Məhkəmə qərarları › İş №2-1(112)-2634/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2634/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2634/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək Müdafiə Nazirinin xx.xx.2024-cü il tarixli 0715 nömrəli əmrinin ləğv edilərək iddiaçının yenidən hərbi xidmətə bərpa edilməsi və məcburi iş buraxmağa görə ödənilməli olan əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixdən Silahlı Qüvvələrin Təlim və X1 Zabit Kursunda təhsil almağa başlamış və xx.xx.2017-ci il tarixdə həmin kursu bitirdikdən sonra ədliyyə leytenantı rütbəsi alaraq Bakı şəhərində yerləşən N nömrəli hərbi hissədə hərbi hissənin komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsində xidmətə başlamışdır. 2017-ci ilin oktyabr ayının 13-dən Bakı şəhərində yerləşən Müdafiə Nazirliyinin 6-cı Təhqiqat bölməsində təhqiqatçı kimi ximətini davam etdirmişdir. Bundan sonra 2019-cu il tarixdən xidmətini baş təhqiqatçı kimi Bakı şəhərində yerləşən N nömrəli hərbi hissədə davam etdirmişdir. xx.xx.2020-ci tarixdən xidmətini Beyləqan rayonunda yerləşən N nömrəli hərbi hissədə Hərbi hissə komandirinin hüquq İşləri Üzrə köməkçisi vəzifəsinə təyin olunmuşdur. 44 günlük Vətən Müharibəsində həmin hərbi hissə ilə birgə müharibədə iştirak etmiş və müharibə veteranıdır. Daha sonra xx.xx.2021-ci il tarixdə ona ədliyyə baş leytenantı rütbəsi verilmişdir. xx.xx.2022-ci il tarixdə xidmətinin davam etdirilməsi üçün Şəmkir rayonunda yerləşən 3-cü Ordu Korpusunun tabeliyində olan 6-cı Təhqiqat bölməsinə baş təhqiqatçı vəzifəsinə təyin olunmuşdur. Həmin tarixdən 2024-cü ilin avqust ayının 2-dək baş təhqiqatçı vəzifəsində xidmət etmişdir. Lakin 2024-cü ilin mart ayından barəsində vətəndaş şikayəti əsasında Quru Qoşunları komandanına məruzə edilmiş və X2 Şöbəsi tərəfindən aparılan araşdırmanın davam etdirilməsi üçün Şəmkir Hərbi Prokurorluğuna göndərilmiş, lakin araşdırmaya yekun qərar qəbul edilmədən Quru Qoşunları komandanının vəsatətinə əsasən Müdafiə nazirinin xx.xx.2024-cü il tarixli 0715 nömrəli əmrinə əsasən Ordu Sıralarından qanunsuz olaraq tərxis olunmuşdur. Həmçinin aparılan araşdırma zamanı X2 Şöbəsi və Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən ondan heç bir izahat alınmamış, eləcə də ordu sıralarında xidmət edib-etməyəcəyi barədə soruşulmadan tərxis edilmişdir. Hal-hazırda xidmətə uyğunsuz hesab edilərək ordu sıralarından tərxis olunmağının səbəbi ona məlum deyildir.

3. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz təqdim edərək edərək bildirmişdir ki, iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair təqdimat tərtib edilmiş, hərbi hissə komandiri tərəfindən imzalandıqdan sonra qərar qəbul edilməsi məqsədilə göndərilmişdir. İddiaçı barədə qərar qəbul edilərkən buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Təqdimatın hazırlanmasına əsas olmuş sənədlər nəzərdən keçirilərkən, məlum olmuşdur ki, iddiaçı xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, bacarıqsız, məsuliyyətsiz, iradəsiz, yuxarı komandanlıq tərəfindən verilən əmr və tapşırıqların öhdəsindən gəlməkdə çətinlik çəkən bir zabit kimi göstərmişdir, xidməti işinə münasibəti və məsuliyyəti aşağı səviyyədədir, vəzifəsinin layiqincə yerinə yetirilməsi üçün çalışmır, başladığı işi keyfiyyətlə, vaxtında axıra çatdırmaq qabiliyyətinə malik deyil, icraatında olan materiallar üzrə vaxtında prosesual qərarların qəbul edilməsini, tam hərtərəfli və obyektiv araşdırma aparılmasını bacarmır, təhqiqatçı kimi üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilmir, icraatında olan sənədlərin, ərizə və şikayətlərin icrasını nəzarətdə saxlamır, rəhbər sənədləri, əmr, göstəriş və direktivləri zəif bilir və gündəlik işini onların tələbləri əsasında qurmaqda çətinlik çəkir, şəxsi nizam-intizamı və dürüstlüyü aşağı səviyyədədir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrini və rəhbəredici sənədlərin tələblərini bilmir, gündəlik xidmətini onların tələblərinə əsasən qura bilmir. İddiaçı təhqiqatın aparılmasında qanun pozuntusuna yol verdiyinə görə xx.xx.2023-cü ildə “Töhmət”, səhər xidməti yerinə gecikdiyi üçün və şəxsi gigiyena qaydalarına riayət etmədiyinə görə xx.xx.2023-cü ildə ’’Şiddətli töhmət”, səhər yerbəyerinə gecikdiyinə görə xx.xx.2023-cü ildə “Töhmət”, xidməti yerinə gəlmədiyinə görə xx.xx.2023-cü ildə “Şiddətli töhmət”, səhər xidməti yerinə gəlmədiyi üçün xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü ildə “Şiddətli töhmətlər” verilmişdir. Həmçinin, xx.xx.2021-ci ildə “Töhmət”, icraatında olan təhqiqat materiallarında müddət pozuntusuna yol verdiyinə görə xx.xx.2024-cü ildə “Töhmətlər”, Təhqiqat bölməsi üzrə növbətçi olduğu vaxt xidməti düzgün təşkil etmədiyinə görə xx.xx.2022-ci ildə "Şiddətli töhmət”, xx.xx.2022, xx.xx.2022ci ildə“Şiddətli töhmətlər”, xx.xx.2022-ci ildə “Töhmət”, materiallar üzrə qərarın qəbul edilməsində təyin edilmiş müddət pozuntusuna yol verdiyinə görə xx.xx.2022-ci ildə “Şiddətli töhmət”, xidməti vəzifəsinə səhlənkar yanaşdığına görə xx.xx.2022-ci ildə “Şiddətli töhmət”, xidməti vəzifələrinə səhlənkar yanaşaraq, materialların təyin edilmiş müddət pozuntusuna yol verdiyinə görə xx.xx.2022-ci il tarixdə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq”, xx.xx.2023-cü ildə “Töhmət”, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü illərdə “Şiddətli töhmətlər” verilmişdir. İddiaçı icraatında olan materialları məzuniyyətə gedərkən təhvil verməsi səbəbindən xx.xx.2023cü il tarixdə həmin materiallar yoxlanılıb və materiallar üzrə çoxsaylı nöqsanlar aşkar olunmuşdur (iddiaçının icraatında olan materiallar üzrə yol verdiyi əsassız süründürməçilik hallarının aşkar olunması barədə akt əlavə olunur). Həmçinin, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3-1(095)-7/2024 nömrəli qərarından (əlavə olunur) görmək olar ki, İddiaçı əməlində AR İXM-nin 613.2-ci maddəsində (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan, Şəmkir hərbi prokuroru tərəfindən barəsində “inzibati xəta haqqında icraata başlanması haqqında” qərar qəbul edilərək araşdırma aparılmış və inzibati material baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilmişdir. İddiaçı şərəf məhkəməsində, ordu sıralarından ehtiyata buraxılması ilə bağlı söhbətləşmədə iştirak etməkdən, hərbi həkim komissiyasından keçməkdən imtina etmişdir (aktlar əlavə olunurlar). Onun icraatında olan materiallar üzrə araşdırma apararkən İddiaçı əməlində “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2.1-ci maddəsində göstərilən korrupsiya hüquqpozmasının əlamətləri olduğundan həmin faktla bağlı toplanmış material Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilmişdir. İddiaçının xidmət vərəqindən (əlavə olunur) görmək olar ki, o, həvəsləndirilməyib. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə, dəyişikliyə yol verilmir.

4. Cavabdehin etirazına iddiaçının izahatı onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci tarixdən xx.xx.2024-cü il tarixədək Şəmkir rayonunda yerləşən 3-cü ordu korpusunun tabeliyində olmuş 6-cı Təhqiqat bölməsində baş təhqiqatçı vəzifəsində xidmətdə olduğu zaman “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən uyğunsuz hesab edilməklə hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Cavabdehin iddia ərizəsinə verdiyi etirazında qeyd edilmiş xx.xx.2023, xx.xx.2024, xx.xx.2022-ci ildə verilən cəza tədbirlərinin heç biri xidməti vərəqəsində qeyd olunmamışdır. Bu isə o deməkdir ki, həmin cəzalar ona verilməmişdir. Xidməti vərəqəsində xx.xx.2021-ci il tarixli “Töhmət” növündə inzibati təhbeh tədbiri qeyd edilmişdir. Həmin cəza əmri Şəmkir rayonunda yerləşən 6-cı Təhqiqat bölməsinin rəisi ədliyyə mayoru Tural Quliyev tərəfindən imzalanmışdır. Halbuki qeyd olunan tarixdə Beyləqan rayonunda yerləşən hərbi hissədə hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçi vəzifəsində xidmət edirdi, yəni 6-cı Təhqiqat bölmə rəisi ədliyyə mayoru Tural Quliyevin onun barəsində hər hansı cəza təyin etmək hüququna malik olmamışdır. Ximdəti vərəqəsində qeyd olunan xx.xx.2022-ci il tarixində verilən 4 (dörd) intizam tənbehinə sonradan müdaxilə olunaraq hərəkətin törədilmə vaxtı xx.xx.2022-ci tarixli kimi göstərilmiş, guya ki, xx.xx.2022-ci il tarixdən 10 (on) gün müddətində araşdırma aparılaraq xx.xx.2022-ci il tarixdə qeyd olunan cəzalar verilmişdir. Xidməti vərəqədə qeyd olunan tarixlərdə digər hərəkətlər ilə bağlı verilərən intizam tenbehləri də araşdırma aparılmadan hərəkətin müəyyən olunduğu gün ilə intizam tənbehinin tətbiq olunduğu gün eynilik təşkil edir. Bu o deməkdir ki, verilən intizam tənbehləri ilə bağlı heç bir araşdırma aparılmamışdır. Haqqında tətbiq olunan heç bir intizam tənbehləri ona elan edilməmiş, eləcə də araşdırmalar ilə bağlı heç bir izahatı alınmamışdır. İcraatında olan araşdırma materialların icrası ilə bağlı yurisdiksiyasında olan hərbi məsələlərdə araşdıma apardığı müddətlərdə xidməti vərəqəsində xidmət yerinə gəlməməyi ilə bağlı intizam tənbehi kimi qeyd edilmişdir. xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli cəzalarda səbəb kimi səhər xidmət yerinə gəlməməyi qeyd edilmişdir. Lakin, qeyd edilən tarixlərin hər birində rəhbərliyin göstərişi ilə yusdiksiyada olan hərbi hissələrə icraatında olan təhqiqat araşdırması ilə bağlı göndərilmişdir. Lakin hərbi hissələrin uzaqda olması, araşdırma materialların çoxluğu bir çox hallarda hava şəraitinin pis olması və geri qayıtmaq üçün nəqliyyat vasitəsinin olmaması hər gün geri qayıdaraq nəzərdə tutalan vaxtda xidməti yerinə qayıtmağına mane olurdu. Bununla bağlı hər bir halda bölmə rəisini məlumatdırmışdır. Lakin bölmə rəisi bu halları nəzərə almayaraq onu səhər xidməti yerində olmamağı ilə bağlı cəza təyin etmişdir və bununa bağlı ona məlumat verməmişdir. Qanun tələbinə əsasən 100 km-dən uzaq məsafəyə getdiyi zaman raportla bölmə rəisinə məruzə edilməli və ezamiyyət vərəqəsi verilməli idi, lakın ezamiyyətə vəsait ödənilməməsi üçün bölmə rəisi təqdim etdiyi raportları qəbu etməmişdir və bu halda konkret olaraq xidməti yerinə qayıtmağının tarixi olmadığına görə ona intizam tənbehi tətbiq etməsi qanunsuzdur.

5. 6-cı təhqiqat bölmə rəisinin 14 avqust 2024-cü il tarixli 180 nömrəli əmrindən çıxarışa əsasən Ədliyyə baş leytenantı İddiaçı, 6-cı Təhqiqat bölməsinin baş təhqiqatçısı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin 02 avqust 2024-cü il tarixli 0715 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilsin. 14 avqust 2024-cü il tarixdən, bölmənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal Rayon İdarəsinə göndərilsin. Ədliyyə baş leytenantı İddiaçı, nəzərdə tutulmuş maddi yardım ödənilib, 2024-cü ilin növbəti məzuniyyətindən tam istifadə edib, 1 (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilib. Ədliyyə baş leytenantı İddiaçı ehtiyata buraxılması ilə əlaqədar vəzifə maaşının iki misli miqdarında çıxış müavinəti ödənilsin. Əsas: Azərbaycan Respublikası Müdafiə Nazirinin 02 avqust 2024-cü il tarixli 0715 nömrəli əmrindən çıxarış (daxil olma № 32).

6. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2024-cü il tarixli 0715 saylı əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, aşağıda adları çəkilən zabitlər həqiqi hərbi xidmətdən EHTİYATA BURAXİLSİNLAR:

2. Ədliyyə baş leytenantı İddiaçı, 6-cı Təhqiqat bölməsinin Baş təhqiqatçısı

7. 6-cı təhqiqat bölməsinin rəisinin 04 iyun 2024-cü il tarixdə tərtib olunan təqdimatına əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunur. Ədliyyə baş leytenantı İddiaçı xx.xx.2021-ci il tarixdən 6-cı təhqiqat bölməsinin baş təhqiqatçısı vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, bacarıqsız, məsuliyyətsiz, iradəsiz, yuxarı komandanlıq tərəfindən verilən əmr və tapşırıqların öhdəsindən gəlməkdə çətinlik çəkən bir zabit kimi göstərmişdir. Xidməti işinə münasibəti və məsuliyyəti aşağı səviyyədədir, vəzifəsinin layiqincə yerinə yetirilməsi üçün çalışmır. Başladığı işi keyfiyyətlə, vaxtında axıra çatdırmaq qabiliyyətinə malik deyil. İcraatında olan materiallar üzrə vaxtında prosesual qərarların qəbul edilməsini, tam hərtərəfli və obyektiv araşdırma aparılmasını bacarmır. Təhqiqatçı kimi üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilmir, icraatında olan sənədlərin, ərizə və şikayətlərin icrasını nəzarətdə saxlamır. Rəhbər sənədləri, əmr, göstəriş və direktivləri zəif bilir və gündəlik işini onların tələbləri əsasında qurmaqda çətinlik çəkir. Şəxsi nizam-intizamı və dürüstlüyü aşağı səviyyədədir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrini və rəhbəredici sənədlərin tələblərini bilmir, gündəlik xidmətini onların tələblərinə əsasən qura bilmir. Yuxarda göstərənləri nəzərə alaraq ədliyyə baş leytenantı İddiaçı oglunun ehtiyyata buraxılmasını məqsədəuyğun hesab edilir. Ehtiyata buraxıldıqdan sonra hərbi uçota durmaq üçün SHXÇDX-nin Bakı şəhəri Yasamal rayon İdarəsinə göndərilsin.

8. Ədliyyə baş leytenantı İddiaçı xidməti vərəqəsinə əsasən Cəzalar xx.xx.2021-ci il tarixdə səhər yerbəyerinə gəlmədiyi üçün töhmət (xx.xx.2021-ci il tarixli əmr); xx.xx.2022-ci il tarixdə 735 MT/22 nömrəli təhqiqat matertiallarında müddət pozuntusuna yol verdiyinə görə töhmət (xx.xx.2022-ci il tarixli əmr); xx.xx.2022-ci il tarixdə icraatında olan 724 MT/22 nömrəli təhqiqat matertiallarında müddət pozuntusuna yol verdiyinə görə töhmət (xx.xx.2022-ci il tarixli əmr); xx.xx.2022-ci il tarixdə icraatında olan 729 MT/22 nömrəli təhqiqat matertiallarında müddət pozuntusuna yol verdiyinə görə töhmət (xx.xx.2022-ci il tarixli əmr); xx.xx.2022-ci il tarixdə icraatında olan 730 MT/22 nömrəli təhqiqat matertiallarında müddət pozuntusuna yol verdiyinə görə töhmət (xx.xx.2022-ci il tarixli əmr); xx.xx.2022-ci il tarixdə icraatında olan 725 MT/22 nömrəli təhqiqat matertiallarında müddət pozuntusuna yol verdiyinə görə töhmət (xx.xx.2022-ci il tarixli əmr); xx.xx.2022-ci il tarixdə icraatında olan 731 MT/22 nömrəli təhqiqat matertiallarında müddət pozuntusuna yol verdiyinə görə şiddətli töhmət (xx.xx.2022-ci il tarixli əmr); xx.xx.2022-ci il tarixdə təhqiqat bölməsi üzrə növbətçi olduğu vaxt xidməti düzgün təşkil etmədiyinə görə şiddətli töhmət (xx.xx.2022-ci il tarixli əmr); xx.xx.2022-ci il tarixdə səhər yerbəyerinə gəlmədiyi üçün şiddəli töhmət (xx.xx.2022-ci il tarixli əmr); xx.xx.2022-ci il tarixdə səhər xidmət yerinə gecikdiyi üçün şiddəli töhmət (xx.xx.2022-ci il tarixli əmr); xx.xx.2022-ci il tarixdə materiallar üzrə qərarın qəbul edilməsində təyin edilmiş müddət pozuntusuna yol verdiyinə görə şiddəli töhmət (xx.xx.2022-ci il tarixli, 375 nömrəli əmr); xx.xx.2022-ci il tarixdə xidməti vəzifəsinə səhlənkar yanaşdığına görə şiddəli töhmət (xx.xx.2022-ci il tarixli, 409 nömrəli əmr); xx.xx.2022-ci il tarixdə xidməti vəzifəsinə səhlənkar yanaşaraq materialların təyin edilmiş müddət pozuntusuna yol verdiyinə görə vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq (xx.xx.2022-ci il tarixli, 448 nömrəli əmr); xx.xx.2022-ci il tarixdə xidməti yerinə gecikdiyinə görə töhmət (xx.xx.2022-ci il tarixli, 236 nömrəli əmr); xx.xx.2022-ci il tarixdə səhər yerbəyerinə gecikdiyinə görə töhmət (xx.xx.2022-ci il tarixli, 237 nömrəli əmr); xx.xx.2023-cü il tarixdə səhər yerbəyerinə gec gəldiyi üçün töhmət (xx.xx.2023-cü il tarixli əmr); xx.xx.2023-cü il tarixdə səhər yerbəyerinə gec gəldiyi üçün şiddətli töhmət (xx.xx.2023cü il tarixli əmr); xx.xx.2023-cü il tarixdə materiallar üzrə qərarın qəbul edilməsində təyin edilmiş müddət pozuntusuna yol verdiyinə görə şiddəli töhmət (xx.xx.2023-cü il tarixli, 17 nömrəli əmr); xx.xx.2023-cü il tarixdə səhər yerbəyerinə gecikdiyi üçün şiddətli töhmət (xx.xx.2023-cü il tarixli əmr); xx.xx.2023-cü il tarixdə xidməti vəzifələrinə səhlənkar yanaşaraq icraatında olan materialların müddət pozuntusuna yol verdiyinə görə şiddətli töhmət (xx.xx.2023-cü il tarixli, 123 nömrəli əmr); xx.xx.2023-cü il tarixdə xidməti vəzifələrinə səhlənkar yanaşaraq icraatında olan materiallar üzrə qərarın qəbul edilməsində müddət pozuntusuna yol verdiyinə görə şiddətli töhmət (xx.xx.2023-cü il tarixli, 224 nömrəli əmr); xx.xx.2023-cü il tarixdə təhqiqatın aparılmasında qanun pozuntusuna yol verdiyinə görə töhmət (xx.xx.2023-cü il tarixli, 43 nömrəli əmr); xx.xx.2023-cü il tarixdə səhər yerbəyerinə gecikdiyinə görə töhmət (xx.xx.2023-cü il tarixli əmr); xx.xx.2023-cü il tarixdə xidməti yerinə gəlmədiyi üçün şiddətli töhmət (xx.xx.2023-cü il tarixli əmr); xx.xx.2024-cü il tarixdə səhər xidməti yerinə gecikdiyi üçün şiddətli töhmət (xx.xx.2024cü il tarixli əmr); xx.xx.2024-cü il tarixdə səhər xidməti yerinə gəlmədiyi üçün şiddətli töhmət (xx.xx.2024cü il tarixli əmr); xx.xx.2024-cü il tarixdə səhər xidməti yerinə gəlmədiyi üçün şiddətli töhmət (xx.xx.2024cü il tarixli əmr);

9. Şifahi dinləmələr zamanı məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

11. İddianın növü mübahisələndirməyə dair iddiadır.

12. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

13. İddia tələbinin xidmətə bərpa olunma hissəsi inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılmasıdır.

14. Mübahisələndirilən əmr xx.xx.2024-cü il tarixlidir.

15. İddiaçı məhkəməyə xx.xx.2024-cü ildə müraciət etmişdir.

16. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

17. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2024-cü il tarixli 0715 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin 156-cı maddəsinin e bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır.

18. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin:

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). Qadın hərbi qulluqçular ailə vəziyyətinə görə buraxılırlar: uşaq doğulması ilə əlaqədar öz xidməti vəzifələrini icra edə bilmədikləri halda, onların xahişi ilə; hərbi qulluqçu ilə nikaha girdikdə — əri başqa yaşayış məntəqəsinə köçürüldükdə, əgər ərinin yeni xidmət yerində qadın hərbi qulluqçu üçün vakant vəzifə yoxdursa, eləcə də əri həqiqi hərbi xidmətdən buraxılıb yeni yaşayış yerinə gedirsə; mülki şəxslə nikaha girdikdə, əri başqa yaşamaq məntəqəsinə daimi yaşayış üçün gedirsə; qadın — hərbi qulluqçunun vəzifələrini icra etməyə maneçilik törədən xüsusi üzürlü səbəblər olduqda (buraxılma üçün digər əsaslar olmadıqda); həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə, həqiqi hərbi xidmət keçərkən “Hərbi xidmətə çağırışın Əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun çağırışdan möhlət hüququ meydana çıxdıqda; e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir.

19. Məhkəmə araşdırması nəticəsində müəyyən etdi ki, iddiaçı dəfələrlə xidmətində yol verdiyi nöqsanlara görə “xəbərdarlıq”, “töhmət” və “şiddətli töhmət” intizam məsuliyyətinə cəlb edilmişdir. Xidmətində yol verdiyi nöqsanlar məhz onun tərəfindən törədildiyi üçün barəsində tətbiq edilən intizam cəzalarını qəbul etmiş və onları mübahisələndirməmişdir. Həmçinin barəsində tətbiq edilən intizam cəzaları barədə məlumatlı olmasını iddiaçı məhkəmə iclasına təsdiq etmişdir.

20. Məhkəmə qeyd edir ki, iddiaçının barəsində tətbiq edilmiş intizam cəzalarından, xidmətini davam etdirməsi üçün şərait yaradılmasından iddiaçı xidmət müddətində heç bir müsbət nəticə çıxarmamış və dönüş yaratmamışdır.

21. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin mübahisəli əmri qəbul etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin mübahisəli əmri qanunauyğun olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, əmr mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

22. Odur ki, cavabdeh mübahisələndirilən əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Məhkəmə mübahisələndirilən əmrin qanuna zidd olduğu və ya həmin əmr verilərkən inzibati icraatın həmin əmrə təsir edən şəkildə pozulduğu hallarını müəyyən etmir.

23. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

24. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar