Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2626/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı Muradxan oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Muradxan oğlunun cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Muradxan oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmirşdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən 3 saylı Notariat ofisi tərəfindən cavabdehə ünvanlanan 20 avqust 2022-ci il tarixli 1434 saylı məktubla, notariat ofisində V- 372/2017 nömrəli vərəsəlik işinin açıldığı və vərəsələrin dairəsinin müəyyən olduğu, X2 2 yanvar 2022-ci il tarixdə vəfat etməsi səbəbindən onun əri – hazırkı İddiaçı Muradxan oğlu tək vərəsə olaraq tanındığı cavabdeh qurumun diqqətinə çatdırılaraq notariat ofisinin icraatında olan vərəsəlik işi ilə əlaqədar X3 miras qalmış, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 9A ünvanında yerləşən, fərdi yaşayış evinə (və evin yerləşdiyi, ümumi ərazisi 588,2 kv.m olan torpaq sahəsinə) dair hüquqmüəyyənedici sənəd – reyestrdən çıxarış verilməsi cavabdeh inzibati orqandan xahiş olunmuşdur. İddiaçı tərəfindən cavabdehə digər sənədlərlə birlikdə 3 saylı Notariat ofisinin məktubu təqdim edilmişdir. Sənədləri ondan qəbul edən cavabdeh onları qaytararaq səbəb kimi tələblə əlaqədar daha əvvəl cavab verildiyini bildirmişdir. Cavabdehin istinad etdiyi həmin 14 sentyabr 2017-ci il tarixli imtinaya dair bildiriş belə əsaslandırılmışdır ki, X3 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 9A ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi, ümumi ərazisi 588,2 kv.m olan torpaq sahəsinə dair İdarəyə təqdim olunan hüquqmüəyyənedici sənədlərlə bağlı arxivdə heç bir məlumat aşkar edilməmiş və elektron kadastr məlumatlarına görə texniki pasportla faktiki vəziyyət arasında konfiqurasiya dəyişikliyi mövcuddur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin tələblərinə görə hüquqların dövlət qeydiyyatına alınmasından: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət’qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. X3 miras qalmış, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 9A ünvanında yerləşən, fərdi yaşayış evinə (və evin yerləşdiyi, ümumi ərazisi 588,2 kv.m olan torpaq sahəsinə) dair hüquqmüəyyənedici sənəd olaraq, “Şəxsi mülkiyyət hüquq ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” XDS İK-nın təsdiq etdiyi, Texniki İnventarlaşdırma Bürosunun tərtibatı ilə çıxarılmış 14 iyun 1979-cu il tarixli pasport göstərilir. Təqdim edilən texniki pasport isə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinin tələbi baxımından X3 miras qalmış torpaq sahəsinə və üzərindəki tikiliyə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi üçün əsas sayılır. İddiaçı yuxarıda qeyd edilən dəlillərə əsaslanaraq cavabdehin tələblə əlaqədar hərəkət və hərəkətsizliyini, imtinasını qanunsuz sayır və hesab edir ki, onun tələbi təmin olunmalı və cavabdehin üzərinə tələblə bağlı müvafiq vəzifə öhdəliyi qoyulmalıdır. Göstərilənlərə və İPM-in 2.1, 2.2.3, 34.1, 35.1-ci maddələrinə əsaslanaraq, məhkəmədən X3 miras qalmış, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 9A ünvanında yerləşən, fərdi yaşayış evinə (və evin yerləşdiyi, ümumi ərazisi 588,2 kv.m olan torpaq sahəsinə) dair hüquqmüəyyənedici sənəd – reyestdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında (1 dekabr 2022-ci il tarixli məktubunda) bildirilir ki, İddiaçı Muradxan oğlunun iddiası etirazla qarşılanır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair İddiaçı Muradxan oğlunun 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. X5 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi, ümumi ərazisi 588,2 kv.m olan torpaq sahəsinə hüququn ölmüş şəxsə, yəni X6 məxsus olması barədə arayışın verilməsi ilə bağlı 14 sentyabr 2017-ci il və 9 iyul 2021-ci il tarixlərdə İdarəyə müraciət etmişdir. Müraciətə cavab olaraq 14 sentyabr 2017-ci il tarixli **********18 saylı və 26 avqust 2021-ci il tarixli **********30 saylı məktublarla bildirilmişdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair təqdim edilən hüquqmüəyyənedici sənədlərlə bağlı arxivdə heç bir məlumat aşkar edilməmişdir və elektron kadastr baza məlumatına əsasən texniki pasportla faktiki vəziyyət arasında konfiqurasiya, perimetrik ölçü və sahə fərqləri mövcuddur. Bundan başqa təqdim edilmiş texniki pasporta əsasən yaşayış evinə bitişik və həyətyanı torpaq sahəsində əlavə köməkçi tikililər inşa edilmiş və digər tikililər isə sökülmüşdür. Həmçinin bildiririk ki, təqdim edilmiş texniki pasporta əsasən torpaq sahəsi 588.2 kv.m. faktiki olaraq 926.2 kv.m. təşkil edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsaslanaraq, İPM-in 35.1-ci maddəsini rəhbər tutaraq iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı Muradxan oğlu iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 22-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1 və 33.2-ci maddələri tətbiq oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı Muradxan oğlunun iddiası mahiyyətcə müvafiq fərdi yaşayış evi və onun altında yerləşən torpaq sahəsinə onun hüququnun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədədir və bu qəbildən olan iddialar “öhdəliyin icrası haqqında” iddialara aiddir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qaldırılmasından əvvəl iddiaçının inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq məsələ ilə bağlı müraciət etməsi nə iddia ərizəsində bildirilmiş, nə də həmin müraciəti təsdiq edən hər hansı sənəd və cavabdeh inzibati orqanın imtinası iddia ərizəsinə əlavə olunmamışdır. Bu hal isə belə nəticə yaradır ki, iddiaçı və cavabdeh arasında inzibati mübahisə yaranmamışdır. Həmçinin qeyd olunmalıdır ki, iş materiallarına görə iddiaçının mərhum arvadı X5 mərhum atası X7 məxsus evə dair reyestrdən çılxarışın və texniki pasportun verilməsi ilə əlaqədar 14 sentyabr 2017-ci il və 9 iyul 2021-ci il tarixlərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin nəzərə alınmalıdır ki, hazırkı iddiaçı “hüququn qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi” deyil, “hüququn mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbi ilə çıxış edə bilər və bu məzmunda da ilkin olaraq inzibati orqana (cavabdehə) müraciət etməlidir. Halbuki, onun müvafiq müraciəti olmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2626/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2626/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver