Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2639/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək, ona təsdiqləyici sənədlərə əsasən əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan hərbi qulluqçusudur. 2020-2023-ci illər ərzində Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. İİ Qarabağ müharibəsinin iştirakçısı və veteranıdır, döyüş əməliyyatları zamanı “qapalı kəllə beyin travması” almışdır. “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” “Hərbi xidmətdə fərqləndiyinə görə”, “Şücaətə görə” medalları ilə və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. 29 mart 2024-cı il tarixində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında hərbi xidmətə yararlığı şəhadətləndirilmiş, həmin Poliklinikanın Hərbi-Həkim Komissiyanın qərarına əsasən, orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları depressiv daxilolmalarla, özünü kəsmələrlə, partlayış travması (xx.xx.2020) keçrilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar dəlib keçən odlu silah yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi (xx.xx.2020) əməliyyatından sonrakı bərkimiş dəri çapığı, “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”, hər iki gözün mürəkkəb miopik astiqmatizmi M 3.0 D və M 2.5 D nəticəsində görmə itliynin 0.3-ə qədər azalması, korreksiya 1.0 olmaqla" diaqnozu qoyularaq “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” rəyi verilmişdir. Qanunvericiliyin tələblərinə əsasən yaşadığı ərazi üzrə poliklinika tərəfindən cavabdeh orqana bütün lazımi sənədlər göndərilsə də, cavabdeh orqan əlilliyin təyin olunmasından imtina etmişdir. 27 avqust 2024-cü il tarixində mobil telefonuna cavabdeh orqandan aşağıdakı məzmunda sms daxil olmuşdur: "R.S.Orucov üçün verilmiş 16.07.24 tarixli göndərişlə Diaqnoz öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığı təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz.” Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə və Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Vətəndaşın sağlamlıq vəziyyəti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ayaqüstə dayananda sol ayaqda axsama, başağrısı, yuxusuzluqdan şikayətlənmişdir. Qəbul etdiyi dərmanların adlarını xatırlamamışdır. Xarici görünüşü səliqəli, gigiyenik təmiz izlənilmiş, oturarkən ayağını əsdirmişdir. Mühakimə və analiz qabiliyyəti qorunmuşdur. Dəniz limanında mühafizəçi işlədiyini söyləmiş, işə düzələrkən sağlamlıq haqqında arayış təqdim etdiyini bildirmişdir. İddiaçı hərbi xidmətdə olarkən hospitala getmək üçün məqsədli şəkildə komandirlə dalaşdığını bildirmişdir, saiddə kəsik izləri göstərmiş, 1 ay öncə etdiyini demişdir (F88 rəsmiləşdirilən vaxta uyğun olmuş), ailəli, 3 aylıq övladının olduğunu söyləmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “MSS üzvi zədələnməsi öz təsdiqini tapmır. (Hərbi bilet qeydi, travma haqqında arayışın XHŞ-dan sonra tərtib edilməsi, baş-beyin instrumental müayinələrinin norma daxilində olması). Sosial, məişət, ailə və əmək adaptasiyası (Dəniz Ticarət Limanı). Hal-hazırda kəskin və xroniki psixi xəstəlik əlamətləri müşahidə olunmur” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Həmçinin iddiaçıya məxsus SX№0446652 nömrəli Hərbi Biletin 3-cü səhifəsində Hərbi xidmətkeçmə haqqında nizamnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq ehtiyata buraxılması qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli, L00206638VVR nömrəli göndərişindən görünür ki, iddiaçıya əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə (professor F.İsmayılov) diaqnozu qoyulmuşdur. İşdə olan cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-6246/2024 nömrəli qərarından görünür ki, “iddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 2511 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, özünü kəsmələrlə. Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sol budun orta 1/3-nin dəlib-keçən odlu silah yaralanmasına görə aparılmış yaraların birincili cərrah i işlənməsi (xx.xx.2020) əməliyyatından sonrakı bərkimiş dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; "Hər iki gözün mürəkkəb miopik astigmatizmi M 3,0 D və M 2,5 D nəticəsində görmə itiliyinin 0,3-ə gədər azalması, korreksiya ilə 1,0 olmağla'' diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir;"Tinnitus" diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir; "Sol saidin ön səthinin yuxarı və orta 1/3-nin kəsilmiş yaralarından sonrakı (11.2022) bərkimiş dəri çapıqları" diaqnozlu travmanın səbəb əlaqəsi “travmadır, hərbi xidmət dövründə alınmışdır kimi müəyyənləşdirilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli 3580/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Başbeyinin üzvi xəstəliyi (İİ Qarabaq müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, Anamnezində özünü kəsmələr” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11738/23 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz "Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünü kəsmələrlə kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 12390/23 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz "Başbeynin üzvi xəstəliyi (İİ Qarabaq müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, Anamnezində özünü kəsmələr kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 5284/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4333 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə" kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir). Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ayaqüstə dayananda sol ayaqda axsama, başağrısı, yuxusuzluqdan şikayətlənmişdir. Qəbul etdiyi dərmanların adlarını xatırlamamışdır. Xarici görünüşü səliqəli, gigiyenik təmiz izlənilmiş, oturarkən ayağını əsdirmişdir. Mühakimə və analiz qabiliyyəti qorunmuşdur. İş qabiliyyətinin olmadığını iddia etsə də, Dəniz limanında mühafizəçi işlədiyini söyləmiş, işə düzələrkən sağlamlıq haqqında arayış təqdim etdiyini bildirmişdir. Hərbi xidmətdə olarkən hospitala getmək üçün məqsədli şəkildə komandirlə dalaşdığını bildirmişdir. Saiddə kəsik izləri göstərmiş, 1 ay öncə etdiyini demişdir (F88 rəsmiləşdirilən vaxta uyğun olmuş). Ailəli, 3 aylıq övladının olduğunu söyləmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "MSS üzvi zədələnməsi öz təsdiqini tapmır. (Hərbi bilet qeydi, travma haqqında arayışın XHŞ-dan sonra tərtib edilməsi, başbeyin instrumental müayinələrinin norma daxilində olması). Sosial, məişət, ailə və əmək adaptasiyası (Dəniz Ticarət Limanı). Hal-hazırda kəskin və xroniki psixi xəstəlik əlamətləri müşahidə olunmur” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.” İddiaçı hazırda barəsində qəbul edilmiş bu qərarı mübahisələndirərək ona əlillik təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:
1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.
2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.
3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İşdən görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixli göndəriş ilə F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə (professor F.İsmayılov) diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir və həmin Meyarlar əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Meyarlardan görünür ki, şəxsə əlillik onun sağlamlığının pozulması, yəni qoyulmuş diaqnoz üzrə xəstəliyin onun özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığına təsir etmə imkanı nəzərə alınmaqla qiymətləndirilir. Yəni şəxsdə hər hansı bir xəstəliyin olması ona əlillik təyin edilməsi üçün hələ əsas deyildir. Həmin xəstəlik Meyarlarda göstərilən qiymətləndirmə göstəricilərinə uyğn dəyərləndirilməli, yalnız bundan sonra həmin xəstəliyin əlillik təyin edib etməməsi müəyyən olunmalıdır. Meyarların 7.6.2-ci bəndinə əsasən F07.0- üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu üzrə şəxsin əlilliyi aşağıdakı hallar nəzərə alınmaqla qiymətləndirilir: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. İşin materiallarını araşdıran məhkəmə hesab edir ki, göstərilən qiymətləndirmə Meyarlarının iddiaçıda olması müəyyən edilir. Belə ki, işdə olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3644 saylı ekspert rəyndən görünür ki, ekspert müəyyən etmişdir ki, yoxlanılan şəxs İddiaçı “üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar olunur. Göründüyü kimi, iddiaçıda F07.0 koda malik xəstəliyin olması ekspert tərəfindən təsdiq edilir. Bundan əlavə, işdə olan Müdafiə Nazirliyi Baş X3 bölməsinin 233 nömrəli xəstəlik tarixindən çıxarış epikrizindən xəstə İddiaçı qısa anamnezində gösətrilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək, xəsarət alıb. Aldığı xəsarətlə əlaqədar olaraq mərhələli qaydada tibbi təxliyyə keçib. Döyüşlər zamanı və yaralanarkən güclü qorxu həyəcan, keçirərək öz ölümümü hiss edib. Hərbi hissəyə qayıtdıqdan sonra yenidən əsəbilik, ətraf qıcıqlara dözümsüzlük, mübahisə və münaqişələrə meylli olması, həyəcan, yaddaşının zəifləməsindən, başında olan ağrılardan, yuxusunun pozulmasından və döyüş səhnələrini təkrar-təkrar yaşaması kimi narahatlıqları olub. Nəhayət keçirdiyi istirablara dözməyərək 2022-ci ilin noyabr ayında sol səidinə kəsiklər edib. Hərbi hissədən təqdim edilən 08.01 .2023-cü il tarixli 343 nömrəli davranış aktında aydın olur ki, “MAHHXHQ əsgər İddiaçı tibb məntəqəsində müayinə və müalicə də olduğu müddətdə xx.xx.2023-cü il tarixində bədənində əsmə şiddətli baş ağrıları və qeyri-iradi əsəb halı və hərəkətlər baş vermişdir". Göstərilənlərlə əlaqədar olaraq hərbi hissə komandanlığı tərəfindən müayinə və müalicə üçün MN BKH-ya göndərilib. Psixiatriya bölməsində aparılmış kliniki müayinə və müşahidə zamanı emosiyaları zəifləmişdir. Əhval-ruhiyyəsi aşağıdır, tez-tez dəyişir. Qavrama pozuntuları və sayıqlama fikirləri qeyd olunmur. Zehni inkişaf səviyyəsi yaşına və keçirdiyi həyat tərzinə uyğundur. Hal-hazırda bölmədə özünü nərazı, ədalı, fikirli, qaraqabaq tərzdə aparır. Bölmənin gündəlik həyatına az maraq göstərir. Təkliyə və tənhalığa meylli olub. Müraciətlər və qıcıqlar olduqda həyəcanlanaraq təşviş keçirib. Göstərişləri və tapşırıqları könülsüz yerinə yetirib. Yuxusu dərmanla, yeməyi kafi olub. Beləliklə, qeyd olunanlardan görünür ki, cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina edərkən onun sağlamlıq vəziyyətinin “üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” diaqnozuna uyğun gəlməməsinə istinad etsə də, iş materialları və ekspert rəyi ilə bu hal tam təkzib olunmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-in 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı əlilliyinin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova