Məhkəmə qərarları › İş №2-1(112)-2629/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2629/2020

27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2629/2020 27.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1ünvanında qeydiyyatda olan)iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinəqarşı (3-cü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi) pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi) İddiaçı təyin edilmiş pensiyanın büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər də nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1999-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək Azərbaycan Respublikası Gömrük Komitəsində mütəxəssis, inspektor və böyük inspektor vəzifələrində çalışmışdır. Ümumi sosial sığorta stajı 47 il, gömrük xidməti orqanlarında qulluq stajı 19 il 2 ay 11 gün təşkil edir. xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Gömrük Komitəsinin sədrinin təqdimatı əsasında yaş həddi ilə əlaqədar gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ona gömrük orqanlarında xidmət etmiş xüsusi rütbəli şəxs kimi 405,90 manat (dörd yüz beş manat doğsan qəpik) məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Hesab edir ki, ona əmək pensiyası düzgün hesablanmayaraq təyin edilmişdir. Buna görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ilə müraciət edərək, ona təyin edilmiş pensiyanın büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər də nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ona ünvanladığı xx.xx.2020-ci il tarixli **********4 saylı cavab məktubunda qeyd etmişdir ki,hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə pensiya təyinatı onların təminat xərcliyi əsasında həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. Qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.4-cü maddəsində xüsusi rütbəli şəxslərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslər olması göstərilmişdir. Bu orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda verilmişdir. Belə ki,Qaydaların 1-ci bəndinə əsasən xüsusi rütbəli şəxslərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslər aid olunur. Qanunun 3.3-cü maddəsinə əsasən Qanunda hərbi qulluqçuların pensiya təminatı üçün müəyyən edilən bütün güzəşt və imtiyazlardan xüsusi rütbəli şəxslər də istifadə edirlər. Həmin qanuna görə hərbi qulluqçuların pensiyası, təminat xərcliyi (pul təminatı) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanun (“Azərbaycan” qəzeti, 26 dekabr 2018-ci il, № 292) ilə “digər əlavələrdən” sözlərindən sonra “büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla” sözləri əlavə edilmişdir.Eyni zamanda qulluq stajına əlavələri özündə əks etdirən 20.30-cu maddəyə isə aşağıdakı məzmunda əlavələr edilmişdir: Bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2014-cü il tarixli qərarında göstərilir ki, qanunvericilikdə qulluq stajına görə əmək pensiyasına əlavənin alınması hüququnun qaydasını və şərtlərini müəyyən edərkən, dövlət öz üzərinə bu hüququn təmin olunması kimi pozitiv öhdəliyi yalnız həmin hüquqa malik olan şəxslərin “Əmək pensiyaları haqqında” Qanunun müvafiq tələblərinə cavab verməsi şərti ilə götürmüşdür. 2019-cu ilin yanvar ayinin 1-dən qüvvəyə minən həmin dəyişiklik onun pensiya təminatına mənfi təsir göstərmiş və onun məbləği eyni qulluq stajına malik olub qanuna edilmiş dəyişiklik qüvvəyə minənədək pensiyaya çıxmış həmkarlarımın pensiyasına münasibətdə kəskin surətdə aşağı düşmüşdür. Hesab edir ki, bu hal humanizm, sosial ədalətlik və ayrı-seçkiliyin yolverilməzliyi kimi fundamental hüquq prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirlməlidir. İnsanın social təminat hüququnun başlıca müddəalarından birini ifadə edən humanizm prinsipi dövlətin və cəmiyyətin əsas vəzifəsi kimi göstərilən hüquq və azadlıqlara əməl olunmasının təmin edilməsini, həmçinin hüququn müxtəlif sahələrinin normaları vasitəsilə insanların layiqli həyat şəraitinin təmin edilməsini prioritet kimi göstərir. Sosial ədalət prinsipi isə əməyin ədalətli ödənilməsini və sosial yönümlü maliyyə vəsaitlərinin ədalətli bölgüsünü nəzərdə tutur. Ayrıseçkilik isə fərqli rəftarı əks edirməklə anoloji vəziyyətdə olan şəxslərdən birinin əlverisiz vəziyyətə düşməsini özündə ifadə edir. Mənə təyin edilmiş pensiya isə eyni staja malik olub fərqli pensiya alan həmkarlarıma münasibətdə məni əlverişsiz vəziyyətə salmışdır. Bütün yuxarıda qeyd olunanlara əsaslanaraq iddiaçı məhkəmədən ona təyin edilmiş pensiyanın büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər də nəzərə alınmaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən ehtiyata buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsaəsn hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir və məhz həmin məlumat vərəqəsinə əsasən hərbi qulluqçuya əmək pensiyası təyin edilir və əmək pensiyası hesablanır. Həmin Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədi ilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən idarəyə təqdim edilir. İddiaçı iddia ərizəsində özüdə qeyd etmişdir ki, o, hal-hazırda iddia ərizəsində göstərdiyi tələblə tərxis edildiyi Azərbaycan Respublikası DİN-nə müraciət etsə də, Daxili İşlər Nazirliyi xx.xx.2020-ci il tarixli cavab məktubu ilə ona şifrələmə işi üzrə xidmətə buraxılma barədə əmr olmadığı üçün həmin pul əlavəsinin ona verilmədiyini bildirmişdir. Beləliklə, göründüyü kimi, iddiaçı hal-hazırda tələb etdiyi məbləği xidmət zamanı da almamışdır. İddiaçının adına Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məlumat vərəqəsində qeyd edilən vəsait göstərilmədiyindən həmin vəsait onun pensiyasının yenidən hesablanması zamanı nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da özünün 15 may 2020-ci il tarixdə qəbul etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Qərarında yuxarıda qeyd etdiləri hüquqi mövqelərini təsdiq etmişdir. Belə ki, həmin Qərarda göstərilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xiddmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla, artımlardan ibarət olan məbləğdir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə bir nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi, əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər əsasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. 3-cü şəxs Azərbayca Respublikası Dövlət Gömrük Komitəsi etirazda göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bakı inzibati Məhkəməsinə müraciət edərək ona təyin edilmiş pensiyanın büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər də nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1999-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin çalışmış və onun qulluq stajı 19 il, 2 ay, 11 gün olmaqla, ümumi sosial sığorta stajı 47 il təşkil etmişdir. xx.xx.2019-cu il tarixdə Dövlət Gömrük Komitəsinin sədrinin təqdimatı əsasında yaş həddi ilə əlaqədar gömrük orqanlarında xidmətimə xitam verilmişdir. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ona gömrük orqanlarında xidmət etmiş xüsusi rütbəli şəxs kimi 405.90 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona təyin edilmiş əmək pensiyası düzgün hesablanmadığından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ilə müraciət edərək təyin edilmiş pensiyanın büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər də nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmişdir. Lakin müraciətinə verilmiş xx.xx.2020-ci il tarixli **********4 nömrəli cavab məktubuda qeyd edilmişdir ki, hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə pensiya təyinatı onların təminat xərcliyi əsasında həyata keçirilir. Həmin məktubda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalan”na istinad edərək ona imtina məktubu verilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli 1000/933Ş nömrəli Komitə sədrinin əmri ilə “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən qeyd olunan Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 768-İQ №-li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən həmin Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Həmin Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Əmək pensiyaları haqqında” Qanununun 1.0.5-ci maddəsinə dəyişklik edilmiş, qeyd olunan maddədə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. Bu Qanun xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalar "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Qeyd olunan Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü və 1.0.4cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2-ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 20 sentyabr 2020-ci il tarixli, 32/2019 nömrəli məlumat vərəqəsindən görünür ki, iddiaçının cəmi 44 il 1 ay 14 gün xidmət ili (iş stajı, ali təhsil, təqvim üzrə xidmət illəri, güzəştli xidmət illəri) ilə xx.xx.2019-cu il tarixdə ehtiyata buraxıldığı, ehtiyata buraxılarkən pul təminatının- vəzifə maaşı 220.00 manat, rütbə maaşı 130.00 manat, xidmət illərinə görə 25 % əlavə - 87.50 manat, ərzaq payı əvəzinə kompensasiya 32.00 manat, cəmi 469.500 manat olması qeyd edilmişdir. - Əmək pensiyasının təyin edilməsi haqqında **********4 nömrəli, xx.xx.2019-cu il tarixli əmək pensiyasının təyin edilməsi haqqında Qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. - Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli, **********4 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə pensiya təyinatı onların təminat xərcliyi əsasında həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. Beləliklə, iddia ərizəsinin məzmunundan, iddiaçının məhkəmə iclasında iştirakı zamanı verdiyi izahatlardan, işdə olan sənədlərdən və iddiaçıya məxsus məlumat vərəqəsindən müəyyən edilir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Dövlət Gömrük Komitəsinin sədrinin təqdimatı əsasında yaş həddi ilə əlaqədar gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Onun barəsində Dövlət Gömrük Komitəsi tərəfindən 32/2019 saylı məlumat vərəqəsi tərtib olunmuş, məlumat vərəqəsində iddiaçının cəmi 44 il 1 ay 14 gün xidmət ili (iş stajı, ali təhsil, təqvim üzrə xidmət illəri, güzəştli xidmət illəri) ilə xx.xx.2019-cu il tarixdə ehtiyata buraxıldığı, ehtiyata buraxılarkən pul təminatının- vəzifə maaşı 220.00 manat, rütbə maaşı 130.00 manat, xidmət illərinə görə 25 % əlavə - 87.50 manat, ərzaq payı əvəzinə kompensasiya 32.00 manat, cəmi 469.500 manat olması qeyd edilmişdir. Həmin məlumat vərəqəsinə əsasən cavabdeh orqan tərəfindən iddiaçının pensiyası hesablanmış və hal-hazırdada iddiaçıya ödənilməkdə davam edir. İddiaçının iddia ərizəsində qeyd etdiklərindən və məhkəmə iclaslarında verdiyi izahatdan müəyyən edilir ki, iddiaçı hazırda pensiyasının düzgün hesablanmamasının əsası kimi, 1999-cu ilin oktyabr ayından 2019-cu ilin avqust ayına kimi Azərbaycan Respublikası Gömrük Komitəsində mütəxəssis, inspektor, böyük inspektor vəzifələrində gömrük orqanlarında qulluq stajının 19 il 2 ay 11 gün ərzində işinin həyata keçirməsi ilə əlaqədar büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər də nəzərə alınmamaqla vəzifə maaşının düzgün hesablanmamasını və bunun nəticəsində pensiyasının düzgün hesablanmamasını göstərmişdir. Halbuki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsi tərəfindən iddiaçı barəsində tərtib olunmuş 32/2019 saylı məlumat vərəqəsində göstərilən, iddiaçının vəzifə maaşına və xidmət illərinə uyğun olaraq ona pensiya hesablamışdır. Göründüyü kimi, cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4-cü maddəsinə əsasən, xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada 1.0.5-ci maddəsinə görə, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 3.3-cü maddəsinə əsasən, bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir; xx.xx.2019-cu il tarixdən əlavə olunan 20.30-cu maddəsinə görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Azərbaycan Respublikası Prezidentinin "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 499 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 1.0.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur; 2.4-cü bəndinə görə, həmin Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, dövlət qulluğunda xidmət etmiş şəxslərin və hərbi qulluqçuların əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması qanunvericiliklə imperativ qaydada müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Həmin Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidnə hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddia ərizəsinin hüquqi baxımdan Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi (Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir) ilə əsaslandırılması da düzgün olmamışdır. Çünki, sözügedən norma "Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci və 20.30-cu maddələrinin xx.xx.2019-cu il tarixdən əvvəl təyin olunmuş əmək pensiyalarında qulluq stajına görə əlavə hesablanarkən büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınan şəxslərə münasibətdə geriyə şamil edilməsini qadağan edir. İddiaçıya isə əmək pensiyası göstərilən tarixdən sonra təyin edilmişdir ki, bu hal da "Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin onun hüquqi sferasına birbaşa təsirini şərtləndirir. Beləliklə, göstərilənlərdən aydın olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar