Məhkəmə qərarları › İş №2-1(112)-2621/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2621/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2621/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı” və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının göndərilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “müharibə veteranı" adının və "Azərbaycan Respublikasının müharibə veteranı" vəsiqəsinin verilməsi, bu barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Zəfər" altsisteminə daxil edilməsi vəzifələrinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmaqla verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tibb xidməti baş leytenantı İddiaçı, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası X4 27 sentyabr 2020-ci il tarixli 56 nömrəli Sərəncamı ilə hərbi çağırışla əlaqədar olaraq gücləndirilmiş iş rejimində işləmək məqsədilə Ağdam rayon Mərkəzi Xəstəxanasına ezam olunmuşam və 27 sentyabr 2020-ci il tarixindən 12 noyabr 2020-ci il tarixinədək "Həkim anestezioloq-reanimatoloq" vəzifəsində döyüş tapşırığının və ya döyüş əməliyyatların aparıldığı və düşmən hücumlarına məruz qalmış digər ərazilərdə xəsarət alan hərbi qulluqçu və mülki şəxslərə müvafiq ixtisaslı tibbi xidmətlər göstərmiş, həmin əməliyyatların tibbi təminatı üzrə tapşırıqları yerinə yetirmişdir. Bundan əvvəl də 10 sentyabr 1997-ci il tarixindən 13 noyabr 2000-ci il tarixinədək silahlı erməni millətçi dəstələrinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində "Tibb məntəqəsinin həkimi" vəzifəsində 3 (üç) ildən artıq müddətdə hərbi xidmətdə olmuşdur. İddiaçı 44-günlük Vətən müharibəsindən sonra işlədiyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin X8 X5 müraciət edərək onun adının da müvafiq siyahıya salınması üçün sənədlərinin təqdim edilməsini xahiş etmişdir. Həmçinin, şəxsən səlahiyyətli məsul mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra - AR MN) 12 avqust 2023-cü il və 28 dekabr 2023-cü il tarixlərində iddiaçıya "Müharibə veteranı" adının verilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Zəfər" altsisteminə daxil edilməsi barədə müraciət etmişdir. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin X8 X7 mənə "Müharibə veteranı" adının verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən sorğu daxil olduğunu və cavablandırılaraq bu quruma sənədlərin təqdim olunduğunu bildirdi ( 555 №-li 27,04.2022-ci il tarixli məktubun sıırəti əlavə edilir). Bu məlumatı aldıqdan sonra da iddiaçının qaldırdığı məsələ ilə bağlı icraatın həddindən çox yubandığını görüb Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət olunmuşdur. Bu qurum isə cavabda "Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3144 nömrəli Sərəncamının icrasmın təmin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 127 nömrəli Sərəncamının 3-cü hissəsinə əsaslanaraq müraciətdə qaldırılan məsələnin mərkəzi, habelə yerli icra hakimiyyəti orqanları, eləcə də Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslər və digər hüquqi şəxslərin məsul olduğunu və onların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin 10-cu abzasında göstərilmiş ərazilərdə döyüş əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərin siyahısını təsdiqedici sənədlərlə (hərbi biletlərin surəti, ezamiyyə vəsiqələrinin surəti, əmrlərdən (sərəncamlardan) çıxarışlar, şəxsiyyət vəsiqələrinin surəti) birlikdə, həmin şəxslərin ön cəbhədə yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış əlavə edilməklə AR Nazirlər Kabinetinə təqdim etməli olduqlarını bildirmişdir (xx.xx.2024-cü il tarixli cavab məktubu əlavə edilir). Belə olduqda, Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X5 (bundan sonra - "TƏBİB" PHŞ) müraciət etdim. Bu qurumun 22 aprel 2024-cü il tarixli cavab məktubunda "Müharibə veteranı" adının verilməsi ilə əlaqədar TƏBİB-ə təqdim edilən sənədlərinin aidiyyəti üzrə baxılması məqsədilə 16 aprel 2024-cü il tarixli 18- 1/2-Ə-38-8497/2024 nömrəli məktubla AR MN- nə göndərildiyini bildirmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddia tələbi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı yönələ bilməzdi. Çünki, iddiaçının sənədlərinin göndərilməsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən asılıdır. (Bu hal 4 noyabr 2024-cü il tarixli məktubla təsdiq olunur). 44 günlük Vətən Müharibəsində anesteziologiya-reanimasiya şöbəsinin həkimanestezioloq-reanimatoloqu İddiaçı Ağdam rayonu Mərkəzi Xəstəxanasına PHŞ ezam olunduğundan və döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-10.11,2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrində xidmət etmədiyindən, işləmədiyindən, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığından, onun sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi üçün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyin”ni (TƏBİB) adını siyahıya daxil edilməsi barədə vəsatəti olmalıdır. Belə ki, TƏBİB-in tərkibində Veteran Komissiyası olmadığından TƏBİB-in hazırladığı siyahılar, müvafiq dövlət qurumunun (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarında adları göstərilmişdir) Komissiyası tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə tibbi təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər barədə siyahının və təsdiqedici məlumatların həmin işçilərin ezam olunduqları qurumlardan asılı olaraq (məsələn: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Komissiyasına, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) və ya regionlar üzrə ezam olunmuş şəxslərin hansı güc strukturunun istiqaməti üzrə ezam edilmiş şəxslərin siyahıların həmin qurumun Komissiyasına göndərilməsi göstərilməlidir. İş materiallarından görmək olar ki, iddiaçı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyin”nin (TƏBİB) xx.xx.2024-cü il tarixli 18-1/2-10471/2024 nömrəli məktubunda bildirmişdir ki, "... İddiaçı adı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün TƏBİB tərəfindən Nazirliyə göndərilən siyahıda yer almamışdır.” Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -26 nömrəli Birləşmiş şəhər Xəstəxanası tərəfindən verilmiş 56 №-li, xx.xx.2020-ci il tarixli Sərəncama əsasən Hərbi çağırışla əlaqədar olaraq gücləndirilmiş iş rejimində işləmək məqsədi ilə Anesteziologiya-reanimasiya şöbəsinin həkim anestezioloqreanimatoloqu İddiaçı xx.xx.2020-ci il tarixdən Ağdam rayonuna ezam olunmuşdur. -Ezamiyyə vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Ağdam rayonuna ezam olunmuşdur. -26 nömrəli Birləşmiş şəhər Xəstəxanası tərəfindən verilmiş arayışdan görünür ki, geniş miqyaslı əks hücüm əməliyyatların həyata keçirilməsi zamanı xəsarət alanlara xidmət göstərmək məqsədilə iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi iş fəaliyyətini “Ağdam Rayon Mərkəzi Xəstəxanası” pulik hüquqi şəxsdə yerinə yetirmişdir. -X8 X7 tərəfindən verilmiş məktuba əsasən X6 Anesteziologiya-reanimasiya şöbəsinin Həkim anestezioloq-reanimatoloqu 1966-cı il təvəllüdlü, tibb xidməti baş leytinantı İddiaçı Vətən müharibəsi dövründə hərbi çağırışla əlaqədar olaraq gücləndirilmiş iş rejimində işləmək məqsədilə xx.xx.2020-ci il tarixdən Ağdam rayonuna ezam olunmuşdur. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş məktubda qeyd olunmuşdur ki, “Təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası X4 xx.xx.2020-ci il tarixli 56 nömrəli sərəncamının surətindən aydın olur ki, Siz Vətən müharibəsi zamanı xx.xx.2020-ci il tarixdən 12.11,2020-ci il tarixədək Ağdam rayon Mərkəzi Xəstəxanasına ezam edilmisiniz və orada geniş miqyaslı əks hücum əməliyyatlarının həyata keçirilməsi zamanı xəsarət alanlara həkim kimi tibbi xidmət göstərmisiniz (1097 nömrəli xx.xx.2020-ci il tarixli ezamiyyə vərəqəsi və 955 nömrəli xx.xx.2020- ci il tarixli Ağdam RMX-nın arayışı). Bildiririk ki, “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 02.2022-ci il tarixli 3144 nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublirası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 127 nömrəli Sərəncamının 3-cü hissəsinə əsasən, Bu Sərəncamın 2-ci hissəsində nəzərdə tutulmuş dövlət orqanları istisna olmaqla digər mərkəzi, habelə yerli icra hakimiyyəti orqanları, eləcə də Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslər və dövlətə məxsus digər hüquqi şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin onuncu abzasında göstərilmiş ərazilərdə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlarının və mülki işçilərinin siyahısını təsdiqedici sənədlərlə (hərbi biletlərin surəti, ezamiyyət vəsiqələrinin surəti, əmrlərdən çıxarışlar, şəxsiyyət vəsiqələrinin surəti və s.) birlikdə, həmin şəxslərin ön cəbhədə yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış (hər bir şəxsə münasibətdə ayrı-ayrılıqda) əlavə edilməklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.” -“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubuna əsasən Vətən müharibəsində müvafiq istiqamətdə xidmətinə görə “Müharibə veteranı" adının verilməsi məsələsi ilə əlaqədar TƏBİB-ə təqdim edilən sənədləri aidiyyəti üzrə baxılması məqsədilə 16 aprel 2024-cü il tarixli 18-1/2-Ə-38- 8497/2024 nömrəli məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmişdir. -Cavabdeh tərəfindən verilmiş 02 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarının tələblərini əsas tutaraq, iddiaçı döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. -“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən verilmiş 4 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı adı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün TƏBİB tərəfindən Nazirliyə göndərilən siyahıda yer almamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Məhkəmə aşağıda göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. Belə ki, iddiaçı hazırda döyüş əməliyyatlarının aparıldığı ərazilərdə döyüş tapşırıqların yerinə yetirilməsində iştirak etdiyinə görə ona “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra Əsasnamə) 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi... tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində: 1) hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak edən (yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş) hərbi qulluqçu olmalı; 2) və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçusu və ya hərbi hissə (bölmə) və ya orqanların mülki işçisi olmalı; 3) yaxud döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam edilmiş olmalıdır. Həmçinin, göstərilən faktlar hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. Hazırkı iş üzrə iddiaçının hərbi qulluqçu və ya hərbi hissələrin mülki işçisi olmaması işin mübahisələndirilməyən hallarındandır. Ona görə də konkret halda iddiaçıya müharibə veteranı adının verilməsi yalnız 3-cü bənddə göstərilən şərtlərin ödənilməsi halında mümkün ola bilərdi ki, normanın həmin hissəsinin dispozisiya şərtləri də ödənilmir. Məhkəmə qeyd edir ki, iddiaçının ezam olunduğu Ağdam Rayon Mərkəzi Xəstəxanası bilavasitə döyüş bölgəsi sayılan ərazidə yerləşməmiş, qanunvericilikdə döyüş əməliyyatları zonası hesab edilməyən Quzanlı qəsəbəsində fəaliyyət göstərmişdir. Həmçinin, iddiaçının döyüş əməliyyatı aparan hər hansı hərbi hissəyə təhkim edilməsi, yaxud döyüş əməliyyatlarının aparıldığı (27 sentyabr 2020-ci ilədək işğal altında olan) ərazilərə ezam edilməsi və həmin ərazidə tibbi təminat göstərməsi sübut olunmamışdır. İddiaçının döyüş bölgəsində xidmət keçməsi ilə bağlı hər hansı rəsmi sənəd və ya hüquqi əsas mövcud deyildir. Bu səbəbdən də onun adı TƏBİB tərəfindən tərtib olunmuş və döyüş bölgəsində birbaşa tibbi yardım göstərən şəxsləri əhatə edən siyahıya daxil edilməmişdir. Məhkəmə, iş materiallarını və tərəfin izahatlarını təhlil edərək, müəyyən edir ki, iddiaçının əmək fəaliyyəti əsasən mülki vətəndaşların müayinəsi ilə məhdudlaşmış, tibbi xidmətin göstərilməsi isə yalnız xəstəxana daxilində həyata keçirilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatlarında özü də fəaliyyətinin yalnız mülki xəstəxana çərçivəsində olduğunu, döyüş bölgəsində tibbi xidmət göstərmədiyini etiraf etmişdir. İddiaçının özü də, TƏBİB-in siyahısına daxil edilmiş şəxslərin bilavasitə döyüş bölgəsində ilkin tibbi yardım göstərən tibb işçiləri olduğunu bildirmişdir ki, iddiaçının bu kateqoriyaya aid edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyuş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. AR İPM-nin 14.3-cü maddəsindən də göründüyü kimi inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olaraq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, mövcud sübutlar və işin faktiki halları nəzərə alındıqda, iddiaçının məhz döyüş zonasında tibbi təminatı həyata keçirən şəxs statusuna malik olması təsdiqini tapmır. Belə olan halda, iddiaçının ezam olunduğu yer ərazi meyarları baxımından müvafiq qanunvericiliyin tələblərinə uyğun gəlmir və onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı təsdiqini tapmır. Belə olan halda cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar