Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-264/2021 23.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, 3-cü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu) qarşı «çıxarışın ləğv edilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının qanunsuz hesab edilməklə, Yasamal rayonu, B.Bağırova küçəsi, 2, 615-ci məhəllə ünvanında yerləşən 965 kv.m. sahəsi olan qeyri yaşayış binasına dair AG BANK “ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli 19.06.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışın verilməsinin qanunsuz hesab edilməsi, çıxarışın ləğv olunması və qeyri-yaşayış binasına olan mülkiyyət hüququna dair qeydiyyatın bərpa olunmasının cavabdehin öhdəsinə qoyulması barədə qərar çıxarılması; mülkiyyətinə qəsdlə nəticələnən cinayət əlaqəsinə girərək qanunsuz çıxarışın verilməsinə nail olmuş şəxslərin barələrində xususi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2-1(81)-3958/2019 nömrəli qərardadı ilə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtaranadək "xxxx" ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli 19.06.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan ünvan 1 sahəsi olan qeyriyaşayış binasının üzərinə həbs qoyulması, qərardadın icrası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəməsinin 06.02.2020-ci il tarixli, 2-1(112)-273/2020 nömrəli qərardadı ilə "xxxx" ASC-nin üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır. Üçüncü şəxs həmin 23.09.2019-cu il tarixli, 2-1(81)-3958/2019 nömrəli qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.06.2020-ci il tarixli, 2- 1(103)-1002/2020 nömrəli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 23.09.2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04.11.2020-ci il tarixli, 2-1(102)-2176/2020 nömrəli qərarı ilə üçüncü şəxsin kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.06.2020-ci il tarixli, 2- 1(103)-1002/2020 nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.01.2021-ci il tarixli, 2- 1(103)-524/2021 nömrəli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 23.09.2019-cu il tarixli qərardadının ləğv edilməsi, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İş məhkəməyə qaytarıldıqdan sonra məhkəməmin 31.05.2021-ci il tarixli qərardadı ilə "xxxx" ASC-nin üçüncü şəxs siyahısından çıxarılması və onun ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş üzrə məhkəmə iclası 23.12.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı cavabdehin imtinasının qanunsuz hesab edilməklə, Yasamal rayonu, B.Bağırova küçəsi, 2, 615-ci məhəllə ünvanında yerləşən 965 kv.m. sahəsi olan qeyri -yaşayış binasına dair "xxxx" ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli 19.06.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışın verilməsinin qanunsuz hesab edilməsi, çıxarışın ləğv olunması və qeyri-yaşayış binasına olan mülkiyyət hüququna dair qeydiyyatın bərpa olunmasının cavabdehin öhdəsinə qoyulması barədə qərar çıxarılmasını tələb edir. Məhkəmə iddia tələbinin qeyd edilən hissəsi ilə bağlı aşağıdakıları bildirir: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 04.08.2021-ci il tarixli məktubla Bakı şəhəri, Yasamal rayonu, məhəllə 615, 2 ünvanında yerləşən qeyri-yaşayış binasına dair müvafiq sənədlərin surətini məhkəməyə təqdim etmişdir. "xxxx" MMC-nin 10.05.2017-ci il tarixli 363 saylı qiymətləndirmə rəyinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 9.000.000 manat təşkil etmişdir. 31 may 2017-ci il tarixdə İddiaçı həmin qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 21 avqust 2017-ci il tarixdə keçirilmiş hərrac nəticəsində İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi 5.737.500 manata "xxxx" ASC-yə satılmışdır. ünvan 3 ünvanda yerləşən 965 kv.m. qeyriyaşayış binasının "xxxx" ASC-nin xüsusi mülkiyyətində olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 16.09.2019-cu il qeydiyyat tarixli Çıxarış verilmişdir. Göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi ilə mübahisələndirdiyi ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasına dövlət reyestrindən çıxarış üçüncü şəxs "xxxx" ASC-yə açıq hərracın keçirilməsi nəticələrinə əsasən verilmişdir. İş materiallarından görünür ki, İddiaçı digər iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın, hərracın yekunlarına dair protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli 2(005)- 4766/2016 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı üçüncü şəxs qismində "xxxx" ASC və Bakı şəhər Yasamal Rayon İcra Şöbəsi cəlb edilməklə iddiası təmin edilmiş, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair Azərbaycan Respublikası "xxxx" MMCnin 10.05.2017-ci il tarixli, 363 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatının etibarsız hesab edilməsi, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin açıq hərracdan ilkin satış qiymətinin 14.214.000 manat müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (iş 2(103)-9500/2017) "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2018-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (iş 2(005)-5525/2017) İddiaçı cavabdehlər “X2” MMC, "xxxx" MMC, Yasamal rayon İcra Şöbəsi və "xxxx" ASC-yə qarşı iddiası təmin edilmiş, “X2” MMC tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsinin "xxxx" ASC-yə satılmasına dair hərracın yekunları barədə 21 avqust 2017-ci il tarixli 18 nömrəli protokol və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2018-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər “X2” MMC, "xxxx" MMC, Yasamal rayon İcra Şöbəsi və "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)- 6124/2018 saylı mülki işin İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı üçüncü şəxs qismində "xxxx" ASC və Bakı şəhər Yasamal Rayon İcra Şöbəsi cəlb edilməklə “əmlakın qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və ipoteka predmetinin qiymətinin müəyyən edilməsi” tələbinə dair 2(103)-9334/2018 saylı mülki işlə bir icraatda birləşdirilməsi və həmin işlərə bir icraatda baxılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə (iş 2(103)-1669/2019) Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(005)-4766/2017 saylı qətnaməsindən iş üzrə üçüncü şəxs "xxxx" ASC tərəfindən verilən apellyasiya şikayəti təmin edilmiş, həmin qətnamə ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmiş, Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2017ci il tarixli 2(005)-5525/2017 saylı qətnaməsindən cavabdehlər "xxxx" ASC və “X2” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, həmin qətnamə ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.12.2019-cu il tarixli 2-(102)-8358/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi sözügedən qeyriyaşayış binasına dövlət reyestrindən çıxarış üçüncü şəxsə açıq hərracın keçirilməsi nəticələrinə əsasən verilmiş, binanın müəyyən edilmiş qiyməti ilə bağlı iddiaçı məhkəmələrdə iddia qaldırmış, lakin son nəticə olaraq Ali Məhkəmənin Mülki Kollegiyasının 26.12.2019-cu il tarixli, 2(102)-8358/2019 saylı qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, yəni, həmin mülki işin yekun nəticəsi iddiaçının əleyhinə olmuş və Ali Məhkəmənin adıçəkilən qərarı qanuni qüvvəyə minmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19.05.2014-cü il tarixli «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Qərarında aşağıdakılar göstərilmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunla digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış isə, həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Daşınmaz əmlakın alqı-satqısı nəticəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” 20.02.2020-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi çıxarış açıq hərracın keçirilməsi nəticəsi əsasında verildiyindən və həmin açıq hərracın nəticələri yuxarıda sadalanan məhkəmə qərarları ilə qüvvədə saxlanıldığından, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqlarının pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, hazırkı iddia mümkün sayılmamalıdır. Həmçinin, məhkəmə iddia tələbinin “mülkiyyətinə qəsdlə nəticələnən cinayət əlaqəsinə girərək qanunsuz çıxarışın verilməsinə nail olmuş şəxslərin barələrində xususi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edərək hesab edir ki, iddia tələbi bu hissədə də mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsində tərəflərin xüsusi qərardad çıxarılmasına dair vəsatət (tələb) verməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati mübahisələrə dair işlər üzrə məhkəməyə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-264/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-264/2021
23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver