Məhkəmə qərarları › İş №2-1(112)-2638/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2638/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2638/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Bakıxanov Bələdiyyəsinin “44/1” nömrəli, xx.xx.2006-cı il tarixli iaşə xidmətinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında Sərəncamına və həmin bələdiyynin həmin tarixli alqı-satqı aktına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, 15 saylı binanın yan tərəfində iaşə xidməti obyektinin tikintisi üçün ayrılmış 180 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun ilkin qeydiyyata alınması və bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrdindən çıxarış və plan-çizgi verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Bakıxanov Bələdiyyəsinin 44/1 nömrəli, xx.xx.2006-cı il tarixli iaşə xidmətinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında Sərəncamına əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, 15 saylı binanın yan tərəfində iaşə xidməti obyektinin tikintisi üçün 180 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır. Bələdiyyə ilə iddiaçı arasında həmin tarixli alqı-satqı müqaviləsi bağlanmış, bələdiyyə tərəfindən torpaq sahəsinin eskiz sxemi tərtib və təsdiq olunmuşdur. Sözügedən ünvanda yerləşən 180 kv.m torpaq sahəsi uzun illərdir iddiaçının sahiblik və istifadəsindədir, iddiaçı faktiki olaraq torpaq sahəsindən daimi istifadə edir. Torpağa dair bələdiyyə ilə iddiaçı arasında müqavilə bağlanılmış və iddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Bundan sonra iddiaçı hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq plan-çizgi verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh qurum tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı indiki halda ona ayrılmış həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir və hesab edir ki, bunun üçün qanuni əsaslar vardır. İş materiallarından görünür ki, torpaq ayrılması barədə Bakıxanov Bələdiyyəsinə ünvanladığı ərizə, torpaq sahəsinin qeydiyyata alınmasına dair Bakıxanov Bələdiyyəsinin iddiaçı ilə bağladığı müqavilə, torpaq ayırma sərəncamı, alqı-satqı aktı, eksiz sxem, iddiaçı tərəfindən edilmiş ödənişə dair qəbzlər və digər sənədlər vardır.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən ünvanlanmış məktubda bildirilmişdir ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı “Bakı şəhəri Bakıxanov Bələdiyyəsinin 4/1 nömrəli, xx.xx.2006-cı il tarixli iaşə xidmətinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamına və həmin bələdiyyənin həmin tarixli aktına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, 15 saylı binanın yan tərəfində iaşə xidməti obyektinin tikintisi üçün ayrılmış 180 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun ilkin qeydiyyata alınması və bu Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və plan-cizgi verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********96 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair təqdim edilmiş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən torpaqların alqı-satqısına dair aktlar ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş, həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. O cümlədən yerləşmə cizgisində istinad, istinad məsafələri qeyd edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi çoxmənzilli yaşayış binalarının həyətində ümumi istifadədə olmaqla dövlət mülkiyyəti torpaqlarına aiddir, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edilir.

5. Torpaqların Alqı-Satqısına dair Akta əsasən Ağdam rayonu Seyidli küçəsində yaşayan İddiaçı tərəfindən Bakıxanov Bələdiyyəsinə xx.xx.2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Bakıxanov bələdiyyəsi ərazisində 180,0 kv.m torpaq sahəsi satılması barədə xx.xx.2006-cı il tarixli 44/1 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Sabunçu rayon ABB bankının 956565 AZM330801 hesabına əvvəlcədən 576,0 manat haqq ödənilmişdir Qəbz № 005000 xx.xx.2006).

6. Bakı şəhər Sabunçu Rayon Bakıxanov Bələdiyyəsinin “Vətəndaş İddiaçı Ali oğluna iaşə xidmətinin tikitisi üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2006-cı il tarixli, 44/1 nömrəli Sərəncamına əsasən Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, 15 saylı binanın yan tərəfində iaşə xidməti obyektinin tikintisi üçün vət. İddiaçı ayrılmış 180.0 kv.m torpaq sahəsi alqı-satqı edilərək, mülkiyyətinə verilməklə vət. İddiaçı satılmışdır (1 kv.m üçün 3.20 man. ödəmək şərtilə).

7. Vətəndaş İddiaçı satılmış torpaq sahəsinin Bakı şəhər Sabunçu Rayon Bakıxanov Bələdiyyəsi tərəfindən təsdqi edilmiş eskiz-planı iş materiallarına əlavə edilmişdir. Qeyd: Bu eskiz sxem xx.xx.2006-cı il tarixli sərəncamın ayrılmaz hissəsidir. Ümumi torpaq sahəsi 180,0 kv.m təşkil edir.

8. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktına əsasən boş torpaq sahəsidir və hasarsızdır.

9. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Bakı şəhər Sabunçu Rayon Bakıxanov Bələdiyyəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, torpaq sahəsi faktiki olaraq iddiaçının sitifadəsindədir, torpaq sahəsinin hasara alınmamasının səbəbi həmin hissədə birbaşa olaraq qeyri-yaşayış obyektinin tikilməsinin planlaşdırılması ilə bağlıdır.

II. İddianın növü və mümkünlüyü

11. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

18. Cavabdeh orqan tərəfindən təqdim edilmiş etirazda qeyd etmişdir ki, torpaq alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş, həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. O cümlədən yerləşmə cizgisində istinad, istinad məsafələri qeyd edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi çoxmənzilli yaşayış binalarının həyətində ümumi istifadədə olmaqla dövlət mülkiyyəti torpaqlarına aiddir, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir.

19. Məhkəmənin hazırki iş üzrə mövqeyi X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına əsaslanır.

20. Torpaq sahəsinə münasibətdə məhkəmə tərəfindən aşağıdakı sənədlər tədqiq edilmişdir: - Torpaqların Alqı-Satqısına dair Akta əsasən Ağdam rayonu Seyidli küçəsində yaşayan İddiaçı tərəfindən Bakıxanov Bələdiyyəsinə xx.xx.2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Bakıxanov bələdiyyəsi ərazisində 180,0 kv.m torpaq sahəsi satılması barədə xx.xx.2006-cı il tarixli 44/1 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Sabunçu rayon ABB bankının 956565 AZM330801 hesabına əvvəlcədən 576,0 manat haqq ödənilmişdir Qəbz № 005000 xx.xx.2006). - Bakı şəhər Sabunçu Rayon Bakıxanov Bələdiyyəsinin “Vətəndaş İddiaçı Ali oğluna iaşə xidmətinin tikitisi üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2006-cı il tarixli, 44/1 nömrəli Sərəncamına əsasən Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, 15 saylı binanın yan tərəfində iaşə xidməti obyektinin tikintisi üçün vət. İddiaçı ayrılmış 180.0 kv.m torpaq sahəsi alqı-satqı edilərək, mülkiyyətinə verilməklə vət. İddiaçı satılmışdır (1 kv.m üçün 3.20 man. ödəmək şərtilə). - Vətəndaş İddiaçı satılmış torpaq sahəsinin Bakı şəhər Sabunçu Rayon Bakıxanov Bələdiyyəsi tərəfindən təsdqi edilmiş eskiz-planı iş materiallarına əlavə edilmişdir. Qeyd: Bu eskiz sxem xx.xx.2006-cı il tarixli sərəncamın ayrılmaz hissəsidir. Ümumi torpaq sahəsi 180,0 kv.m təşkil edir.

21. “İnzibati icraat haqqında” qanundan: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

22. Odur ki, hüquqi dövlət prinspindən çıxış edərək hüquqi cəhətdən etibarlı inzibati aktın yaratdığı hüquqi nəticələr qeydə alınmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi iş materiallarına əsasən müəyyən olunur ki, səlahiyyətli inzibati orqan həmin aktın qüvvədə olmasını təsdiq etməklə yerləşmə cizgisini təsdiq etmişdir.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

24. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

25. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

26. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

27. X2 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

28. X2 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

30. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının faktiki və sahibliyində və istifadəsində olan 180 kv.m. torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var.

31. Belə ki, təqdim edilən sənədlərə əsasən müəyyən edilir ki, qeyd edilən ərazidə Bakı şəhər Sabunçu Rayon Bakıxanov Bələdiyyəsi tərəfindən İddiaçı 180 kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir və iddiaçının qanuni sahibliyindədir.

32. Bakı şəhər Sabunçu Rayon Bakıxanov Bələdiyyəsi tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmiş, bələdiyyə tərəfindən qəbul edilmiş qərarın mötəbərliyi ilə bağlı hər hansı şübhə yoxdur.

33. Torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

34. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.

35. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.

36. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

37. Məhkəmə qeyd edir ki, qeyd edilən torpaq sahəsi yaşayış məntəqələri kateqoriyasına aiddir (məkhəməyə təqdim edilmiş ortofoto çıxarışından görünür ki, ətraf ərazilərində yaşayış sahələri mövcuddur). Xüsusilə qeyd edilməlidir ki, cavabdeh qeyd edilən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğunu qeyd etsə də, Bakı şəhər Sabunçu Rayon Bakıxanov Bələdiyyəsinə aid torpaq sahəsinin hüdudlarını məhkəməyə təqdim etməmişdir. Belə olan təqdirdə, cavabdeh İPM-in 14-cü maddəsinə əsasən sübutetmə vəzifəsini yerinə yetirməmişdir.

38. Qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyil. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir.

39. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən imtinasının digər dəlili olaraq yerləşmə sxemində dəqiq istinadların qeyd olunmamasının bildirilməsi (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən işlər inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparılması işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir.

40. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X2 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhər Sabunçu Rayon Bakıxanov Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 44/1 nömrəli qərarı əsasında Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, 15 saylı binanın yan tərəfində iaşə xidməti obyektinin tikintisi üçün ayrılmış 180 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar