Məhkəmə qərarları › İş №2-1(112)-2615/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2615/2025

21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2615/2025 21.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə (üçüncü şəxslər X9 və qeyriləri) qarşı “təmsilçi və sədr seçilmə barədə sənədlərin dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “təmsilçi və sədr seçilmə barədə sənədlərin dövlət qeydiyyatına alınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, 30 iyun 2021-ci il tarixdə “Vətənpərvərlər Maarifləndirmə” İctimai Birliyi dövlət qeydiyyatına alınmış, dövlət reyestrindən çıxarış təqdim edilmişdir. İdarə heyətinin üzvləri siyahısında X2-sədr, X9-sədr müavini, X7-üzv kimi göstərilmişdir. Hazırkı tərkib isə İdarə heyəti üzvləri X1, X8-sədr müavini, X10-sədr müavini, İddiaçı, X9, X3-üzvlər kimi müəyyən edilmişdir. İcra orqanının səlahiyyət müddətiu 18 iyul 2025-ci il tarixinə qədər müəyyən edilmişdir. Bu müddət ərzində Birlik Bakı şəhərində və müxtəlif bölgələrdə fəaliyyətini davam etdirmişdir. 20 iyul 2024-cü il tarixdə sədr və təsisçi Q.Novruzovun qəflətən vəfat etmiş, 30 iyul 2024-cü il tarixdə 50 nəfərdən artıq olan üzvlərin iştirakı ilə, ümumi yığıncaq keçirilmiş, iddiaçı sədr seçilmiş və idarə heyətinin yeni tərkibi ümumi yığıncağın razılığı ilə tərtib edilmişdir. Keçmiş sədr sağlığında çətinliklər yaranmasın deyə iş aparmaq bacarığı nəzərə alınmaqla ona etibarnamə vermişdir Tərəfindən buna dair sənədlərin qeydə alınması üçün cavabdehə müraciət edilmişdir. İddiaçı qeyd edir ki, A.X12 aid möhürü qanunsuz götürmüş, təhvil verməkdən imtina etmişdir. İclas barədə də məlumatlı olmuş, iştirak etməmişdir. Məhkəmənin qərardadları ilə X9 və qeyriləri üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Dövlət reyestrindən çıxarışda qeyd edilmişdir ki, “Vətənpərvərlər” X4 30 iyun 2021ci il tarixdə qeydiyyata alınmışdır. İcra orqanının əvvəlki tərkibi sədr Q.Novruzov, müavin- A.İsayeva, üzv-Ç.Bayramovdur. Hazırkı tərkib isə sədr-Q.Novruzov, müavin-Ş.Hüseynova, G.Səfərov, iddiaçı, A.İsayeva, E.Novruzov isə üzvləridir. İcra orqanlarının səlahiyyət müddəti 18 iyul 2025-ci il tarixədəkdir, ictimai birliyin üzvlərinin sayı 32 nəfərdir. Etibarnamədə qeyd edilmişdir ki, Q.Novruzov müvafiq səlahiyyətlərin aparılmasını iddiaçıya etibar etmişdir. 30 iyul 2024-cü il tarixli Birliyin ümumi yığıncağın protokolunda qeyd edilmişdir ki, N.X11 sədri seçilir. E.Novruzov, G.Səfərov, müavin kimi seçilir, M.Seyidov, N.Ələkbərova, F.Musayeva üzv seçilir. Nazirliyə lazımı sənədləri təqdim etmək üçün iddiaçı səlahiyyətli nümayəndə kimi müəyyən edilir. Ona əlavə edilmiş siyahıdan görünür ki, siyahıda Birliyin üzvü kimi 50 nəfərin adı qeyd edilmiş, iddiaçı və katib A.Əzizova tərəfindən siyahı imzalanmış və möhürlə təsdiq edilmişdir. 30 sentyabr 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, 31 iyul 2024-cü il tarixdə A.İsayevanın ictimai birliyin qanuni təmsilçisi seçilməsi faktının dövlət qeydiyyatına alınması barədə müraciəti daxil olmuşdur. Eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğu nəzərə alınaraq sənədlər geri qaytarılır. Qurumun əvvəlki möhüründən fərqli möhrülə sənədlər təsdiq edildiyindən məsələyə aydınlıq gətirilməsi zərurəti vardır. Eyni zamanda, A.İsayeva və Ç.Bayramovun iddiaçının qanunsuz hərəkətləri və saxta möhür hazırladaraq təşkilatın adından fəaliyyət göstərməsi barədə müraciətlər daxil olmuşdur. Üçüncü şəxs A.İsayevanın məhkəməyə ünvanlanmış 21 noyabr 2024-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, saxta möhürdən istifadə edilir, Q.Novruzovun vəfatından sonra iddiaçı yığıncaq tərtib edir, saxta möhürlə sənədləri tərtib edib, qeydiyyata aldırmaq istəyirlər. A.İsayevanın cavabdehə ünvanladığı oxşarməzmunlu məktublarda qeyd edilmişdir ki, iddiaçı ictimai birliyin sənədləri oğurlamış, saxta möhür hazırlamış, saxta üzvlük vəsiqələri paylamış, qanunsuz olaraq birliyin adından iclasların təşkilini həyata keçirmişdir. 14 avqust 2024-cü il tarixdə A.İsayevaya ünvanlanmış məktubda cavabdeh qeyd etmişdir ki, eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğu nəzərə alınaraq İddiaçı sənədləri geri qaytarılmışdır. 29 iyul 2024-cü il tarixli protokoldan çıxarışda qeyd edilmişdir ki, İctimai Birliyin sədri A.İsayeva təyin edilmişdir. Eləcə də Nizamnamədə dəyişikliyin edilməsinin qərara alındığı bildirilmiş, təsisçilər dəyişdirildiyi göstərilmişdir. 11 avqust 2024-cü il tarixli protokoldan çıxarışda qeyd edilmişdir ki, 29 iyul 2024-cü il tarixli qərarlar təsdiq edilir, A.İsayeva təsisçi-sədr seçilir.Protokola əlavə edilmiş siyahıda 24 nəfər iştirak edən şəxsin adları üzv kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -43.6-cı maddəsinə əsasən qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. -45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. -45.2-ci maddəsinə əsasən əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. -47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. -48.1-ci maddəsinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. -48.2-ci maddəsinə əsasən hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda yol verilir. Dövlət qeydiyyatına almaqdan imtina edilməsindən, habelə qeydiyyatdan yayınmaqdan məhkəməyə şikayət verilə bilər. -114.1-ci maddəsinə əsasən ictimai birliyin təsisçilərinin (iştirakçılarının) ictimai birliyə verdikləri əmlak birliyin mülkiyyətidir. İctimai birlik bu əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunun: -2.1-ci maddəsinə əsasən ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyrihökumət təşkilatdır. -8.1-ci maddəsinə əsasən ictimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər aiddir. Fondların iştirakçılarına təsisçilər və köməkçilər aiddir. -9.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına (gənclərin ictimai birliklərinin təsisçiləri - 16 yaşına) çatmış fiziki şəxslər ola bilərlər. -10.5. Qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə tərəfindən işə baxılarkən təşkilatın üzvlərinin hüquqlarının pozulduğu müəyyən edildikdə qeyri-hökumət təşkilatının fəaliyyəti məhkəmə qərarı ilə bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulmuş müddətə dayandırıla bilər. -13.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatının nizamnaməsində qeyrihökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, o cümlədən gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblər, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir. -16.2-1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin elektron müraciət əsasında müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə dövlət qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -17.1-ci maddəsinə əsasən Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. -17.2-ci maddəsinə əsasən Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından, imtinanın əsasları və təsis sənədlərin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələrini göstərilməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur. -17.3-cü maddəsinə əsasən Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. -25.1-ci maddəsinə əsasən ictimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları bu Qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: -2.0.14-cü maddəsinə əsasən qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər; -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. -5.4.1-ci maddəsinə əsasən təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən , publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır). -11.3-cü maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyrihökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8.3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda. -11.5-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından qanunsuz imtina və ya yayınma barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçının təmsilçi və sədr seçilməsi barədə Birliyin adından tərtib edilmiş sənədlərin dövlət qeydiyyatının aparılması ilə əlaqədardır ki, cavabdeh digər şəxsin ictimai birliyin təmsilçisi seçilməsi barədə müraciətini, fərqli möhürdən istifadə kimi hallara istinadla müraciətin təminindən imtina etmişdir. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür . Məhkəmə də işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, cavabdeh tərəfindən imtinanı zəruri edən faktiki şərtin mövcudluğu sübuta yetirilmişdir. Belə ki, iddiaçı və üçüncü şəxs A.İsayeva tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, Birliyin adından iki müxtəlif yığıncaq protokolu, üzvlər siyahısı, eləcə də idarə heyətinin üzv ləri və digər əlaqəli məlumatlar inzibati orqana təqdim edilmiş, iddiaçı tərəfindən onun, üçüncü şəxs tərəfindən A.İsayevanın sədr İdarə Heyətinin sədr seçilməsi ilə əlaqədar birbiri ilə uyğun olmayan sənədlər inzibati orqana təqdim edilmişdir ki, cavabdeh də müraciətin təminindən iddiaçıya həmin hala istinadla Qanunun 10.5-ci maddəsinin tələbini nəzərə çatdırmaqla imtina etmişdir. Nəzərə alınmalıdır ki, adıçəkilən müddəanın tələbinə görə Qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Hazırkı halda təşkilatlar qeyri-hökümət təşkilatlarının üzvləri arasında mübahisənin olduğu aşkardır. Nəzərə alınmalıdır ki, məhkəməyə təqdim edilmiş üzvlər siyahısında 32 nəfərin adı göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən təsdiq edilməsi tələb olunan protokola əlavə edilmiş üzvlərin siyahısına dair sənəddə 50 nəfər üzvün imzası inzibati orqana təqdim edilmişdir ki, göstərilən mübahisəli məsələ üzvlər arasında öz həllini mülki icraat qaydasında tapmadan həmin mübahisəli məsələ ilə əlaqədar tərtib edilmiş sənədlər üzrə inzibati orqandan qeydiyyat hərəkətlərinin aparılmasının gözlənilməsi əsassız hesab edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar