Məhkəmə qərarları › İş №2-1(112)-2630/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2630/2022

28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2630/2022 28.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X7, X8, X6) “ayrıca çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsi 33 saylı evin yerləşdiyi 850 kv.m torpaq sahəsinin 5/8 hissəsinə X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin evin və torpaq sahəsinin 5/8 hissəsinə vahid əmlak kimi paylı mülkiyyət hüququna dair vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03.12.2021-ci il tarixli qərardadı ilə X3, X4, X2 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin 5/8 hissəsinə və fərdi yaşayış evinin torpaq sahəsinin 5/8 hissəsinə vahid əmlak kimi mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, fərdi yaşayış evinin bir hissəsi onun mülkiyyətində olduğundan, onun yerləşdiyi torpaq sahəsi üzərində də onun mülkiyyət hüquqları yaranmış olur. İddiaçı iddia tələbi ilə eyniməzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətini rəsmi cavablandırmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, elektron kadast baza məlumatına əsasən qeyd edilən torpaq sahəsinin bir hissəsi Bakı Metropoliten B-08 və B-09 stansiyaları üzrə havalandırma şaxtasının tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilən ayrıc aktı daxilində yerləşir. Həmçinin, təqdim edilən texniki pasportda göstərilən torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü və sahə fərqləri mövcuddur. Eyni zamanda, fərdi yaşayış evi paylı mülkiyyət olduğundan sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə payçıların notarial qaydada təsdiqlənmiş razılıq ərizələri təqdim edilməmişdir. Bundan başqa, qeyd edilən ünvanla bağlı Sabunçu rayon Məhkəməsinin 2(008)-3428/2019 nömrəli, 02.05.2019-cu il tarixli bildirişi İdarəyə daxil olmuşdur. Lakin, qeyd edilən mülki iş üzrə yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Həmçinin, texniki inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Eyni zamanda, ünvan 2 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin 5/8 hissəsi İddiaçı, 1/8 hissəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 2/8 hissəsi X5 adına açıq saxlanılmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 2, ev 33 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət üzrə İddiaçı (5/8 hissə), X5 (3/8 hissə) mülkiyyətindədir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 2, ev 33 nömrəli fərdi yaşayış evinin (5/8 hissədə) və onun yerləşdiyi torpaq sahəsinin 5/8 hissəsini vahid əmlak kimi nəzərə alaraq, həmin əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, fərdi yaşayış evinin 5/8 hissəsi onun mülkiyyətində olduğundan, onun torpaq sahəsinin 5/8 hissəsinə münasibətdə də mülkiyyət hüquqları yaranmış olur. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan və etiraz ərizəsinin surətindən görünür ki, iddiaçının müraciətinə qiymət verilərkən aşağıdakiları əsas götürülmüşdür. -Torpaq sahəsinin bir hissəsinin Bakı Metropoliteninin B-08 və B-09 stansiyaları üzrə havalandırma şaxtasının tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilən ayrıc aktının daxilində yerləşməsi; -Torpaq sahəsinin faktiki perimetrik ölçü və sahə fərqləri mövcud olması; -Fərdi yaşayış evi paylı mülkiyyətdə olduğundan payçıların torpaq sahəsinə münasibətdə notarial qaydada təsdiqlənmiş razılıq ərizələrinin təqdim edilməməsidir. İşin qeyd olunan faktiki hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymətləndirilməsi zərurəti ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: -9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. -10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin -1-ci abzasının 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin. fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Maddənin şərhinə keçməzdən əvvəl Məhkəmə bildirir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. İnventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki pasportu tərtib edilir. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Mühim olan arqumentlərdən biri odur ki, qanunvericilik fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqları əvəzsiz olaraq mülkiyyətçilərə verilməsini şərtləndirmiş, mənzil kimi xidmət edən daşınmaz əmlakın yerləşdiyi binanın altındakı torpaq sahəsinin isə ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərinə mənsubluğunu tanımışdır. Doğrudur ki, qüvvədə olan qanunvericilik mülkiyyət hüquqları qeydə alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin əvəzsiz olaraq vətəndaşın mülkiyyətinə verir. Təkzib olunmaz haldır ki, iddiaçının hazırda iddia etdiyi torpaq sahəsində yerləşən fərdi yaşayış evinə münasibətdə (5/8 hissəsinə) mülkiyyət hüquqları qeydiyyata alınmış və müvafiq çıxarış ilə rəsmiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun yaranmasının əsasında çıxarış dayansa da, topraq sahəsinə mülkiyyət bu zaman torpaq sahəsinin naturada ayrılması barədə qərarın və ya bölgü sxeminin olması şəxsin məhz hansı hissəyə münasibətdə mülkiyyət hüququna malik olmasını müəyyən edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin müddəalarına nəzər yetirdikdə məlum olur ki, Məcəllənin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Yuxarıda qeyd olunan müddəaların işin hazırkı faktiki hallarına münasibətdə qiymətləndirilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı ünvan 2 ünvanında yerləşən 33 №-li fərdi yaşayış evinin paylı mülkiyyətçisi kimi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ona məxsus 5/8 hissəsinə vahid əmlak kimi çıxarış verilməsini tələb edir. Başqa sözlə iddiaçı hazırkı iddianı verməklə, həmin çıxarış və torpaq sahəsinin ölçüsü müəyyən edilən texniki pasport (torpaq sahəsinin ölçüsü 850 kv.m) əsasında həm həmin torpaq sahəsinin ona aid hissədə payının müəyyən edilməsinə və həmin payın real koordinatları nəzərə alınmaqla çıxarış verilməsini istəyir. Halbuki evə paylı mülkiyyətə malik şəxslərdən 850 kv.m torpaq sahəsinin hansı ölçü və koordinat üzrə iddiaçıya, hansı ölçü və koordinat üzrə üçüncü şəxslərə məxsus olması barədə daşınmaz əmlakın sxematik bölgüsünü təsdiq edən sənəd təqdim edilməmişdir. İşin faktiki hallarından isə görünür ki, hazırkı inzibati mübahisənin əsasında duran səbəblərdən biri də məhz bölgü sxemin paylı mülkiyyətçilər arasında razılıq olmaması səbəbindən təqdim edilə bilinməməsidir. Məhkəmə isə hesab edir ki, iddiaçının qeyd olunan mübahisənin həllinin cavabdehin səlahiyyətinə aid olması ilə bağlı mövqeyi qanunsuz və əsassız olduğundan imtina qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3-cü hissəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq xidməti vəzifələri müəyyən edilmişdir. Əsasnamənin tələbləri də nəzərə alındıqda müəyyən olunur ki, tərəflərin iradə ifadəsi mövcud olmadan əmlaka paylı mülkiyyətçilərin payının müəyyən edilməsi və bununla bağlı çıxarış və aidiyyəti texniki sənədlərin tərtib edilməsi onun səlahiyyətlərindən kənar hərəkətdir. Belə ki, fərdi yaşayış evinə paylı mülkiyyətə malik olan şəxslərdən hansının hansı ölçüdə torpaq sahəsinə faktiki istifadəçisi olması və həmin sahənin koordinatlarının dəqiq olaraq hara olması paylı mülkiyyətçilər sxematik bölgünün tərtibatında iştirak etmədikdə cavabdehin səlahiyyəti hesab edilmir. Göründüyü kimi evin paylı mülkiyyətçilərin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ və mülkiyyət hüququ tanındıqdan sonra payları, o cümlədən həmin payın naturada yeri bölgü sxem və ya məhkəmə qətnaməsi əsasında müəyyən edilmədən səlahiyyəti mövcud mülkiyyət hüququnu qeydə almaq olan cavabdehdən həmin məsələni özünün həll edilməsinin gözlənilməsi inzibati icraatın məqsəd və prinsipləri ilə uyğunluq təşkil etmir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan işin faktiki halları və işin faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mülkiyyət hüqunun qeydə alınmasından imtinanın əsası kimi bölgü sxemin mövcud olmaması xüsusi əhəmiyyət daşıyır. Belə ki, daşınmaz əmlakın sxematik bölgüsünün aparılması ümumi mülkiyyətçilər və ya əmlakın əvvəlki və köhnə mülkiyyətçisi mülki mübahisələrin yaranmasının azaldılmasına xidmət edir. Misal olaraq 10 ha torpaq sahəsi olan A adlı şəxs B adlı şəxsə həmin torpaq sahəsindən 3 ha torpaq sahəsini satarkən və ya digər üsulla özgəninkiləşdirərkən 3 ha torpaq sahəsinin mülkiyyətçisinin B adlı şəxs olması barədə müqavilə 3 ha torpaq sahəsinə mülkiyyət hüququnun mövcudluğu üçün əsas qismində çıxış edir. Lakin həmin 3 ha torpaq sahəsinin harada yerləşməsi, hansı koordinatlarının olması, 10 ha torpaq sahəsinin hansı hissəsindən ayrılması həmin müqavilədə əksini tapmır. Qeyd olunan halların aydınlaşdırılması, yəni Anın B-yə 3 ha torpaq sahəsini özünün mülkiyyətində olmuş 10 ha torpaq sahəsinin hansı hissəsindən ayrılması sxematik bölgünün aparılması, başqa sözlə bölgü sxemin tərtib edilməsi ilə həyata keçirilir. Həmin sənəd əsasında həm A özündə qalan 7 ha torpaq sahəsinin hansı sahə olması barədə koordinatlar göstərilən plan və ölçü sənədi ala bilir, həmçinin B-də 3 ha torpaq sahəsinə real koordinatlarını müəyyən edən plan və ölçü sənədi almaq imkanına malik olur. Nəticədə də həmin torpaq sahələrinin hansının harada yerləşməsi ilə bağlı tərəflər arasında torpağın hansı hissəsinin kimə məxsus olması haqqında mübahisə yaranmır, o cümlədən daşınmaz əmlaka mülkiyyət hüququnu qeydə alan orqan texniki sənədlərin hazırlanması imkanına malik olur. Analoji hal, o cümlədən ümumi mülkiyyətçilər barəsində də keçərlidir. Belə ki, 2 ha torpaq sahəsinə bərabər hissədə paya malik olan A və B adlı şəxslər arasında bölgü sxemin tərtibi zamanı kimin payına naturada hansı torpaq sahəsi düşür müəyyən edilə bilər. Əks halda isə torpaq sahəsinin yalnız paylarının hissəsi müəyyən edilə bilir, faktiki istifadə olunan torpaq sahəsinin hansı hissələrinin tərəflərə düşməsi barədə isə hər hansı hüquqi- texniki sənəd tərtib edilə bilmir. Bu zaman tərəflər arasında payların yerləşdiyi naturada yer barədə qeyd olunan sənədlərin tərtib edilməsi razılıq əsasında mümkün olmadıqda isə hər iki tərəfin iştirakı ilə işə baxan məhkəmə həmin torpaq sahəsinin naturada ayrılması ilə bağlı qərar qəbul edir və həmin qərar A və B arasında torpaq sahəsinin faktiki hər şəxsə düşən sahəsinin məhz hansı koordinatlarda olmasını müəyyən edir. Eyni zamanda, nəzərə alınmalıdır ki, hazırkı iddianın təmin ediləcəyi və koordinatlar müəyyən edilmədən fərdi yaşayış evi və torpaq sahəsinə dair iddiaçıya mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair sənəd veriləcəyi təqdirdə həmin əmlakın özgəninkiləşdirilməsi zamanı ehtimal olunan mülki mübahisənin yaranacağı ehtimalı aşkardır. Belə ki, koordinatlar müəyyən edilmədən alqı-satqı və bağışlama və digər xarakterli əqdlər nəticəsində əmlakı əldə edən şəxslərin də əmlakının nə olması məlum deyil. Yeni mülkiyyətçilər üçün torpaq sahəsinin konkret olaraq harada yerləşməsi, fərdi yaşayış evinin hansı hissəsindən istifadə ilə bağlı hallar məhkəmənin iddianı təmin etməsi ilə bağlı gələ biləcəyi səhv nəticənin məhkəmə hesab edir ki, hüquqi nəticəsindən başqa bir şey deyil. Hazırkı iş üzrə isə iddiaçı bölgü sxem və məhkəmə qərarı olmadan naturada mövcud olan vəziyyət nəzərə alınmaqla fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə olan hissəyə dair payın və payın yerinin müəyyən edilərək mülkiyyət hüququnu qeydiyyata aldırmağa iddia edir. Lakin, nəzərə alınmalıdır ki, burada naturada ayrılma və paya uyğun torpaq sahəsi də daxil olmaqla əmlakla ilə bağlı məhkəmə qərarı dedikdə inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmə nəzərdə tutulmur. Belə ki, inzibati məhkəmə inzibati orqanların hərəkət və hərəkətsizliyinə baxan və qanunsuz və əsassız hərəkət və ya hərəkətsiz müəyyən edildiyi təqdirdə buna uyğun olaraq iddiaçının xeyrinə qərar qəbul etmək səlahiyyəti olan məhkəmə qismində çıxış edir. Hazırkı vəziyyətdə isə iddiaçı bölgü sxem olmadan torpaq sahəsinin naturada ayrılmalı olmasını inzibati orqandan istəyir, halbuki inzibati orqanın belə bir səlahiyyəti mövcud deyil, belə bir səlahiyyəti yoxdursa deməli imtina tam qanuni və əsaslıdır. Məhkəmə də bu səbəbdəndir ki, inzibati orqanın ziyanına qərar qəbul etməli deyil. Çünki hüquqmüəyyənedici sənəd mövcud olmuş olsa belə şəxslərin (hər payçı) 850 kv.m torpaq sahəsinə ehtimal olunan mülkiyyət hüququnun olması, özü-özlüyündə həmin torpaq sahəsinin hansı ölçü, hansı koordinat üzrə iddiaçıya və üçüncü şəxsə məxsus olmasını cavabdeh müəyyən edə bilməz. Başqa sözlə mülkiyyət sənədinə malik olsa belə iddiaçı 850 kv.m torpaq sahəsinin 5/8 hissəsi mənim torpaq sahəmdir əsası ilə həmin sahənin yerinin müəyyən edilməsi və çıxarış və texniki sənədlərinin verilməsini cavabdehdən tələb edə bilməz. Çünki cavabdehin bölgü sxem olmadan, yəni iddiaçı və üçüncü şəxslər arasında razılıq olmadan və ya mülki məhkəmənin naturada payın və həmin payın yerinin müəyyən ilə bağlı qərarı olmadan mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı hərəkət etməsi qanunsuz və əsassız olar. Bu səbəbdəndir ki, bölgü sxem tərtib edilmədən və ya mülki icraat qaydasında torpaq sahəsinə istifadə ilə bağlı koordinatlar dəqiq müəyyən edilmədən inzibati məhkəmə cavabdehin hərəkətsizliyində qanunsuzluq müəyyən edə bilməz və bu səbəbdən də iddianı əsaslı hesab edə bilməz. Digər tərəfdən nəzərə alınmalıdır ki, inzibati məhkəmə tikinti-texniki ekspertizası və ya yerində baxış kimi prosessual hərəkətlər keçirərək real olan halı müəyyən etsə belə bu cavabdeh inzibati orqanın səlahiyyətlərini icra etməməsi anlamına gəlmir və həmin formada araşdırma, mahiyyət etibarı ilə mülki məhkəmənin səlahiyyətlərini mənimsəmə qismində çıxış edəcəkdir. Təbii haldır ki, istər məhkəmə, istər inzibati orqan onda olan mövcud resurslar əsasında iddiaçı və üçüncü şəxsin faktiki istifadəsində olan torpaq sahəsinin yerini, ölçülərini müəyyən edə bilər. Lakin həmin məlumatların mövcud olması, həmin məlumatlar əsasında işin mahiyyətini həll etmək anlamına gəlmir Beləliklə iddiaçı və üçüncü şəxslər hazırkı vəziyyətdə ya daşınmaz əmlakın sxematik bölgüsünü aparmaqla kimin hansı ölçüdə hansı koordinatlar daxilində hissədə istifadəçi olduğunu bölgü sxemin tərtib edilməsi yolu ilə təsdiq etməli və ya payın naturada müəyyən edilməsi barədə iddia verərək işin faktiki və hüquqi halları əsasında məhkəmə qərarı payı naturada müəyyən etməli, bundan sonra isə inzibati orqana mülkiyyət hüququnu təsdiq edən sənəd verilməsi ilə bağlı müraciət etməlidirlər. Lakin iddiaçı bölgü sxem tərtib edilmədən və ya məhkəmə qərarı olmadan mülkiyyət huququnu qeydiyyata almağa yalnız səlahiyyəti olan orqandan torpağ sahəsinin onun faktiki istifadəsində olan hissəsinin ölçülərini və koordinatlarını müəyyən etməklə bağlı müraciət etmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Məhkəmə diqqətə çatdırır ki, cavabdehin imtinasının əsasında duran hal (payçıların notarial qaydada təsdiqlənmiş razılıq ərizələrinin olmaması) hazırki mübahisənin mahiyyəti üzrə həllində mühüm əsaslardan biri olduğundan və bu imtina əsasının qanuni olması müəyyən edildiyindən, hazırki mərhələdə iş üzrə digər imtina əsasları ilə bağlı əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Belə ki, bu hissədə araşdırmanın aparılması müvafiq olaraq xüsusi bilik tələb etdiyndən, torpaq sahəsinin ayrıc aktının daxilində yerləşib-yerləşməməsi üçün mütəxəssis rəyi verilməsi və məhkəmə tikinti-texniki ekspertizanın təyini edilməlidir ki, iddianın hazırki mərhələdə həlli bunun nəticəsindən asılı deyildir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.07.2021-ci il tarixli 2(102)-1192/2021 nömrəli qərarından da görünür ki, məhkəmə torpaq sahəsinin yerquruluşu planı, sərhədləri, naturada yerləşmə vəziyyətinin təsvirinə dair sənədin olmaması , torpaq sahəsinin real bölgüsünün aparılmaması səbəbindən torpaq sahəsinə mülkiyyət hüququ tanınmamış, bölgü planın olmaması səbəbindən aşağı instansiya məhkəmələrinin mövqeyi ilə Ali Məhkəmə razılaşmışdır. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar