Məhkəmə qərarları › İş №2-1(112)-2617/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2617/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2617/2024 04.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Goradıl qəsəbəsi, 440 saylı bağ sahəsinin adına ilkin hüquqi qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın və plan ölçunun verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, XDS icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinin xx.xx.1989-cu il tarixli, Ю-2 saylı məktubu ilə icarəçisi olduğu, Bakı şəhəri, Birıəqədi rayonu, Goradıl qəsəbəsi, 440 saylı bağ sahəsində öz hesabına yaşayış evinin tikintisini razılıq verilmiş və iddiaçı yaşayış üçün müvafiq tikinti işləri aparmaqla uzun illərdir (34 il) həmin təsərrüfatdan istifadə edir. Lakin həmin bağ sahəyə dair sənədləri naməlum səbəblərdən itdiyi üçün bu günə qədər adına sənədləşdirilməsində çətinliklərlə üzləşir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 04.08.20 23-cü il tarixli, 3-21-30-02/2-M-1511/02-8/2023 cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi, 440 nömrəli bağ sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş müraciətlərinizə (daxilolma qeydiyyatı: 3-21/1 -M-46xx-xx/2023, xx.xx.2023-cü il) aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, sözügedən bağ sahəsinə dair “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində məlumat aşkar olunmamışdır. Bildirilir ki, müraciətdə qeyd ediiən məsələyə qanuna müvafiq qaydada baxılması üçün 1 saylı Bakı Ərazi İdarəsinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış və dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim edilməlidir”.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, sözügedən bağ sahəsinə dair “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində məlumat aşkar olunmamışdır. Nəzərinizə çatdırılır ki, müraciətinizdə qeyd edilən məsələyə qanunamuvafıq qaydada baxılması uçun 1 saylı Bakı Ərazi İdarəsinə ’Daşınmaz əmlakın dövlət reyestri naqqında’ Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış və dövlət rusumunun ödənilməsi barədə sənəd təqdim edilməlidir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli **********42 nömrəli məktubla ətraflı cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, 440 saylı bağ sahəsinin iddiaçının adına ilkin hüquqi qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ********** nömrəli və xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********42 xaricolma nömrəli və xx.xx.2023-cü il tarixli, **********28 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, 440 saylı bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsində (2007-ci il mayın 22-dək) müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Əlavə olaraq bildirilir ki, İdarənin arxiv əsaslarına əsasən 440 saylı bağ ilkin olaraq 0.25 ha təşkil edib. Daha sonra 0.12 ha hissəsi 440 A saylı bağ sahəsi kimi İddiaçı adına **********57-11301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qalan 0.12 ha bağ sahəsinə dair X3 adına 11074 saylı müqavilə bağlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

6. “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1980-ci il tarixli, 11074 nömrəli Müqaviləyə əsasən Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1965-ci il tarixli 2/18 №-li protokolu əsasında X8 ilə icarə müqaviləsi bağlanmışdır. Birlik Goradil qəsəbəsində 0.25 hektarlıq 440 saylı bağ sahəsini, sahəsi 11,51 kv.metr olan 1 otaqdan ibarət binanı hər iki tərəfin imzaladığı və müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün vermişdir və icarədar (X8) həmin bağ sahəsini təhvil almışdır.

7. Qasparyan B.T. tərəfindən Bağlar İdarəsinə ünanlanan ərizədə qeyd olunmuşdur ki, “Goradil sahəsində olan 440 №-li bağın 0,12 hektar hissəsini evlə birliktə yaxın dostunun oğlu İddiaçı adına keçirilməsini xahiş edirəm. Belə ki, həmin bağdan uzun müddətdir bir yerdə istifadə edirik”.

8. İddiaçı tərəfindən Bağlar İdarəsinə ünvanlanan ərizədə qeyd olunmuşdur ki “mənim atamın dostu X4 Goradil sahəsində bağı vardır. Uzun müddətdir ki, bu bağdan bir yerdə istifadə edirik. İndi sizdən artıq dərəcədə xahiş edirəm ki, Goradil qəsəbəsində olan 440 №-li bağın 0,12 hektar hissəsini evlə birliktə mənim adıma keçirəsiniz”.

9. “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1989-cu il tarixli, 11074 nömrəli Müqaviləyə əsasən Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1965-ci il tarixli 2/18 №-li protokolu əsasında X8 ilə icarə müqaviləsi bağlanmışdır. Birlik Goradil qəsəbəsində 0,12 hektarlıq 440 saylı bağ sahəsini hər iki tərəfin imzaladığı və müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün vermişdir və icarədar (X8) həmin bağ sahəsini təhvil almışdır.

10. Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsi Bağlar İəsərrüfatı və İnkişafı Birliyinin xx.xx.1989-cu il tarixli, 702 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli 6/333 saylı qərarına uyğun olaraq X11 və X9 massivindəki 440 saylı bağ sahəsinin kirayəçisinə (vətəndaş İddiaçı) ev tikməyə icazə verir.

11. “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1989-cu il tarixli, 23064 nömrəli Müqaviləyə əsasən Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1989-cu il tarixli 3/100 №-li protokolu əsasında İddiaçı ilə icarə müqaviləsi bağlanmışdır. Birlik Goradil qəsəbəsində 0.12 hektarlıq 440a saylı bağ sahəsini, sahəsi 11,51 kv.metr olan 1 otaqdan ibarət binanı hər iki tərəfin imzaladığı və müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün vermişdir və icarədar (İddiaçı) həmin bağ sahəsini təhvil almışdır.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən (elektron) görünür ki, ünvan 1 ünvanında yerləşən bağ evinə dair xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

13. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən Hədiyyə verən İddiaçı ünvan 2 ünvanında yerləşən bağ evini hədiyyə alan X2 mülkiyyətinə vermişdir.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən (elektron) görünür ki, ünvan 1 ünvanında yerləşən bağ evinə dair xüsusi mülkiyyət hüququ (tam) X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-ci il tarixdə qeydiyyata alınmışdır.

15. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktına əsasən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 1200,0 kv.m. və faktiki 1282,0 kv.m. təşkil edir. 440a saylı bağ sahəsi kimi göstərilən sahə ümumi hasar daxilindədir. Ümumi sahəsi 2582 kv.m təşkil edir. Vətəndaşın bildirdiyinə görə digər sahə 440 saylı bağın ərazisidir, lakin vətəndaş tərəfindən həmin sahəyə sənəd təqdim edilməyib. Ara sərhəddinə metal tor çəkilərək ayrılıb. Sahədə olan 1 mərtəbəli ev icarə müqaviləsində 1 y/ot=11,51 kv.m. kom/sah=6,86 kv.m kimi göstərilsə də, faktiki 4 yot-57,5 köm/sah-46,4 və aç/ey-66,6 mövcuddur. Ümumi sahənin və ümumi sahədə metal tor olan 440a saylı bağ sahəsi kimi ayrılmış sahənin koordinatları əlavə olunmuşdur.

16. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki 1200 kv.m. təşkil edir. A-1 mərtəbəli evin ümumi sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki 103.9 kv.m. təşkil edir. Bağ sahəsi sərhədlərinin bir tərəfi metal tor digər tərəfləri isə mişar daşı ilə hasarlanmışdır.

17. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən torpaq sahəsinin faktiki ölçüsü 1245,0 kv.m. təşkil edir. Göstərilən torpaq sahəsi 440 a saylı bağ sahəsi ilə ümumi hasar daxilindədir, ara sərhədli 6 daş hündürlüyündə mişar daşı ilə hasarlanmışdır. (440 a saylı bağ sahəsi 1200 kv.m. və bağ evi kimi ərizəçinin adına qeydiyyatdan keçib və özgəninkiləşdirilmişdir). Vətəndaşın bildirdiyinə görə sözügedən sahə 440 saylı bağın ərazisidir, lakin həmin sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Arxiv cizgisi yoxdur. Sahədə 2 mərtəbəli yaşayış evi var.

18. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

19. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

21. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

22. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.

23. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

24. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

25. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

26. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

27. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

28. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

29. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

30. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

32. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

33. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

34. X13 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

35. X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

37. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

38. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1980-ci il tarixli, 11074 nömrəli Müqaviləyə əsasən Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1965-ci il tarixli 2/18 №-li protokolu əsasında X8 ilə icarə müqaviləsi bağlanmış, Birlik Goradil qəsəbəsində 0.25 hektarlıq 440 saylı bağ sahəsi X7 icarə üçün verilmişdir. Qasparyan B.T. tərəfindən Bağlar İdarəsinə ərizə ünvanlanaraq həmin bağdan uzun müddətdir bir yerdə istifadə etdikləri bildirilərək Goradil sahəsində olan 440 №-li bağın 0,12 hektar hissəsini evlə birliktə yaxın dostunun oğlu İddiaçı adına keçirilməsini xahiş edilmişdir. Eyni zamanda İddiaçı tərəfindən Bağlar İdarəsinə ərizə ünvanlanaraq atasının dostu X4 Goradil sahəsində bağı olduğu, bağ shaəsindən birgə istifadə etdikləri, bu səbəbdən Goradil qəsəbəsində olan 440 №-li bağın 0,12 hektar hissəsini evlə birliktə onun adına keçirilməsi xahiş edilmişdir. “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1989-cu il tarixli, 23064 nömrəli Müqaviləyə əsasən Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1989-cu il tarixli 3/100 №-li protokolu əsasında İddiaçı ilə icarə müqaviləsi bağlanmış, Birlik Goradil qəsəbəsində 0.12 hektarlıq 440a saylı bağ sahəsini və sahəsi 11,51 kv.metr olan 1 otaqdan ibarət binanı İddiaçı icarəyə vermişdir. xx.xx.2022ci il tarixdə 440 A saylı bağ sahəsi İddiaçı adına **********57-11301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, daha sonra isə özəlləşdirilmişdir.

39. Məhkəmə qeyd edir ki, qanunverici məhz vətəndaşların qanuni istifadəsində olan torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini müəyyən etmişdir. İş materiallarına əlavə olunmuş X8 və İddiaçı tərəfindən X5 ünvanlanan 1989-cu il tarixli ərizələrdən aydın olur ki, iddia tələbinin predmeti olan 440 saylı bağ sahəsi uzun müddətdir İddiaçı qanuni və faktiki istifadəsində olmuşdur. Belə ki, müvafiq ərizələrdə Goradil qəsəbəsində yerləşən 440 saylı bağ sahəsinin İddiaçı və X4 birgə istifadəsində olduğu (1989-cu il tarixdən də əvvəl) təsdiq edilmiş və məhz bu səbəbdən bağ sahəsinin bir hissəsinin iddiaçı X6 adına keçirilməsi xahiş edilmişdir (ərizələrin surəti bağ sahəsinə aid arxiv qovluğu daxilində iş materiallarına əlavə olunmuşdur).

40. Məhkəmə hesab edir ki, 1988-1989-cu il tarixli məlum hadisələrdən sonra erməni əsilli X4 ölkəni tərk etməsi işin mübahisəsiz halıdır. Belə olan təqdirdə iş materiallarından aydın olur ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi tarixdə 440 saylı bağ sahəsinin yeganə qanuni istifadəçisi İddiaçı olmuşdur. Bu səbəbdən də Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsi Bağlar Təsərrüfatı və İnkişafı Birliyinin xx.xx.1989-cu il tarixli, 702 nömrəli məktubunda Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli 6/333 saylı qərarına uyğun olaraq X11 və X9 massivindəki 440 saylı bağ sahəsində ev tikməyə icazə yalnız İddiaçı verilmişdir.

41. Digər tərəfdən məhkəmə müəyyən edir ki, bağ sahəsinin iddiaçının qanuni istifadəsində olması faktının təsdiqlənməsi ilə yanaşı, həmin bağ sahəsinə dair hər hansı üçüncü şəxsin iddiası yoxdur, bağ sahəsi 1989-cu il tarixdən bəri (hətta daha əvvəlki tarixdən) mübahisəsiz şəkildə iddiaçının qanuni istifadəsində olmuşdur/

42. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək (arxiv qovluğunda olan müqaviləyə əsasən 440 saylı bağ sahəsinin keçmiş mülkiyyətçisinin və iddiaçının qarşılıqlı ərizələri (həmin ərizələrə əsasən 440 saylı bağ sahəsinin iddiaçı ilə birgə istifadə olunduğu müəyyən edilir), 440 saylı bağ sahəsində iddiaçıya ev tikməyə icazə verilməsinə dair Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsi Bağlar Təsərrüfatı və İnkişafı Birliyinin məktubu) hesab edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi tarixə mübahisələndirilən torpaq sahəsinin yeganə qanuni istifadəçisi İddiaçı olduğundan iddiaçı torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

43. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

44. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

45. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

47. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan 440 saylı bağ sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar