Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2640/2022 01.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya ödənişinin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Əfqanıstan və Qarabağ müharibələrinin veteranıdır. Xüsusi şərtlərlə pensiya təyin edilməsi üçün DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh orqan 27.08.2021-ci il tarixli məktubu ilə güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişdir. İmtina əsassız və qanunsuzdur. Belə ki, 01.01.2006-cı ilə kimi 25 ildən artıq əmək stajı olmuş və həmin stajın 12 il 6 aydan çox hissəsini elektrik əl qaynaçısı peşəsində çalışmışdır və bu əsasla ona 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təmin edilə bilərdi. Bundan başqa ona 60 yaşında pensiya təyin edilməmiş və bu da belə əsaslandırılmışdır ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunverciliyə uyğun olaraq ona münasibətdə 39.800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 38.067,96 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunverciliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Pensiya hüququnun təmin edilməməsi onun pensiya təminatı hüqunun kobud şəkildə pozulması nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 01 oktyabr 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Sözügedən qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38067,96 manat təşkil edir.Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər.Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı-İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X7 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci ildə Şamaxı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. НЗ 40551410 №-li hərbi biletin təsdiq və tərcümə edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 02.07.1979-cu ildən 03.07.1981-ci ilədək hərbi xidmətdə olmuşdur. Г 601164 №-li Diplomun təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 01.09.1983-cü il tarixində Bakı şəhəri 86 nömrəli Texniki Məktəbə daxil olmuş və 16 aprel 1984-cü il tarixində əl qaynağı elektrik qaynaqçısı peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. ИТ-İ ******* №li 01.08.1983-cü il tarixli əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən İddiaçı 09.11.1981-ci ildə Şamaxı qaz istismar kontoruna-4-cü dərəcəli nəzarətçi çilingər vəzifəsinə qəbul edilmişdir (əmr № 82, 09.11.1981); 22.07.1982-ci ildə vəzifəsindən azad olmuşdur (əmr № 47, 22.07.1982); “Üzümyetişdirməsovxozu” trestinin SMK-9-da 17.08.1982-ci ildə ikinci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir (əmr № 84-k, 17.08.1983); 01.08.1983-cü ildə vəzifəsindən azad edilmişdir ( əmr № 84-k, 01.08.1983); 01.09.1983-cü ildə əl qaynağı elektrik qaynaqçısı ixtisası üzrə 86 nömrəli texniki məktəbin 49 nömrəli qrupuna qəbul edilmişdir (əmr № 21-k, 09.11.1983); 16.04.1984-cü ildə tam kursu bitirməsi ilə əlaqədar olaraq tələbələr siyahısından xaric edilmişdir (əmr № 56-k, 16.04.1984); “İstilikenerjiavadanlığı” trestinin Bakı X1 –köməkçi avadanlıq sexinə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmişdir (əmr № 84-k, 08.05.1984); 20.09.1984-cü ildə vəzifəsindən azad edilmişdir (əmr № 177-k, 19.09.1984); 12.11.1984-cü ildə “Azəraqrarsənayetikinti” 2 № li trestinin TQİ-68-yə üçüncü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmişdir ( əmr № 168, 12.11.1984); 19.09.1985-ci ildə 4-cü dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmişdir ( əmr № 135, 19.09.1985); 14.07.1986-ci ildə 5-ci dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmişdir ( əmr № 68-2, 10.09.1986); 04.08.1987-ci ildə vəzifəsindən azad edilmişdir (əmr № 103, 04.08.1987); 08.02.1988-ci ildə “Azərdəniznefttikinti” trestinin 4 saylı tikinti-quraşdırma idarəsinə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmişdir (əmr № 29/лс, 05.02.1988); 01.04.1988-ci ildə əl qaynağı elektrik qaynaqçısının 4 (dördüncü) dərəcəsi bərpa edilmişdir (əmr № 48/k, 01.04.1988); 01.07.1988-ci ildə 1987-ci il üzrə VTKS- 2 və 3 üzrə əməyin ödənilməsinin yeni tarif şərtlərinin tətbiqi ilə əlaqədar olaraq əl qaynağı elektrik qaynaqçısının 4-cü dərəcəsi müəyyən edilmişdir (əmr № 45, 28.06.1988); 08.02.1990-cı ildə “Xəzərdənizneftqaz” İB-nin yenidən təşkili ilə əlaqədar olaraq, birliyin 15.01.90-cı il tarixli 12/35/10 nömrəli əmrinə əsasən “Azərdənizneftikinti” trestinin 4 saylı TQİ 01.01.1990-cı il tarixdən adı dəyişdirilərək “Xəzərdənizneftqaz” trestnin 1 saylı TQİ olmuşdur ( AZDNT trestinin 19.01.90-cı il tarixli 2 nömrəli əmri, “XDNQ” trestinin 09.02.1990-cı il tarixli 3 nömrəli əmri); 10.09.1990-cı il tarixdə vəzifəsindən azad edilmişdir (əmr № 145-k, 10.09.1990); 15.09.1990-cı ildə Daxili işlər orqanlarında xidmət, Bakı şəhər Dİİ Azərbaycan Respublikası PPX alay polis nəfəri (PPX alayının 33л/с nömrəli 06.09.1990-cı il tarixli əmri); 30.12.1991-ci il tarixdə işdən azad edilmişdir (PPX alayının 44 л/с nömrəli 25.12.1991-cı il tarixli əmri); 12.02.1992-ci ildə 4-cü dərəcəli elektrik qaynaqçısı vzifəsinə qəbul edilmişdir ( əmr № 13-k, 12.02.1992); 01.07.1996-cı ildə vəzifəsindən azad edilmişdir (əmr № 34-k, 01.07.1996); 20.11.1997-ci il tarixdə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmişdir (əmr № 61-k, 20.11.1997); 01.11.1999-cu il tarixdə əmək müqaviləsi bağladıqdan sonra həmin idarədə 5-ci dərəcəli qaynaqçı peşəsində saxlanmışdır. 16.01.2002-ci ildə XDNST-tr-nin 1 №-li TQS-si Qaraçuxur Tikinti Quraşdırma-1 ASC-yə çevrilmişdir. 17.03.2003-cü il tarixdə işdən azad edilmişdir ( əmr № 05-k, 17.03.2003); 25.10.2003-cü ildə qaynaqçı peşəsinə qəbul olunmuşdur (əmr № 447k, 25.10.2003); 07.02.2007-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir (əmr № 42-k, 02.02.2007); 23.02.2008-ci ildə qaynaqçı vəzifəsinə qəbul edilmişdir (əmr № 82-k, 23.02.2008); 23.05.2008-ci ildə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir (əmr № 82-k, 23.05.2008); 15.06.2008-ci il tarixdə M.M.C şirkətinə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmişdir; 18.03.2014-cü il tarixdə işdən azad edilmişdir. 27.03.2014-cü il tarixdə “Tekfen İnşaat və Təsisat A.Ş” Azərbaycan nümayəndəliyinə qaynaqçı peşəsi üzrə işə qəbul edilmişdir (əmr № 193-k, 27.03.2014); 27.06.2014-cü ildə əmək müqaviləsinə xitam verilmişdir (əmr № 232-k, 27.06.2014); 17.09.2015-ci ildə "xxxx" BM-də qaynaqçı köməkçisi vəzifəsinə qəbul olunmuşdur ( əmr № 405-k, 01.10.2015); 18.01.2017-ci il tarixdə müqaviləyə xitam verilmişdir (əmr № 44-k, 25.01.2017); 20.12.2017-ci il tarixdə "xxxx" BM qaynaqçı köməkçisi peşəsinə qəbul edilmişdir ( əmr № 917-k, 26.12.2017); 04.12.2018-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir ( əmr № 827-k, 4.12.2018). "xxxx" ASC tərəfindən verilmiş 12 aprel 2021-ci il tarixli 01 nömrəli aydınlaşdırıcı arayışda göstərilmişdir ki, İddiaçı “XDNST” Trestinin 1 saylı TQİ-də işləyib: 08.02.1988-ci il “AzDNT” tresti 4 TQİ, İİİ dərəcə elektrik qaynaqçı Əmr № 29 05.02.1988; 01.04.1988-ci il Siyahı № 2, səhifə 201 əl ilə qaynaq aparan qaynaqçı kod 23200000-19906; 01.04.1988ci il “AzDNT” tresti 4 №-TQİ, İV dərəcə elektrik əl qaynaqçı Əmr №48/k 01.04.1988; 01.07.1988-ci il Siyahı № 2, səhifə 201 əl ilə qaynaq aparan əl qaynaqçı kod 23200000- 19906; 01.07.1988-ci il “AzDNT” tresti 4 №-TQİ, İV dərəcə əl qaynaqçı Əmr № 45/k 01.07.1988; 28.06.1988-ci il Siyahı № 2, səh və 201 əl ilə qaynaq aparan əl qaynaqçı kod 23200000-19906; 26.08.1988-ci il “AzDNT” tresti 4 №-TQl, İV dərəcə əl qaynaqçı Əmr № 151 28.06.1988; 09.02.1990-cı il Siyahı № 2, səhifə 201 əl ilə qaynaq aparan əl qaynaqçı kod 23200000-19906; 09.02.1990-cı il “XDNST” tresti 1№-TQİ, İV əl qaynaqçı Əmr № 3 09.02.1990; 10.09.1990-cı il Siyahı № 2, səhifə 201 əl ilə qaynaq aparan əl qaynaqçı kod 23200000-19906:10.09.1990-cı il “XDNST” tresti 1№-TQİ, İV əl qaynaqçı Əmr № 145/k 10.09.1990; 12.02.1992-cı il “XDNST” tresti 1№-TQİ, İV əl qaynaqçı Əmr № 13/k 12.02.1992; 01.07.1996-cı il Siyahı № 2, səhifə 201 əl ilə qaynaq aparan əl qaynaqçı kod 23200000-19906; 01.07.1996-cı il “XDNST” tresti 1№-TQİ, İV əl qaynaqçı Əmr № 34/k 01.07.1996; İİİ 20.11.1997-ci il “XDNST” tresti 1№-TQİ, V əl qaynaqçı Əmr № 61/k 20.11.1997; 01.11.1999-cu il Siyahı №2, səhifə 201 əl ilə qaynaq aparan əl qaynaqçı kod 23200000-19906; 16.01.2002-ci il “XDNST” tresti 1№-TQİ, V əl qaynaqçı; 16.01.2002-ci il Siyahı № 2, səhifə 201 əl ilə qaynaq aparan el qaynaqçı kod 23200000-19906; 16.01.2002-ci il "xxxx" ASC, V əl qaynaqçı Əmr № 05 25.01.2002; 17.03.2003-cü il Siyahı №2, səhifə 201 əl ilə qaynaq aparan əl qaynaqçı kod 23200000-19906; 17.03.2003-cü il "xxxx" ASC, V əl qaynaqçı V əl qaynaqçı Əmr № 05 17.03.2003; 16 yanvar 2002-ci il tarixdən “XDNST” Trestinin 1 saylı TQİ-si "xxxx" Açıq Səhmdar Cəmiyyətə çevrilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı əmrinə əsasən 2№-li siyahı ilə təqaüd almaq hüququna malikdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 13.04.2021-ci il tarixli BA-01423-2021 saylı məktubunda qeyd olunmuşdur ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı- Qazan Mexaniki zavodunun arxiv sənədlərinin əmr kitablarında 1961 -ci il təvəllüdlü vət. İddiaçı 08.05.1984-cü il tarixli, 84/k saylı əmrlə 03.05.1984-cü il tarixdən 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul olunması və 19.09.1984-cü il tarixli, 177/k saylı əmrlə 20.09.1984-cü il tarixdən öz xahişi ilə işdən azad olunması barədə məlumatlar vardır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X8 tərəfindən Şamaxı şəhər Regional Asan Xidmət mərkəzinə verilmiş 28 aprel 2021-ci il tarixli 139 nömrəli cavab məktubda qeyd olunmuşdur ki, Şamaxı rayon PMK-9 müəssisəsinin 1982-1983-cü illər dövrü sənədləri Dövlət X8na təhvil verilməmişdir. Qaz İstismar idarəsinin 1981-1982-ci illərə aid dövrü sənədləri Dövlət X8na təhvil verilmədiyi üçün ərzə cavablandırılmamışdır. "xxxx" BM Mühəndislik Tikinti Quraşdırma Emalat tərəfindən verilmiş 26.05.2021-ci il tarixli AFF-2021/12 k saylı məktubdan müəyyən olunur ki, X2 həqiqətən "xxxx" Birgə Müəssisəsinin layihələrində qaynaqçı, qaynaqçı köməkçisi, konstrusksiya quraşdırıcısı peşəsində işləyir. Onun "xxxx" Birgə Müəssisəsində güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməlidir: 25.10.2003-01.02.2007-ci illər X6 Azf-067 layihəsində qaynaqçı (elektrik əl qaynaqçısı) peşəsində 3 il 3 ay 7 gün (üç il, üç ay, yeddi gün) çalışmışdır; 23.02.2008- 23.05.2008-ci illər X6 Azf-73 layihəsində qaynaqçı (elektrik əl qaynaqçısı) peşəsində 3 ay 1 gün (üç ay, bir gün) çalışmışdır; 17.09.2015-18.01.2017-ci illər X6 Azf-087 layihəsində qaynaqçı köməkçisi peşəsində 1 il 4 ay 2 gün (bir il, dörd ay, iki gün) çalışmışdır; 20.12.2017-04.12.2018-ci illər X6 Azf-094 layihəsində qaynaqçı köməkçisi peşəsində 11 ay 15 gün (on bir ay, on beş gün) çalışmışdır; 04.02.2019-cu ildən hal-hazırki dövrədək X6 Azf-099 layihəsində 4-cü dərəcəli konstruksiya quraşdırıcısı peşəsində 1 il 3 ay 23 gün (bir il, üç ay, iyirmi üç gün) çalışır. 5 il 10 ay 1 gün (beş il, on ay, bir gün). Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 35-ci maddəsində, “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş qaz qaynaqçıları bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən verilmiş 08.05.2021-ci il tarixli 022/22-29262x-3221 saylı məktubu ilə təqdim olunmuş arayışın surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü vətəndaş İddiaçı 15.09.1990-cı il tarixdən 20.12.1991-ci il tarixədək Bakı şəhəri Qaradağ rayon Daxili İşlər şöbəsinin Post-patrul xidmətinə milis nəfəri vəzifəsinə qəbul edilmişdir (Bakı ş Dİİ-nin PPXA № 33ş/h, 06.09.1991); 20.12.1991-ci il tarixdə “Daxili işlər orqanlarından sıravi və rəis heyətinin xidməti işdən xaric edilməsi haqqında Müvəqqəti Təlimatın 65-ci maddəsinə (ailə vəziyyəti ilə əlaqədar) əsasən tutduğu vəzifədən azad edilmişdir (Bakı ş. Dİİ-nin PPXA № 44ş/h 25.12.1991). Bakı şəhər Daxili İşlər İdarəsinin Post Patrul Xidməti Alayının 30.03.1991-ci il tarixli 24 nömrəli və 15.09.1981-ci il tarixli 60 nömrəli əmrləri ilə fövqəladə vəziyyət rejiminində güzəştli xidmət müddəti 3 ay 24 gün (228 gün: 2) təşkil etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ rayon İdarəsi tərəfindən verilmiş 12.11.2021-ci il tarixli 1487 və 1488 saylı məktublarda qeyd olunmuşdur ki, İddiaçı 02.07.1979-cu il tarixdən 03.07.1981-ci il tarixədək keçmiş SSSR-in Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və təxris olmuşdur. 26.01.1980-ci il tarixdən 03.07.1981-ci il tarixədək Əfqanıstan Respublikasında hərbi xidmət keçmişdir. 05.01.2012-ci il tarixdə hərbi vəzifəlilərin hərbi qeydiyyatın son yaş həddinə çatdığı üçün hərbi qeydiyyatdan çıxarılmışdır. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli **********4 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 39.800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38.067,96 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq müraciətçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmşdiir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006cı il tarixədək mövcud olmalıdır. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla qanunla müəyyən olunmuş yaş həddinə (57 yaş) 04.03.2019-ci il tarixdə çatmışdır. İddiaçının ümumi iş stajı işin mübahisələndirilməyən hallarındandır. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin : Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, həmin qeydlər qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam uyğundur (İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın günü, ayı və ili barədə qeydlər göstərilmiş, həmin qeydlər müvafiq əmrlərlə rəsmiləşdirilərək, müəssisənin rəhbəri tərəfindən imzalanmaqla, müəssisənin möhürü ilə təsdiqlənmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi, iddiaçının əmək kitabçasındakı qeydlər, təhsil və hərbi xidmət dövrləri (SSSR-in Silahlı Qüvvələri tərkibində 26.01.1980-ci il dən 03.07.1981-ci ildək Əfqanıstan Respublikasında keçdiyi hərbi xidmət dövrü SSSR Nazirlər Sovetinin 17 yanvar 1983-cü il tarixli 59-27 №li qərarının 1-ci bəndinin a) yarımbəndinə əsasən 1 ay x 3 ay hesabı ilə) də nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının güzəştli iş stajı bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: Ümumi peşələr adlanan XXXİİİ fəsil 23200000—19906 kodu altında “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” qeyd olunmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq (17 il 6 ay, 28 gün) güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bu zaman məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə hazırki halda iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması şərti nəzərdə tutulmamışdır Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 04.03.2018-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia pensiyanın təyin olunması hissəsində təmin edilməli, İddiaçı 57 yaşdan, yəni 04.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İddia ərizəsindən və iş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 27 avqust 2021-ci il tarixli **********4 №li “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 2021-ci ilin iyun ayının 01-də (müraciəti 27 avqust 2021-ci il tarixli **********4 №li cavab məktubu ilə cavablandırılmışdır) müraciət etmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin tarixdən əvvəlki dövrlərdə hazırki tələblə cavabdeh inzibati orqana hər hansı üzürlü səbəbdən müraciət etməməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək pensiya cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (01 iyun 2021-ci il) əvvəlki illər üçün, yəni 2018-ci ilin iyun ayının 1-dən hesablanaraq, ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni 04.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının 2018-ci ilin iyun ayının 1-dən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2640/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2640/2022
01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver