Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2629/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı , Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, şifahi məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, Dövlət Təhlükəsizliyi Xidmətinin 07.07.2018-ci il tarixli 1094 şh nömrəli əmrinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) aid hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət Silahlı Qüvvələrdə və X1 xidmət etmiş. Silahlı Qüvvələrdə xidmət edərək general-leytenant Rövşən Əkbərov tərəfindən xidmətdə göstərdiyi nailiyyətlərə görə təltif edilmiş, X1 işləyərkən Silahlı Qüvvələr münasibətilə xidmətdə göstərdiyi nailiyyətlərə görə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev tərəfindən təltif edilərək pul mükafatı almış, Sonuncu iş yeri Dövlət Təhlükəsizlik Xidməti olmuşdur. 01.07.2018-ci il tarixdə məzuniyyətə çıxmışdır. Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinin 07.07.2018-ci il tarixli 1094 şh nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə əsasən məzuniyyətdən geri çağırılaraq ehtiyata buraxılmış və 26.07.2018-ci il tarixdə isə hərbi xidmətdən təxris olunmuşdur. Ehtiyata buraxılmağı barədə Dövlət Təhlükəsizlik Xidmətinin baş idarə rəisi Şərafət Həsənov tərəfindən ona 31.07.2019-cu il tarixli 17/Ə-3170 nömrəli məktub göndərilmişdir. X3 Xidmətinə qarşı «məlumata cavab verilməsi» tələbi barədə inzibati işə baxılarkən məhkəmənin müvafiq sorğusu əsasında cavabdeh tərəfindən verilmiş 31.08.2020-ci il tarixli 20/778 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, 29.06.2017-ci il tarixdən 12.08.2017-ci il tarixədək 45 gün ərzində növbəti məzuniyyətdə olmuş. Həmçinin 01.07.2018-ci il tarixdən növbəti məzuniyyətdə çıxmışdır. DTX-nın 07.07.2018-ci il tarixli 1094 şh nömrəli əmri əsasında məzuniyyətdən geri çağırılaraq ehtiyata buraxılmış, 26.07.2018-ci tarixdən isə şəxsi heyətin siyahısından çıxarılmışdır. Hesab edir ki, cavabdehin ona ünvanladığı 31.07.2019-cu il tarixli 12/Ə-3170 nömrəli məktubunda qeyd etdiyi «xidməti uyğunsuzluq» adı ilə işdən çıxarılmağı barədə əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti məhkəməyə dəftərxana vasitəsi ilə təqdim etdiyi etirazda qeyd etmişdir ki, İddiaçı 2011-ci ilin dekabr ayından 2018-ci ilin iyul ayınadək təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı MTN-DTX-də xidməti müddətində AR Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008) yubiley medalı ilə təltif edilmiş, pul mükafatı ilə mükafatlandırılmış, bununla yanaşı 2017-ci ildə etik davranış qaydalarını pozduğuna görə ona “töhmət” və xidməti fəaliyyətində yol verdiyi nöqsana görə “şiddətli töhmət” elan olunmuşdur. Sonuncu dəfə 2018-ci ildə barəsində xidməti yoxlama aparılmış və İddiaçı şəxsi prinsiplər zəminində qisas almaq üçün öz tanışına müraciət edərək müəyyən pul müqabilində yerli sakinə xəsarət yetirməsini tapşırdığı müəyyən olunmuşdur. Xəsarət baş tutduqdan sonra müvafiq qurumlar tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisəni törədənlərdən biri saxlanılmış və ilkin ifadəsində İddiaçı sifarişi ilə rayon sakinini döydüklərini etiraf etmişdir. İddiaçı DTXnin qüvvədə olan hüquqi aktların tələblərini, xidmətkeçmə qaydalarını və üzərinə götürdüyü öhdəlikləri pozduğuna görə 2018-ci ilin iyul ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən DTX-nin ehtiyyatına buraxılmışdır. Həmçinin, İddiaçı Cəlilabad Hərbi Məhkəməsinin 04.06.2019-cu il tarixli hökmünə əsasən AR CM-in 128-ci maddəsilə (qəsdən sağlamlığa yüngül zərərvurma) təqsirli bilinmişdir və həbsdə saxlanıldığı 9 (doqquz) ay müddət nəzərə alınaraq barəsində seçilmiş qətimkan tədbiri ləğv edilmişdir. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, bu subyektlərdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xüsusi xidmət və hüquq mühafizə orqanları əməkdaşının şərəfini ləkələyən nalayiq hərəkətlərinə görə bu orqanlardan xaric edilmiş şəxslər xidmətə qəbul edilə bilməzlər. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 (otuz) gün müddətinə qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Beləliklə iddia müddəti keçirildiyindən İddiaçı iddiasının mümkünsüz sayılması məsələsinə baxılması məqsədəuyğun hesab edilməsi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddianın mümkün sayılaraq, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş edərək izahatında bildirmişdir ki, iddiaçının hazırki mərhələdə mübahisələndirdiyi əmr 2018-ci il tarixə aiddir. İddiaçı həmin əmrin mövcudluğundan xəbərdar olduğu halda, əmri mübahisələndirməyək, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Yuxarıda qeyd edilən normalardan görünür ki, inzibati aktların mübahisələndirmə müddətləri onların qəbul edildiyi andan yaranmır və inzibati aktları mübahisələndirən subyektlərdən, onun təqdim edilmə üsulundan, inzibati aktın formasından, onun məzmununda hüquqi müdafiə vasitələrinin göstərilib-göstərilməməsindən asılı olaraq dəyişir. Hazırkı halda mübahisələndirilən inzibati aktda hüquqi müdafiə müddəti və qaydası göstərilmədiyindən onu mübahisələndirmə müddəti 6 ay qəbul edilməlidir. İş materiallarında olan 1094 şh saylı, 07 iyul 2018-ci il tarixli Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Əmrin surətindən görünür ki, “Hərbi xidmətçəkmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Lerik rayon şöbəsinin baş əməliyyat müvəkkili kapitan İddiaçı DTX-nın ehtiyatına buraxılması və cari ildə nəzərdə tutulmuş məzuniyyətin istifadə olunmamış hissəsi (17 gün) eləcə də öhdəsində olan işlərin təhvil verilməsi vaxtı (02 gün) nəzərə alınmaqla 26 iyul 2018-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılması həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İddiaçı ünvanlanmış 31 iyul 2019-cu il tarixli 12-Ə-3170 saylı məktubunun surətindən görünür ki, T.X2 Xidmətinin 07.07.2018-ci il tarixli, 1094 şh nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq görə) əsasən ehtiyata buraxılmışdır. Onun 18.07.2019-cu il tarixli müraciətinə müvafiq qaydada baxılmış və barəsində qəbul edilmiş qərarın dəyişdirilməsi üçün əsas tapılmamışdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 07.07.2018-ci il tarixli əmrini 12.11.2020-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən qəbul edilən əmr 2018-ci il tarixə aiddir. Həmin əmrin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Lakin, iddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən qəbul edilən əmrin mövcudluğundan ən geci 18 iyul 2019-cu il tarixdən, yəni onun Dövlət Təhlükəsizliyi Xidmətinə ünvanladığı yuxarıda qeyd edilən müraciəti vaxtından xəbərdar olmuşdur. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən qəbul edilən 07 iyul 2018-ci il tarixli əmrindən ən geci 18 iyul 2019-ci il tarixdə xəbərdar aşkardır, o, həmin əmri mübahisələndirmək hüququnun həm 30 günlük müddətini, həmçinin də 6 aylıq müddətini ötürmüşdür. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, işdən mübahisələndirilən əmri iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Çünki işdə iddiaçının həmin əmr barədə hələ 2018-ci ildə məlumatlı olması təsdiq olunur. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq Məhkəmə hesab edir ki, işin halları iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”-nin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. İPM-nin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdükdən sonra da qanunda nəzərdə tutulmuş bir il ərzində məhkəməyə müraciət etməmiş, bu əsasdan iddiaçının iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmək hüququ da aradan qalxmışdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə müddəti ötürdüyündən, həmçinin iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmək hüququnu da itirdiyindən, iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2629/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2629/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver