Məhkəmə qərarları › İş №2-1(112)-2629/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2629/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2629/2024 14.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi – X1, üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin nümayəndəsi X2, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili X4, İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasına dair vəsatət vermiş şəxs Əsgərova Hicran Əli qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsi üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsi tərəfindən ayrılmış 1,3 ha torpaq sahəsinə mülkiyyətinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X5 Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 25 dekabr 2006-cı il tarixli 25/20 №li qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün alqı-satqı yolu ilə mülkiyyətinə verilməklə 1,3 ha torpaq sahəsi ayrılmışdır. Daha sonra Xocasən Bələdiyyəsi 16 iyul 2007-ci il tarixli 15/13 №li qərarı ilə məhrum əri X3 adına sahibkarlıq fəaliyyəti təyinatı ilə 1,3 ha torpaq sahəsinin ayrılması haqqında 25 dekabr 2006-cı il tarixli 25/20 №li qərarı ləğv etmişdir. Daha sonra o, qanunsuz qararın ləğv edilməsi ilə bağlı 2019-cu ildə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, iş məhkəmə icraatında olarkən Xocasən Bələdiyyəsi ilə onun arasında 18 sentyabr 2019-cu il tarixdə barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş № 2-1(81)-3306/2019, xx.xx.2019-cu il tarixli qərardadı ilə təsdiq edilmişdir. Barışıq sazişi imzalandıqdan sonra Xocasən Bələdiyyəsi 01 oktyabr 2019-cu il tarixli və 11/03 qərarı ilə xx.xx.2007-ci il tarixli 15/13 №li qərarı ləğv edilmiş və bu barədə Dövlət Arxivinin Bakı filialına məktub da göndərilmişdir. Həmin torpaq sahəsinə dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh orqan xx.xx.2023-cü il tarixli, **********63 saylı məktubu ilə onun ərizəsini təmin etməkdən imtina etmişdir. Düşünür ki, cavabdeh orqan tərəfindən hüquqları pozulmuşdur. Həmin torpaq sahəsi 2006-cı ildən istifadəsindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2023-cü il tarixli Qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmiş və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin eyni tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inaibti məhkəmə icraatına cəlb edilmiş xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmuşdur. Üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iddia tələbinə dair yazılı münasibəti məhkəməyə təqdim olunmamışdır. İş üzrə sonuncu məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmış, iddiaçıya sonuncunun iddia ərizəsində qeyd olunmuş ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6, üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin nümayəndəsi X7 və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili X8 iddianın geri götürülmüş sayılmasına və inzibati iş üzrə icraata xitam verilməsinə etirazlarının olmadıqlarını bildirdilər. İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İnzibati Prosessual Məcəllədə iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İPM-nin 81.1-ci maddəsinə əsasən nzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Qeyd olunanlara əsasən və İPM-nin 49, 55 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar