Məhkəmə qərarları › İş №2-1(112)-2624/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2624/2025

05.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2624/2025 05.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “sənədlərin təqdim edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh-AR Fövqəladə Hallar Nazirliyi Tikintində X2 Agentliyinin üzərinə "xxxx" MMC barəsində tərtib edilmiş Protokolu və Qərarının təqdim edilməsi vəzifəsinin qoyulması və cavabdeh- AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərinə "xxxx" MMC barəsində tərtib edilmiş Aktı və AR Baş Prokurorluğuna göndərilmiş toplamış materialların təqdim edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar "xxxx" MMC-ə qarşı Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi ev 4 mənzil 32 və 80 ünvanında yerləşən mənzillərin boşaldılaraq, "xxxx" MMC-yə təhvil verilməsi, mənzilin əvəzinə yeni tikiləcək binada təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan 2 il müddətinə İddiaçı1 və X4ma təhvil verilməsi və boşaldılması nəzərdə tutulan mənzilin "xxxx" MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək "xxxx" MMC tərəfindən İddiaçı1 və X3 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsinə dair məhkəməyə müraciət etmişdir. Bununla bağlı olaraq, "xxxx" MMC iddiaçıları cəzalandırmaq və mənzillərdə yaşayış üçün dözülməz şərait yaratmaq qərarına gəlmişdir. "xxxx" MMC evlərin həyətyanı sahələrinin zəbt edərək, bir neçə yaşayış evinin həyətinin ətrafında çəpər çəkmiş, dəmir hasar qurmuş, darvazaya açarı yalnız onlarda olan qıfıl vurmuşdur. İddiaçılar öz evlərinə keçmək üçün onların işçilərindən darvaza qapısını açmağı xahiş etməli olur. Axşamlar, adamlar işdən evlərinə qayıdarkən, yaşlı sakinlər, azyaşlı uşaqları olan ailələr kənar yardım olmadan öz mənzillərinə girə bilmirlər. Hasarın içərisində müvəqqəti tikililər inşa etdi, gecə yarıya qədər işləyən inşaat texnikasını yerləşdirdi, sakinlərin əkdiyi ağacları doğradı, evin həyətinə girişi məhdudlaşdırmışdır, telefonu, internet təchizatı xətlərini sıradan çıxarmışdır, evin damını sökmüşdür və yağışlı havada 1-ci mərtəbənin mənzillərini su basırdı, həyəti antisanitariya vəziyyətinə çevirdi. İş o yerə çatdı ki, evdən 2 metr məsafədə, çoxmərtəbəli yaşayış binasının tikintisi üçün təməl xəndəyi qazdılar, bu isə insanların yaşadığı evin çökməsinə şərait yaradır. İddiaçıların AR Fövqəladə Hallar Nazirliyi Tikintində X2 Agentliyinə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü xx.xx.2024-cü il tarixli ərizələrinə cavab verilmiş və həmin cavabların surətləri Bakı şəhəri İcra Hakimiyyətinə və Nəsimi rayon İcra Hakimiyyətinə göndərilmişdir. Alınmış cavabdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İ.Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 274 nömrəli Sərəncamı ilə icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Həmin ünvanda ayrılmış torpaq sahəsində icazəverici sənəd olmadan MMC tərəfindən söküntü işləri aparıldığından Agentlik tərəfindən söküntü işlərinin dayandırılması barədə “Qərar” verilmiş və “Qərar”ın surəti AR Prezidentinin xx.xx.2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydalar”nın 2.20-ci bəndinin tələbinə uyğun olaraq, tikinti əraziyə nəzarətin təmin olunması məqsədilə Nəsimi rayon İcra Hakimiyyətinə və Nəsimi rayon Polis İdarəsinə göndərilmiş və inzibati xəta haqqında Protokol tərtib edilmişdir. İddiaçıların AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ərizələrinə cavab verilmişdir Alınmış cavabdan görünür ki, ağac kəsiməsi faktı aşkar edilmiş və mövcud vəziyyət qanunamüvafıq qaydada sənədləşdirilərək Akt tərtib olunmuş və təbiətə dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından toplamış materiallar AR Baş Prokurorluğuna göndərilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, iddiaçılar cavabdehlərə AR Fövqəladə Hallar Nazirliyi Tikintində X2 Agentliyi söküntü işlərinin "xxxx" MMC tərəfindən dayandırılması barədə “Qərar”ın təqdim edilməsi barədə ərizə ilə müraciət etmişdirlər. İddiaçılar cavabdehə - AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə bizə Aktın və AR Baş Prokurorluğuna "xxxx" MMC barəsində toplanıb göndərilmiş materialların təqdim edilməsi barədə ərizə ilə müraciət etmişdir. Bir aydan çox vaxt keçməsinə baxmayaraq, cavabdehlər iddiaçılara hər hansı cavab verməyiblər.

II. İddianın mümkünlüyü

3. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

4. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

6. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən müvafiq sənəldərin təqdim tələb etmişdir.

7. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçıların faktiki olaraq məhkəməyə təqdim etdiyi iddia tələbi (müvafiq sənədlərin təqdim edilməsi) ilə bağlı cavabdeh orqanlara yazılı müraciəti olmamışdır.

8. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı müvafiq müraciətlə (müvafiq sənədlərin təqdim edilməsi) əvvəlcə aidiyyəti inzibati orqana (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə) müraciət etməli, müraciətin təmin olunmasından imtina edildiyi təqdirdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia ilə məhkəməyə şikayət verilməsi mümkündür.

9. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir.

10. Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir.

11. Eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi iddia tələbinin olduğu kimi necə ifadə edilməsini şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsi ilə bağlı məhkəmənin borcunu nəzərdə tutmur. Qeyd edilən halda məhkəmənin hüquqi yardım göstərmək vəzifəsi inzibati məhkəmə icraatı zamanı iddia tələbinin hansı meyarlara cavab verməli olduğunu izah etməklə müəyyənləşir.

12. Odur ki, məhkəmə tərəfindən iddiaçılara dəfələrlə məktubla müvafiq hüquqi yardım göstərilərək cavabdeh inzibati orqanlara müraciəti təsdiq edən sənədi və imtina məktubunu məhkəməyə təqdim etmək təklif edilmişdir. Buna baxmayaraq iddiaçılar ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış və cavabdeh orqanlara müraciəti təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdirlər.

13. Digər tərəfdən məhkəmə qeyd edir ki, tələb olunan məlumatın verilməsinə dair sorğunun məqsədi, sorğu edilən məlumatın mahiyyəti, məlumatın əldə edilməsində sorğu edən şəxsin hüquqi marağı sorğuda əsaslandırılmalıdır. Başqa sözlə, iddiaçı sorğu vasitəsi ilə tələb etdiyi məlumatları əldə etməkdə müəyyən legitim və əsaslı məqsəd güdməli, həmin məlumatların təqdim olunması onun hüquqi marağı baxımından zəruri olmalı, müəyyən xidməti və ya ictimai ehtiyacların təmin olunması maraqlarından irəli gəlməlidir. Hazırkı mübahisəyə münasibətdə həmin məlumatların əldə olunmasında iddiaçı öz dəqiq məqsədi, tələb edilən məlumatların onun ifadə azadlığı hüququnun həyata keçirilməsində kəsb etdiyi əhəmiyyəti, hüquqi marağı baxımından məlumatların əldə olunmasının zəruriliyi barədə nə inzibati orqana, nə də məhkəməyə açıqlama verməmiş və bunu dəqiqliklə ifadə etməmişdir.

14. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən ümumi şəffaflıq və informasiya əldə etmək hüququna istinad olunması həmin məlumatların tələb edilməsi üçün yetərli sayıla bilməz. Bu baxımdan xüsusi olaraq vurğulamaq lazımdır ki, məlumat əldə etmək hüququ heç bir ehtiyac və zərurət olmadan, şəxsin hüquqi maraqlarının təmin olunması məqsədi güdmədən hər bir halda informasiya tələb etmək anlamında qiymətləndirilə bilməz.

15. Məhkəmənin bu yanaşması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ağalıyev Azərbaycana qarşı” 8135/12 nömrəli, 10 yanvar 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Avropa Məhkəməsinin həmin hüquqi mövqeyinə görə, “Məhkəmə “axtarılan məlumatın mahiyyəti” ilə bağlı əlavə müvafiq kontekstual təfərrüatlar olmadan ərizəçinin tələb etdiyi bütün məlumatların, məsələn, AzTV-nin yanacaq və təmir xərcləri və vebsaytın saxlanması xərcləri ilə bağlı məlumatların mütləq ictimai maraq doğuran məsələlər olmaları barədə ərizəçinin iddialarını qəbul edə bilməz. Eynilə, ərizəçinin verdiyi sualların xüsusiyyətlərini və təfərrüatlı xarakterini nəzərə alaraq, məlumatların “mövcud və əlçatan” olub-olmaması sualı yaranır. Sonuncu meyarla əlaqədar olaraq, Məhkəmə təkrar edir ki, Konvensiya ərizəçinin sorğusu üzrə məlumat toplamaq və onu ərizəçinin istədiyi xüsusi formada təqdim etmək öhdəliyi qoymur. Bununla belə, Məhkəmə yuxarıda qeyd edilən iki meyarın yerinə yetirilib-yetirilmədiyini təfərrüatlı formada araşdırmağı zəruri hesab etmir, belə ki, hazırkı işin halları ilə sıx əlaqəli olan məlumat əldə edilməsinə dair sorğunun məqsədi və ərizəçinin roluna dair vacib meyarların təmin olunması iş materialları ilə sübut olunmur.

16. Məlumat əldə edilməsinə dair sorğuların məqsədinə gəldikdə, Məhkəmə bir daha bildirir ki, bu meyarın təmin olunmuş hesab edilməsi üçün ərizəçinin Məhkəmə qarşısındakı icraatda mübahisəli sorğunun verilməsinə dair öz məqsədini ilk dəfə izah etməsi kifayət deyildir. Sorğunu verən şəxs ilk növbədə, müvafiq daxili orqanlar qarşısında, digər məsələlərlə yanaşı, informasiyanın əldə olunması və ictimaiyyətə çatdırılmasında onun xüsusi rolunun sorğu edilən məlumatın mahiyyəti ilə hansı dərəcədə uyğunluğunu göstərməklə sorğunun dəqiq məqsədini və hansı səbəblə onun ifadə azadlığı hüququnun həyata keçirilməsində mühüm əhəmiyyət kəsb etdiyini kifayət qədər izah etməlidir. Ərizəçinin ümumi şəffaflıq prinsipinə əsasən müəyyən məlumatların əlçatan olması barədə mücərrəd fikirləri kifayət deyildir. Bundan əlavə, məlumatın “əldə edilməsində və ictimaiyyətə çatdırılmasında” sorğu verən şəxsin rolu xüsusi əhəmiyyət kəsb edir. Əsas məqam, sözügedən məlumatı əldə etmək istəyən şəxsin ictimai “gözətçi” kimi bunu jurnalistləri, QHT-ləri, akademik tədqiqatçıları, ictimai maraq doğuran məsələlərə dair ədəbiyyat müəlliflərini və müəyyən hallarda bloggerləri əhatə edən, lakin bununla məhdudlaşmayan ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə edibetməməsidir.

17. İş materiallarından ərizəçinin əldə etmək istədiyi məlumatların onun ifadə azadlığı hüququnun həyata keçirilməsində nə üçün mühüm rol oynadığı müəyyən edilmir və buna görə də ona bu məlumatların verilməsindən imtina edilməsi 10-cu maddəyə əsasən ərizəçinin ifadə azadlığı hüququna müdaxilə təşkil etmir.

18. Konvensiyanın 10-cu maddəsi şəxslərə dövlət orqanında olan məlumatları əldə etmək hüququnu vermir və dövləti həmin şəxsə belə məlumatları verməyə məcbur etmir. Bununla belə, birincisi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə belə məlumatların açıqlanması tələb olunduqda və ikincisi, informasiyanın əldə edilməsi fərdin ifadə azadlığı hüququnu həyata keçirməsi üçün bir vasitə olduğu halda, belə bir hüquq və ya öhdəlik yarana bilər. Məlumat verilməsindən imtina edilməsinin ərizəçinin ifadə azadlığı hüququna müdaxilə olubolmaması və ya hansı dərəcədə müdaxilə təşkil etməsi hər bir fərdi işə əsasən və həmin işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Konvensiyanın 10-cu maddəsinin dövlət orqanlarının məlumatı açıqlamaqdan imtinasına şamil edilib-edilmədiyini müəyyən etmək üçün aşağıdakı meyarlar müəyyənləşdirilmişdir: (a) məlumatın verilməsinə dair sorğunun məqsədi; (b) sorğu edilən məlumatın mahiyyəti; (c) məlumatın “qəbul edilməsində və ictimaiyyətə çatdırılmasında” sorğu edən şəxsin xüsusi rolu və (d) sorğu olunan məlumatın mövcudluğu və əlçatanlığı.” (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-108/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarının 26-31-ci bəndləri).

19. Odur ki, iddia mümkün sayılmamalıdır. İddia tələbi üzrə iddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

21. Məhkəmə həmçinin qeyd edir ki, Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar