Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2628/2022 09.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.05.2009-cu il tarixdən 18.05.2016-cı il tarixədək olan müddət üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq birdəfəlik qaydada ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikası Prezidentinin «Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» 9 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün 21.04.2009-cu il tarixdən 31.12.2015-ci il tarixədək olan dövr üçün hesablanmış fərq məbləğinin ona birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, ona 05.05.2009-cu il tarixdə 17 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2-ci dərəcəli ilkin əlillik qrupu təyin edilmişdir, əlilliyin səbəbi “xəstəlik hərbi xidmət dövründə alımışdır” ifadəsi ilə göstərilmişdir. Onun əlilliyinin səbəbi “xəstəlik hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməklə 2010, 2011-ci illərdə 17 saylı TSEK tərəfindən, 2012, 2013, 2014, 2015-ci illərdə isə 29 nömrəli TSEK tərəfindən hər dəfə 1 il müddətinə uzadılaraq təsdiq edilmişdir. 18.05.2016-cı ildə isə onun əlilliyi növbəti dəfə Azərbaycan Respublikası Əmək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 29 №-li Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 5 illik müddətə uzadılaraq təsdiqlənmişdir. Lakin bu dəfə, yəni 18.05.2016-cı ildə onun əlilliyinin səbəbi onun müraciəti olmadan Dövlət Tibbi Sosial Ekspert və Reablitasiya Xidmətinin 29 №-li Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən dəyişdirilmiş və düzgün olaraq “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlillik ifadəsi ilə əvəz olunmuşdur və həmin tarixdən, yəni 18.05.2016-cı il tarixdən ona hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlilliyə görə DSMF-nin Şəmkir rayon Şöbəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və hazırda da ödənilməkdə davam etdirilir. Bundan sonra o, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 05.05.2009-cu il tarixdən 18.05.2016-cı il tarixədək olan müddət üçün Tibbi-Sosial Ekspert Komissiyasının 2009-2015-ci illərin müayinə aktlarından çıxarışlarında müvafiq düzəliş edilərək əlilliyin səbəbini göstərən “xəstəlik hərbi xidmət dövründə alınmışdır” ifadəsinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi ilə əvəz edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.10.2019-cu il tarixli, 2-1(81)- 4257/2018 saylı qərarı ilə onun iddiası təmin edilmiş və onun 2-ci dərəcəli əlillik qrupu haqqında Tibbi Sosial Ekspert Komissiyasının 2009-2015-ci illərin müayinə aktlarından çıxarışlarında müvafiq düzəlişlər edilərək onun əlilliyinin səbəbini göstərən “xəstəlik hərbi xidmət dövründə alınmışdır” ifadəsinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi ilə əvəz edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini aldıqdan sonra cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən icra edilmiş və onun 2-ci qrup əlilliyi haqqında 2009-2015-ci illərin müayinə aktlarında müvafiq düzəliş edilərək əlilliyin səbəbini göstərən “xəstəlik hərbi xidmət dövründə alınmışdır” ifadəsi “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi ilə əvəz edilmişdir. Bu düzəliş isə ona 05.05.2009-cu il tarixdən 18.05.2016-cı il tarixədək Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi üçün əsas verir. 05.05.2009-cu il tarixdən 18.05.2016-cı il tarixədək olan müddət üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq birdəfəlik qaydada ona ödənilməsi barədə qərar qəbul edilməsi xahişi ilə o, 16.07.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti bu günə qədər cavabsız və nəticəsiz qalmışdır. O, cavabdehin hərəkətsizliyini qanunsuz, ərizəsinin cavablandırılmamasını isə imtina kimi qiymətləndirir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 2-ci dərəcəli əlillik qrupu haqqında TSEK-in 2009-2015-ci illərə aid müayinə aktlarından çıxarışlarında müvafiq düzəliş edilərək əlilliyin səbəbini göstərən “xəstəlik hərbi xidmət dövründə alınmışdır” ifadəsinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi ilə əvəz edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.10.2019-cu il tarixli 2-1(81)- 4257/2019 nömrəli qərarı ilə İddiaçı 2009-2015-ci illərə aid müayinə aktlarından çıxarışlarında müvafiq düzəliş edilərək əlilliyin səbəbini göstərən “xəstəlik hərbi xidmət dövründə alınmışdır” ifadəsinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi ilə əvəz edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilmişdir. İddiaçı 04.02.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə ona 05.05.2009-cu il tarixdən 18.05.2016-cı il tarixədək olan müddət üzrə müharibə əlilləri üçün nəzərdə tutulmuş Prezident təqaüdünün ödənilməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin 27.05.2021-ci il tarixli 11451 nömrəli qərarı ilə İddiaçı 21.04.2009-cu il tarixdən müharibə əlilləri üçün Prezident təqaüdü təyin edilmişdir. “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 1.3-cü bəndinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.09.2008-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği Fərmanın 1-ci bəndinə uyğun olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 11.2.1-ci maddəsinə əsasən əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin şəxslər müharibə əlili hesab olunurlar. İddiaçı Ə.İ.Əliyevə 2-ci dərəcəli müharibə əlillərinə verilən Prezident təqaüdü hüququnun yarandığı 21.04.2009-cu il tarixdən təyin edilmiş, 30.11.2011-ci il tarixdən 70 manat məbləğində, 01.12.2011-ci il tarixdən 31.08.2013-cü il tarixədək 77 manat məbləğində, 01.09.2013-cü il tarixdən 31.03.2014-cü il tarixədək 85 manat, 01.04.2014-cü il tarixdən 31.01.2016-cı il tarixədək 130 manat, 01.02.2016-cı il tarixdən 28.02.2018-ci il tarixədək 143 manat, 01.03.2018-ci il tarixdən 31.03.2019-cu il tarixədək 158 manat, 01.04.2019-cu il tarixdən 31.12.2020-ci il tarixədək 230 manat, 01.01.2021-ci il tarixdən müddətsiz 350 manat aylıq vəsait hesablanmışdır. İddiaçı Ə.İ.Əliyevə ötən dövr üçün hesablanan təqaüdün ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək təyin edilmiş aylıq təqaüdün (350 manat) üzərinə əlavə edilməklə ödənilir. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.09.2008-ci il tarixli Fərmanı ilə müharibə əlilləri üçün nəzərdə tutulmuş prezident təqaüdünün əvvəlki dövr üzrə birdəfəlik ödənilməsi məsələsi tənzimlənmədiyindən analogiya olaraq sosial təminat haqqında qanunvericiliyin aşağıdakı normaları tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1- ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 30.08.2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən müraciətinizə baxılmışdır. Məlumat üçün bildiririk ki, Sizə 27.05.2021-ci il tarixli 11451 saylı qərara əsasən (iş № 081351 Şəmkir rayonu) 21.04.2009-cu il tarixindən 31.12.2015-ci il tarixinədək olan dövr üçün hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidentinin təqaüdü üzrə yaranmış fərq məbləğ 6989,33 (altı min doqquz yüz səksən doqquz manat 33 qəpik) manat təşkil edir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-2 bəndinə əsasən (ötən dövr üçün hesablanan təqaüdün ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq təqaüdün üzərinə əlavə edilməklə) fərq məbləğinin qanunamüvafiq qaydada ödənilməsi davam etdiriləcəkdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.10.2019-cu il tarixli, 2-1(81)-4257/2019 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə qarşı müayinə aktlarından çıxarışlarında müvafiq düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 2-ci dərəcəli əlillik qrupu haqqında Tibbi Sosial Ekspert Komissiyasının 2009-2015ci illərinin müayinə aktlarından çıxarışlarında müvafiq düzəliş edilərək əlilliyin səbəbini göstərən “xəstəlik hərbi xidmət dövründə alınmışdır” ifadəsinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi ilə əvəz edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Ənalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 17/68-34/2020-14 saylı 19.01.2021-ci il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4257/2019 saylı, 24.10.2019-cu il tarixli icra vərəqəsinə əsasən İddiaçı 2-ci dərəcəli əlillik qrupu haqqında Tibbi Sosial ekspert komissiyasının 2009-2015ci illərin müayinə aktlarından çıxarışlarında müvafiq düzəlişlər edilərək əlilliyin səbəbini göstərən “xəstəlik hərbi xidmət dövründə almışdır” ifadəsinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi ilə əvəz edilməsi vəzifəsi borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmişdir. İcra vərəqəsi 01.10.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, icra sənədinin 10 gün ərzində könüllü qaydada icra olunmasına dair bildirişlə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə göndərilmişdir. Lakin icra sənədi borclu tərəfindən könüllü müddət ərzində icra edilməmişdir. İcra sənədi məcburi qaydada icra olunması üçün 12.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə göndərilmişdir. İcra sənədinin icrasının tələbi ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron Portalından alınmış çıxarışa əsasən məhkəmə qərarının icrasının təmin olunması müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(81)-4257/2019 saylı, 24.10.2019-cu il tarixli icra sənədi tam icra olunduğu üçün “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən şöbənin 04.12.2020-ci il tarixli qərarı ilə icraata xitam verilmiş və icra sənədi məhkəməyə qaytarılmışdır. İş materiallarında olan İddiaçı təqaüd işində olan sənədlərdən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin 27.05.2021-ci il tarixli 11451 nömrəli qərarı ilə İddiaçı 21.04.2009-cu il tarixdən müharibə əlilləri üçün Prezident təqaüdü təyin edilmişdir (müharibə əlillərinə təqaüd İİ qrup, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar (Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar). Azərbaycan Respublikası Prezidentinin «Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» 9 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir və onun aylıq məbləği həmin Fərmanla müəyyən edilmişdir. Bu Fərman 2008-ci il sentyabrın 1-dən qüvvəyə minmişdir (15 aprel 2019-cu il tarixli 639 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə adında və 1-ci hissəsində “Müharibə əlillərinə” sözləri “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilmişdir). Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 2009-cu ildən 2-ci dərəcəli ilkin əlillik dərəcəsi təyin edilmişdir, əlilliyin səbəbi “xəstəlik hərbi xidmət dövründə alımışdır” göstərilmişdir. 18.05.2016-cı ildə isə iddiaçının əlilliyi növbəti dəfə 5 illik müddətə uzadılmışdır və əlilliyin səbəbi “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” göstərilmişdir və həmin tarixdən iddiaçıya Müharibə əlilləri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və hazırda da ödənilir. Lakin sonradan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.10.2019-cu il tarixli, 2-1(81)-4257/2019 saylı qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə qarşı müayinə aktlarından çıxarışlarında müvafiq düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 2-ci dərəcəli əlillik qrupu haqqında Tibbi Sosial Ekspert Komissiyasının 2009-2015-ci illərinin müayinə aktlarından çıxarışlarında müvafiq düzəliş edilərək əlilliyin səbəbini göstərən “xəstəlik hərbi xidmət dövründə alınmışdır” ifadəsinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi ilə əvəz edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Ənalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəyə minmiş və icra edilmişdir. Bundan sonra Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin 27.05.2021-ci il tarixli qərarına əsasən İddiaçı 21.04.2009-cu il tarixdən müharibə əlilləri üçün Prezident təqaüdü təyin edilmişdir (müharibə əlillərinə təqaüd İİ qrup, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar (Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) və 21.04.2009-cu il tarixindən 31.12.2015-ci il tarixinədək olan dövr üçün hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidentinin təqaüdü üzrə yaranmış fərq məbləğ 6989,33 (altı min doqquz yüz səksən doqquz manat 33 qəpik) manat hesablanaraq təqaüdün ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq təqaüdün üzərinə əlavə edilməklə ödənilir. Cavabdeh inzibati orqan iddia ərizəsinə etirazda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə, iddiaçıya ünvanlanmış 30.08.2021-ci il tarixli cavab məktubunda isə «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-2-ci maddəsinə əsaslanmaqla həmin ödənişin (Azərbaycan Respublikasının Prezidentinin təqaüdü) ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq təqaüdün üzərinə əlavə edilməklə ödənilməli olmasını bildirmişdir və həmin təqaüdün fərq məbləği hazırda bu qaydada ödənilir. Lakin məhkəmə hesab edir ki, həmin normalara istinad edilməsi və iddiaçıya təyin edilmiş Azərbaycan Respublikasının Prezidentinin təqaüdü üzrə yaranmış fərq məbləğinin bu qaydada ödənilməsi əsassızdır. Belə ki, qeyd olunan bu vəsait Azərbaycan Respublikası Prezidentinin təqaüdüdür və «Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» 9 sentyabr 2008-ci il tarixli 823 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən təsis edilmişdir və onun aylıq məbləği həmin Fərmana əsasən müəyyən edilmişdir. Həmin Fərmanda isə təqaüdün ümumi məbləğinin (fərq məbləği) ötən dövrdəki ayların sayına bölünərək aylıq təqaüdün üzərinə əlavə edilməklə ödənilməsi qaydası nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya təyin edilmiş Azərbaycan Respublikasının Prezidentinin təqaüdü üzrə yaranmış fərq məbləği birdəfəlik qaydada iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı Azərbaycan Respublikası Prezidentinin «Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» 9 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün 21.04.2009-cu il tarixdən 31.12.2015-ci il tarixədək olan dövr üçün hesablanmış fərq məbləğinin İddiaçı birdəfəlik qaydada ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmaılıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Prezidentinin «Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» 9 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün 21.04.2009-cu il tarixdən 31.12.2015-ci il tarixədək olan dövr üçün hesablanmış fərq məbləğinin İddiaçı birdəfəlik qaydada ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2628/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2628/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver