Məhkəmə qərarları › İş №2-1(112)-2619/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2619/2023

25.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2619/2023 25.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və s.” tələbinə dair iddiası üzrə inzibati işə 25 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) müraciət edərək, onun pensiyasından tutulmanın aparılmasını bildirmiş və 2006-2010-cu illərin əmək haqqı nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Müraciəti müsbət həll edilməmişdir. İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hesablanmış artıq vermənin ləğv edilməsi, Nazirliyin birbaşa tabeliyində olan orqanın işçisi kimi beş illik əmək haqqından dövlət qulluqçusuna ildə 3 dəfə ödənilən mükafatlar və məzuniyyətə görə ödənilən maddi yardım və vəzifə səlahiyətlərinin icrasına görə ödənilən 15% əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliynin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ilin dekabr ayının 25-də öz ərizəsilə işlədiyi Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor- müavini, ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri vəzifəsindən işdən çıxmışdır. 12 aprel 2014-cü il tarixdə 3-cü qrup əlil hesab edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən ona dövlət qulluqçusu kimi son iki ilin əmək haqqından əmək pensiyası təyin edilmişdir. Əlillik müddəti 2021-ci ilin aprel ayında bitdiyi üçün həmin ilin may ayına kimi pensiyanı almışdır. Təkrar əlilliyi uzun sürən prosesslərdən sonra 07 dekabr 2021-ci ildə təsdiq edilmişdir. Ona təyin edilmiş dövlət qulluqçusu kimi əmək pensiyasının ödənilməsinin davam etdirilməsi üçün Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filiala müraciət etmişdir. 2022-ci ilin fevral ayında yanvar- fevral aylarının pensiyası birlikdə ödənildi. 2021-ci ilin dekabr ayının 25 günün pensiyasının nəyə görə ödənilmədiyi barədə ərizə ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Mərkəzi Filial xx.xx.2022-ci il tarixli **********0 saylı cavab məktubu ilə bildirmişdir ki, xx.xx.2014-cü il tarixindən xx.xx.2018-ci il tarixə kimi dövr ərzində ümumilikdə ona 2042,54 manat artıq pul vəsaiti ödənilmişdir. Eyni zamanda ona cari ilin fevral ayı üzrə ümumilikdə 968,97 manat ödənilməli olduğu halda, 1920,26 manat məbləğində əmək pensiysı ödənilib. Nəticədə cari ilin fevral ayı üzrə 951,29 manat artıq pul vəsaiti ödənilmişdir. Həmçinin 2021-ci ilin dekabr ayı (25 gün üçün) və cari ilin yanvar ayı üzrə ümumilikdə ödənilməli olan 1750,40 manat pensiya məbləği hesablanmışdır. Həmin 1750,40 manat pul vəsaiti ümumilikdə artıq ödənilmiş 2883,09 (1931,69+951,29) manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan artıq ödənilmiş 1132,69 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədi ilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığı tələb olunmuşdur. Artıq hesablamanın səbəbi kimi, iddiaçı son iki ildə Nazirliyin nəzdində yaradılmış Dövlət Sosial Təminatı Xidmətinin tabeliyində olan qurumda işlədiyi halda səhv olaraq həmin dövrü Nazirliyin tabeliyində olan qurumun əməkdaşı kimi götürmələri olmuşdur. Buna görə də iddiaçı heç bir məsuliyyət daşımır. 2006-2010-cu illərin əmək haqqı barədə arayışı iddiaçıdan aslı olmayan səbəbdən təqdim edə bilmədiyinə görə sosial sığorta ödəmələri barədə arayışı təqdim edərək əmək pensiyasının Nazirliyin birbaşa tabeliyində olan qurumun beş illik əmək haqqından dövlət qulluğu haqqında qanunu əsas götürərək yenidən hesablamaları barədə ərizə ilə Mərkəzi Filiala 24 avqust 2022-ci il tarixində yenidən ərizə ilə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdehin etirazı: Cavabdeh etirazında göstərmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Binəqədi rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 12 aprel 2014-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 380,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 114,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 57,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 142,50 manat olmaqla orta aylıq əmək haqqı 773,50 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3cü maddəsinə əsasən 23 il 11 ay 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (773,50 manat) 80 faizi-618,80 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 23 il 11 ay 10 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 76,75 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 420,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 126,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 63,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 157,50 manat olmaqla orta aylıq əmək haqqı 846,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (773,50 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (846,50 manat) arasındakı fərq məbləğinin (73,00 manat) 76,75 faizi-56,03 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (618.80 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 674,83 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xx.xx.2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 630,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 189,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 94,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 236,25 manat olmaqla orta aylıq əmək haqqı 1229,75 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (846,50 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1229,75 manat) arasındakı fərq məbləğinin (383,25 manat) 76,75 faizi-294,14 manat xx.xx.2019-cu il tarixinədək hesablanmış pensiyasının (674,83 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 968,97 manat məbləğində hesablanıb. Əlillik müddətinin xx.xx.2021 -ci il tarixində bitməsi ilə əlaqədar pensiya ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılıb. Təkrar müayinədən keçməsi ilə əlaqədar İİ dərəcəli əlilliyi müəyyən edildiyindən əmək pensiyası cari ilin fevral ayında (xx.xx.2021-ci il tarixindən hesablanmaqla) bərpa olunub. Qeyd olunanlara əsasən xx.xx.2014-xx.xx.2021-ci il və xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya ümumilikdə 63102,42 manat pensiya məbləği ödənilməli olduğu halda, 64235,11 manat ödənildiyindən nəticədə 1132,69 manat artıq pul vəsaiti ödənilib. Həmin 1132,69 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Mərkəzi Filial tərəfindən cari ilin mart ayından etibarən əmək pensiyası 968,97 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Bundan başqa xx.xx.2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi məbləğində maddi yardım ödənilir. İddiaçının müraciətində qeyd etdiyinin əksinə olaraq əmək pensiyasından bugünədək hər hansı məbləğdə tutulma aparılmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixli qərarla sabiq dövlət qulluqçusu kimi İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən 2011-ci ilin dekabr ayından 2013-cü ilin dekabr ayınadək son 24 ay ərzində iddiaçının işlədyi vəzifə üzrə orta aylıq əmək haqqı əsas götürülmüşdür. Əlillik müddəti 2021-ci ilin aprel ayında bitdiyi üçün həmin ilin may ayınd pensiyanın ödənişi dayandırılmışdır. Təkrar əlilliyi 07 dekabr 2021-ci ildə təsdiq edilmişdir. Lakin iddiaçıya 2021-ci ilin dekabr ayı üzrə (25 gün) ödənilməli olan 781,43 manat ödənilməmiş, 2022-ci ilin yanvar ayı üzrə pensiya ödənilməmiş, fevral ayı üzrə isə 968,97 manat əvəzinə 1920,26 manat (951,29 manat artıq) ödənilmişdir. Cavabdeh iddiaçıya məktub ünvanlayaraq xx.xx.2014-xx.xx.2021dövrü üzrə 1931,80 manat artıq pul vəsaiti ödənildiyini bildirmiş, iddiaçıya 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar ayı üzrə ödənilməli olan 1750,40 manatın ümumilikdə artıq ödənilmiş 2883,09 manatdan (1931,80 + 951,29 (2022-ci ilin fevral ayı üzrə artıq ödəmə)) çıxılaraq büdcəyə bərpa edildiyini, 1132,69 artıq ödəmənin qaldığını qeyd etmişdir. İddiaçı hazırda artıq ödəmənin ləğv edilməsini, mahiyyət etbarilə razılığı olmadan tutulan məbləğlərin bərpa edilməsini və pensiyasının 2006-2010-cu illərin əmək haqqı əsas götürülməklə yenidən hesablanmasını xahiş edir. Tətbiq edilən hüquq: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun məqsədi Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. 21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: ... 21.1.7. pensiya təminatı və dövlət sosial sığortası; ... 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiya) 23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. 32-1.1-ci madəsinə əsasən, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya): 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: ... 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”:

3. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.

10. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır.

11. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır.

12. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. İddiaçının artıq vermənin ləğv edilməsi tələbinə münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, həmin tələb mahiyyət etibarilə iddiaçının əmək pensiyasından qanunsuz olaraq tutulmuş məbləğlərin qaytarılmasıdır. Çünki cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda artıq vermə kimi məbləğin göstərilməsi özlüyündə iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozmur və məhkəmə müdafiəsi hüququnun realizəsini zəruri etmir. Lakin həmin artıq vermə kimi hansısa tutulma aparılıbsa ona hazırkı iddia tələbi çərçivəsində hüquqi qiymət verilməlidir. Belə ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Beləliklə, göründüyü kimi cavabdeh inzibati orqan istər “Əmək pensiyaları haqqında” Qanunun, istərsə də “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, iddiaçıya inzibati icraat barədə məlumat vermədən, inzibati icraatın aparılmasında onun iştirakını, dinlənilmə hüququnu təmin etmədən, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə nə iddiaçının razılığını almadan, nə də məhkəmədə müvafiq iddia qaldırmadan iddiaçının pensiyasından faktiki olaraq tutulmalar həyata keçirilməsinə başlamışdır. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçıya 2021-ci ilin dekabr ayı üzrə (25 gün) ödənilməli olan 781,43 manat ödənilməmiş, 2022-ci ilin yanvar ayı üzrə pensiya ödənilməmiş, fevral ayı üzrə isə 968,97 manat əvəzinə 1920,26 manat (951,29 manat artıq) ödənilmişdir. Cavabdeh həmin ödənilməyən məbləğlərin artıq vermənin bir hissəsi kimi büdcəyə bərpa edildiyini təsdiq etmişdir. Belə ki, cavabdeh iddiaçıya məktub ünvanlayaraq xx.xx.2014-xx.xx.2021-dövrü üzrə 1931,80 manat artıq pul vəsaiti ödənildiyini bildirmiş, iddiaçıya 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar ayı üzrə ödənilməli olan 1750,40 manatın ümumilikdə artıq ödənilmiş 2883,09 manatdan (1931,80 + 951,29 (2022-ci ilin fevral ayı üzrə artıq ödəmə)) çıxılaraq büdcəyə bərpa edildiyini, 1132,69 artıq ödəmənin qaldığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, dekabr ayı üzrə ödənilməli olan, lakin ödənilməyərək artıq vermənin bir hissəsi kimi büdcəyə bərpa edilən 781,43 manat və yanvar ödənilməli olan 968,97 manat əvəzinə fevral ayında ödənilən 951,29 manat nəzərə alındıqda yanvar ayı üzrə 17,68 manat (968,97-951,29), ümumilikdə 799,11 manat (781,43+17,68) qanunsuz tutulma kimi qiymətləndirilməli və iddiaçıya qaytarılmalıdır. İddiaçının pensiyasının 2006-2010-cu illərin əmək haqqı əsas götürülməklə yenidən hesablanması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın tələblərinə əsasən, iddiaçının tələbində qeyd olunan yenidən hesablama, onun 2006-2010-cu illərdə qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında aparıla bilərdi ki, həmin arayışın iddiaçı tərəfindən təqdim edilməməsi işin mübahisəsiz halıdır. Belə olan halda, qeyd edilən dövr üzrə orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbindən cavabdehin imtina etməsi qanuni və əsaslı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia qismən təmin edilməli, İddiaçı pensiyasından tutulmuş 799,11 (yeddi yüz doxsan doqquz manat on bir qəpik) manatın İddiaçı qaytarılması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı pensiyasından tutulmuş 799,11 (yeddi yüz doxsan doqquz manat on bir qəpik) manatın İddiaçı qaytarılması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar