Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2635/2021 15.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “pul” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Daxili İşlər Nazirliyinin X4 Alayında işlədiyi dövrlərdə 1996, 1997, 1998, 1999, 2000 və 2001-ci illərdə istifadə edilməyən əmək məzuniyyətinə görə pul kompensasiyasının qanuna uyğun hesablanaraq ödənilməsinin vəzifə olaraq cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə- Plan İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 1996, 1997, 1998, 1999, 2000, 2001-ci illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə 5380 (beş min üç yüz səksən) manat məbləğində kompensasiya ödənilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Daxili İşlər Nazirliyinin X5 Alayında 26 ildən artıq işləyərək 05 avqust 2003-cü il tarixindən təqaüdə çıxmışdır. O, 1996, 1997, 1998, 1999, 2000, 2001-ci illərdə Alayda Polis baş serjantı işlədiyi müddətdə növbəti məzuniyyətdən istifadə etməmişdir. Ona görə də Daxili İşlər Nazirliyinə yuxarıda qeyd olunan illərdə istifadə etmədiyi əmək məzuniyyətinə görə pul kompensasiyasının ödənilməsi ilə əlaqədar dəfələrlə müraciət etmişdir. Ona 1996, 1997-ci illər nəzərə alınmadan 1998, 1999, 2000 və 2001-ci illərin əmək məzuniyyətlərinə görə 30.04.2009-cu il tarixində 76 nömrəli kassa-məxaric orderinə əsasən cəmi 93.40 (doxsan üç) manat 40 qəpik məbləğində pul ödəmişdir. O, kompensasiyanı düzgün hesablamadığını əsas gətirərək yenidən dəfələrlə müraciət etmişdir. Sonuncu müraciətinə DİN-nin Maliyyə-Plan İdarəsi tərəfindən 08.10.2020-ci il tarixli məktubla ona 93 manat 40 qəpik ödənildiyini əsas gətirərək yenidən imtina etmişdir. O, idarənin imtinasını əsassız hesab edir. Cavabdeh hesablamanı səhv apararaq qanunvericilik normalarını kobud şəkildə pozmuşdur. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı xidmətdən xaric olunduğu 2003-cü ildə qüvvədə olan "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 nömrəli Qərarının 1 nömrəli əlavəsinin 13-cü bəndinə uyğun olaraq istifadə olunmamış məzuniyyət əvəzi verilən kompensasiya yalnız-xidmətdən tərxis olunmuş əməkdaşlara vəzifə və rütbə maaşları əsasında ödənilirdi. DİN-in X4 Alayının 08.07.2019-cu il tarixli 033-4251-1219 nömrəli məktubuna əsasən 1998-2001-ci illərin məzuniyyətlərindən istifadə etmədiyinə görə İddiaçı 30.04.2009-cu iİ tarixli müraciəti əsasında həmin dövrdə qüvvədə olan normativ-hüquqi aktlara uyğun olaraq ona sonuncu vəzifə və rütbə maaşlarına müvafiq 4 il (1998-2001) üçün 93.40 manat (doxsan üç manat, qırx qəpik) məbləğində pul kompensasiyası ödənilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Daxili İşlər Nazirliyinin X4 Alayının polis baş serjantının 01 sentyabr 2019-cu il tarixindən aylıq vəzifə maaşı 610 manat, xidməti illərinə görə 181,75 manat və rütbə pulu 117 manat olmaqla cəmi 908,75 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcələsinin 140-cı maddəsinin tələbində uyğun olaraq məzuniyyət haqqı aşağıdakı qaydada hesablanır. 12 təqvim ayının cəmi – 908,75 x 12 = 10905,00 manat təşkile dir. 10905 : 12 = 908,75, 908,75 : 30,4 = 29,89 (bir günlük əmək haqqı). İldə 30 təqvim günü məzuniyyət verildiyi nəzərə alaraq cavabdeh tərəfindən hər ilə görə ona 29,89 x 30 = 896,70 manat məbləğində məzuniyət haqqı verilməlidir. Beləliklə istifadə olunmamış altı illik əmək məzuniyyətə görə cavabdeh tərəfindən ona 896,70 x 6 = 5380,2 manat məbləğində kompensasiya ödənilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 iddiaya etriazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 022/20-391-1221 №-li, 12.01.2021-ci il tarixli məktuba əlavə edilmiş İddiaçı arxiv şəxsi işindən xidmət siyahısının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 26.02.1985-ci ildən kiçik serjant rütbəsində polis orqanlarına işə qəbul edilmişdir. ÇPA-nın 05.08.2003-cü il tarixli, 49ş/h saylı əmri ilə Azərbaycan Respublikası DİO-da Xidmətkeçmə haqqında Əsasnaməsinin 135-ci maddəsinin 1-ci bəndi ilə (öz arzusu ilə) Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla DİO-dan xaric edilmişdir. 05 avqust 2003-cü il tarixə xidmət müddəti təqvimi: 20 il 05 ay 05 gün, güzəştli: 26 il 00 ay 29 gün. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 033-19312M-3219 №-li, 23.07.2019-cu il tarixli məktubdan görünür ki, 30.04.2009-cu il tarixdə yazmış olduğu ərizədə göstərmişdir ki, xidmət etdiyi dövr ərzində 1998,1999, 2000 və 2001-ci illərdə əsas məzuniyyətdən istifadə etməmişdir. Buna görə də ona 30.04.2009-cu il tarixində 76 nömrəli Kassa-Məxaric orderinə əsasən 93.40 (doxsan üç) manat 40 qəpik məbləğində pul vəsaiti ödənilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 027-58982M-3220 №-li, 08.10.2020-ci il tarixli məktubdan görünür ki, daxili işlər orqanlarında xidmət etdiyi müddət ərzində istifadə etmədiyi məzuniyyətlərə görə pil kompensasiyasının yenidən hesablanmasına dair DİN-nin rəhbərliyinə ünvanlandığı təkrar ərizəsinə nazirliyin Maliyyə-Plan İdarəsində baxılmışdır. Onun xidmətdən xaric olunduğu 2003-cü ildə qüvvədə olan “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında’’ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 nömrəli Qərarının 1 nömrəli əlavəsinin 13-cü bəndinin 4-cü abzasına uyğun olaraq istifadə olunmamış məzuniyyət əvəzi verilən kompensasiya yalnız xidmətdən tərxis olunmuş əməkdaşlara vəzifə və rütbə maaşları əsasında ödənilirdi. Kompensasiyanın almaq üçün müraciət etdiyi ildən asılı olmayaraq istifadə etmədiyi 1998-2001-ci illərin (4 il) məzuniyyətlərinə görə yuxarıda qeyd olunan qərara əsasən 2003-cü ildə olan vəzifə və rütbə maaşlarının əsasında ona 93,40 manat (doxsan üç manat 40 qəpik) məbləğində pul kompensasiyası hesablanıb ödənilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 077-1497-1221 №-li, 06.04.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı xidmətdən xaric olunduğu 2003-cü ildə vəzifə maaşı - 57000 manat, rütbə maaşı - 25000 manat, xidmət illərinə görə əlavə - 20500 manat, məharət dərəcəsinə görə əlavə - 14250 manat, ümumilikdə 116750 manat, yəni 23,35 manat (iyirmi üç manat, 35 qəpik) təşkil etmişdir. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 nömrəli Qərarına əsasən əməkdaşlara istifadə olunmamış əsas məzuniyyətə görə kompensasiya ödənilir. DİN-in X4 Alayının 02.04.2021-ci il tarixli, 033- 3219-1221 nömrəli məktubuna əsasən 1998-2001-ci illərin məzuniyyətlərindən istifadə etmədiyinə görə İddiaçı 30.04.2009-cu il tarixli müraciəti əsasında qeyd olunan qərara uyğun olaraq 4 il (1998-2001) üçün 93.40 manat (doxsan üç manat, qırx qəpik) məbləğində pul kompensasiyası ödənilmişdir. - Həmin məktuba əlavə edilmiş İddiaçı tərəfindən DİN-nin ÇPA-nın komandirinə ünvanlanmış 30.04.2009-cu il tarixli ərizənin surətindən görünür ki, 1998, 1999, 2000 və 2001-ci illərdə alayda işlədiyi müddətdə növbəti məzuniyyətlərdən istifadə etməmişdir. Məzuniyyətdə olmadığına görə qanunvericiliklə müəyyən olunmuş qaydada kompensasiya almağına köməklik göstərilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 077-9908-1771 №-li, 26.06.2021-ci il tarixli məktubdan görünür ki, DİN-in X4 Alayının 23.06.2021-ci il tarixli, 033-5994-1221 nömrəli məktubuna əsasən İddiaçı 1996-1997-ci illərin məzuniyyətlərindən istifadə etmişdir və həmin dövrdə olan qanunverici aktlara uyğun olaraq, ona hər ilə görə 37.35 manat (otuz yeddi manat, 35 qəpik) məbləğində ödəniş verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı daxili işlər orqanlarında xidmət etmiş və 05.08.2003-cü il tarixdə öz arzusu ilə xidmətdən xaric edilmişdir. İddiaçı 30.04.2009-cu ildə istifadə olunmamış əmək məzuniyyətinə görə ona kompensasiya ödənilməsini xahiş etmiş və cavabdeh tərəfindən ona 1998-2001-ci illər üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə 93,40 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı hazırda 1996, 1997, 1998, 1999, 2000, 2001-ci illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə ona ödənilmiş kompensasiya məbləğinin düzgün hesablanmadığına istinad edərək 5380 (beş min üç yüz səksən) manat məbləğində kompensasiya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinin 9-cu bəndinin tələblərinə görə polis əməkdaşına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məzuniyyət verilir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 88-ci maddəsinin tələblərinə görə əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”n 1 nömrəli əlavəsinin 13-cü bəndinə əsasən Növbəti və qısamüddətli məzuniyyət dövründə əməkdaşlara sonuncu tutduğu vəzifə üzrə müəyyən edilmiş məbləğdə təminat xərcliyi ödənilir. Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Əməkdaşlara məzuniyyət dövründə ildə bir dəfə respublika daxilində nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ümumi istifadədə olan hava, dəmir yolu, su və avtomobil (taksidən başqa) nəqliyyat ilə gedişin dəyəri miqdarında ödənilir. Daxili işlər orqanlarının əməkdaşı müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanaraq ödənilir. “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2012-ci il tarixli 217 nömrəli Qərarına əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Məhkəmə qeyd edir ki, iddiaçı daxili işlər orqanlarında xidmətdə olan zaman 1998- 2001-ci illərdə məzuniyyətdən istifadə etməməsi işin mübahisəsiz haldır. İddiaçı 1996- 1997-ci illər üzrə məzuniyyətdən istifadə etmədiyini bildirsə də cavabdehə 30.04.2009-cu ildə müraciətində 1998-2001-ci illər üzrə istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiya ödənilməsini xahiş etmişdir. Bundan əlavə cavabdeh inzibati orqan iddiaçının 1996-1997-ci illərdə məzuniyyətdən isitfadə etməsini və müvafiq olaraq ödənişlər almasını bildirmişdir. İddiaçı ona cavabdeh tərəfindən ödənilmiş kompensasiyanın məbləğinin düzgün hesablanmadığını, ona həmin məbləğin tutmuş olduğu vəzifənin hazırki əmək haqqına uyğun yenidən hesablanaraq ödənilməsini tələb edir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı hazırki iddiasında tələb etdiyi 1996-1997-ci illər üzrə məzuniyyətdən istifadə etmiş və ona həmin dövrlərdə ödənilər edilmişdir. 1998-2001-ci illərin məzuniyyətlərindən isə istifadə etmədiyinə görə müraciətinə əsasən ona xidmətdən xaric edilən zaman aldığı vəzifə və rütbə maaşlarına müvafiq pul kompensasiyası hesablanaraq ödənilmişdir. Belə olan halda İddiaçı ona ödənilməli kompensasiya məbləğinin tutduğu sonuncu vəzifənin bu günkü əmək haqqına uyğun şəkildə hesablanmasını tələb etməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı istifadə etmədiyi məzuniyyətə görə aldığı kompensasiya məbləğinin indeksləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbinin əsasının və predmetinin dəyişdirilməsi ilə bağlı ona müvafiq tövsiyənin verilməsini məqsədə müvafiq saymamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xidmətdən xaric olunduğu 2003-cü ildə işlədiyi vəzifənin maaşına uyğun kompensasiya hesablanaraq ödənildiyindən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2635/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2635/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver