Məhkəmə qərarları › İş №2-1(112)-2621/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2621/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2621/2022 03.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçının İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, peşəsi-quraşdırıcı, işləmir), cavabdehin nümayəndəsi X3 (Hacıqabul rayonunda qeydiyyatdadır, hüquqşünas, Dövlət Sosial Müdafiə Fondunda mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “01.05.1996-cı il tarixindən 23.07.2004-cü il tarixinədək "xxxx" ASC-də işlədiyi staj nəzərə alınmaqla iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “01.05.1996-cı il tarixindən 23.07.2004-cü il tarixinədək "xxxx" ASC-də işlədiyi staj nəzərə alınmaqla iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1973-cü ildən əmək fəaliyyətinə başlamışdır. Pensiya yaşına çatdığından 22.05.2021-ci il tarixdən, 65 yaşdan ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin ona yaşa görə əmək pensiyası təyin edilən zaman 01.05.1996-cı il tarixindən 09.12.2004-cü il tarixədək olan iş stajı nəzərə alınmamışdır. İddiaçı bu halla razı olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh orqan **********9 saylı 09.08.2021-ci il tarixli “yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina edilməsi haqqında” cavabla müraciəti müsbət cavablandırılmamış və bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Məkəzi Təyinatı üzrə X1 və araşdırmalar şöbəsinin 23.07.2021-ci il tarixli xidməti məruzəsinə əsasən, 01.05.1996-cı il tarixindən 23.07.2004-cü il tarixinədək işlədiyi “Xətai Təmir Tikinti-1 ASC”nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Əmək kitabçasında iş yerləri barədə müvafiq qeydlər var. Əmək kitabçasında olan qeydlərdən də görünür ki, o, 01.05.1996-cı il tarixindən 23.07.2004-ci il tarixinədək işlədiyi Xətai təmir Tikinti-1 ASC-də işləmişdir. Cavabdeh orqanın qeyd edilən müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı tapa bilməməsi sıravi vətəndaşın və pensiyaçının problemi deyil. Yəni onun əmək kitabçasında adı qeyd edilən müəssisələrdə işləməyi mötəbər sübütla əmək kitabçası ilə təsdiqlənir. İddiaçı cavabdeh orqanın imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir. Lakin İddiaçı 01.05.1996-cı il tarixdən 09.12.2004-cü il tarixədək işləmiş olduğu -Xətai Təmir Tikinti-1- ASC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün onun müraciətinin müsbət həlli mümkün olmamışdır. 01.01.2006-cı il tarixdən 01.08.2020-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində 9.886.68 manat pensiya kapitalı qeydə alınmışdır. Həmin pensiya kapitalı əsasında yaşa görə əmək pensiyasının məbləği dəyişməmişdir. Qeyd etməyi zəruri hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X1 və araşdırmalar şöbəsinin 23.07.2021-ci il tarixli xidməti məruzəsinə əsasən, -Xətai Təmir Tikinti-1- ASC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. İşin hallarını tam və araşdırmaq məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi müəssisənin mövcudluğunu və iddiaçının 01.05.1996-cı il tarixdən 09.12.2004-cü il tarixədək həmin müəssisədə işləməsi faktının dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filianın **********9 nömrəli 09.03.2021-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, təqdim edilən 17.12.1973-cü il tarixində tərtib edilmiş əmək kitabçasına, hərbi biletə və təhsil haqqında diplomun surətlərinə əsasən 01.01.2006-ci il tarixinədək 23 il 3 ay sığorta stajı və 01.01.2006-cı il tarixindən 01.08.2020-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 9.886,68 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası yenidən hesablanmış və əmək pensiyasının məbləği dəyişməmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X1 və Araşdırmalar şöbəsinin 23.07.2021-ci il tarixli xidməti məruzəsinə əsasən 01.05.1996-cı il tarixindən 09.12.2004cü il tarixinədək işlədiyi -Xətai Təmir Tikinti-1- ASC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin **********391300 nömrəli 10.11.2021-ci il tarixli məktubuna əsasən, Xətai Təmir Tikinti-1- ASC-nin 05.05.2003-cü il tarixdə dövlət qeydiyyatına alınması və 01.12.2004-cü il tarixdən ********** VÖEN-lə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. Hazırda hüquqi şəxsin fəaliyyəti aktiv vəziyyətdədir. Xətai Təmir Tikinti-1- ASC (VÖEN- **********) 01.12.2004-cü il tarixdən vergi uçotuna alındığından müraciətdə qeyd edilən dövrlər üzrə digər məlumatların təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 4/2108 nömrəli 28.10.2021-ci il tarixli məktubuna əsasən görünür ki, -Xətai Təmir Tikinti-1- ASC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 28 oktyabr 2021-ci il tarixli, 01/3-2534 nömrəli məktubuna əsasən bildirilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" ASC (VÖEN **********) 05 iyun 1996-cı il tarixindən və "xxxx" ASC (VÖEN **********) 06 avqust 1996-cı il tarixindən qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 04 noyabr 2021-ci il tarixli, **********73 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq keçmiş iqtisadi inkişaf nazirliyinin dövlət əmlakının özəlləşdirilməsi departamentinin 22.11.2001-ci il tarixli, 223 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin tabeçiliyində olmuş “Azneftkimyazavodtəmir” trestinin 1 saylı Təmir-Tikinti idarəsinin bazasında "xxxx" ASC yaradılmış və səhmləri 03.03.2003-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. İddiaçı əlavə olaraq məhkəməyə hərbi biletinin və diplomunun surətini və əmək kitabçasını təqdim etmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ona 22.05.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya təyin edilərkən nəzərə alınmamış 01.05.1996-cı il tarixindən 09.12.2004-cü il tarixədək “Xətai Təmir Tikinti-1 ASC” də işlədiyi dövr üzrə iş stajı nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasının cavabdehə həvalə edilməsini tələb edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci maddəsində Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur, 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1. –ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Göründüyü kimi vətəndaşların əmək kitabçasında göstərilən bütün iş stajlarının pensiya təyin edilən zaman nəzərə alınmasını tələb etmək hüququ vardır . Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə də göstərilmişdir: “Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı;.. Həmin Qaydaların 3.2-ci bəndində göstərilmişdir: 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir:3.2.1. əmək kitabçası; «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iddia ərizəsində göstərdiyi mübahisəli iş stajı (01.05.1996-cı ildən 09.12.2004-cü ilədək) əmək kitabçasında olan məlumatlarla təsdiqlənir. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh tərəfindən iddiaçının əmək kitabçaçında göstərilən 01.05.1996cı ildən 09.12.2004-cü ilədək müddətdə işləməməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz “Əmək pensiyaları haqqında” Qanunun 26-cı maddəsinə əsasən, 2017-ci il iyulun 1dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması - 26.1.2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır; 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır; 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 32.1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya 01.05.1996-cı il tarixindən 23.07.2004-cü il tarixinədək "xxxx" ASC-də işlədiyi staj nəzərə alınmaqla yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 01.05.1996-cı il tarixindən 23.07.2004-cü il tarixinədək "xxxx" ASC-də işlədiyi staj nəzərə alınmaqla yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar