Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2625/2022 27.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, döngə 5-də yerləşən 20 a saylı evin 6 otaqlı, yaşayış sahəsi 154,35 kv. metr, ümumu sahəsi 250,75 kv. metr olan 1/1-ci mənzilinə dair 5 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 qızı və nəvəsi) onun adına kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdeh-Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, döngə 5-də yaşayan 20a saylı evin 6 otaqlı, yaşayış sahəsi 154,35 kv.metr, ümumi sahəsi 250,75 kv. metr olan 1/1-ci mənzilinə dair İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhər icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o ailə üzvlərilə birlikdə uzun müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, döngə 5, 20 a saylı evin 1/1-ci mənzilində qeydiyyatda olmaqla yaşayır. Yaşadığı bina əvvəllər “Balaxanıneft” Neft Qazçıxarma İdarəsinin balansında və xidmət dairəsində olmuş, AR Dövlət Neft Şirkətinin tabeliyində Sosial İnkişaf İdarəsi yarandıqdan sonra Mənzil-Kommunal Xidmətlər Departamentinin balansına və xidmət dairəsinə verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli, 435 nömrəli sərəncamı ilə AR Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil-Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyriyaşayış sahələri qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd edilən sərəncamı icra edilmiş və yuxarıda göstərilən ünvanda yerləşən yaşayış binası Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına qəbul edilmişdir. O, istər əvvəllər, istərsə də sonradan (bina Bakı şəhər MKTD-nin balansına qəbul edildikdən sonra) hal-hazıra kimi yaşadığı mənzilə dair bütün xərcləri (kommunal və mənzil haqqını) vaxtlı-vaxtında ödəyir. Yaşadığı mənzilə dair digər ailə üzvlərinin razılığı əsasında onun adına kirayə müqaviləsinin bağlanması üçün o qanunvericiliyə uyğun olaraq tələb olunan sənədləri təqdim etməklə Bakı şəhər İcra Hakimiuyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etmişdir. Hazırki iş üzrə cavabdeh olan həmin qurumdan ona 01.06.2021 -ci il tarixli. M-57 saylı məktubla imtina edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti məhkəməyə təqdim etdiyi iddia tələbinə dair yazılı münasibətində göstərmişdir ki, İddiaçı yaşadığı mənzilə öz adına kirayə müqaviləsinin bağlanması barədə ərizə ilə Departamentə müraciət etmiş, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 01.06.2021-ci il tarixli, M-57 saylı məktubu ilə ona cavab verilmişdir ki, ünvan 2 ünvanında yerləşən yeddi otaqlı 1/1 saylı mənzilə dair kirayə müqaviləsinin adına bağlanılması barədə hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından xahişini təmin etmək mümkün olmamışdır. Habelə yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələrin məhkəmə qaydasında həll edilməsi və müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqları ona izah edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X10 məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İş materiallarında olan; İddiaçıya məxsus AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən və elektron məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1964-cü ildə Bakı şəhərində doğulmuş X7 ünvan 3 ünvanında qeydiyyatdadır. “Balaxanıneft” MKT-i İdarəsi tərəfindən verilmiş 14.05.1996-cı il tarixli məktubun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Sabunçu rayonu İcra Hakimiyyətinin 22.04.1996-cı il tarixli M-41 nömrəli məktubuna əsasən Şəhər Şossesi ev 20a, mənzil 1 də yaşayan Musayevlər ailəsinin mənzil şəraitinin acınacaqlı olmasını yerində yoxlayıb aşağıdakı qərara gəlmişdirlər: Ailə 3 qardaş və 2 bacının ailəsindən ibarətdir. Cəmi 17 nəfərdir. Qeydiyyatları göstərilən ünvandadır. Ailənin bir hissəsi 2 otaq 32 kv.m-də, o biri ailələr həyətdə daxmalarda kirayədə yaşayırlar. Binada mənzillə bitişik 2 otaqlı mənzil vaxtıkən sökülüb dörd divar qalıb. Musayevlər ailəsinin vəziyyətinin nəzərə alaraq Sabunçu rayonu İcra Hakimiyyətinin məktubuna əsasən sökülmüş mənzilin bərpa edilməsi gələcəkdə istifadə üçün Musayevlər ailəsinə icazə verilir. Bərpa edildikdən sonra ailənin şəxsi maliyyə hesabına müvafiq dəyişiklik aparılması X3 tapşırılmışdır. Balaxanıneft NQÇİ tərəfindən verilmiş 20.04.1999-cu il tarixli məktubun surətindən müəyyən olunur ki, Balaxanıneft NQÇİ-nin rəhbərliyi Sabunçu rayonu İcra Hakimiyyətinin 22.04.1996-cı il tarixli MM-41 nömrəli məktubunu və idarənin işçisi X1 müraciətini yerində yoxlayıb aşağıdakı rəyə gəlmişdirlər: Şəhər Şossesi ev 20a, mənzil 1-də yaşayan Musayevlər ailəsinin mənzil şəraitinin acınacaqlı olmasını 3 qardaş və 2 bacının ailəsi göstərilən ünvanda cəmi 18, İddiaçı Seidxan oğlunun Qarabağ müharibəsi iştirakçısı olduğunu nəzərə alaraq, binada mənzilə bitişik vaxtikən sökülüb dörd divar qalmış, 2 otaqlı mənzilin bərpa edilməsi, gələcəkdə istifadə üçün Musayevlər ailəsinə icazə verilir. Bərpa edildikdən sonra ailənin şəxsi maliyyə hesabına müvafiq dəyişikliklər aparılması onlara tapşırılır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyun 2003-cü il tarixli 2-895/2003 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu qəsəbəsi, 5-ci döngə Şəhər şossesi küçəsi 20 “a” saylı evin 1/1 saylı mənzilinin balansa götürülməsi və icarə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyun 2003-cü il tarixli 2-895/2003 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Sabunçu qəsəbəsi, 5-ci döngə, Şəhər şossesi küçəsi 20 “a” saylı evin 1/1 saylı mənzili “Balaxanıneft” NQÇİ-nin balansına götürülməsi, İddiaçılə Bakı şəhəri, Sabunçu qəsəbəsi, 5-ci döngə, Şəhər şossesi küçəsi 20 “a” saylı evin 1/1 saylı 4 (dörd) otaqlı, dəhliz mətbəx, paltar soyunan yer, hamam, ocaqxana, tualet və digər yardımçı sahələri olan mənzilinə dair icarə müqaviləsinin bağlanmasının “Balaxanıneft” NQÇİ MKT-na həvalə edilməsi qət edilmişdir. “Balaxanıneft” NQÇİ-nin müdriyyəti və Həmkarlar İtifaqı komitəsinin birgə iclasının 20.04.2004-cü il tarixli 10 nömrəli protokoldan çıxarışın notrial qaydada təsdiq olunmuş surətində qeyd olunmuşdur ki, Sabunçu qəsəbəsi, 5-ci döngə Şəhər Şossesi 20a mənzil 1/1 -də yaşayan X2 ərizəsi dinlənildi. İddiaçı 4 (dörd) nəfər (özü, yoldaşı, 2 uşağı) ailə tərkibi ilə göstərilən ünvanda yaşayır, mənzil kommunal şəraitsizdir. İddiaçı mənzilinə bitişik ll-ci mərtəbədə boşalmış 6 saylı 2 otaqlı yaşayış sahəsi 50,60 kvm olan mənzilin İddiaçı oğlunun mənzilinə birləşdirilməsini xahiş edir. Qərara alınmışdır: - Sabunçu qəsəbəsi, 5-ci döngə Şəhər Şossesi 20a mənzil 1 /1 -də yaşayan İddiaçı ailəsinə həmən ünvanda 6 saylı mənzilin birləşdirilməsinə icazə verilsin. 1/1 saylı mənzilin yaşayış sahəsi 6 otaq 154,35 kvm və ümumi sahəs (250,75 kv. metr) hesab edilsin. - Qərar nəzarət və icra üçün 1 saylı MİS-nə məlumat üçün vətəndaş İddiaçı göndərilsin. “Balaxanıneft” NQÇİ tərəfindən qəbul olunmuş 30.06.2004-cü il tarixli 06 nömrəli protokolun surətindən müəyyən olunur ki, Sabunçu Rayon Məhkəməsinin iş № 2-895 2003 cü il tarixli qərarı əsasında X7 adına 4 otaq sahəsi 103,75 m2 olan mənzilə icarə müqaviləsi bağlanması və onun adına ailə üzvü 4 nəfər (özü, arvadı, 2 uşaq) maiiyyə hesabat vərəqəsi açılması qərar alınmışdır. Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi 5-ci Dön, 20 “a” saylı evin 1/1 saylı mənzilinin mövcud ümumi planının surətindən müəyyən olunur ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi 5-ci Dön, 20 “a” saylı evin 1/1 saylı mənzilinin mövcud ümumi planı 148 saylı MKİS tərəfindən təsdiq olunmuşdur. Bakı şəhəri, ünvan 4 ünvanında qeydiyyatda olan şəxslər- X4, X6 və X9 tərəfindən ayrı-ayrılıqda verilmiş notarial qaydada təsdiq olunmuş ərizlərdə qeyd olunmuşdur ki, qeydiyyatda olduqları ünvan 5 ünvanında yerləşən 1/1 mənzilinə dair kirayə müqaviləsinin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmirlər. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 01.06.2021-ci il tarixli M57 nömrəli məktubunda müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 5-ci döngə, Şəhər şosesi küçəsi, 20A saylı evin, yaşayış sahəsi 206,35 kv. metr (ümumi sahəsi 250,33 kv. metr) olan 7 otaqlı 1/1 saylı mənzilin kirayə müqaviləsinin adına bağlanılması üçün heç bir hüquqi əsas olunmadığından xahişinin təmin etmək mümkün olmamışdır. Əlavə olaraq nəzərinə çatdırırlar ki, yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli 435 s saylı Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 6.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış təklifi nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri (Dövlət əmlakının registrindən 2011-ci il 15 dekabr tarixli 3391 nömrəli çıxarış əlavə olunur) Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasını Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsi, Mənzil Kommunal Xidmətllər Departamentinin (qeydiyyat № 826) balansında olan daşınmaz dövlət əmlakı haqqında “Registrindən çıxarış”da ünvan 6 ünvanında yerləşən yaşayış binası qeyd olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25.01.2012-ci il tarixli 029 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011 -ci il tarixli, 435 s nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri (Dövlət Əmlakının Registrindən 2011-ci il 15 dekabr tarixli 3391 nömrəli çıxarış üzrə) Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən sərəncamının əlavəsində göstərilən siyahı üzrə yaşayış binalarının, yataqxanaların və qeyri-yaşayış sahələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada balansa qəbul edilməsi, həmin yaşayış fondunun mövcud texniki normalara uyğun istismarının təmin edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli 435 s nömrəli sərəncamına əlavə edilmiş siyahı üzrə, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər- Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələrinin bu sərəncamın Əlavəsinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə qəbul edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, qeyd olunan məsələ ilə bağlı cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir; 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir; 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır; 62.2-ci maddəsinə əsasənyaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti olan mənzildə faktiki yaşadığından, mənzilin balans saxlayıcısı olan orqan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentindən onun mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçı mübahisəli mənzildə 1996-cı il tarixdən yaşadığından və sonuncuya digər yaşayış sahəsinin verilməsi təklif olunmadığından, cavabdeh inzibati orqan yaşayış yeri üzrə qeydiyyatda olmaqla, istifadə hüququ olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, döngə 5-də yaşayan 20 A saylı evin 6 otaqlı, yaşayış sahəsi 154,35 kv. metr, ümumi sahəsi 250,75 kv. metr olan 1/1-ci mənzilinə dair dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam qəbul etməməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının mübahisəli evə dair kirayə müqaviləsinin onunla bağlanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); Mənzil Məcəlləsi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, döngə 5-də yaşayan 20a saylı evin 6 otaqlı, yaşayış sahəsi 154,35 kv. metr, ümumi sahəsi 250,75 kv. metr olan 1/1-ci mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, döngə 5də yerləşən 20 A saylı evin 6 otaqlı, yaşayış sahəsi 154,35 kv. metr, ümumi sahəsi 250,75 kv. metr olan 1/1-ci mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2625/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2625/2022
27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver