Məhkəmə qərarları › İş №2-1(112)-2624/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2624/2021

22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2624/2021 22.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra və probasiya şöbəsinin rəisi İdris Həsənquliyevə qarşı “cavabdeh tərəfindən tabeçiliyində olan icra məmuruna qarşı tərəfindən verilmiş etirazla bağlı müvafiq qərarın ona təqdim olunması vəzifəsinin qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra və probasiya şöbəsinin rəisi İdris Həsənquliyevə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tabeçiliyində olan icra məmuruna qarşı tərəfindən verilmiş etirazla bağlı müvafiq qərarın ona təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, tərəf olduğu icra işi üzrə icra məmuruna qarşı, onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsasların olduğu üçün, etirazını cavabdehə xx.xx.2020-ci il tarixində təqdim etmişdir. Etirazla bağlı cavabdeh tərəfindən ona müvafiq qərar deyil, etirazın baxılmasının ümumiyyətlə mümkün olmadığı barədə adi məktub xx.xx.2020-ci il tarixində təqdim edilmiş, həmin imtina onunla əsaslandırılır ki, güya etiraz artıq icra hərəkətləri başlanandan sonra verilib. Halbuki, sözügedən etiraza cavab olan həmin məktub qanunvericiliyin mütləq tələblərinə və işin faktiki hallarına tamamilə ziddir. Cavabdehin, iddiaçının etirazının icra hərəkətlərin başlanmasından sonra güya verilməsinə dair dəlilinə gəldikdə qeyd etmək lazımdır ki, bu həqiqətə uyğun deyil. Çünki, həmin vaxt ancaq icra məmurunun icraata başlaması və könüllü icra üçün vaxtın verilməsi barədə xx.xx.2020-ci il tarixli qərarı və müvafiq bildirişi mövcud idi və həmin müddət ərzində təbii ki, heç bir icra hərəkəti edilə bilməzdi və edilməyib. Cavabdeh məktubunda sadəcə qanunla nəzərdə tutulmuş və konkret məna daşıyan “icra hərəkəti” anlayışını “tələbin icrası istiqamətində icra tədbirləri” cümləsi ilə əvəzləşdirir. Ümumiyyətlə, adi məntiqə görə də, icra məmurunun kim olduğunu tərəflər ancaq onun icraata başlamaq haqqındakı qərarından müəyyən edə bilərlər və məhz bundan sonra ona etiraz edə bilərlər - hər bir halda, sözügedən etiraz könüllü icra müddəti zamanı cavabdehə təqdim edilib və həmin vaxt heç bir icra hərəkəti təbii ki, həyata keçirilə bilməzdi. Qanunun mütləq tələblərinə əsasən “icra qurumunun rəhbəri tərəfindən icra məmuruna edilən etirazdakı dəlillərlə razılaşmadığı halda, bu barədə müvafiq qərar qəbul edilir - və bu qərardan tərəflər məhkəməyə şikayət edə bilərlər”. Lakin, cavabdeh sözügedən etirazdan şikayətin verilmə müddətinin güya keçməsinə söykənərək, ona ümumiyyətlə baxmır və bu barədə lazımi qərar qəbul etmir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. Təyin edilmiş məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndəsi iştirak etmədiklərinə görə, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsi mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin 13 noyabr 2020-ci il tarixli hüquqi yardım göstərilməsi barədə sərəncamı ilə iddiaçıya irəli sürdüyü iddia tələbinin iddia icraatı qaydasında baxılmasının mümkün olmaması və icra vərəqəsini vermiş məhkəməyə şikayətlə müraciət etməyin məqsədəuyğunluğu izah edilmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Belə ki, iş materiallarından məlum olur ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-571/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu tərəf olan iddiaçı qanuni qüvvəsini almış və artıq icraya yönəldilmiş məhkəmə qərarının icrasının təmin edilməsi məqsədilə icra hərəkətlərini aparan icra məmurunun hərəkətlərindən şikayətlə baglı hazırki iddianı irəli sürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə də, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmənin qənaəti belədir ki, icra icraatının gedişində tələbkar icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasını Mülki Prosessual Məcəllənin 228-232-ci maddələrinə uygun öz hüquqlarından istifadə etməklə məhkəmə qaydasında tələb edə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, ayrıca inzibati iddia vermişdir. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddianın mümkün sayılmadığı qənaətinə gəldiyindən iddiaçıya izah edilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra sənədini vermiş müvafiq məhkəməyə şikayətlə müraciət edə bilər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hakim: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar