Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2629/2023 23.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı və X1 iştirakları ilə, iddiaçılar İddiaçı və qeyrilərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “yaşayış binasına texniki baxış keçirib mütəxəssis rəyinin verilməsi üçün müvafiq orqanlara müraciət edilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçılar İddiaçı və digər sakinlər cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (bundan sonra mətndə Nərimanov rayon MKTB) qarşı Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti (bundan sonra mətndə Nərimanov RİH) üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nərimanov rayon MKTB-nin üzərinə ünvan 1 ünvanında yerləşən yaşayış binasına texniki baxış keçirib mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin (bundan sonra mətndə TTNDA) tabeliyində fəaliyyət göstərən təsərrüfat hesablı qurumlara müraciət edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, hal-hazırda ünvan 2 ünvanında yaşayırlar. Yaşadıqları bina 1962-ci ildə tikilmişdir. Bina italyan layihəli 4 mərtəbəli, məhdud şəraitli 39 mənzilli yaşayış binasıdır. Binanın konstruktiv elementlərində qəzalı vəziyyət müşahidə edilmişdir. Belə ki, mərtəbələrə qalxan piləkanlar binadan qopmağa başlamış, beton hissəciklər qopur, binanın konstruktiv beto layları çat vermişdir, betondaxili dəmir-armaturların üstündəki beton laylar qopur, dəmir armaturlar paslanmış və keyfiyyətsiz hala düşmüşdür. Nəticədə dəmir - beton konstruksiyalarının qaynaq edilmiş hissələrdən və digər hissələrdən hər an qopması və yerə düşməsi təhlükəsi yaranmışdır ki, bu da hər an çoxsaylı insan tələfatına gətirib çıxara bilər. Uzunmüddətli istismar nəticəsində yaşayış binasında deformasiyalar baş vermişdir ki, bu da binanın zəlzələyə davamlılığını azaldır. Yaşayış binasına texniki baxış keçirib mütəxəssis rəyinin verilməsi və müvafiq aktın tərtib edilməsi üçün müvafiq orqanlara müraciət edilməsi tələbi ilə cavabdeh inzibati orqan edilmiş müraciətlərə cavab olaraq, sonuncu tərəfindən maliyyə vəsaitinin olmaması əsası ilə imtina etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və iddia ərizəsində üçüncü şəxs qismində göstərilmiş Nərimanov RİH-yə təqdim edilmiş, cavabdehdən və Nərimanov RİH-dən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmə tərəfindən İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçılara xx.xx.2022-ci il tarixli məktub ünvanlanaraq, İPM-nin 13 və 87-ci maddələrinin tələbləri nəzərə alınmaqla, iddia ərizəsində iddiaçılar kimi İddiaçı ilə yanaşı “digər sakinlər” də qeyd olunsa da, sonuncuların adlarının, ünvanlarının qeyd olunmadığı və onlar tərəfindən iddia ərizəsinin imzalanmadığı qeyd olunaraq, iddia ərizəsində yol verilmiş qeyd olunan formal xətaların aradan qaldırılması təklif olunmuşdur. xx.xx.2022-ci il tarixdə məhkəməyə iddiaçılar qismində ünvan 3 ünvanda yerləşən binanın sakinləri Qalina Ştukina, Vahid Qurbanov, Oktay Mərdanov, Günəş Piriyeva, Larisa Balandina, Tatyana Səfərova, Əli Quliyev, Qoşqar Əliyev, Sadıx Əliyev, Nigar Həmidova, Aysel Əliyeva, Əliskəndər Rzazadə, X5, Murad Sadıxov, Gülüsüm Məmmədova, Samir Əliyev, Aydın Mürsəlov, Afaq Məmmədova, Səma Həsənli, Həsən Hüseynov, Əlövsət İbadov, Diana Qeydarova, Zəminə Cabbarova, Yaşar Mərdanov, Flora Şəmiyeva, İddiaçı, Cavid Əskərov, Nailə Vinoqradova və Ceyhun İbadov tərəfindən imzalanmış İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizədə məhkəmədən cavabdeh Nərimanov rayon MKTB-nin üzərinə ünvan 1 ünvanında yerləşən yaşayış binasına texniki baxış keçirib mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin (bundan sonra mətndə TTNDA) tabeliyində fəaliyyət göstərən təsərrüfat hesablı qurumlara müraciət edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Cavabdeh Nərimanov rayon MKTB tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair 3/760 №-li, xx.xx.2022-ci il tarixli yazılı münasibətdə göstərilmişdir ki, qeyd olunan (ünvan 1 ünvanı) 1962-ci ildə inşa edilmiş 4 mərtəbəli, 1 girişli, 39 mənzilli “İtaliyan” layihəli yaşayış binası uzun müddət istismar nəticəsində yararsız vəziyyətə düşdüyündən rayon ərazisində sökülərək yerində yeni yaşayış binasının inşası nəzərdə tutulmuş və əsaslı təmir işlərinin aparılmasına ehtiyac olan ünvanların Forma 3 siyahısına salınmışdır. Binanın texniki vəziyyəti barəsində rəyin verilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan qurumların səlahiyyətindədir və rəyin verilməsinə görə tikinti altı sahənin mərtəbəyə vurulması nəticəsində alınmış ölçüyə görə hər bir kv. metr üçün 0,83 (ƏDV-siz) ödəniş edilməsi şərti ilə icra edilir. Maliyyə imkanlarının məhdudluğu və uzun müddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş binaların sayının çoxluğu səbəbindən texniki rəyin alınması mümkün olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı və X2 ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. İddianın növü və mümkünlüyü. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin halları. İş materiallarından müəyyən olunur ki, iddiaçılar ünvan 4 ünvanda yerləşən binanın sakinləridir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında” 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda şəhər üzrə mənzilkommunal xidməti sahəsində vahid idarəetmə orqanı kimi yaradılmışdır. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti - əhalinin mənzil kommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, zibil daşınması, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir. Nərimanov rayon MKTB Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin strukturuna daxil olan idarələrdən biri olaraq balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi onun funksiyalarına aid edilmişdir. TTNDA tərəfindən iddiaçılara ünvanlanmış 37/kol-00736 №li 01 mart 2022-ci il məktubda göstərilmişdir ki, qeyd olunan yaşayış binasına (ünvan 6) texniki baxış keçirib mütəxəssis rəyinin verilməsi lisenziyası olan fiziki və ya hüquqi şəxlər, o cümlədən TTNDA-nın tabeliyində fəaliyyət göstərən təsərrüfat hesablı qurumlar tərəfindən balanssaxlayıcının müraciəti ilə ödənişli əsaslarla həyata keçirilə bilər. İddiaçıların hazırki tələblə bağlı müraciətinə cavab olaraq Nərimanov rayon MKTB tərəfindən kl-20 №li xx.xx.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, yaşadıqları bina uzun müddətli istismar nəticəsində yararsız vəziyyətə düşdüyündən rayon ərazisində sökülərək yerində yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulmuş ünvanların siyahısındadır. Binaların qəzalı və yararsız vəziyyətdə olmasını təsdiq edən aktlar Fövqəladə Hallar Nazirliyinin tabeçiliyindəki Layihə İnstitutları tərəfindən hər 1 kv. metr sahə üçün 0,8 manat ödənilməsi şərti ilə tərtib edilir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1203 №li xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, ünvan 6 ünvanında yerləşən yaşayış binası Nərimanov rayon MKTB-nin balansındadır. - TTNDA-nın 3-18-2/2-205/2023 №li 13 yanvar 2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, qeyd olunan (ünvan 6 ünvanında yerləşən) binaya baxışın keçirilməsi ilə bağlı Agentliyə müraciət daxil olmamışdır. Eyni zamanda həmin binanın qəzalı binaların siyahısına daxil olub-olmaması barədə Agentlikdə hər hansı məlumat yoxdur. Məhkəmənin mövqeyi. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsində göstərilmişdir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır (İ hissə). Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (İİ hissə). - 31-ci maddəsində göstərilmişdir ki, hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır (hissə İ). - 43-cü maddəsində göstərilmişdir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür (hissə İİ). - 71-ci maddəsində göstərilmişdir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (hissə İ). “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 №li 25 fevarl 2016-cı il tarixli Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 482 №li Qərarı ilə ləğv olunmuşdur) ilə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə ...... Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyətnə .... aidiyyəti üzrə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən ....... Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının......, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini həyata keçirmək həvalə olunmuşdur (bənd 1.1.). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: Tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikintiquraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. (maddə 3.0.20.). Sifarişçi – tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslərdir. (maddə 3.0.42.). Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir (maddə 4.1). Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır (maddə 4.2): 4.2.1. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; 4.2.2. Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması; 4.2.3. mənzil fondunun inkişaf strategiyasının müəyyən edilməsi; 4.2.4. tikinti kompleksinin inkişaf strategiyasının müəyyən edilməsi, təbii tikinti ehtiyatlarından səmərəli istifadənin təmin olunması; 4.2.5. şəhərsalma və tikinti fəaliyyətinin hüquqi və iqtisadi tənzimlənməsi; 4.2.6. şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminin yaradılması (tikintinin texniki reqlamentlərinin təsdiq edilməsi də daxil olmaqla) və təkmilləşdirilməsi; 4.2.7. ətraf mühitin mühafizəsinin və ekoloji təhlükəsizliyin təmin edilməsi. 4.3. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir (maddə 17.1). Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir (maddə 17.2). Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 №li 25 fevarl 2016-cı il tarixli Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. İddiaçıların sakinləri olduqları ünvan 8 ünvanında 1962-ci ildə inşa edilmiş 4 mərtəbəli, 1 girişli, 39 mənzilli “İtaliyan” layihəli yaşayış binası uzun müddət istismar nəticəsində yararsız vəziyyətə düşdüyündən rayon ərazisində sökülərək, yerində yeni yaşayış binasının inşası nəzərdə tutulmuş və əsaslı təmir işlərinin aparılmasına ehtiyac olan ünvanların Forma 3 siyahısına daxil edilsə də, binanın balansaxlayıcısı olan hazırki iş üzrə cavabdeh tərəfindən binanın texniki vəziyyətinə dair rəyin verilməsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan qurumlara müvafiq qaydada müraciət olunmamışdır. Cavabdeh tərəfindən müvafiq rəyin verilməsinə görə tikinti altı sahənin mərtəbəyə vurulması nəticəsində alınmış ölçüyə görə hər bir kv. metr üçün 0,83 (ƏDV-siz) ödəniş edilməsi şərti ilə icra edildiyi, maliyyə imkanlarının məhdudluğu və uzun müddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş binaların sayının çoxluğu səbəbindən texniki rəyin alınmasının mümkün olmadığı bildirilsə də, lakin bu zaman qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış və qeyd olunan məsələ ilə bağlı yuxarı inzibati orqana və müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmamışdır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçıların müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçıların özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçılara hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçıların tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçıların müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və iddiaçıların xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Nərimanov MKTB-nin üzərinə, iddiaçılar İddiaçı və qeyrilərinin (bina sakinləri) ünvan 8 ünvanında yerləşən yaşayış binasına texniki baxış keçirib, mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin tabeliyində fəaliyyət göstərən təsərrüfat hesablı qurumlara müraciət edilməsi müraciətləri ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və iddiaçıların xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçılara izah edilir ki, hazırkı qərardan sonra onların müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçıların məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin üzərinə, iddiaçılar İddiaçı və qeyrilərinin (bina sakinləri) ünvan 8 ünvanında yerləşən yaşayış binasına texniki baxış keçirib, mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin tabeliyində fəaliyyət göstərən təsərrüfat hesablı qurumlara müraciət edilməsi müraciətləri ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və iddiaçıların xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2629/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2629/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver