Məhkəmə qərarları › İş №2-1(112)-2615/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2615/2022

22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2615/2022 22.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2021-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********7 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə qanunvericilikdə göstərilən müvafiq sənədlər tam şəkildə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi müddətlərin, təhsil və peşə müddətinin və hərbi xidmətdə olduğu müddətlərin iş stajına daxil edilməsi, 57 yaşdan, yəni güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx xxxxx 1960-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilən 1976-cı il tarixli əmək kitabçasından da göründüyü kimi o, 1975-ci il tarixdən 1976-cı il tarixə qədər Sumqayıt şəhəri 44 nömrəli peşə məktəbində elektrik qaynaqçısı üzrə peşə təhsili almış, 10 dekabr 1976-cı il tarixdən 25 dekabr 2003-cü il tarixə qədər Bakı Şüşə Quraşdırma İdarəsində elektrik qaynaqçısı işləmişdir. Hərbi biletinin surətindən də göründüyü kimi 29 oktyabr 1979-cu il tarixdən 24 noyabr 1981-ci il tarixədək hərbi xidmətdə olmuş, 1981-ci il tarixdən 1985-ci il tarixədək Sumqayıt Politexnik texnikumunda “Qaynar istehsalın texnologiyası”nda təhsili almışdır. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 35-ci fəslinə əsasən avadanlıqların təmirini təmin edən qazla kəsicilərin və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi bilavasitə zərərli əmək şəraitində peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İddiaçının güzəştli pensiya üçün stajı 25 ildən çox bir müddət təşkil edir, işlədiyi yerləri, iş stajını əmək kitabçası sübut edir. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsində iddia tələbinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və ərizədə göstərmişdir ki, iddiaçıya ünvanlanmış cavab məktubunun məzmunundan göründüyü kimi, hazırki iş üzrə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə müvafiq sənədlərin əsllərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağı bildirilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçının müraciətinə verilən cavab imtina kimi qəbul edilə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Baxılan iş üzrə iddiaçı tərəfindən bu məzmunda arayış təqdim olunmamışdır. Bu arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə çalışmasını müəyyən etməyə imkan verməlidir. İş materiallarında belə bir arayış mövcud deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmiş, inzibati orqan bu müraciəti aidiyyəti üzrə cavablandırmışdır. Cavabdeh iddiaçının müvafiq sənədləri əlavə etməməsinə istinad edərək, həmin cavab məktubunun iddiaçının tələbindən imtina hesab olunmadığını, iddiaçının güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışını təqdim bildirmişdir. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 32.2-1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. İşdən görünür ki, iddiaçı işlədiyi müəssisə barədə məlumat əldə edə bilməmiş, buna görə də arayış təqdim etməmiş, cavabdeh isə inzibati orqan kimi ona verilmiş səlahiyyətlərdən istifadə edərək bu istiqamətdə heç bir araşdırma aparmamışdır. Digər tərəfdən, “İnzibati icraat haqqında” Qanunun 30.3-cü maddəsinə əsaəsn təqdim olunması qanunla nəzərdə tutulmuş sənədlər, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərinə əməl edilməklə, ərizəyə qoşma kimi əlavə olunur. Qanunun 32-ci maddəsinə əsasən inzibati orqan üç gün müddətində ərizənin bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır. Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün inzibati orqan tərəfindən təyin edilən müddət 15 gündən çox olmamalıdır. Qanunun 34.1.3-cü maddəsinə əsaəsn həmin Qanunun 30-cu və 35.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda ərizə səlahiyyətli inzibati orqan tərəfindən baxılmamış saxlanıla bilər. İş materiallarından müəyyən olunur ki, cavabdeh istinad olunan normalara uyğun olaraq iddiaçıya tələb olunan sənədlərin təqdim edilməsi üçün vaxt verməmiş, sənədlər təqdim edilmədikdə isə baxılmamış saxlanılma barədə qərar qəbul etməmiş, iddiaçıya yekun cavab verməklə inzibati icraatı yekunlaşdırmışdır. Buna görə də məhkəmə cavabdehin xx.xx.2021-ci il tarixli məktubunu imtina cavabı kimi qəbul edir və hesab edir ki, iddia mümkün iddiadır. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşdə olan İddiaçı məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci tarixədək Azərbaycan SSR Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı “Soyuzsteklomontaj (Soyuz şüşəquraşdırılması) trestinin Bakı ixtisaslaşmış quraşdırma idarəsinə qəbul olmadan öncə xx.xx.1975-xx.xx.1976-cı illərdə Sumqayıt şəhəri 44 saylı ŞPTM-də təhsil almışdır. İddiaçı xx.xx.1976-cı ildə 1 saylı quraşdırma sahəsinə 2-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1977-ci ildə ona elektrik qaynaqçısı peşəsi üzrə 3-cü dərəcə verilmiş, xx.xx.1978-ci ildə elektrik qaynaqçısı peşəsi üzrə 4-cü dərəcə verilmiş, xx.xx.1978-ci ildə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Bundan sonra 12 avqust 1978-ci il tarixli işdən azad edilmə haqqında 4 saylı qeyd etibarsız sayılaraq, iddiaçı həmin tarixdən işdə saxlanılmış, xx.xx.1979-cu ildə Sovet Ordusu sıralarına çağrılması ilə əlaqədar olaraq işdən azad edilmişdir. İddiaçı xx.xx.1982ci ildə 4-cü dərəcə ilə elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə elektrik qaynaqçısı peşəsi üzrə 5-ci dərəcə verilmiş, xx.xx.1985-ci ildə usta vəzifəsinə, xx.xx.1987-ci ildə 5-ci dərəcə ilə yenidən elektrik qaynaqçısı vəzifəsinə köçürülmüşdür. xx.xx.1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 641 saylı Qətnaməsinə əsasən “Şüşəquraşdırma” SC Bakı filialının adı "xxxx" Səhmdar firması Bakı “Şüşəqurma” İdarəsinə dəyişdirilmişdir. xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 15 dekabr 1997-ci il tarixli 1201 qeydiyyat saylı Sərəncamına əsasən "xxxx" Səhmdar firmasının Bakı “Şüşəquraşdırma” idarəsi 1 yanvar 1998-ci il tarixdən “Şüşəquraşdırma və Xüsusitikintiquraşdırma” X3 Cəmiyyəti adlandırılmışdır. xx.xx.1998-ci ildə “Şüşə və XTQ” Səhmdar Cəmiyyətinin nəzdində xx.xx.1998-ci il tarixdən “Bakıtikintiquraşdırma” müəsissəsi yaradılması ilə əlaqədar olaraq xx.xx.1998-ci il tarixdən “Bakıtikintiquraşdırma” müəsissəsinə keçirilmişdir. İddiaçı xx.xx.1999-cu ildə Azərbaycan Respublikası ƏQM-nin 38-ci maddəsinə əsasən işdən azad edilmiş və xx.xx.2000-ci il “Şüşə və Xüsusitikintiquraşdırma” ATSC-ə 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 38-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur. Məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Beləliklə, yuxarıda istinad olunan sənədlərdəki dövrlər nəzərə alındıqda aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 27 il 8 ay 20 gün ümumi iş stajı olmuşdur. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, dövlət reyestrində Bakı Şüşə Quraşdırma İdarəsinin xx.xx.1995ci il tarixdə 20423 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin hüquqi şəxs 2004-cü ildən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, idarədə olan reyestrdə Bakı Şüşə Quraşdırma idarəsi adlı kommersiya qurumu aşkar edilməmiş, lakin bənzər adda xx.xx.1995-ci ildə 20423 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış AZQUR Firmasının Bakı Şüşə Quraşdırma idarəsi adlı kommersiya qurumunun olması barədə məlumat müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 1201 nömrəli sərəncamı ilə "xxxx" Səhmdar Firmasının Bakı “Şüşəquraşdırma” İdarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.1998-ci il tarixində 100% özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.1998-ci il tarixdə 5 nömrə ilə dövlət qeydiyyatından keçmiş və xx.xx.2012-ci il tarixdən adını "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dəyişdirmişdir. Həmçinin dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2014-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) çevrilməsi və hüquqi ünvanının AZ1029, ünvan 1 mövcuddur. Beləliklə, müəyyən olunur ki, iddiaçının işlədiyi müəssisə “Soyuzsteklomontaj" tresti olmuş, 1991-ci ildə adı “Şüşəquraşdırma” SC Bakı filialına dəyişdirilmiş, daha sonra "xxxx" Səhmdar Firmasının Bakı “Şüşəquraşdırma” İdarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, xx.xx.2012-ci il tarixdən adı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dəyişdirilmiş, xx.xx.2014-cü il tarixdə isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Müvafiq arayışın əldə edilməsi məqsədilə məhkəmə tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu ünvanlanmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunan məktubda göstərilmişdir ki, İddiaçı keçmiş "xxxx" ASC də tutduğu vəzifə güzəştli şərtərlə pensiya hüququ verən işlərə aiddir. İddiaçı tutduğu “elektrik qaynaqçısı” vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda 1010300a—19906 nömrəli koda, 2 nömrəli siyahıda isə 23200000—19906 nömrəli koda uyğun gəlir. Məhkəmə müəssisənin bu arayışını 23200000—19906 nömrəli koda münasibətdə mötəbər qəbul edir. Belə ki, 1010300a—19906 nömrəli kod Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında 10100000 İ. Dağ-mədən işləri üzrə əl ilə qaynaqda elektrik qaynaqçılarına uyğun gəlir. Lakin iddiaçının işlədiyi müəssisə dağmədən işləri ilə məşğul olmadığından bu kod iddiaçıya aid edilə bilməz. Arayışda istinad olunan digər kod, 23200000—19906 nömrəli kod isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərədə tutulan 23200000 XXXİİİ. Ümumi peşələr üzrə əl ilə qaynaq aparan elektrik qaynaqçılarına uyğun gəlir, hansı ki, məhkəmə hesab edir ki, müəssisənin istinad etdiyi həmin kod əsaslıdır. Çünki iddiaçının işlədiyi “Şüşəquraşdırma” İdarəsi zavod, iri istehsal müəssisəsi və s. olmadığından aydındır ki, həmin müəssisədə elektrik qaynağı hər hansı avtomat və yarımavtomat maşınlarla deyil, məhz əl ilə aparılacaqdır. Bu hal müvafiq arayışla təsdiq olunduğundan və cavabdeh iddiaçının işlədiyi həmin dövrün güzəştli iş stajına hesablanmasını istisna edən hər hansı sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçının elektrik qaynaqçısı işlədiyi dövrlər onun güzəştli iş stajına daxil edilməlidir. Belə olan halda isə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 23 il 2 ay 21 gün güzəştli iş stajı olmuşdur. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı mövcuddur, buna görə də, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Bu səbəbdən iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. İşdən görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə yanaşı cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini də xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ƏPQ-nin 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən inzibati icraat materiallarından müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2021-ci il tarixdə müraciət etmiş, müraciət cavabdehə xx.xx.2021-ci tarixdə daxil olmuşdur. Deməli, iddiaçıya əmək pensiyası hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən təyin edilməli, pensiya ödənişi isə xx.xx.2018-ci il tarixdən etibarən ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar