Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-262/2025 02.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəs, Xanlar yaşayış massivində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Maştağa bələdiyyəsinin 28 fevral 2006-cı il tarixli, 29/4 nömrəli sərəncamı ilə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində ona ayrılmış 1000 kv.m torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh alqı-satqı aktının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində aşkar edilmədiyini, eləcə də torpaq sahəsinin normadan artıq ayrıldığını əsas gətirilərək, məsələnin həllindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Onun torpaq sahəsinə dair hüququmüəyyənedici sənədləri tam qaydasındadır Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair bələdiyyə qərarı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınan alqı-satqı aktı təqdim edilməmişdir. Bundan əlavə torpaq sahəsi normadan artıq ayrılmışdır. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir və torpaq sahəsinin bir hissəsi (374 kv.m) yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağında yerləşir. Bundan əlavə, təqdim edilmiş torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmiş, müvafiq cizgi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Bu səbəblərdən yerləşmə cizgisinin həmin sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Məhkəmənin müvafiq qərardadı ilə Maştağa bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının iddiaçının hazırkı tələbi ilə bağlı müraciəti etirazdakı dəlillərə əsasən təmin edilməmişdir. -Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim edilmiş Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 29/4 nömrəli sərəncamının surətindən görünür ki, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində 1000 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmışdır. Arxivin məktubunda qeyd edilmişdir ki, sərəncama yerləşmə cizgisi, alqı-satqı aktı və naturada təhvil verilmə aktı əlavə edilməmişdir. -İddiaçı tərəfindən təqdim edilmiş Maştağa bələdiyyəsi tərəfindən təsdiq edilmiş sənəddən görünür ki, Maştağa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 29/4 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmə sxemi tərtib edilmişdir. -Maştağa bələdiyyəsi tərəfindən Maştağa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 29/4 nömrəli sərəncamının və ona əlavə edilmiş bütün sənədlərin təqdim edilməsi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 98 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, Maştağa bələdiyyəsinin bütün arxiv sənədləri Dövlət Milli Arxiv İdarəsinə təhvil verilmişdir. - Maştağa bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktubda bildirilmişdir ki, Maştağa bələdiyyəsinin inzibati ərazisinin və eləcə də mülkiyyətində olan torpaq sahələrinin xəritəsi olmadığından sorğunun müsbət həlli mümkün deyildir. -Müvafiq sorğuya əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş, xx.xx.2000-ci il tarixli, 823 nömrəli sərəncamdan görünür ki, AR Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” AR Qanununun tətbiq edilməsi barədə xx.xx.1999-cu il tarixli Fərmanına əsasən Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin 241,38 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Maştağa qəsəbə bələdiyyəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin digər sorğusuna cavab məktubunda bildirilmişdir ki, torpaq sahələrinin ayrıc aktları Bakı Şəhər İcra Hakimiyyətində saxlanılmır. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən qeyd olunan torpaq sahəsi 6 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubla təqdim olunmuş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq hasardaxili 1000 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yarımçıq yaşayış evi mövcuddur. Torpaq sahəsinin şimal tərəf yol boyu sərhədi ilə 0,5 metr məsafədən yüksək gərginlikli (6 kVt-lıq) elektrik xətti keçir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Sahəyə dair təqdim edilmiş cizgidə heç bir dəqiq istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Sahənin 374 kv.m hissəsi yüksək gərginlikli (6-10 kVt-lıq) elektrik xəttinin mühafizəsində yerləşir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Maştağa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 29/4 nömrəli sərəncamı ilə ona ayrılmış 1000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq bu barədə ona çıxarışın verilməsini istəyir. Bununla bağlı cavabdehə müraciəti təmin edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh inzibati orqan imtina əsası kimi aşağıdakı dəlilləri irəli sürmüşdür:
1. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınan torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. 2. Yerləşmə cizgisində heç bir istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. 3. Torpaq sahəsi normadan artıq ayrılıb. 4. Göstərilən torpaq sahəsinin bir hissəsi elektrik xətlərinin mühafizə zonasında yerləşir. 5. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olduğunu hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan Qanunun 8.0.1-ci maddəsinə əsaəsn, Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən, bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;... öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Həmin Məcəllənin 46-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); ....2 Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 2-1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 4.Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəlləin 47-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. 4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. 5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. 6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Göründüyü kimi, mövcud əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının iddiaolunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlmir. Belə ki, həmin maddənin dispozisiya şərtindən görünür ki, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas saylır. Lakin iddia olunan torpaq sahəsi Maştağa bələdiyyəsinin sərəncamı ilə ayrılsa da, həmin torpaq sahəsinin Maştağa bələdiyyəsinin mülkiyyətində olmasına dair hər hansı sübut təqdim edə bilməmiş, məhkəmə araşdırılması zamanı da belə bir hal müəyyən edilməmişdir. Odur ki, mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi Maştağa bələdiyyəsi tərəfindən ayrıldığından, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənəd səlahiyyətsiz qurum tərəfindən verilmiş sayılır və belə olan halda torpaq sahəsinə hüququn qeydiyyatından imtina olunmasına əsas verir. Məhkəmə onu da nəzərə alır ki, cavabdeh inzibati orqan daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparılması vəzifələrini daşıyır (Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.19-cu bəndi). Odur ki, məhkəmə iddia olunan torpaq sahəsinin dövlət mülkiyyətində yerləşməsinə dair cavabdeh tərəfindən təqdim edilən məlumatı mötəbər sübut kimi qiymətləndirir. Qeyd olunmalıdır ki, qanunvericilik torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərini müəyyənləşdirərək, qanunvericiliklə müəyyən olunmuş qaydada məhz bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi qaydalarını müəyyən etmişdir. Odur ki, qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikası ərazisində torpaqlar növündən asılı olaraq səlahiyyət daxilində və həddində istifadə edilməlidir. Hazırkı halda isə qeydiyyatı istənilən torpaq sahəsinin bələdiyyə mülkiyyəti deyil, dövlət mülkiyyəti torpağı olduğu müəyyən edildiyindən cavabdeh inzibati orqanın imtinası qanunauyğun olduğundan iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlər özü də natamamdır. Belə ki, iddiaçı Maştağa bələdiyyəsinin Maştağa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 29/4 nömrəli sərəncamını təqdim etsə də, həmin bələdiyyə ilə onun arasında ayrılmış torpaq sahəsinin alqı-satqısının baş tutmasını və tamamlanmasını təsdiq edən aktı, yaxud ödəniş qəbzini təqdim edə bilməmişdir. Məhkəmə araşdırması ilə də nə dövlət arxivində, nə də müvafiq bələdiyyə qurumunda bu sənədlərin mövcudluğu müəyyən edilməmişdir. Halbuki, Torpaq Məcəlləsinin hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri də müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. Həmçinin, yuxarıda istinad olunan "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun 6.2-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə (iddiaçıya torpaq sahəsi ayrılan dövrdə qüvvədə olmuş redaksiyası) əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, müvafiq qanunvericilik bələdiyyə mülkiyyətində olan torpaqların istifadə hüququ ilə verilməsini həm bələdiyyənin qərarı, həm də tərəflər arasında bağlanmış müqavilə ilə şərtləndirmişdi. “İnzibati icraat haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanda icraat bu fəslin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 53.2-ci mddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial orqana təqdim olunmuş ərizəyə dair qərar yalnız kollegial orqan tərəfindən qəbul edilir. Bildirilməlidir ki, bələdiyyə qərarları “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Qanunun və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparlmaqla kollegial qərar qəbul olunur. Göründüyü kimi qanunda, bələdiyyə torpaqlarına müvafiq hüququn qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi kollegial qaydada qəbul edilən bələdiyyənin qərarı nəzərdə tutulur. Lakin hazırkı işdə Maştağa bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması zamanı bələdiyyənin iclas protokolunun mövcud olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmiş, Dövlət arxivi tərəfindən təqdim olunan sənədlərdən, eləcə də Maştağa bələdiyyəsinin sorğuya cavab məktublarından da bu protokolun mövcudluğu müəyyən edilməmişdir. Heç Maştağa bələdiyyəsinin 29/4 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncamında da iddiaçıya torpaq sahəsinin bələdiyyə iclasının qərarı ilə ayrılması barədə qeyd yoxdur. Odur ki, göstərilən xüsusatlar (alqı-satqının baş tutmasına dair sənədlərin və iclas protokolunun olmaması) isə iddiaçıya torpaq ayırma prosesinin qanunla tələb olunan qaydada həyata keçirilmədiyi qənaətinə gəlməyə əsas verir. Oxşar mübahisə üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-269/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında göstərilmişdir ki, “33. Bundan əlavə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2- ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 1-ci hissəsinə əsasən isə Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. 34. Həmin Qanunun 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir (maddənin 4-cü və 6-cı hissələri). 35. Hazırkı iş üzrə iş materiallarında olan bələdiyyə qərarı yalnız bələdiyyə sədri tərəfindən imzalanmış, iş materiallarına iclas protokolu əlavə edilməmişdir. 37...Eyni zamanda bələdiyyə qərarının qanuniliyinin yuxarıda istinad olunan normalar baxımından qiymətləndirmək üçün bələdiyyənin iclas protokolunun mövcudluğunu araşdırmalı (başqa sözlə, qərarın kollegial qəbul edilibedilməyini dəqiqləşdirməli) və işin hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işin araşdırılan halları ilə iddia olunan torpaq sahəsinə yaxın (bitişik və qonşuluqda olan) ərazilərdə Maştağa bələdiyyəsinin torpaq ayırma sənədləri əsasında dövlət reyestrində qeydiyyata alınmış sahənin olması müəyyən edilməmiş, iddiaçı tərəfindən də buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozulması və fərqli rəftara dəlalət edən hallar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Maştağa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 29/4 nömrəli sərəncamı ilə ayrıldığı bildirilən 1000 kv.m torpaq sahəsinin həmin bələdiyyənin mülkiyyətinə verilmiş torpaq sahəsində olması müəyyən olunmadığından və tərəflər (iddiaçı və Maştağa bələdiyyəsi nəzərdə tutulur) arasında torpağın mülkiyyətə verilməsinə dair alqı-satqı aktı, eləcə də bələdiyyə qərarının qəbul edilməsi ilə bağlı iclas protokolu təqdim edilmədiyindən, cavabdehin imtina əsası kimi istinad digər əsaslara (torpağın normadan artıq ayrılması, yerləçmə cizgisində istinad və məsafələrin qeyd edilməməsi, elektrik xəttinin mühafizə zonasında yerləşmə) ayrıca münasibət bildirilməsinə zərurət yoxdur. Çünki cavabdehin imtina əsasları digər hissələrdə əsassız olsa belə, hazırkı şərtlər altında iddia tələbinin təmini istisna olunur. İddia əsassızdır və təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov