Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2621/2023 08.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ.İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********1 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə iddiaçının xx.xx.2008-ci il tarixindən bugünədək çirkab suların təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı sahəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi sahə sözügedən arayışda istinad edilən Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarına əsasən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ.Tərəflərin əsaslandırılması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.2008-ci il tarixindən xx.xx.2014cü il tarixinədək Heydər Əliyev adına Bakı X2 (sonradan Heydər Əliyev adına X4 adlandırılmışdır) çirkab suların təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sexinin, xx.xx.2014-cü il tarixindən xx.xx.2020-ci il tarixinədək çirkab suların təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sahəsinin magistral sənaye və təsərrüfat fekal kanalizasiyasının xidməti qrupunda usta vəzifəsində çalışmışdır. xx.xx.2020-ci il tarixindən hal-hazıradək Heydər Əliyev adına X2 ümumzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatının sahə rəhbərliyində böyük usta vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixində güzəştli şərtlərlə pensiya təminatı ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, həmin orqanın xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubu ilə ona pensiya təyin edilməsindən imtina edilmişdir. İmtina məktubu tamamilə əsassızdır. Belə ki, Heydər Əliyev adına X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “zərərli iş şəraiti haqqında” arayışda çalışdığı peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarının 10.5-ci (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) bölməsinə əsasən zərərli hesab edildiyi qeyd edilmişdir. Yuxarıda qeyd edilən qərarın 10.5.2-ci bölməsində “ustalar və böyük ustalar” (“b” bəndi) vəzifələri qeyd edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda qeyd edilənlərə istinad edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – Qanun) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin Qeydinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2022 - 30 iyun 2023-cü il tarixə kişilərin yaşa görə əmək pensiyası hüququ 65 yaşdan yaranır. Beləliklə, qanunvericiliyin istinad olunan normalarından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər:
1. 60 yaşının tamam olması;
2. azı 25 il sığorta stajına malik olması;
3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; İş materiallarından görünür ki, göstərilən tələblərdən hər biri iddiaçı tərəfindən ödənilir. İ tələb üzrə: Belə ki, işdə olan iddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, onun 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. İİ tələb üzrə: İddiaçıya aid H3 №4608230 nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər hərbi xidmətdə olmuşdur. İddiaçıya aid BT №022281 nömrəli diplomun surətindən görünür ki, o, 1979-cu il tarixdə Ə.Naxçıvani adına Naxçıvan Politexnik texnikumuna daxil olmuş və 1984-cü il tarixdə həmin texnikumun “Sənaye və mülki tikinti ixtisası” üzrə tam kursu bitirmiş, Dövlət ixtisas komissiyasının xx.xx.1984-cü il tarixli qərarı ilə ona texnik-iqtisadçı ixtisası verilmişdir. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1984-cü il tarixdə “Naxçıvansutikinti” İdarəsinə keyfiyyətə nəzarət üzrə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə öz arzusu ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1985-xx.xx.1986-cı illərdə “Poliv” idarəsində çilingər, mexanik vəzifəsində, xx.xx.1986-xx.xx.1988-ci illərdə “Başmeliorasiyasutikinti” İdarəsində mühəndis, xx.xx.1988-xx.xx.1990-cı illərdə briqadir vəzifəsində, xx.xx.1992- xx.xx.1996-cı il tarixlərdə “Naxçıvanbank” SKB-də xəzinədar-təsərrüfat müdiri vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2004-cü il tarixdə “Azərneftyanacaq” neft email zavodunda Təsərrüfat və Kommunal məişət xidməti üzrə 17 nömrəli sexin təmir qrupuna 5-ci dərəcəli çilingər (santexnik) peşəsinə qəbul edilmişdir. xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2004-cü il tarixli, 42 nömrəli əmrinə əsasən “Azərneftyanacaq” Neft Emalı X3 adına Bakı X4 adlandırılmışdır. İddiaçı xx.xx.2008-ci il tarixdə çirkab suların təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sexin magistral sənaye və təsərrüfat fekal kanalizasiyasının xidməti qrupuna 11-ci dərəcəli usta vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə təzə ştat cədvəlinə əsasən çirkab suların bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sahəsinin magistral sənaye və təsərrüfat fekal kanalizasiyası üzrə xidmət sahəsinin 11-ci dərəcəli usta vəzifəsində sayılmışdır. xx.xx.2015-ci il tarixdə Heydər Əliyev adına Bakı X2 xx.xx.2015-ci il tarixli əmrinə əsasən Heydər Əliyev adına Bakı Neft Emalı X3 adına X4 adlandırılmışdır. xx.xx.2020-ci il tarixdə Ümumzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatının sahə rəhbərliyinə 12-ci dərəcəli böyük usta vəzifəsinə keçirilmişdir, hazırda da həmin vəzifədə işləyir. Məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İstinad olunan normaların tələblərini və yuxarıda adı çəkilən sənədləri nəzərə aldıqda, məlum olur ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə 25 ildən artıq, 33 il 5 ay 16 gün ümumi iş stajı olmuşdur. İİİ tələb üzrə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 10.5.1-ci bəndinə əsasən - 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin email sahəsinin 10.5.1. İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri üzrə b) rəhbərlər və mütəxəssislər: ustalar, böyük ustalar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İş materiallarında olan Heydər Əliyev adına X4 tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli güzəştli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək zavodda çirkab suların təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sexin magistral sənaye və təsərrüfat fekal kanalizasiyasının xidməti qrupunda 11-ci dərəcəli usta, xx.xx.2020-ci il tarixdən hazıradək isə Ümumzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatının sahə rəhbərliyində 12-ci dərəcəli böyük usta kimi zərərli vəzifələrdə işləmişdir. Heydər Əliyev adına X4 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli məktubda isə göstərilmişdir ki, İddiaçı xx.xx.2008-ci ildən magistral sənaye və təsərrüfat fekal kanalizasiyasının xidməti qrupunda və ümumzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatın sahə rəhbərliyində işlədiyi usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısındadır. Sahə ustasının əsas vəzifəsi təlimatlara əsaslanaraq rəhbərlik etdiyi işin vaxtında yüksək keyfiyyətlə xidmətlərin yerinə yetirilməsini, avadanlıqların tam gücü ilə işləməsini, materialların enerjinin səmərəli istifadəsini təmin etmək. Əsas vəzifələrinə müvafiq olaraq ustaya aşağıdakı funksiyaların yerinə yetirilməsi həvalə olunur: • Sahənin istehsal fəaliyyətinin nəticələrini vaxtaşırı təhlil edir və müvafiq tədbirlərin hazırlanması, həyata keçirilməsi işini təşkil edir; • İstehsal sahələrinin lazımi miqdarda texniki, içməli və dövrü su ilə təmin olunmasını və onların düzgün, qənaətli istifadəsinin təşkili, reagent, istilik, elektrik enerjisi, işçilərin xüsusi geyimlərlə və fərdi mühafizə vasitələri ilə təmin edir; • Sahənin bütün avadanlıqlarının düzgün texniki istismarını, müasirləşdirilməsini, cari və əsaslı təmirlərinin keyfiyyətli aparılmasını, onların etibarlı, səmərəli və fasiləsiz işləməsini təmin edir; • Sahələrdən kanalizasiya sxeminə atılan çirkab suların keyfiyyət və kəmiyyət göstəricilərinə, bioloji təmizləmə qurğusunda prosesin normal aparılmasına, kanalizasiya şəbəkəsinin normal işinə gündəlik nəzarət edir; • Sahənin bütün avadanlıqlarının düzgün texniki istismarını, vaxtaşırı keyfiyyətli təmirini və müasirləşdirilməsini, əsaslı və cari təmirin təmin edilməsinə nəzarət edir; • Avadanlığın arası kəsilmədən tam gücü ilə işləməsinə,istehsalın vaxtlı-vaxtında material və enerji ehtiyatları ilə təmin edilməsinə, avadanlıqların və başqa əsas vasitələrin düzgün texniki istismarına operativ nəzarəti həyata keçirir; • İstehsalın gedişində qarşıya çıxan xətaları ardan qaldırır, qəbul hovuzlarının səviyyəsinin artmasına yol verilməməsinə nəzarəti həyata keçirir; • İstehsalın planlaşdırılması, normalaşdırmanın yaxşılaşdırılması, iş yerlərinin təkmilləşdirilməsi, qabaqcıl üsul və metodların yayılması işində iştirak edir; • Sahənin istehsalat fəaliyyətinin nəticələrini, avadanlığın boş dayanma və xidmətin keyfiyyətinin aşağı düşməsi səbəblərini aşkarlayır, üzə çıxan qüsurları aradan qaldırılması üçün tədbirlərin işləməsində və tətbiqində iştirak edir. İşçi əmək funksiyasını zərərli şəraitli iş yerində icra etdiyi üçün əmək haqqına 8 faiz məbləğdə əlavə müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi ilə təsdiq olunmuş magistral sənaye və təsərrüfat fekal kanalizasiyasının xidməti qrupunda usta vəzifəsi ilə ümumzavod təsərrüfatı üzrə 10 nömrəli istehsalatının sahə rəhbərliyində usta vəzifəsi eynilik təşkil edir. Göründüyü kimi, işəgötürən tərəfindən təqdim edilən məktuba əsasən iddiaçının işlədiyi vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmiş, həmin ərizəyə əsasən iddiaçının xx.xx.2022-ci il tarixə 18 il 2 ay 27 gün güzəştli iş stajı mövcud olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirmiş, bu zaman iddiaçının işlədiyi sahənin arayışda istinad edilən neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid olmamasına istinad etmişdir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır. Belə ki, işdə olan X2 Nizamnaməsindən görünür ki, zavodun əsas məqsədi SOCAR-a məxsus olan xam nefti qəbul etmək, qüvvədə olan normalara və standartlara müvafiq olaraq emal etmək və alınan neft və qaz məhsullarını müvafiq qaydada təhvil vermək və SOCAR-ın (Təsisçinin) tapşırığına əsasən verilmiş etibarnamə əsasında satışının həyata keçirilməsindən ibarətdir. Zavod eyni zamanda SOCAR ilə razılaşdırmaqla kənar təşkilatlara xam neftin emalı ilə bağlı xidmətlər göstərir və gəlir əldə edir. Göründüyü kimi, iddiaçı neftin emalı ilə məşğul olan müəssisədə işləmişdir. İddiaçının işlədiyi vəzifəyə gəldikdə, işdə olan SOCAR-ın Heydər Əliyev adına X2 çirkab suların bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 №-li sahənin magistral sənaye, təsərrüfat-fekal kanalizasiyasının xidməti sahənin 11-ci dərəcəli ustasının vəzifə təlimatından görünür ki, ustaya aşağıdakı funksiyaların yerinə yetirilməsi həvalə olunur: 1.Zavodun sənaye-fekal kanalizasiya şəbəkəsi və kollektorlarına xidmət və təmir işlərini həyata keçirir;
2. Rəhbərlik etdiyi çilingərlərin lazımi alətlər, pnevmatik avadanlıq, əl hidravlik press və s. alət cihazlarla təmin olunmasına nəzarət edir;
3. Kanalizasiyanın təmizlənməsi zamanı istifadə olunan alətlərin vaxtında yoxlanması və profilaktik təmirlərinin aparılmasını təşkil edir;
4. Rəhbərlik etdiyi çilingərlərin zavodun kanalizasiya sxeminin, kollektorların yerləşmə sahələrinin dəqiq öyrədilməsi üzrə iş aparır, tapşırıqların keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir. Məhkəmə qeyd edir ki, iddiaçı çirkab suların təmizlənməsi, sənaye kanalizasiyası və su təchizatı üzrə 9 nömrəli sexin magistral sənaye və təsərrüfat fekal kanalizasiyasının xidməti qrupunda usta işləsə də, həmin çirkab sular neftin emalı zamanı yaranan çirkab sular, kanalizasiya isə sənaye-fekal kanalizasiya (istehsalat kanalizasiyası) şəbəkəsi olmuşdur. Siyahının 10.5.1-ci yarımbəndindən də görünür ki, orada neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, təbii sulu qazın konversiyası ilə yanaşı istehsalat kanalizasiyasının xidməti və təmiri üzrə ustalar da güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrə aid edilmişdir. Beləliklə, istinad olunanlardan görünür ki, iddiaçının 2004-2022-ci illərdə işlədiyi usta vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəyə aid olduğundan, o üçüncü tələbi də ödəmişdir. Beləliklə, sadalananlara əsasən müəyyən olunur ki, hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən iddia tələbi əsaslı olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova