Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2638/2020 04.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun dövlət nümunəli təhsil sənədi kimi tanınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu ildə Salyan rayonu Xulac kəndində anadan olmuşdur.1986-cı ildə T.S.Şirinov adına adına Yuxarı Xalac-2 kənd tam orta məktəbin birinici sinfinə qəbul olmuş, 1994-cü ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir. Həmin il Gəncə şəhəri X3 Xidməti Kollecinin Ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi fakultəsinə qəbul olmuş, 1997-ci ildə həmin fakultəni bitirib Az N012602 nömrəli diplom almışdır. 1998-ci ildən hal-hazırda Salyan rayonu T.S.Şirinov adına Yuxarı Xalac-2 kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləmişdir. 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin bilik-bacarıqlarının diaqnostik qiymətləndirilməsinə buraxılmış, 2019-cu ildə Təhsil Nazirliyinə diplomun tanınması haqqında ərizə ilə müraciət etmiş və ərizəsinə cavab olaraq “diplomunuz dövlət nümunəli təhsil sənədi deyildir” cavabını almışdır. 2018-2019-cu tədris ilindən dərs saatları 6 saata endirilmiş və rəhbərlik etdiyi sinif əlindən alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3124/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2725/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadına əsasən İddiaçı apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3124/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Gəncə Məişət Xidməti Kolleci tərəfindən verilmiş AZ seriyalı 012602 №-li diplomun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ona verilmiş diplomun dövlət nümunəli təhsil sənədi kimi tanınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-ci ildə Salyan rayonu, Xalac kəndində doğulmuşdur. - AZ 012602 №-li, xx.xx.1997-ci il tarixli diplomun notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, İddiaçı 1994-cü ildə Gəncə Şəhəri X3 Xidməti Kollecinə daxil olmuş və 1997-ci ildə həmin kollecin “Ümümtəhsil məktəblərində ibtidai sinif müəllimi” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İxtisas Komissiyasının xx xxxx 1997-ci il tarixli qərarı ilə ona “Ümumitəhsil məktəblərində ibtidai sinif müəllimi” ixtisası verilmişdir. - Azərbaycan Respublikası Dövlət X2 689/5 №-li, xx.xx.2016-cı il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri X3 Xidməti Kolleci arxiv fondunun sənədlərinə əsasən kadr üzrə əmr kitablarından məlum olmuşdur: Məişət Xidməti Kollecinin rektoru, dos. F.r.e.n. R.M.Məmmədov tərəfindən imzalanmış 35- K №-li, xx.xx.1997-ci il tarix əmrdən çıxarışdan görünür ki, DİK-nın 25.Vİ.97-ci il tarixli, 69 nömrəli, 26.Vİ.97-ci il tarixli, 71 nömrəli, 27.Vİ.97-ci il tarixli 73 nöməli protokollarına əsasən Neftçala şöbəsinin 404, 501, 502 nömrəli «Ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi» buraxılış qrupunun tələbələri dövlət imtahanlarını müvəffəqiyyətlə başa vurduqları üçün kollecin tələbəliyindən azad edilmələri əmr edilmişdir. Qrup № 404 (Ümumitəhsil məktəblərində ibtidai sinif müəllimi) Neftçala şöbəsi. ... 18. İddiaçı. Əsas: fond 566, siyahı 2, bağlama 2, saxlama vahidi 18, vərəq 19. - Müasir Təhsil və X6 tərəfindən verilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisasartırma Təhsilinə dair 69 №-li, xx.xx.2010-cu il tarixli sertifikatdan görünür ki, İddiaçı xx.xx.2010-xx.xx.2010-cu il tarixədək yeni ibtidai təhsil kurikulumu üzrə müəllimlərin təlimi proqramını bitirmişdir. - Salyan rayonu İcra Hakimiyyəti Baçşısının X7 Ərazi Dairəsi üzrə Nümayəndiliyi tərəfindən verilmiş 744 №-li, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Salyan rayonunun Xalac kəndində yaşayır. - Salyan rayon T.S.Şirinov adına Yuxarı Xalac-2 kənd tam orta məktəbinin direktoru tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli xasiyyətnamədən görünür ki, İddiaçı həqiqətən 1998-ci ildən Salyan rayon T.S.Şirinov adına Yuxarı Xalac-2 kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyir. O, işlədiyi müddət ərzində özünü bacarıqlı və səriştəli müəllim kimi tanıtmışdır. Dərs dediyi siniflərdə şagirdlərə proqramı mənimsədə bilmiş, sinfi hər dəfə normal səviyyədə təhvil vermişdir. Müəllim İddiaçı müntəzəm olaraq müvafiq kurslara göndərilmiş və həmin kursları uğurla başa vuraraq göndərildiyi hər kursun sertifikatını əldə etmişdir. Məktəbin ictimai işlərində və tədbirlərində fəal iştirak edir. Dərs dediyi siniflər də tədbirlərin daimi və fəal iştirakçısıdır. Müəllim İddiaçı işlədiyi illər ərzində heç vaxt töhmət və cəza almamışdır. - İsmayıl Əliyev, Əli Əliyev, Nisəxanım Hasıyeva, Əlövsət Rzayev, İbadulla Əliyev və Xanımbacı Həsənova tərəfindən tərtib edilərək imzalanmış aktdan görünür ki, onlar aşağıda imza edənlər: Gəncə səhəri X3 Xidməti Kollecinin Neftçala şöbəsi 1994-1997-cı tədris ilində müəllim vəzifəsində işləmişlər. Həmin dövrdə adı çəkilən tədris müəssisəsində tələbə kimi qeydiyyatda olmuş, İddiaçı 404-cü qrupda oxumuş, mütəmadi olaraq hər gün dərslərdə iştirak etmiş, zaçot və imtahanlarda müvəffəq qiymət almışdır. Adı çəkilən tədris müəssisəsində onlar və Mərkəzləşdirilmiş komissiya nümayəndələrinin iştirakı ilə təşkil edilmiş dövlət imtahanından müvəffəq qiymət almışdır. - Azərbaycan Respublikası Dövlət X2 məhkəməyə ünvanlandığı 579/3 №-lı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri X3 Xidməti Kolleci arxiv fondunun sənədlərinə əsasən kadr üzrə əmr kitablarından məlum olmuşdur: Məişət Xidməti Kollecinin rektoru, dos. F.r.e.n. R.M.Məmmədov tərəfindən imzalanmış 35-K №-li, xx.xx.1997-ci il tarix əmrdən çıxarışdan görünür ki, DİK-nın 25.Vİ.97-ci il tarixli, 69 nömrəli, 26.Vİ.97-ci il tarixli, 71 nömrəli, 27.Vİ.97-ci il tarixli 73 nöməli protokollarına əsasən Neftçala şöbəsinin 404, 501, 502 nömrəli «Ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi» buraxılış qrupunun tələbələri dövlət imtahanlarını müvəffəqiyyətlə başa vurduqları üçün kollecin tələbəliyindən azad edilmələri əmr edilmişdir. Qrup № 404 (Ümumitəhsil məktəblərində ibtidai sinif müəllimi) Neftçala şöbəsi. ... 18. İddiaçı. Əsas: fond 566, siyahı 2, bağlama 2, saxlama vahidi 18, vərəq 18-19. Qeyd: Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri X3 Xidməti Kollecinin 1994-cü il üzrə əmr kitabları yoxlanmış, İddiaçı adı aşkarlanmamışdır. Həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri X3 Xidməti Kolleci Neftçala şöbəsinin 1994-cü il üzrə əmr kitabları Dövlət Arxinin Gəncə filialına təhvil verilmədiyindən İddiaçı kollecə daxil olma əmri arayışda göstərilməmişdir. - Neftçala Rayon Dövlət Arxivinin 20 №-li, xx.xx.2020-ci il tarixli məktubundan (arxiv arayışı) görünür ki, Gəncə şəhəri təsərrufat hesablı Məişət Xidməti Kollecinin Neftçala filialının daxil olmuş tələblərinin heç bir illər üzrə siyahıları Neftçala rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Ancaq müəllimlərin əmək haqqı cədvəlləri Neftçala rayon Dövlət Arxivinə təhvil verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********07 №-li, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən Təhsil Nazirliyinin tabeliyində olmuş Gəncə şəhəri X3 Kolleci ləğv edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 18-18-41/12 №-li məktubdan görünür ki, Gəncə Məişət Xidməti Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1993-cü il tarixli, 487 nömrəli Qərarına əsasən orta ixtisas təhsili müəssisəsi kimi xx xxxx 2000-ci il tarixədək Gəncə şəhərində fəaliyyət göstərmişdir. Təhsil Nazirliyində Gəncə şəhər X3 Xidməti Kollecinin Neftçala şöbəsinin fəaliyyəti ilə bağlı hər hansı məlumat mövcud deyildir. - Azərbaycan Respublikası Dövlət X5 tərəfindən məhkəməyə ünvanlanmış 910/3 №li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı eyni sorğu ilə 2019-cu ildə filiala müraciət etmişdir. Sorğu əsasında Dövlət X5nda mühafizə olunan Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhər X3 Xidməti Kolleci arxiv fondunun 1994-1997-ci illərin kadr üzrə əmr kitabları yoxlanılmış, İddiaçı Kollecin tələbəliyinə qəbul olunması haqqında əmr aşkar olunmamışdır. 1997-ci ildə 35-k №-li əmrlə sözügedən kollecin Neftçala filialının tələbəliyindən azad olunması haqqında əmr aşkar olunmuşdur ki, bu barədə İddiaçı xx xxxxxx 2019-cu il tarixli, 60/5 saylı arxiv arayışı ilə cavab verilmişdir. Əldə etdikləri şifahi məlumatlara görə Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhər X3 Xidməti Kollecinin Neftçala şöbəsi Neftçala Qızlar kollecinin bazasında yaradılmışdır. Neftçala Qızlar kollecinin arxiv sənədləri Dövlət X5na təhvil verilməmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan 0- 5307/31-24 №-li, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Gəncə Məişət Xidməti Kolleci tərəfindən adına yazılmış AZ seriyalı 012602 Nq-İİ diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı AZ 012602 №li, xx.xx.1997-ci il tarixli diploma əsasən 1994-cü ildə Gəncə Şəhəri X3 Xidməti Kollecinə daxil olmuş və 1997-ci ildə həmin kollecin “Ümümtəhsil məktəblərində ibtidai sinif müəllimi” ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı ona verilmiş diplomun dövlət nümunəli hesab olunması üçün cavabdeh inzibati orqana müraciət etsə də xahişinin təmin edilməsindən imtina etmişdir. Hazırda qüvvədən düşmüş, iddiaçının təhsil aldığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanunun: - 8-ci maddəsinə əsasən təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında dövlət və qeyridövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. - 18-ci maddəsinə əsasən orta ixtisas məktəbləri (texnikumlar, kolleclər və s.) orta ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. həmin təhsil müəssisələri əsas və orta ümumi təhsil, peşə məktəbləri və peşə litseyləri bazasında fəaliyyət göstərməklə orta pillədən olan ixtisaslı mütəxəssislər hazırlayır, onları təkmilləşdirir və ixtisaslarını artırır. Əsas təhsili başa vurduqdan sonra orta ixtisas məktəbinə daxil olmuş vətəndaşlar orta ixtisas təhsili ilə yanaşı ümumi orta təhsil də alırlar. Ali məktəblərin nəzdində də müvafiq ixtisaslar üzrə texnikumlar, kolleclər fəaliyyət göstərə bilər. Orta ixtisas məktəblərini bitirənlərə “kiçik mütəxəssis” dərəcəsi verilir. Tədris prosesini dünya standartları səviyyəsində qurmuş qabaqcıl texnikumların maddi-texniki bazası və kadr potensialı əsasında müasir kolleclər şəbəkəsi yaradılır. - 21-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir. Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir. Hökumətin müəyyən etdiyi imtiyazlar (o cümlədən xaricdə yaşayan azərbaycanlılar üçün müəyyən olunmuş imtiyazlar) hazırlıq şöbələrinə qəbul zamanı nəzərə alınır. Hazırlıq şöbələrinə qəbul xüsusi əsasnamə ilə tənzim olunur. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasında tədris müəssisələrinin qeydiyyatdan keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 4 fevral tarixli, 69 nömrəli qərarına əsasən Respublikada fəaliyyət göstərən dövlət və qeyri-dövlət mülkiyyətinə mənsub olan bütün tədris müəssisələri — ali, orta ixtisas, texniki-peşə və ümumtəhsil orta məktəbləri, litseylər, kolleclər, gimnaziyalar və onların müvafiq filialları, məktəbəqədər tərbiyə və məktəbdənkənar müəssisələr, menecer məktəbləri, müxtəlif hazırlıq, təkmilləşdirmə və ixtisasartırma kursları Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi tərəfindən 1992-ci il, martın 1-dən başlayaraq qeydiyyata alınması, qeydiyyata alınmış tədris müəssisələrinin akkreditasiyası və onların tədris-metodiki təminatı respublika Xalq Təhsili Nazirliyinə həvalə edilməsi qərara alınmış, Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinə bir ay müddətinə «Tədris müəssisələrinin yaradılması, qeydiyyatdan keçirilməsi, akkreditasiyası və ləğv edilməsi qaydaları haqqında Əsasnamə» layihəsini hazırlaması və təsdiq üçün Nazirlər Kabinetinə təqdim etməsi tapşırılmış, Respublika bank və maliyyə orqanlarına Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyində qeydiyyatdan keçməmiş tədris müəssisələri üçün hesab açmamaları tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 358 nömrəli qərarı ilə “Azərbaycan Respublikası tədris və tədris-tərbiyə müəssisələrinin yaradılması, qeydə alınması, yenidən qurulması və ləğv edilməsi qaydası haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Qərarın 12-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri yalnız dövlət qeydiyyatına alındıqdan sonra xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada lisenziya ala bilər. Məhkəmə qeyd edir ki, İddiaçı Gəncə şəhər X3 Xidməti Kollecinin Neftçala şöbəsində təhsilini başa vurmasına dair Məişət Xidməti Kollecinin rektoru tərəfindən imzalanmış 35-K №-li, xx.xx.1997-ci il tarix əmr arxivdə mövcud olsa da iddiaçının həmin kollecə qanuni əsaslarla daxil olması barədə hər hansı sənədin mövcud olması, həmçinin Gəncə şəhər X3 Xidməti Kollecinin Neftçala şöbəsinin qanuni əsaslarla fəaliyyət göstərməsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının orta ixtisas müəssisəsi kimi təhsil aldığı Gəncə şəhər X3 Xidməti Kollecinin Neftçala şöbəsinin yuxarıda qeyd olunan tələblərə uyğun şəkildə qeydiyyata alınması, iddiaçının Gəncə şəhər X3 Xidməti Kollecinə qəbul olunması barədə müvafiq sənədin olması, həmçinin cavabdeh inzibati orqan tərəfindən həmin təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq təhsil sənədinin blankının (diplomun) verilməsi müəyyən edilmədiyindən iddiaçıya verilmiş diplom blankının dövlət nümunəli təhsil sənədinin olmaması barədə cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni olmuşdur. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. “Van de Huk Niderlanda qarşı” iş üzrə xx xxxxx 1994-cü il tarixli X4 üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur . "Mahmudov Rusiyaya qarşı iş üzrə" İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında isə məhkəmə qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq affırmamti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2638/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2638/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver