Məhkəmə qərarları › İş №2-1(112)-2626/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2626/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2626/2022 11.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Vəkil (Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Femida” Vəkil Bürosunun vəkili), cavabdehin nümayəndəsi X3 (Ünvan: Sumqayıt şəhəri, 10-cu mkr, ev 4, mənzil 53; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Dövlət Vergi Xidmətinin Aparatının Hüquq baş idarəsinin Məhkəmələrlə və materiallarla iş idarəsinin Məhkəmə işlərinin təşkili və təhlili şöbəsinin baş hüquqşünası) iştirakları ilə, iddiaçı - İddiaçı MMC-nin cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş 23.08.2021-ci il tarixli, **********4939 №-li “vergi ödəyicisinin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının qanunsuz akt kimi ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 11.01.2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. 09.12.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin 21.12.2021-ci il tarixli qərardadaı ilə iddiaçının “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 23.08.2021-ci il tarixli, **********4939 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” barədə ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 11.01.2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən **********4939 saylı Qərarı ilə İddiaçı MMC 75063.25 manat məbləğində cərimə etmişdir. Qərar rəsmi qaydada poçt vasitəsi ilə yox elektron formada Cəmiyyətin elektron kabinetinə 24.08.2021ci il tarixində yerləşdirilmişdir. İddiaçı MMC 11.03.2021-ci il tarixində 11 saylı Ərazi Vegilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmışdır. İlkin qeydiyyat zamanı nizamnamə kapitalı 10 manat olmuşdur. 01.06.2021-ci il tarixində Cəmiyyətin təsisçisinin Qərarı ilə nizamnamə kapitalının artırılması qərara alınmışdır. Bunun üçün təsisçi X7 özünə məxsus olan və 2016-cı ildə borc əvəzinə ona verilmiş mal-materialı qiymətləndirərək nizamnamə kapitalının artırılmasına yönəltmişdir. Bunun üçün Ələddin Cəfərov müstəqil X2 müraciət edərək özünə məxsus olan mal-materialların auditinin keçirilməsi və qiymətləndirilməsini xahiş etmişdir. Müstəqil Auditorun 07.06.2021-ci il tarixli Nizamnamə kapitalının formalaşdırılmasına dair Auditor Rəyi alınmışdır. Həmin rəyə əsasən vahid təsisçinin 25.05.2021-ci il tarixli protokoluna əsasən X1 məxsus olan mal, materialların bazar qiymətinə uyğun qiymətləndirilməsi həyata keçirilmişdir. 750 638 manat dəyərində qiymətləndirilən mal-materillar nizamnamə kapitalına əlavə edilməsi üçün sənədlərlə birlikdə 11 saylı Vergilər Baş İdarəsinə təqdim etmişdir. Həmin İdarə tərəfindən sənədlər qəbul edilmiş və İddiaçı MMC-nin nizamnamə kapitalının 750 648 manat olması müəyyən edilməklə 16.06.2021-ci il tarixində **********386900 saylı Çıxarış verilmişdir. Bu müddət ərzində Cəmiyyətin heç bir alış-veriş əməliyyatı olmamışdır. Təqdim edilən Çıxarışdan da göründüyü kimi Cəmiyyətin nizamnamə kapitalı təsisçiyə məxsus olan mal-material hesabına artırılmış və 11 saylı Ərazi Vergilər İdarəsi heç bir qanunsuzluq olmadığı üçün sənədləşməni həyata keçirmişdir. Vergi orqanı tərəfindən operativ nəzarət tədbirinin keçirilməsi zamanı DVX№002373 seriyalı AKT tərtib edilmişdir. Yoxlama zamanı aşkarlandığı iddia edilən “qanunsuzluq” tamamilə uydurmadan ibarətdir. X1 məxsus olan mal-materiallar (iri diametirli dəmir borular) ümumiyyətlə Azərbaycan Respublikasında istehsal olunmayan mallardır. Bu materiallar təsisçiyə məxsus olmaqla onun mülkiyyətində olan əmlaklardır. Tərtib edilən aktda bildirilir ki, “malların alışı barədə sənədlər tələb edilsədə təqdim edilmədi”. Bildirir ki, həmin Akta əlavə edilmiş siyahı vergi işçilərinə təqdim edilmiş Audit rəyinə əsasən yazılmışdır. Müvafiq olaraq yoxlama zamanı sənədlərinin olmadığ iddia edilən mal-materiailların nizamnamə kapitalı olduğu bildirilsədə vergi əməkdaşları bunu nəzərə almamışdır. Məcəllənin tələbi pozularaq vergi ödəyicisi olaraq cəmiyyətə yoxlama barədə heç bir məlumat verilməmişdir. Yoxlama keçirdiyini iddia edən vergi əməkdaşları müəyyən etdiklərini iddia etdikləri mal- materialların sənədlərinin bir saat içərisində təqdim edilməsini, əks halda cərimə tətbiq ediləcəyini bildirərək yoxlamanı başa çatdırdılar. Cəmiyyətə cərimə tətbiq edən şəxslərin İddiaçı MMC-nin nizamnamə kapitalından, kapitalın artırılması barədə sənədlərdən heç bir xəbəri yox idi. Formal olaraq keçirilən yoxlamanın aktı əsasında cərimə tətbiq edən əməkdaşlar müəssisənin yarandığı gündən heç bir əməliyyatının olmadığından belə xəbərləri yox idi. Azərbaycan Respublikası Vergi Məcəlləsində və digər qanunvericilik aktlarında nizamnamə kapitalı olan mal-materiallara cərimə tətbiq edilməsi müəyyən edilməmişdir. Əgər belə bir norma olsaydı 11 saylı Ərazi Vergilər İdarəsi nizamnamə kapitalını təsisçinin mal-materialı ilə artıran zaman həmin mal- materialın alış sənədlərini tələb edərdi. Göründüyü kimi vergi əməkdaşları formal yoxlama keçirmiş və yoxlama apardıqları müəssisənin ümumi vəziyyəti barədə heç bir məlumatları olmamışdır. Akta əlavə edilən siyahıda göstərilən əmlakların çəkisinin müəyyən edilməsi üçün həmin əməkdaşlarda hansı texniki vasitələr var idi? Həmin malların qalınlığını, uzunluğunu necə müəyyən ediblər? müxtəlif diametrlərdə olan dəmir boruların ayrı- ayrılıqda çəkisini yazan həmin əməkdaşların hansı texniki vasitələri var idi? əlbətdə ki, heç bir texniki vasitəsi olmayan bu əməkdaşlar qanunsuz yoxlama keçirmiş və yoxlama zamanı iddiaçı tərəfindən təqdim edilən Audit rəyində göstərilən rəqəmlər, çəkilər, diametrlər olduğu kimi köçürülmüşdür. Sonda isə heç bir sənəd təqdim edilmədiyi bildirilmişdir. Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən “Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir”. Vergi əməkdaşları bu qərarı ümumiyyətlə bizə nəinki təqdim etmək heç göstərməyiblər. Məcəllənin 53.3-cü maddəsinə əsasən “Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir”. Təsisçinin özünə məxsus olan malların qanuna müvafiq şəkildə satışını təşkil edilməsi üçün müvaifq olaraq 11 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək rəsmi şəkildə nizamnamə kapitalına əlavə etmişdir. Vergidən yayınmaq və ya qanunsuz hansısa əməllər etmək fikrim olsaydı təbii ki, bu malları bu formada rəsmiləşdirməzdi. Yuxarıda da qeyd etdiyi kimi inzibati orqan təsisçiyə məxsus olan malları nizmanamə kapitalına qəbul edibsə deməli əməlində heç bir vergi hüquq pozması yoxdur. Bu məntiqlə iddiaçı nizamnamə kapitalını 1 000 000 manat nəğd pulla artırmaış olsaydı o zaman ondan bu pulu hardan aldığı soruşulmalı idi. Vergi Məcəlləsinin 53.3-cü maddəsində həmçinin bildirilir: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Yuxarıda da qeyd etdiyimiz kimi vergi qanunvericiliyində nizamnamə kapitalına görə, nizmanamə kapitalının artırılmasına yönələn malmateriallana görə cərimə tətbiq edilməsi nəzərdə tutulmamışdır. Vergi əməkdaşları Məcəllənin bu tələblərinin heç birinə əməl etmədən ən asan yolu seçərək cərimə tətbiq edirlər. 5 aydır yaradılan və heç bir əməliyyatı olmayan Cəmiyyətə 75063.52 manat məbləğində cərimə yazılması tam məntiqsizdir. Qanunverici vergi orqanının üzərinə vəzifə qoyub ki, vergi ödəyicisinin təqsirini sübut etsin. Təqdim edilən sənədlərə isə ümumiyyətlə baxmamışlar. 09.07.2021-ci il tarixində tərtib edilmiş AKT 12.07.2021-ci ildə iddiaçıya göndərilib. 13.07.2021-ci ildə isə bildiriş göndərərək 23.08.2021-ci il tarixində vergi orqanına dəvət olunmuşlar. Həmin bildirişdə göstərilir ki, Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinin tələblərinin pozulması faktı aşkar edilmişdir. Həmin maddədə deyilir: “bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi; Vergi orqanı aşkar etdiyini düşündüyü materialların nizamnamə kapitalı olmasını bildiyi halda bu maddəyə istinad edərək cərimə tətbiq etməsi qanunsuzdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 08.07.2021-ci il tarixli **********6947 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən 08.07.2021-ci il tarixdə iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Biləcəri dairəsi, daş-qum bazarında yerləşən dəmir məmulatlarının satışı obyektində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində nəzərdə tutulmuş sənədlər əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində olan ümumi çəkisi 787,483 t olan 750 635,15 manat dəyərində metal borular aşkar edilmiş və və həmin malların alışını təsdiq edən sənədlərin olmadığı müəyyən olunmuşdur. Nəticədə vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq 09.07.2021-ci il tarixdə operativ vergi nəzarətinin nəticəsi barədə “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron-qaimə faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı 002373 nömrəli akt tərtib edilmişdir. Vergi ödəyicisi qeyd edilən aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Tərtib edilmiş akt 12.07.2021-ci il tarixli **********395200 nömrəli bildirişlə vergi ödəycisinin elektron qutusuna və poçt vasitəsilə hüquqi ünvanına göndərilmiş və vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi 23.08.2021-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə dəvət edilmişdir. Vergi ödəyicisi bu dəfə də malların əldə edilməsinə dair qanunvericiliklə müəyyən edilmiş alış sənədlərini yoxlamaya təqdim edə bilməmişdir. Nəticədə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 23.08.2021-ci il tarixli **********4939 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla MMC-yə 75 063,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Buna baxmayaraq, iddiaçı bir sıra əsassız dəlillər gətirərək 23.08.2021-ci il tarixli **********4939 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qanunsuz hesab edir. Cavabdeh aşağıda göstərilən səbəblərə görə iddia ərizəsi ilə razılaşmır: iddiaçı iddia ərizəsində ona məxsus təsərrüfat subyektində aşkar edilmiş alış sənədləri olmayan malların X1 məxsus olmasını, müəssisənin nizamnamə kapitalının auditor rəyi ilə 750 638 manat dəyərində qiymətləndirilən mal- materialların hesabına artırıldığını, qiymətləndirmə və auditor rəyinin alış sənədi olaraq nizamnamə kapitalının artırılması üçün rəsmiləşdirildiyini qeyd etmiş və aşkar edilmiş malların satışını təşkil etmək üçün həmin malları rəsmi şəkildə nizamnamə kapitalına əlavə etdiyini bildirmişdir. Göründüyü kimi vergi ödəyicisi özü qeyd edilən malların məhz satış məqsədi ilə MMC- nin obyektində olduğunu etiraf etmişdir. Bildirmək istəyirik ki, iddia ərizəsində qeyd edilənlərdən fərqli olaraq müəssisənin rəhbəri X7 yoxlamaya təqdim etdiyi 09.07.2021-ci il tarixli izahatında mağazada aşkar edilmiş 750 635,15 manat dəyərində malların İddiaçı MMC-yə məxsus olduğunu, malların alış qiymətlərinin özü tərəfindən yoxlamaya təqdim edildiyini bildirmişdir (09.07.2021-ci il tarixli izahat etiraza əlavə edilir). Həmçinin iddia ərizəsində aşkar edilmiş alış sənədləri olmayan malların İddiaçı MMC-yə deyil, MMC-nin təsisçisinə məxsus olduğu bildirilsə də, malların X4 mülkiyyətində olmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. İddiaçının yuxarıda qeyd edilən auditor rəyinin həmin mal-materialların alış sənədi olaraq qəbul etməsi isə mövcud qanunvericiliyə tamamilə ziddir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1 -ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə- faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi qanunvericilik malların alışını təsdiq edən sənədlərin konkret siyahısını müəyyən etmiş, malların qiymətləndirilməsi və nizamnamə kapitalının formalaşdırılmasına dair audit rəyi isə malların alışını təsdiq edən sənəd kimi nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 90.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. İddiaçının əsassız dəlillərindən biri də ondan ibarətdir ki, iddiaçıya məxsus mağazada operativ vergi nəzarəti keçirilən zaman Vergi Məcəlləsinin tələbləri pozularaq yoxlamanın keçirilməsi barədə vergi ödəyicisinə hər hansı məlumat verilməmişdir. İddiaçı iddia ərizəsində həm Vergi Məcəlləsinin 50.4-cü maddəsinə istinad edir, həm də vergi ödəyicisinə öncədən məlumat verilmədən yoxlamanın keçirilməsini əsassız hesab edir. Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı ərzində həyata keçirilir. Normanın məzmunundan da göründüyü kimi operativ vergi yoxlaması vergi ödəyicisinə öncədən məlumat verilmədən keçirilən vergi nəzarəti formasıdır. Cavabdeh vergi orqanı da yoxlama keçirilən zaman qanunvericiliyin tələblərinə əməl edərək hər hansı pozuntuya yol verməmişdir. Digər tərəfdən iddiaçı operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə vergi orqanının qərarının vergi orqanı əməkdaşları tərəfindən vergi ödəyicisinə təqdim edilmədiyini, bununla da Vergi Məcəlləsinin 50.4-cü maddəsinin tələblərinin pozulduğunu iddia edir. Halbuki, iş materiallarında mövcud olan 08.07.2021-ci il tarixli **********6947 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərardan, o cümlədən 08.07.2021-ci il tarixli KY211589900 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışdan görünür ki, İddiaçı MMC-nin rəhbəri X7 qərar və çıxarışla tanış olması barədə həmin sənədlərin üzərində qeyd aparmış, bunu öz imza və müəssisənin möhürü ilə də təsdiq etmişdir (qərarın və çıxarışın surəti etiraza əlavə edilir). Beləliklə bütün qeyd edilənlər, yəni operativ vergi nəzarəti keçirilmiş obyektin vergi orqanlarında qeydiyyata alınmaması, yoxlama zamanı obyektdə qeyd edilən mallardan başqa hər hansı digər malların olmaması, MMC-nin sahibkarlıq fəaliyyəti ilə bağlı hər hansı vergi tutulan əməliyyatının olmaması MMC tərəfindən vergi üstünlüyü əldə etmək məqsədi ilə vergidən yayınma sxeminin yaradıldığını və bununla da ödənilməli olan vergilərin dövlət büdcəsindən yayındırıldığını tam sübuta yetirir. Sonda isə nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: • onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə • vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə (70.3.2). Hazırkı iş üzrə mübahisələndirilən 23.08.2021-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar, o cümlədən bu qərarla tətbiq edilmiş maliyyə sanksiyası məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinin tələblərinə uyğun olmaqla bərabər hesablanılan şəxs hamı üçün aydın göstərilmişdir. Belə olan halda, həmin məsuliyyət qərarı prosessual pozuntularla tərtib edilmiş və etibarsız sayıla bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC 11.03.2021-ci il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. İşin faktiki hallarından görünür ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 08.07.2021-ci il tarixli **********6947 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Biləcəri dairəsi, daş-qum bazarında yerləşən dəmir məmulatlarının satışı obyektində 08.07.2021-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində olan ümumi çəkisi 787,483 t olan 750 635,15 manat dəyərində metal borular aşkar edilmiş və və həmin malların alışını təsdiq edən sənədlərin olmadığı müəyyən olunmuşdur. Nəticədə vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq 09.07.2021-ci il tarixdə operativ vergi nəzarətinin nəticəsi barədə “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron-qaimə faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı 002373 nömrəli akt tərtib edilmişdir. Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 23.08.2021-ci il tarixli **********4939 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla MMC-yə 75 063,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırda cavabdehin 23.08.2021-ci il tarixli, **********4939 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarını mübahisələndirir. İş materiallarından görünür ki, 07.06.2021-ci il tarixli auditor rəyinə əsasən iddiaçının nizamnamə kapitalına əmlak şəklində qoyulmuş və 11 saylı ərazi Vergilər Baş idarəsi tərəfindən dövlət qeydiyyatına alınmış 750 638 manat məbləğində olan dəmir borulara görə Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyası təşkil edir. Məhkəmə qeyd edir ki, 07.06.2021-ci il tarixli auditor rəyinə əsasən şirkətin nizamnamə kapitalına əmlak şəkilində qoyulmuş və 11 saylı ərazi Vergilər Baş idarəsi tərəfindən dövlət qeydiyyatına alınmış 750 638 manat məbləğində olan dəmir borulara görə tətbiq edilmiş maliyyə sanksiyasının hüquqi əsası yoxdur. Belə ki, 09.07.2021 -ci il tarixli operativ vergi nəzarəti aktında qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 16.1.3- cü, 71-ci və 130-cu maddələrinin pozulmasına görə həmin məcəllənin 58.8-ci maddəsinə əsasən vergi ödəyicisinə 75 065,51 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Lakin Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində qeyd olunmuşdur ki, malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi, hüquq pozuntusunun əsası malların alışını və ya mədaxilini təsdiq edən sənədlərin olmamasıdır. Lakin qeyd edilən dəmir borular şirkətin nizamnamə kapitalına 07.06.2021-ci il tarixli auditor rəyinə əsasən qoyulmuşdur və bu faktı vergi orqanının özü (11 saylı Ərazi Vergilər Baş İdarəsi) təsdiq etmiş və baş vermiş dəyişikliklər 16.06.2021-ci il tarixində hüquqi şəxslərin dövlət reyestrinə daxil edilərək, cəmiyyətə hüquqi şəxslərin dövlət reyestrindən çıxarış təqdim olunmuşdur. Göründüyü kimi malların mədaxilini təsdiq edən sənədlər mövcuddur və bu vergi orqanı tərəfindən təsdiq olunmuşdur. Həmçinin, məhkəmə qeyd edir ki, aktda qeyd olunan maddələrin isə məsələyə heç bir aidiyyatı yoxdur. Belə ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisin vəzifəsidir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən vergi ödəyicisinin ayrı-ayrı uçot sənədləri xarici dildə tərtib edildikdə, vergi orqanları onların Azərbaycan dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edir. Həmin Məcəllənin 71.4-cü maddəsinə əsasən mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Vergi Məcəlləsinin 130-cu maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə əsasən idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması vergidən azaddır. Şirkətin nizamnamə kapitalının artırılması Mülki Məcəllənin tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. Belə ki, Mülki Məcəllənin 90-cı maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə verən məbləğdən az ola bilməz. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iştirakçıların əlavə payları hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Bu qərarla əlavə payların ümumi dəyəri, həmçinin iştirakçının əlavə payının dəyəri və onun payının nominal dəyərinin artırıldığı məbləğ arasındakı nisbət müəyyən edilməlidir. Həmin nisbət iştirakçının payının nominal dəyərinin onun əlavə payına bərabər və ya ondan az məbləğdə arta biləcəyi nəzərə alınmaqla müəyyən edilir. Hər bir iştirakçı əlavə payların ümumi dəyərindən artıq olmayan, həmin iştirakçının nizamnamə kapitalında olan mayasının məbləğinə proporsional olaraq əlavə pay qoymaq hüququna malikdir. İştirakçılar tərəfindən əlavə paylar, bu barədə ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya ümumi yığıncağın qərarında müəyyən edilmiş müddətdə qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, müvafiq məbləğ cəmiyyətin nizamnamə kapitalına qoyulduğundan və bu vergi orqanı tərəfindən təsdiq edildiyindən, bununla baş vermiş dəyişikliklər hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyindən, həmçinin mübahisələndirilən qərarda iddiaçı tərəfindən vergi qanunverciliyinin pozulması faktı əsaslandırılmadığından və MMC-nin təqsiri sübuta yetirilmədiyindən, eləcə də məhkəmə araşdırması zamanı hər hansı əlavə sübut və dəlillər məhkəməyə təqdim edilmədiyindən 23.08.2021-ci il tarixli, **********4939 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”la İddiaçı MMC vergi məsuliyyətə cəlb edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.08.2021-ci il tarixli, **********4939 saylı qərar ləğv edilməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.08.2021-ci il tarixli, **********4939 saylı qərar ləğv edilsin. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar