Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2614/2022 28.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə dair arayışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDDX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə dair iddiaçının mərhum atası X1 adına müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 19 sentyabr 1988-ci il tarixli 13/528 nömrəli qərarı əsasında iddiaçının mərhum atası X3 Zirə qəsəbəsi, Sərdarov küçəsi, döngə 2-də 11b nömrəli 600 kv.m-dən ibarət torpaq sahəsi ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən təqdim olunmuş sözügedən qərarın təsdiqlənmiş kserosurəti, X3 ayrılmış sözügedən torpaq sahəsinin təsdiqlənmiş cizgisi və xəritədən çıxarışı iddia ərizəsinə əlavə edilir. Bakı ŞİH başçısının aparatı tərəfindən A-342- 112 nömrəli 19 avqust 2021-ci il tarixli arxiv arayışı ilə Əzizbəyov rayon XDS İK-nin 30 oktyabr 1975-ci il tarixli 9/137 nömrəli qərarından çıxarış təqdim olunmuşdur. Həmin qərarın 4-cü bəndinə əsasən iddiaçının mərhum atasına sözügedən torpaq sahəsinin təhkim edilməsi qeyd olunmuşdur. A-342- 112 nömrəli 19 avqust 2021-ci il tarixli arxiv arayışının surətini ərizəyə əlavə edilir. O, atasından miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Bakı şəhəri 33 saylı notariat ofisinə müraciət etmişdir. Yuxarıda qeyd olunan sənədlərə əsasən 33 saylı notariat kontoru tərəfindən sözügedən torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə 26 iyul 2019-cu il tarixli 140 nömrəli məktubla müraciət olunmuşdur. Əlavə olaraq, iddiaçı mərhum atasına ayrılmış sözügedən torpaq sahəsinin Bakı şəhərinin Xəzər (keçmiş Əzizbəyov) rayonu Zirə inzibati ərazisinə aid olması barədə Zirə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 101 saylı 11 sentyabr 2020-ci il tarixli məktubu cavabdeh orqana təqdim etmişdir. Onun mərhum atasının ölüm haqqında şəhadətnaməsində ata adı “Əlisəyran” olaraq qeyd olunmuşdur. Ölüm haqqında şəhadətnaməyə əsasən vəfat edən X5 ilə Əzizbəyov rayon XDS 13/528 saylı 19 sentyabr 1988-ci il tarixli sərəncamı ilə torpaq ayrılmış X1 eyni şəxs olması barədə arayışı cavabdeh inzibati orqana təqdim olunmuşdur. X3 ayrılmış torpaq sahəsi üzərində onun adına çıxarış alınması üçün qanuna müvafiq yuxarıda qeyd olunan sənədlər cavabdeh orqana təqdim olunsa da, həmin qurum reyestdən çıxarış verməkdən imtina etmişdir. Belə ki, cavabdeh orqan 12 yanvar 2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, çıxarış alınması istənilən torpaq sahəsi Zirə Südçülük-Tərəvəzçilik Sovxozunun ərazisində yerləşir. İmtina heç bir əsasa və sübuta əsaslanmadığı üçün sözügedən imtina məktubunun əsassız və qanunsuz olmasını hesab edərək iddiaçı yenidən reyestrdən çıxarış verilməsi üçün müraciət etmişdir. Bu dəfə də, cavabdeh orqan 17 avqust 2021-ci il tarixli məktubunda əvvəlki göndərdiyi imtina məktubuna əsaslanaraq bildirmişdir ki, iradlar aradan qaldırılmamışdır. Həmçinin məktubda qeyd etsə də ki, bu mktub imtina sayılmır, halbuki əsaslandığı əvvəlki məktub faktiki olaraq imtina məktubu idi. Qeyd olunanlardan görünür ki, cavabdeh orqan lazımi bütün ssənədlər olduğu halda iddiaçının mərhum atasının adına reyestrdən çıxarış verməkdən əsassız və qanunsuz olaraq imtina edir və lüzumsuz süründürməçiliyə yol verir. Cavabdeh orqan iddiaçının mərhum atasına ayrılmış torpaq sahəsinin Zirə Südçülük-Tərəvəzçilik Sovxozunun ərazisində yerləşdiyinə istinad edirdisə, İPM-in 14.3-cü maddəsinə əsasən cavabdeh orqan qeyd etdiyi faktın mövcudluğuna istinad etdiyi halda, həmin şərtlərin mövcudluğunu özü sübut etməlidir. Halbuki, yuxarıda qeyd olunan arxiv çıxarışlarından aydın olaraq görünür ki, həmin torpaq sahəsi iddiaçının atasına Əzizbəyov Rayon XDS İK-nın müvafiq qərarı ilə verilmişdir. Həmçinin, Bakı ŞİH başçısının aparatı tərəfindən A-342-112 nömrəli 19 avqust 2021-ci il tarixli arxiv arayışında da qeyd olunmuşdur ki. 3 saylı X4 sürücü vəzifəsində işləyən X3, qardaşı X6 artıq həyətyanı torpaq sahəsindən Zirə qəsəbəsi, Sərdarov küçəsi, döngə 2-də 11b nömrəli 600 kv.m-dən ibarət torpaq sahəsi təhkim edilsin. Qeyd olunanlardan görünür ki, iddiaçının atasına ayrılmış sözügedən torpaq sahəsinin sovxoza aid torpaq sahəsi olması barədə hər hansı məlumat arxiv arayışında qeyd edilməmişdir. Həmçinin, yuxarıda qeyd olunan və ərizəyə əlavə olunan arxiv arayışlarından da görünür ki, doğurdan da sözügedən torpaq sahəsi X3 verilib və hətta bu torpaq sahəsinin cizgi və xəritədən çıxarışı da icra hakimiyyəti tərəfindən təqdim olunmuşdur. Bu halda cavabdeh orqan əsassız və qanunsuz olaraq çıxarış verməkdən imtina etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1, 152.1-ci maddələrinə, İPM-in 12-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9, 14-cü maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 19, 22-ci maddələrinə, «Dövlət rüsumu haqqında» Qanunun 9.1.12-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə əsaslanaraq, ünvan 2 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə dair iddiaçının mərhum atası X1 adına müvafiq arayış verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 30 noyabr 2021ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. O, müvafiq tələblə 2020-ci il, 10 avqust 2021-ci il və 11 avqust 2021-ci il tarixlərdə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən sözügedən torpaq sahəsi X11 Sovxozunun ərazisində yerləşir. Həmçinin mərhumun ata adında uyğunsuzluq mövcuddur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, iddiaçıya daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə 12 yanvar 2021-ci il tarixli **********30 nömrəli, 17 avqust 2021-ci il tarixli **********29 nömrəli və **********31 nömrəli bildirişlər ünvanlanmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 23-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»na əlavə edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7.1 – 7.3-cü bəndlərinə əsaslanaraq, İPM-in 35.1, 48.2-ci maddələrini rəhbər tutaraq, İddiaçı iddiasının mümkün sayılmaması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X8 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, iddiaçı tərəf müvafiq torpaq sahəsinin sovxoz ərazisinə düşüb-düşməməsini mübahsələndirmir, hər bir halda XDS İK-nın qərarına əsasən iddiaçının mərhum atasına ayrılmış torpaq sahəsinə dair müvafiq arayış verilməlidir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.2-ci bənd) rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; - (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPMin 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Xəzər rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın istifadəsinə dair qəbul olunmuş aktları, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunu qüvvəyə minənədək olan dövrdə yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsinin əmrini, eləcə də müvafiq XDS tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarları bu əsaslardan biri kimi nəzərdə tutur. Lakin hazırkı işin hallarına görə iddiaçının mərhum atasının adı “X7” olsa da, onun inzibati icraatda, həmçinin məhkəmə icraatında təqdim etdiyi hüquqmüəyyənedici sənədlərdə torpaq ayrılan şəxsin adı “X5” kimi göstərilmişdir. Halbuki, həmin sənəddəki şəxsin iddiaçının mərhum atası ilə eyni şəxs olmasına dair yetərli sübut, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud deyil (qəbul olunmamışdır). Belə olan halda isə, müvafiq torpaq sahəsinin iddiaçının mərhum atasına məxsus olması təsdiqlənmir. Odur ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası həmin hissədə əsaslıdır. Torpaq sahəsinin sovxoz ərazisində düşməsi məsələsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçı tərəf müvafiq torpaq sahəsinin sovxoz ərazisində yerləşməsini mübahisələndirmir, lakin nəzərdə alınmalıdır ki, sovxoz ərazilərindən vətəndaşlara ayrılmış torpaq sahəsinə hüquqların qeydiyyatı üçün qanunvericiliklə müvafiq sovxoz rəhbərinin əmri nəzərdə tutulur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd deyil və iddiaçının (vərəsə kimi) hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə dair arayışın verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 13, 52, 69, 75, 85.1-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə dair arayışın verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2614/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2614/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver