Məhkəmə qərarları › İş №2-1(112)-2640/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2640/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2640/2020 09.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “daxili işlər orqanlarında xidmət etməsi barədə qərarın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun daxili işlər orqanlarında 2009-cu ilin may ayınadək qulluq etməsi barədə müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin illər üzrə hesablanan təqaüdün birdəfəlik ödənilməsi və cavabdehin etinasızlığı nəticəsində ona dəymiş mənəvi zərər kimi 100.000 (bir yüz min) manat məbləğində ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-2899/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2765/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-2899/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı qismən, iddiaçının daxili işlər orqanlarında 2009-cu ilin may ayınadək qulluq etməsi barədə müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinin mümkün sayılmaması hissəsində ləğv edilməsi, həmin hissədə sonrakı prosessual hərəkətlərin edilməsi üçün işin birinci instansiya məhkəməsinə qaytarılması, qərardadın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, iddia tələbi «təqaüdün birdəfəlik ödənilməsi və 100.000 manat məbləğində mənəvi zərərin ödənilməsi» hissəsində mümkün sayılmamış, hazırda iddia tələbinin «iddiaçının daxili işlər orqanlarında 2009-cu ilin may ayınadək qulluq etməsi barədə müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» hissəsinə baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçıiddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Azərbaycan dövləti hüquqi quruculuq sahəsində mühüm qanun "Məhkəmə, hüquq - mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə dəymiş ziyanın ödənilməsi haqqında" qanun qəbul etmişdir. Qanunun tələbinə uyğun olaraq bütün icra strukturları, xüsusilə Silahlı Qüvvələri təmsil edən güc strukturları daxili sənədlərini qanunun tələbinə uyğun təkmilləşdirməlidirlər. Lakin DİN-in Kadrlar İdarəsi qanunun tələbinə əməl etməmişdir. Belə ki, daxili işlər orqanlarına xx xxxxxx 1978-ci il tarixli 373 saylı əmr ilə qəbul olmuşdur. 1986-cı ildən 1997-ci ilin fevral ayının 3-dək Polis Akademiyasında qulluq etmişdir. Döyüş zonasında fəal iştirak etdiyinə görə daxili işlər nazirinin əmri ilə "təşəkkür" elan edilmişdir. 1995-ci ildə müəllim vəzifəsindən üç pillə addayaraq - tədris şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 1997-ci il tarixli hökmünə əsasən cinayət məsuliyyətinə cəlb edilmişdir. Hökm əsasında DİN-in xx.xx.1997-ci il tarixli 397 saylı əmri ilə daxili işlər orqanlarından xaric edilmişdir (təqvim xidməti 19 il, 06 ay, 09 gün təşkil edib). Daxili işlər orqanlarında onun güzəştli (26 il, 03 ay, 23 gün) xidmətini nəzərə alaraq DİN-in rəhbərliyi ona pensiya təyin etmişdir. Ali Məhkəmənin Sədrinin protestinə əsasən Bakı Şəhər Məhkəməsinin Rəyasət Heyəti 1998-ci ilin iyun ayında onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinə xitam vermişdir. Məhkəmənin bəraət qərarı həmin vaxt DİN-nə göndərilmişdir. DİN-in Kadrlar idarəsi onun natamam - 25 il qulluq etməməsini nəzərə alaraq onu hərbi həkim komissiyasına göndərməli, yararlı hesab edildiyi təqdirdə əvvəlki vəzifəsinə avtomatik bərpa etməli idi. Lakin Kadrlar idarəsi bu tələbi yerinə yetirmədi. Daxili işlər orqanlarında tutduğu vəzifəyə uyğun (55 yaşı tamam olduqda) o, 2009-cu ilin may ayınadək qulluq etməli idi. DİN-in Kadrlar idarəsinin qanunun tələbinə zidd hərəkətləri nəticəsində o, xidmətini davam etdirə bilməmişdir. Bununla əlaqədar keçən dövr ərzində dəfələrlə DİN-ə müraciət etsə də bütün müraciətləri cavabsız qalmışdır, baxmayaraq ki, həmin halı özləri də etiraf edirlər. Onun daxili işlər orqanlarından xaric olunmağına səbəb olan məhkəmə hökmü yuxarı məhkəmə instansiyasının qərarı ilə ləğv olunmuş və ona həmin cinayət işi ilə bağlı bəraət verilmişdir. Deməli işdən xaric olunmağına səbəb olan hal aradan qalxdığından eyni qaydada da o, işə bərpa olunmalı idi. Baxmayaraq ki, əmrin ləğvi ilə bağlı müraciət etməsə də, bu hal aradan qalxdığından işdən xaric olunmağına səbəb olan halı əsas götürdükləri kimi də həmin halın aradan qalxdığını da əsas götürüb eyni qaydada əmr verərək bərpa etməli idilər. Lakin keçən müddət ərzində bəraət hökmü barədə məhkəmə qərarı cavabdeh tərəfindən qanunsuz olaraq nəzərə alınmayıb, nəticədə də ona külli miqdarda maddi ziyan vurulub. DİN-in Kadrlar idarəsinin onun barəsində qanunazidd hərəkətləri onda mənəvi sarsıntıya səbəb olur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı arxiv şəxsi işi öyrənilmiş və müəyyən edilmişdir ki, o, 1954-cü ildə anadan olmuş, ali təhsilli, 1975-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 1994-cü ildə Bakı Dövlət Universitetini bitirmiş, daxili işlər orqanlarında xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci il tarixədək xidmət etmiş, DİN-in X1 şöbəsinin rəis müavini vəzifəsində işləyərkən nazirliyin xx.xx.1997-ci il tarixli 81 nömrəli intizam əmrinə əsasən DİN-in xx.xx.1997-ci il tarixli şəxsi heyət üzrə 397 nömrəli əmri ilə «Müvəqqəti Təlimat»ın 7-ci maddəsinə əsasən (məhkum olunması ilə əlaqədar) xx.xx.1997-ci il tarixdən DİO-da xidmətdən xaric edilmişdir. Bakı şəhər məhkəməsinin Rəyasət Heyətinin xx.xx.1998-ci il tarixli qərarı ilə əməlində cinayət tərkibi olmadığına görə İddiaçı barəsində işin icraatına xitam verilmişdir. İddiaçı xx.xx.1998-ci il tarixdə ərizə ilə müraciət edərək barəsində cinayət işinin icraatına xitam verildiyini nəzərə alaraq «Müvəqqəti Təlimat»ın 7ci maddəsinə əsasən (məhkum olunması ilə əlaqədar) DİO-da xidmətdən xaric edilməsi barədə nazirliyin xx.xx.1997-ci il tarixli 81 nömrəli əmrinə dəyişiklik edilərək öz xahişinə əsasən xaric olunması ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmnin qərarı və İddiaçı xx.xx.1998-ci tarixli müraciəti nəzərə alınaraq DİN-in xx.xx.1998-ci il tarixli 252 nömrəli əmri ilə nazirliyin xx.xx.1997-ci il tarixli 81 nömrəli əmri ləğv edilərək «Müvəqqəti Təlimat»ın 4-cü maddəsinin «E» bəndinə əsasən (öz xahişi ilə) xx.xx.1997-ci il tarixdən DİO-dan xaric olunmuşdur. Bakı şəhər Səbail rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli 2-2134 saylı Qətnaməsinə əsasən DİN-in xx.xx.2003-cü il tarixli şəxsi heyət üzrə 300 nömrəli əmri ilə nazirliyin xx.xx.1998-ci il tarixli 252 saylı əmrinin 2-ci bəndinə qismən dəyişiklik edilərək İddiaçı xx xxxx 1998-ci il tarixdən DİO-dan xaric olunmuş hesab olunmaqla təqaüd materiallarına yenidən baxılaraq yaranmış fərqin ödənliməsi təmin edilmişdir. «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 149-cu maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bəraət qazanmış şəxsin daxili işlər orqanlarında xidmətə bərpa olunması üçün əsas həmin şəxsin ərizəsidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxx 2019-cu il tarixli 0xx/xx-1665/H-3219 nömrəli məktubda qeyd olunur: İş stajınızın bərpası məqsədilə əmr verilərək əmək kitabçanızda müvafiq qeydiyyat aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığınız müraciətinizə baxılmışdır. Bildiririk ki, DİN-in X1 şöbəsinin rəis müavini vəzifəsində işləyərkən DİN-in xx.xx.1997-ci il tarixli əmri ilə «Müvəqqəti Təlimat»ın 7-ci maddəsinə əsasən (məhkum olunması ilə əlaqədar) DİO-da xidmətdən xaric edilmisiniz. Bakı şəhər məhkəməsinin Rəyasət Heyətinin xx.xx.1998-ci il tarixli qərarı ilə əməlinizdə cinayət tərkibi olmadığına görə işin icraatına xitam verilmişdir. Məhkəmənin qərarı və xx.xx.1998-ci il tarixli müraciətiniz nəzərə alınaraq «Müvəqqəti Təlimat»ın 7-ci maddəsinə əsasən (məhkum olunması ilə əlaqədar) DİO-da xidmətdən xaric edilməyiniz barədə əmr ləğv edilərək «Müvəqqəti Təlimat»ın 4-cü maddəsinin «E» bəndinə əsasən (öz xahişi ilə) xidmətdən xaric olunmuşunuz. Eyni zamanda bildiririk ki, qüvvədə olan normativ sənədlərin tələblərinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bəraət qazanmış şəxsin daxili işlər orqanlarında xidmətə bərpa olunması üçün əsas həmin şəxsin ərizəsidir. Qeyd olunanları nəzərə alaraq, xahişinizin müsbət həlli imkan xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMH yanında DSMF X3 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2019-cu il tarixli **********8 nömrəli məktubda qeyd olunur: Ərizənizə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə müvafiq müddəalarına uyğun olaraq əmək pensiyalarına əlavələr iki kateqoriyaya bölünür: 1) əmək pensiyasının sığorta hissəsinə əlavələr; 2) qulluq stajına görə əmək pensiyalarına əlavələr. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 taizl, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Sizə sözügedən Qanunun 20.14.1-ci maddəsinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunmuşdur. Əmək pensiyanız aşağıdakı tərkibdən ibarət olmaqla cəmi 684,06 manat məbləğində müəyyən edilmişdir: - əmək pensiyanızın sığorta hissəsi - 181,16 manat; - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx xxxxx 2019-cu il tarixinədək qüvvədə olan 19.1.6-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavəniz - 11,00 manat; - qulluq stajına görə əmək pensiyanıza əlavəniz - 491,90 manat. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli 0xx/xx-7992/H-3220 nömrəli məktubda qeyd olunur: Pensiyanızın yenidən hesablanması ilə əlaqədar Azərbaycan Respublikası DİN-in rəhbərliyinə ünvanlanmış müraciətinizə baxılmışdır. Bildiririk ki, DİN-in X1 şöbəsinin rəis müavini vəzifəsində işləyərkən DİN-in xx.xx.1997-ci il tarixli əmri ilə "Müvəqqəti Təlimat"ın 7-ci maddəsinə əsasən (məhkum olunması ilə əlaqədar) DİO-da xidmətdən xaric edilmisiniz. Bakı şəhər məhkəməsinin Rəyasət Heyətinin xx.xx.1998-ci il tarixli qərarı ilə əməlinizdə cinayət tərkibi olmadığına görə işin icraatına xitam verilmişdir. Məhkəmənin qərarı və xx.xx.1998-ci il tarixli müraciətiniz nəzərə alınaraq "Müvəqqəti Təlimat"ın 7-ci maddəsinə əsasən (məhkum olunması ilə əlaqədar) DİO-da xidmətdən xaric edilməyiniz barədə əmr ləğv edilərək "Müvəqqəti Təlimat"ın 4-cü maddəsinin "E" bəndinə əsasən (öz xahişi ilə) xidmətdən xaric olunmuşunuz. Müraciətinizlə əlaqədar xidmət illəriniz bir daha hesablanmış və xidmətdən xaric olunarkən xidmət müddətinizin təqvimi hesablama ilə 19 il, 02 ay, 03 gün, imtiyazlı hesablama ilə 28 il, 05 ay, 23 gün təşkil etdiyi nəzərə alınaraq müvafiq təminat xərcliyinin 74 faizi hesabı ilə pensiya ilə təmin edildiyiniz müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxxxxx 1997-ci il tarixli 81 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, cinayət əməli etdiyinə görə məhkum olunduğu üçün X1 şöbəsinin rəis müavini, polis podpolkovniki İddiaçı “Müvəqqəti Təlimat»ın 7-ci maddəsinə əsasən daxili işlər orqanlarından xaric olunması əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxxx 1997-ci il tarixli 397ş/h nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, X1 şöbəsinin rəis müavini, polis podpolkovniki İddiaçı Azərbaycan Respublikası daxili işlər orqanlarının sıravi və rəis heyətinin xidmətdən xaric edilməsi qaydası barədə Müvəqqəti Təlimatın 7-ci maddəsinə əsasən məhkum olunması ilə əlaqədar olaraq xx xxxxxx 1997-ci il tarixdən daxili işlər orqanlarından xaric edilmişdir - Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxxxxx 1998-ci il tarixli 252 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, DİN-nin X1 şöbəsinin rəis müavini, polis podpolkovniki İddiaçı dələduzluq yolu ilə vət.Seyidovadan ev alınması üçün pul alıb qaytarmadığına görə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 1997-ci il tarixli hökmü ilə CM-nin 147-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum olunmaqla həbs edildiyi üçün DİN-in xx xxxxxx 1997-ci il tarixli 81 saylı əmri ilə «Müvəqqəti Təlimat»ın 7-ci bəndinə əsasən DİO-dan xaric edilmişdir. Bakı şəhər Məhkəməsi Rəyasət Heyətinin xx xxxx 1998-ci il tarixli Qərarı ilə İddiaçı barədə olan hökm ləğv edilmiş və əməlində CM-nin 147-ci maddəsinin 2-ci hissəsinin tərkibi olmadığına görpə işin icraatına xitam verilmişdir. Bununla əlaqədar İddiaçı daxili işlər orqanlarından xaric olunması barədə DİN-in müvafiq əmrində dəyişikliklər edilərək təqaüdə göndərilməsinin ərizəsinə əsasən sənədləşdirilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq polis podpolkovniki İddiaçı daxili işlər orqanlarından xaric olunması barədə DİN-in xx.xx.1997-ci il tarixli 81 saylı əmrinin ləğv edilməsi, polis podpolkovniki İddiaçı «Müvəqqəti Təlimat»ın 4-cü maddəsinin «E» bəndinə əsasən (öz xahişi ilə) xx.xx.1997-ci il tarixdən daxili işlər orqanlarından xaric olunması əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxxxxx 2003-cü il tarixli 300 ş/h nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası DİN-in xx xxxxxx 1998-ci il tarixli 252 saylı əmrinin 2-ci bəndinə qismən dəyişiklik edilərək sabiq polis polkovnik-leytenantı İddiaçı xx xxxx 1998-ci il tarixdən daxili işlər orqanlarından xaric edilmiş hesab olunması, İddiaçı təqaüd materiallarına yenidən baxılaraq bununla bağlı yaranmış fərqin ödənilməsinin təmin edilməsi əmr edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı daxili işlər orqanlarında xidmət etmişdir. İddiaçı DİN-nin X1 şöbəsinin rəis müavini vəzifəsində işləyərkən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 1997-ci il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunmaqla həbs edildiyi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxxxxx 1997-ci il tarixli 81 saylı əmri ilə Azərbaycan Respublikası daxili işlər orqanlarının sıravi və rəis heyətinin xidmətdən xaric edilməsi qaydası barədə «Müvəqqəti Təlimat»ın 7-ci bəndinə əsasən daxili işlər orqanlarından xaric edilmişdir (DİN-in xx xxxx 1997-ci il tarixli 397ş/h nömrəli əmrinə əsasən xx.xx.1997-ci ildən, Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla). Bakı Şəhər Məhkəməsi Rəyasət Heyətinin xx xxxx 1998-ci il tarixli Qərarı ilə iddiaçı barədə olan hökm ləğv edilmiş və əməlində CM-nin 147-ci maddəsinin 2ci hissəsinin tərkibi olmadığına görə işin icraatına xitam verilmişdir. Bundan sonra iddiaçı Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək DİN-in xx xxxxxx 1997-ci il tarixli 81 saylı əmrinin ləğv edilməsini və öz ərizəsi ilə daxili işlər orqanlarında xidmətdən xaric edilməsini xahiş etmişdir. DİN-in xx xxxxxx 1998-ci il tarixli 252 nömrəli əmri ilə DİN-in xx.xx.1997-ci il tarixli 81 saylı əmri ləğv edilmiş və iddiaçının «Müvəqqəti Təlimat»ın 4-cü maddəsinin «E» bəndinə əsasən (öz xahişi ilə) xx.xx.1997-ci il tarixdən daxili işlər orqanlarından xaric olunması əmr edilmişdir. Daha sonra isə DİN-in xx xxxxxx 2003-cü il tarixli 300 ş/h nömrəli əmri ilə DİN-in xx xxxxxx 1998-ci il tarixli 252 saylı əmrinin 2-ci bəndinə qismən dəyişiklik edilərək iddiaçı xx xxxx 1998-ci il tarixdən daxili işlər orqanlarından xaric edilmiş hesab olunmuşdur. Göründüyü kimi, iddiaçı onun barəsində olan məhkəmə hökmü ləğv edildikdən və işin icraatına xitam verildikdən sonra ərizə ilə müraciət edərək daxili işlər orqanlarında xidmətdən xaric olunmasını xahiş etmiş və ərizəsi əsasında öz xahişi ilə iddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “daxili işlər orqanlarında xidmət etməsi barədə qərarın qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar