Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-262/2020 19.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixədək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsibarədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmsinin 2-1(81)-3899/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı və 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin deputatı kimi pensiya alır. Lakin, ona pensiya hesablanarkən pensiya qanunvericilikdə göstərilən şərtlərə uyğun hesablanmayıb. Ona pensiya hesablanıb ödənilərkən Qanuna edilən dəyişiklik, yəni “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 5-ci hissəsində göstərilən 25 faiz ödəniş nəzərə alınmamışdır. Azərbaycan Respublikasının bəzi Qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında” xx xxxx 2008-ci il (N 649-İİİQD tarixdə qəbul edilmiş və “Azərbaycan” qəzetində (xx xxxxxx 2008-ci il 190 saylı) dərc edilmiş Azərbaycan Respublikasının Qanununa əməl edilməmişdir. Həmin Qanunda göstərilmişdir ki, “Azərbaycan Respublikası Milli X1 haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin beşinci hissəsində “25” rəqəmi “50” rəqəmi ilə əvəz edilsin. Qeyd edilən qanunda göstərilən dəyişikliklə əlaqədar olaraq ona pensiya hesablanarkən 2007-ci il tarixindən xx.xx.2013-cü il tarixədək pensiya təyin oluanrkən deputatlara deputat səlahiyyətlərini yerinə yetirilməsi üçün verilən pul təminatına görə pensiyaya əlavə olaraq hesablanmamışdır. Qeyd edilən Qanunda hələ 2007-ci ildə hesablanıb verilməli olan pensiyaya 25 faiz əlavə, həmçinin 2008-ci ilin 01 sentyabr tarixindən aldığı pensiyaya 50 faiz artım hesablanaraq ödənilməli olduğu halda həmin artım da hesablanmayaraq ödənilməmişdir. Onu da qeyd edir ki, həmin Qanuna 2013-cü ilin dekabr ayından etibarən əməl edilmişdir. 2013-cü ilin dekabr ayında onların pensiyaları yenidən hesablanmış və qanunla müəyyən olunmuş artım onların pensiyalarına əlavə olunmuşdur. Lakin, 2007-ci ildən 2013-cü ilin dekabr ayına qədər olan müddət üçün hesablanıb ödənilməli olan pensiyaya artımlar cavabdeh tərəfindən hesablanamış və ödənilməmişdir. Bununla bağlı cavabdehə tərəfindən müraciət olunmuş, müraciətə cavab olaraq xx xxxx 2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsindən ona ünvanlanan məktubda bildirilmişdir ki, xx xxxxxx 2013-cü il tarixdən bütün əlavələr hesablanmış və hazırda əmək pensiyası 2722.50 manat təşkil edir. Hesab edir ki, “Azərbaycan Respublikası Milli X1 haqqında” Azərbaycan Respublikası Qanunu rəhbər tutularaq, göstərilən müddətlərdə həmin fərqin hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə iddiası əsaslı və qanunidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddiaya qarşı münasibət (etiraz) təqdim edərək bildirmişdir ki, “Azərbaycan Respublikası Milli Məclisinin deputatı statusu haqqında” Qanunun 21-ci maddəsinin V hissəsinin ilk mətni belə olub: “Deputat hər ay əmək haqqı və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır. Deputatların əmək haqqının və pul təminatının məbləği hər il üçün Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə müəyyənləşdirilir”. xx xxxx 2004-cü il tarixli, 718-İİQD nömrəli “Azərbaycan Respublikası Milli X1 haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin üçüncü hissəsi çıxarılmış və aşağıdakı redaksiyada yeni üçüncü dördüncü və beşinci hissələr əlavə edilmişdir: “Milli Məclisin sədri şərti maliyyə vahidinin 1400 misli miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini – 85 faiz, Milli Məclisin komissiya sədri – 80 faizi, milli Məclisin komissiya sədrinin müavini – 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 25 faiz məbləğində vergilərdən azad olunan aylıq pul təminat alırlar.” xx xxxx 2008-ci il tarixli, 649-İİİQD nömrəli Qanunla 21-ci maddənin beşinci hissəsində “25”rəqəmi “50” rəqəmi ilə əvəz edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.10-cu maddəsinə görə, Bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələr Azərbaycan Respublikası Milli Məclisinin deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatının orta aylıq əmək haqqı, onun son 12 ay ərzində müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisindən aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərinin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilir. Göründüyü kimi, deputatlara pensiya təyin edilməsi zamanı orta aylq əmək haqqının hesablanması Qaydası “Əmək pensiyaları haqqında” Qanunun 20.10-cu maddəsində öz əksini tapmışdır. Bu zaman, vəzifə maaşı və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlər diqqətə alınır. İşdə iddiaçının vəzifə maaşının 25 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatından sosial sığorta haqqı ödəməsinə dair sənəd yoxdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, Qanun, həmin məbləğin (əvvəl vəzifə maaşının 25, daha sonra 50 faizi miqdarında) deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi məqsədilə verilməsini nəzərdə tutub. Dolayısı ilə, bu məbləğin “əmək haqqındakı sonrakı artım” olaraq da qiymətləndirilməsi mümkün deyildir. Çünki, sözügedən əlavənin yeganə təyinatı vardır: xərclərin qarşılanması. Odur ki, Milli Məclisin deputatı olmayan şəxsin, hər hansı xərcinin qarşılanmasından söhbət gedə bilməz; başqa sözlə, sözü gedən artımın pensiyada olan sabiq deputatlara şamil edilməsi mümkün deyildir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü ildə ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İşdə olan Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri tərəfindən verilmiş BD seriyalı, 83 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı (İİ çağırış Milli Məclisin səlahiyyət müddətində) Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, xx.xx.2004-cü il tarixdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini seçilmiş, xx.xx.2005-ci ildə ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında 00266 nömrəli, xx.xx.2019cu il tarixli Qərarından görünür ki, iddiaçıya yaşa görə (deputat kimi) pensiya təyin edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2019-cu il tarixli, **********7 nömrəli cavab məktubunda bildirilmişdir ki, ““Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanununun 20.10-cu maddəsinə əsasən, Bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələr Azərbaycan Respublikası Milli Məclisinin deputatının orta aylıq əməkhaqqı, onun son 12 ay ərzində müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisindən aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilir. Onun da əmək pensiyasınnın üzərinə Azərbaycan Respubliaksı Milli Məclisindən aldığı gəlirlərdən yuxarıdakı qaydada müəyyənləşdirilmiş orta aylı əmək haqqı nəzərə alınmaqla əlavə hesablanmışdır. Eyni zamanda bildirmişlər ki, sabiq deputatların əmək pensiyasına qulluq illərinə görə əlavənin Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətində olan deputatın əmək haqqından və ya sabiq deputatların 12 ay ərzində aldığı əmək haqqından əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması məsələsinə münasibət bildirməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə sorğu edilmiş və sorğunun nəticəsindən asılı olaraq əmək pensiyasının məbləği xx.xx.2013-cü il tarixdən yenidən hesablanmışdır. Hazırda əmək pensiyasının məbləği sonrakı artımlar da nəzərə alınmaqla 2722.50 manat təşkil edir və mütəmadi olaraq ödənişə göndərilir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, cavabdehin imtinasında və etirazında göstərdiyi dəlillər əsassızdır. Belə ki, «Azərbaycan Respublikası Milli X1 haqqında» Qanununun 21-ci maddəsinə görə deputat hər ay vəzifə maaşı və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır. Deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır. Milli Məclisin sədri 2250 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komitə və komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar. Həmin Qanunun 30-cu maddəsinə görə səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müavinət alır. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmu əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatın pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» xx xxxx 2008-ci il tarixli 649-İİİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən “Azərbaycan Respublikası Milli X1 haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin beşinci hissəsində “25” rəqəmi “50” rəqəmi ilə əvəz edilmişdir. Cavabdehin etirazının dəlillərinə görə «Azərbaycan Respublikası Milli X1 haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 5-ci bəndində göstərilən əlavələrin vergilərdən azad olunan aylıq pul təminatından sosial sığorta haqqı ödəməsinə dair sənəd yoxdur. Qanunverilicik həmin məbləğin deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi məqsədilə verilməsini nəzərdə tutub. Bu səbəbdən də , həmin məbləğin “əmək haqqındakı sonrakı artım” olaraq qiymətləndirilməsi mümkün deyildir. Qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, «Azərbaycan Respublikası Milli X1 haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 5-ci bəndində aylıq pul təminatı nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanmasından cavabdehin imtinası əsassızdır və iddiaçının pensiya hüququnun pozulması ilə nəticələnmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq hakimi O.G-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2014-cü il tarixli qərarında Plenumun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda Plenum hesab etmişdir ki, pensiya yaşına çatmış sabiq hakimlərin pensiya təminatı ilə əlaqədar qanuni əsası olmayan fərqli yanaşmalar nəticəsində ərizəçinin Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ pozulmuşdur. Göründüyü kimi, Konstitusiya Məhkəməsi fəaliyyətdə olan hakimlərlə sabiq hakimlərin pensiya təminatı arasında hər hansı fərq qoyulmasını eyni kateqoriyadan olan bu şəxslərin bərabərlik hüququnun pozuntusu kimi qiymətləndirmişdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Ranqelov Almaniyaya qarşı» işində (xx xxxx 2012-ci il tarixli qərar, 85-86) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, Konvensiyanın 14cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqlənmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyildirsə, başqa sözlə qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab olunur. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun, həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Mülki Məcəllənin 7.1-ci maddəsinə əsasən Azərbaycan Konstitusiyasının 149-cu maddəsinin 7ci hissəsində nəzərdə tutulanlar istisna olmaqla mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Yuxarıda sadalanan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, sözügedən artımlar iddiaçı həmin vəzifədən çıxdıqdan sonrakı müddətdə qəbul edilsə də, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığına görə, iddiaçıya münasibətdə qüvvəsi geriyə şamil edilməlidir. Məhkəmə eləcə də, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 31.1, 32, 37.7-ci maddələrinin tələblərini nəzərə alaraq, iddiaçıya yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi tələbini də əsaslı hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 31.1-ci maddəsinə əsasən (xx xxxx 2017-ci ilədək olan redaksiyası) əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 1-ci bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2007-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixədək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-262/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-262/2020
19.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver