Məhkəmə qərarları › İş №2-1(112)-2624/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2624/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2624/2023 02.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, iddiaçı X2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş imtinanın əsassız sayılması, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1964-cü il tarixli, 1231 saylı doğum haqqında akt qeydində adın “Xanımbacı”dan “Xanım”a dəyişiklik edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırır ki, xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1994-cü ildə X3 ilə Binəqədi rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladları var. 1995-ci ildən Rusiya Federasiyasının vətəndaşıdır. xx.xx.2022-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi onun doğum haqqında təkrar şəhadətnaməsinin alınması barədə Cavabdehnə müraciət etmişdir. Lakin müəyyən olunmuşdur ki, doğum haqqında şəhadətnamədə adı “Xanımbacı”, şəxsiyyətini təsdiq edən sənəddə isə "Xanım" yazılmışdır. Sənədlər arasında ziddiyyət olduğu üçün Cavabdeh tərəfindən iddiaçıya imtina məktubu verilmişdir. İmtina məktubunda bildirilmişdir ki, araşdırma zamanı Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1964-cü il tarixli, 1231 saylı doğum haqqında akt qeydində adın “Xanımbacı” kimi yazılmasına baxmayaraq, Rusiya Federasiyası tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş şəxsiyyəti təsdiq edən sənəddə isə adın “Xanım” olaraq qeyd edildiyi, həmçinin iddiaçıya məxsus olan xx.xx.1994-cü il tarixli 348 saylı nikah və övladlarının doğum haqqında akt qeydlərində adın “Xanım” olaraq yazıldığı bildirilərək, təqdim edilən sənədlər arasında ziddiyyət olduğu və adının “Xanımbacı”dan “Xanım”a dəyişdirilməsi barədə sənəd təqdim edə bilmədiyi üçün doğum haqqında akt qeydində adın “Xanımbacı”dan “Xanım”a düzəliş edilməsi imkan xaricindədir. İddiaçı hesab edir ki, Cavabdeh imtinası onun qanunla qorunan hüquqlarını pozur. Ona görə də iddiası təmin edilməli və adının sənədlərində olduğu kimi “Xanım” yazılması vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi hər hansı üzrlü səbəb bildirilmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydində dəyişikliyin edilməsi ilə bağlıdır. İddiaçı müvafiq tələblə əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, seçdiyi yer üzrə Cavabdehnə qarşı iddia qaldırmışdır. İrəli sürülmüş iddia öhdəliyin icrası növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının doğum haqqında akt qeydində adının “Xanımbacı" yazılmasına baxmayaraq, Rusiya Federasiyası tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RUS ********* saylı pasportunda və ona məxsus olan digər vətəndaşlıq vəziyyəti akt qeydlərində adının “Xanım” yazıldığı əsas gətirilərək X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olmaması və təqdim edilən sənədlər arasında ziddiyyət olduğu üçün iddiaçı barəsində vətəndaşlıq vəziyyəti akt qeydlərində adının “Xanımbacı"dan “Xanım”a dəyişdirilməsinin mümkün olmadığı bildirilmiş, bunun üçün məhkəməyə müraciət edilməsi ona tövsiyə olunmuşdur. - Oktyabr rayon ZAQS bürosu tərəfindən tərtib edilən iddiaçıya məxsus 10 mart 1964-cü il tarixli, 1231 nömrəli doğum aktı qeydinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, qeydin uşaq haqqında məlumat qrafasında iddiaçının adı “Xanımbacı” kimi qeyd edilmişdir. Ata-anası haqqında məlumat qrafasına əsasən atası X11, anası X5r. Uşağa A3- 608889 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir (18-ci qrafa). - Oktyabr rayon VVAQ tərəfindən xx.xx.1964-cü il tarixdə verilmiş A3№608889 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Наджaфова Ханымбаджи Аскер qızı xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. - PB №018415 nömrəli xx.xx.1988-ci il tarixli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 1982-ci il tarixdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuş, 1988-ci ildə həmin ali məktəbi bitirmişdir. Diplomun sahibi qrafasında X8 qeyd olunmuşdur. - Binəqədi rayon “Leyla” Nikah Evi tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş Vİ-ЖГ № 429019 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki,xx.xx.1962-ci il tarixdə Ağdam rayonunda doğulmuş X3 ilə 28 fevral 1964-cü il tarixdə Bakı şəhərində doğulmuş X9 nikaha daxil olmuş, bu barədə X1 qeydiyyatı kitabında 17 may 1994-cü il tarixdə, 348 nömrə ilə qeyd edilmişdir. İddiaçının adı şəhadətnamənin ad, ata adı qrafasında “Xanım” qeyd olunmuşdur. - İddiaçıya məxsus Rusiya Federasiyası vətəndaşının notarial qaydada təsdiq edilmiş: - xx.xx.2009-cu il tarixdə 25 09 175242 nömrəli; - xx.xx.2014-cü il tarixdə 73 seriyalı, ******* nömrəli pasportlarda iddiaçının adı X6 qeyd olunmuşdur. - Rusiya Federasiyasının İrkutsk vilayəti, Ust-İlimsk şəhəri VVAQ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş İİİ-СТ №840613 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2000-ci il tarixdə İrkutsk vilayəti Ust-İlimsk şəhərində doğulmuşdur. Ata adı qrafasında X3, ana adı qrafasında X6 qeydi aparılmışdır. - Azərbaycan SSR Ucar rayon hərbi batalyonu tərəfindən verilən iddiaçıya məxsus xx.xx.1989-cu il tarixli ГE №130688 saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, hərbi biletin ad, soyad qrafasında X9 qeyd edilmişdir. İşin faktiki hallarından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X7 ona məxsus bütün sənədlərdə adının “Xanım” olaraq qeyd olunduğuna istinad edərək, Yasamal (Oktyabr) rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum akt qeydində ad qrafasına dəyişiklik edilərək, adının “Xanımbacı”dan “Xanım”a dəyişdirilməsini istəyir. İddiaçı mövcud tələbi ilə bağlı Cavabdehnə müraciət etsə də, sonuncu tərəfindən müraciətin təmin edilməsindən imtina edilmiş, iddiaçı bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. - 26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi X1 qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.12. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X1 Reyestri Xidmətinə sorğu verir. 6.13. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydləri olduqda baxılır. Həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Əsas Müddəaların 1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilməsi əsaslarından biri də vətəndaşların qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirməsidir. Müddəaların 5-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Göründüyü kimi, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın aparılması qaydalarını, onun məqsədlərini aydın şəkildə göstərmiş, bu akt qeydlərində dəyişikliklərin aparılması mümkünlüyünü kifayət qədər əsasların olması halı ilə məhdudlaşdırmışdır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarını nəzərdə saxlamaqla hesab edir ki, hazırkı halda iddiaçının pasportunda, ali təhsil haqqında diplomunda, hərbi biletində, nikah haqqında şəhadətnaməsində, uşaqlarının doğum haqqında şəhadətnaməsində adının “Xanım” göstərildiyindən dəyişikliyin edilməsi üçün kifayət qədər əsaslar var və hər hansı ziddiyətli məqam mövcud deyil. Əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq dəyişikliyin həyata keçirilməsindən imtina edilməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2-ci maddə). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, məhkəmənin qənaəti belədir ki, iddiaçının doğum haqqında akt qeydində müvafiq dəyişikliyi etmək öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1964-cü il tarixli, 1231 saylı doğum haqqında akt qeydinin ad qrafasında iddiaçının adının “Xanımbacı”dan düzəliş edilərək “Xanım” qeyd edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar