi xahiş olunan qərarın - inzibati qərarın qəbul edilməsinə faktiki və hüquqi əsaslar olmadığı halda, cavabdeh inzibati orqan tərəfindən qanunsuz və əsassız olaraq belə qərar qəbul olunmuş, bununla iddiaçıdan pul tutulmasına dair üzərinə vəzifə qoyulmaqla qanuni maraq və mənafeləri pozulmuşdur. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, qəbul olunan qərarda inzibati orqan belə qərarın qəbul edilməsinin faktiki və hüquqi əsaslarını göstərməmişdir. İddiaçıya artıq pensiya məbləği ödənilməsi qənaətinə gələn inzibati orqan, hətta, artıq məbləğin ödənilməsinə səbəb ola biləcək - iddiaçı tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilib-verilmədiyini araşdırmamışdır. Əslində də tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilmədiyi işin mübahisəsiz halıdır. İddiaçı digər vətəndaşlar kimi, pensiya hüququnun reallaşdırılması üçün 2006-cı ildə müvafiq qaydada müracət etmişdir. Pensiya təyin edən orqan qanunvericiliyə müvafiq olaraq icraat aparmış və iddiaçıya müəyyən məbləğ pensiyanın verilməsi qərara almışdır. İddiaçıya pensiya hesablanmasında tərəfindən hər hansı qanunazidd hərəkətə yol verilməmiş, inzibati orqanın qərar qəbul etməsinə təsir edəcək hər hansı hərəkətə yol verilməmişdir. Ödənilmiş pensiya məbləğinin artıq olmasına dair inzibati orqanın mövqeyinə mahiyyəti üzrə münasibət bildirmədən hesab edir ki, cavabdeh orqan belə bir qərar qəbul etməyə səlahiyyəti olmamışdır. Belə qərar qanunun tələblərinə ziddir. Qeyd edir ki, 67.6-cı maddədə göstərilən hallardan heç biri iddiaçıya tətbiq oluna bilməz, çünki pensiya məbləğinin hesablanmasında iddiaçının hər hansı huquqazidd əməli olmamışdır. Dövlət orqanının qərarı əsasında, iddiaçının heç bir təsiri və təqsirli hərəkəti olmadan hesablanmış və ödənilmiş pensiya məbləğinin ondan geri alınması iddiaçıya əhəmiyyətli dərəcədə ziyan vurar. İddiaçının hazırda 73 yaşı var, 2-ci qrup ömürlük əlildir, uzun müddətdir ki, ağır şəkər xəstəsidir, ayaq barmağı amputasiya olunub, 3 ay əvvəl evdə yıxılaraq bud çanağı sınmışdır, əməliyyat olunması həyati təhlükəli olduğundan həkimlər əməliyyat etmirlər, buna görə də yataq xəstəsi olmuşdur. Özünü idarə edə bilmir, kənar şəxslərin köməyilə yaşayır. Aldığı pensiya məbləği dərmanlarına belə çatmır. Həyat yoldaşı da yaşlı və xəstədir, iddiaçının pensiya məbləği həyat yoldaşının dava-dərmanına çatmır. 2021-ci ilin əvvəlindən, cavabdeh orqanın iddiaçıya qarşı əsassız tələbləri, pensiya məbləğinin azaldılmasına dair xəbərdarlıqlar və s. bu kimi qanunsuz hərəkətləri ilə cavabdeh orqan səhhətinə ciddi ziyan vurmuş, aldığı pensiya məbləğini azaltmış, əlavə olaraq da qanunsuz qərar qəbul etməklə iddiaçıdan pul tələb etmişdir. Dövlət orqanının ödənilmiş pensiya məbləğinin iddiaçıdan geri tələb olunması iddiaçının Qanunun 67.5-ci maddəsində təsbit olunan etimadın qanunla qorunması hüququnu da pozur. Bütün yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, mübahisələndirilən inzibatı qərarın ləğvi xahişi ilə məhkəməyə müraciəti haqlı, qanuni və əsaslıdır, cavabdeh inzibati orqanın qərarı ləğv edilməklə pozulmuş hüququ bərpa olunmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında bildirmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı 27 yanvar 2021-ci il tarixində ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirləri nəticəsində ona Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən 14 aprel 2006-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 14 aprel 2006-cı il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 356,00 manat və qulluq stajına görə əlavəsi 25,81 manat olmaqla orta aylıq əmək haqqı 381,81 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 462-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.3-cü maddəsinə əsasən 10 il 6 ay 5 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (381,81 manat) 55 faizi-210,00 manat məbləğində müəyyən edilmişdir. Lakin 14.04.2006-31.01.2007-ci il tarixləri arasındakı dövr ərzində İddiaçı hər ay 383,50 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 1659,82 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 fevral 2007-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 445,00 manat və qulluq stajına görə əlavəsi 32,26 manat olmaqla orta aylıq əmək haqqı 477,26 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 10 il 6 ay 5 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (477,26 manat) 55 faizi-262,49 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.02.2007 - 30.06.2008-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 477,88 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 3661,63 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 iyul 2008-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 660,00 manat və qulluq stajına görə əlavəsi 47,85 manat olmaqla orta aylıq əmək haqqı 707,85 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 10 il 6 ay 5 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (707,85 manat) 55 faizi-389,32 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.07.2008-30.11.2013-cü il tarixləri arasındakı dövr ərzində hər ay 704,38 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində İddiaçı 20478,90 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 890,00 manat və qulluq stajına görə əlavəsi 64,53 manat olmaqla orta aylıq əmək haqqı 954,53 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 10 il 6 ay 5 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (954,53 manat) 55 faizi-524,99 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.12.2013-28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 904,80 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 19370,31 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 2017- ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 10 il 6 ay 5 gün dövlət qulluğu stajına görə əmək pensiyanın hesablanılması üçün iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 35 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 980,00 manat və qulluq stajına görə əlavəsi 71,05 manat olmaqla orta aylıq əmək haqqı 1051,05 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (954,53 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1051,05 manat) arasındakı fərq məbləğinin (96,52 manat) 35 faizi-33,78 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyası (524,99 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 558,77 manat müəyyən edilmişdir. Lakin 01.03.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 968,64 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində İddiaçı 7377,66 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1470,00 manat və qulluq stajına görə əlavəsi 106,58 manat olmaqla orta aylıq əmək haqqı 1576,58 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1051,05 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1576,58 manat) arasındakı fərq məbləğinin (525,53 manat) 35 faizi-183,94 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanılmış pensiyasının (558,77 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 742,71 manat müəyyən edilmişdir. Lakin 01.09.2019-31.12.2020-ci il tarixləri arasındakı dövr ərzində vətəndaşa hər ay 1284,84 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 8674,08 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı 14.04.2006-30.12.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 61222,40 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Beləliklə, artıq ödənilmiş 61222,40 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada tərtib olunmuş “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” Qərar iddiaçının ünvanına göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni; - Borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış; -Pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş; - Tərəfimizdən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir. Qanunvericiliyin müddəalarından görünür ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən də həll oluna bilər. Bunun üçün inzibati orqan göstərilən məbləğin cavabdehdən tutulmasına dair qərar qəbul etməlidir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar “İnzibati icraat haqqında” Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 21.3.6-cı maddəsinə əsasən inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borclu deyildir. Eyni zamanda bildiririk ki, bu qəbildən olan işlərin məhkəmədə baxılması və uzun müddət davam edən məhkəmə proseslərinin və çəkişmələrin davam etməsi həmin artıq ödənilmiş məbləğlərin dövlət büdcəsinə qaytarılmasını yubatdığından artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması məqsədilə “İnzibati icraat haqqında” Qanunun 82.1-ci və “İcra haqqında" Qanunun 6.1.8-ci maddələrinin tələblərinə uyğun olaraq eyni məzmunlu icra sənədi verməklə artıq ödənilmiş pensiya məbləğini qaytarmaq üçün tədbirlər görməsi daha məqbuldur. Bundan əlavə “İnzibati icraat haqqında” Qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Eləcə də, həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. İddiaçının iddia tələbində qeyd etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələblərinin pozulması barədə bilidiririk ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.7- ci maddəsinə əsasən diskresion səlahiyyətlər dedikdə, qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi nəzərdə tutulur. Göründüyü kimi, Mərkəzi Filial artıq ödənilmiş pul məbləğinin tələb edilməsi barədə inzibati qərar qəbul etməklə öz diskresion səlahiyyətlərindən istifadə etmişdir. Eyni zamanda, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 01.01.2006-cı ildə, “İnzibati icraat haqqında” Qanunun isə 01.01.2011-ci ildə qüvvəyə mindiyini nəzərə alsaq, tərəfimizdən həmin Qanunun tələblərinə uyğun qaydada tərtib olunmuş inzibati qərarın qanunauyğunluğunun iddiaçı tərəfindən mübahisələndirilməsi əsassızdır. Həmin Qanunun 81.5-ci maddəsinin tələbinə əsasən inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. Göründüyü kimi, iddiaçı yuxarıda qeyd olunanlarla razılaşmamış, artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında 25.08.2021-ci il tarixli **********4 nömrəli inzibati qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İddiaçı 14.04.2006-cı il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə müraciət etmiş, 27.04.2006-cı il tarixdə iddiaçıya ömürlük yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında qərar qəbul edilmişdir. - 25.08.2021-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmiş “Artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında” qərarından görünür ki, xx.xx.1948-cü il tarixində anadan olmuş ünvan 2 ünvanında yaşayan (qeydiyyatda olan) İddiaçı 14.04.2006-30.12.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 61222,40 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. - 20.09.2021-ci il tarixdə Cavabdeh tərəfindən qəbul edilmiş “Pul tələbinin icraya yönəldilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 25.08.2021-ci il tarixli **********4 nömrəli qərarının (icra sənədi) icraya yönəldilməsi, qərarın məcburi qaydada icra edilməsi üçün borclunun yaşayış yeri üzrə (ünvan 2) Xətai rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05.03.2021-ci il tarixli **********8 saylı məktubundan görünür ki, artıq ödənilmiş 61222,40 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Bundan sonra iddiaçı cavabdehin bu hərəkətindən narazı qalaraq hazırkı iddia ilə məhkəməyə mürciət etmişdir. Məhkəmə qeyd edir ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işin yuxarıda sadalanan hallarından görünür ki, cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıya ödənilən pensiyadan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçının razılığını almamışdır. İşdən iddiaçının belə bir razılığının olması da müəyyən olunmur ki, iddiaçı hazırkı iddianı qaldırmışdır. Belə olan halda aydın olur ki, cavabdehin qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmuşdur. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, doğrudur, “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13.09.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasından tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, onda cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi 25.08.2021ci il tarixli qərarı qanunsuzdur və ləğv olunmalıdır. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında” 25.08.2021-ci il tarixli **********4 nömrəli qərarı ləğv edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6m Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar