Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2640/2024 17.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması tələbinə dair iddiası üzrə inzibati işə 17 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1992-ci ilin yanvar ayından Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyin X1 və X5 Baş İdarəsinə rəis müavini vəzifəsinə təyin olunub. 1993-cü il may ayında Nazirlik ləğv edilərək yerində Meliorasiya və Su Təsərrüfatı Komitəsi yaradılmışdır. İddiaçı həmin Komitədə Mühasibat və Nəzarət Təftiş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. xx.xx.2004-cü ildə komitə ləğv olunub, xx.xx.2005-ci ildə Meliorasiya və X4 yaradılıb. İddiaçı Agentlikdə Mühasibat işinin təşkili və Uçot sektorunun baş məsləhətçisi vəzifəsinə təyin olunub. xx.xx.2006-cı ildə Agentlik ləğv edilərək həmin bazada Azərbaycan Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılıb. İddiaçıya Dövət Sosial X3 rayon şöbəsi tərəfindən 1 iyul 2015-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. İddiaçıya pensiya təyin edildikdən sonra Azərbaycan Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində əmək fəaliyyətini davam etdirdmiş və xx.xx.2021-ci il tarixədək həmin müəssisədə çalışmış, fərdi hesabın sığorta hissəsində pensiya kapitalı yığılıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanıb. İddiaçı pensiya məbləğində baş vermiş azalma ilə əlaqədar bir neçə dəfə cavabdehə ərizə ilə müraciət edib. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, “...aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 iyul 2015-ci il tarixində vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 750,00 manat, qulluq stajına görə əlavəniz 117,53 manat, ixtisas dərəcəsinə görə əlavəniz 100,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəniz 112,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 250,00 manat olmaqla orta aylıq əmək haqqınız 1330,03 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 13 il 10 ay 4 gün qulluq stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (1330,03 manat) 70 faizi-931,02 manat məbləğində müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 13 il 10 ay 4 gün dövlət qulluğu stajınıza görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 46,11 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 825,00 manat, qulluq stajına görə əlavəniz 129,28 manat, ixtisas dərəcəsinə görə əlavəniz 100,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəniz 123,75 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 275,00 manat olmaqla orta aylıq əmək haqqınız 1453,03 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (1330,03 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqınız (1453,03 manat) arasındakı fərq məbləğinin (123,00 manat) 46,11 faizi-56,72 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanızın (931,02 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 987,74 manat məbləğində müəyyən edilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 1240,00 manat, qulluq stajına görə əlavəniz 194,31 manat, ixtisas dərəcəsinə görə əlavəniz 100,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəniz 186,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 413,33 manat olmaqla orta aylıq əmək haqqınız 2133,64 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (1453,03 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqınız (2133,64 manat) arasındakı fərq məbləğinin (680,61 manat) 46,11 faizi-313,83 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanızın (987,74 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 1301,57 manat məbləğində hesablanmalı olduğu halda, 1364,72 manat məbləğində müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabınıza köçürülüb. Buna görə də həmin dövr üzrə sizə 2526,00 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda, pensiyanızın (1301,57 manat) tərkibinə 10 faiz maddi yardım əlavə edilməklə və cari il üzrə 14,7% indeksləşdirmə nəzərə alınmaqla 1 yanvar 2023-cü il tarixindən əmək pensiyanız 1642,19 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən, sizə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6568,76 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 6887,44 manat ödənilib. Buna görə də həmin dövr üzrə sizə 318,68 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar sizə artıq ödənilmiş pul vəsaiti 7 aprel 2023-cü il tarixində daxil olmuş müraciətinizdən 3 il geri dövr üzrə məhdudlaşdırılıb. Qeyd olunanları nəzərə alaraq, sizə xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2390,00 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 2390,00 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əlavə olaraq bildiririk ki, maddi yardım üzrə 2022-ci il üçün sizə 75,84 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 75,84 manat pul vəsaiti cari ilin may ayında əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilib. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, “...pensiya işinizə aid sənədlərdə sizə Fondun Binəqədi rayon şöbəsi tərəfindən 1 iyul 2015-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyanız 1642,19 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: - əmək pensiyasının sığorta hissəsi - 483,70 manat; - qulluq stajına görə əmək pensiyanıza əlavəniz - 1009,20 manat; - maddi yardım - 149,29 manat. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə əsasən “Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Əlavə olaraq bildiririk ki, sizə əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyiniz müddətdə fərdi hesabınızın sığorta hissəsində 27668,32 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, sonuncu dəfə işdən azad olduğunuz tarixədək (xx.xx.2021-ci il) topladığınız sığorta kapitalınız sonrakı illər üzrə indeksləşdirilməklə müəyyən edilmiş 27668,32 manat Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq 72 aya bölünərək (27668,32:72=384,28 manat) əmək pensiyanızın sığorta hissəsinin (483,70 manat) üzərinə əlavə olunmaqla pensiyanızın sığorta hissəsi 867,98 (384,28+483,70) manat müəyyən edilib. Eyni zamanda, sözügedən Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənizin məbləği (1009,20 manat) həmin artım qədər (384,28 manat) azaldılıb. Nəticədə, əmək pensiyanızın sığorta hissəsi 867,98 manat, qulluq stajına görə əmək pensiyanıza əlavənin məbləği 624,92 (1009,20-384,28) manat və Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əlavə-149,29 manat təşkil edir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazı və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin pensiyanın yenidən hesablanması barədə 27 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini, pensiyadan tutulmaların qadağan edilməsini, pensiyadan tutulmuş məbləğlərin aylıq pensiya məbləğinə əlavə edilməklə ona qaytarılması, yığılmış pensiya kapitalına əsasən qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı ildə isə Agentlik ləğv edilərək həmin bazada Azərbaycan Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Hansı ki, bu təşkilat dövlət idarəsi yox təsərrüfat hesablı idarə sayılır. Baxmayaraq ki, tam olaraq büdcədən maliyyələşib. Nazirliklər üzrə həmin vaxt şöbə müdir müavinin əmək haqqısı 1270 manat olub. Komitə üzrə 1240 manat olub. Buna baxmayaraq Nazirlər Kabineti və Maliyyə Nazirliyinin onların əmək haqqını Komitə yox nazirliyin ştat cədvəli səviyyəsində təsdiq etmişdir. 2015-ci ildə oi, yaşa görə pensiyaya çıxıb və ona 921 manat pensiya təyin edilmişdir. Pensiyaya çıxdıqdan sonra 6 il işləyib. 2016-cı ildə Binəqədi Rayon Sosial Müdafiə fondunda aparılan təftiş zamanı aşkar olunub ki, ona pensiya hesablanan zaman səhvə yol verilib. Belə ki, onun ortaq aylıq gəliri 1362 manat qulluq stajı isə 14 il olmaqla 70 faiz götürülməlidir. Nəticədə yoxlama zamanı pensiyası 953 manat təyin olunaraq təsdiq edilmişdir. 2023-cü ilin may ayında cavabdeh orqana müraciət edərək pensiyaya çıxdıqdan sonra 6 il işləməyini və işlədiyi müddət ərzində pensiya fonduna vəsait toplanımışdır. Həmin vəsaitin pensiyasına əlavə edilməsini və pensiyanın yenidən hesablanmasını xahiş edib, ərizə ilə müraciət edəndən sonra aldığı 1721 manat pensiya azaldılaraq 1642 manat etmişlər. Onun razılığı olmadan pensiyadan əlavə tutulmalar etmişlər. May ayında əlavə olaraq 158 manat tutulub. Əlavə olaraq 75.84 manat maddi yardıma görə pul vəsaiti artıq ödənilmə kimi qeyd edildiyindən əmək pensiyamdan tutulmuşdur. Hazırda 1642 manat pensiya alır. Cavabdeh orqan tələb edir ki, qalan pulun tutulmasına razılıq ərizəsi versin. Hesab edir ki, ondan artıq pul tutulması düzgün hesablanmamış pul ona geri qaytarılmalıdır. Bununla bağlı əmək pensiyamın yenidən hesablanması barədə cavabdeh orqana müraciət edib. Cavabdeh orqan isə “əmək pensiyaları haqqında qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan qanuna uyğun əmək pensiyasını hesablamışlar. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Belə ki, 2018-ci ilin 25 iyun 142 nömrəli fərman 15 dekabr 2022-ci il tarixdə ləğv edilmişdir. Cavabdeh orqan 2023-cü ilin may ayından 6 ildə pensiya fonduna yığılan vəsaitinə baxmaq əvəzinə 2022-ci ildə ləğv olunmuş 142 saylı fərmanı əsas gətirərək 2018, 2019, 2020, 2021 2022 və 2023-cü illərdə aldığı pensiyanı yenidən təftiş ediblər. Ona görədə hesab hesablama düzgün aparılmamışdır. Həmçinin 2023-cü ilin mart ayına kimi 1501 manat pensiya alıb. Aprel ayında isə pensiyası artaraq 1721 manat olmuşdur. Cavabdeh orqan sığorta fond məbləğini 27668 manat yox 23836 manatdır Sığorta fondunda səhv hesablamaya görə aldığı pensiya az göstərilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri cavabdeh tərəfindən iddiaçıya göndərilən məktubların məzmunu ilə eynidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə ona təyin edilmiş pensiya məbləğinin azaldılmasına, onun pensiyasından tutulmaların aparılmasına səbəb olduğundan onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qərarın ləvği ilə yanaşı həmçinin pensiyadan tutulmuş məbləğöin qaytarılması, pensiyadan tutulmaların qadağan edilməsi, həmçinin pensiyanın yenidən hesablanmasını xahiş edir ki, bu tələblər pensiyanın yenidən hesablanması barədə qərarın nəticəsidir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı xx.xx.2023-cü il tarixli qərarı mübahisələndirir və xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə sübut təqdim etmədiyindən, məhkəmə iddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia verməsi qənaətinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya Dövət Sosial X3 rayon şöbəsi tərəfindən 1 iyul 2015-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. İddiaçıya pensiya təyin edildikdən sonra Azərbaycan Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində əmək fəaliyyətini davam etdirib və xx.xx.2021-ci il tarixədək həmin müəssisədə çalışmış, fərdi hesabın sığorta hissəsində pensiya kapitalı yığılıb. İddiaçı yığılmış pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət edib. İddiaçı Qanunun 37.3.1-ci maddəsinə istinad edərək pensiya təyin olunduqdan sonra işlədiyi müddətdə yığılmış kapitala əsasən pensiyasının yenidən hesablanmasını tələb edir. Cavabdeh əmək pensiyasının sığorta hissəsini yenidən hesablasa da, Qanunun mübahisə yaranan zaman qüvvədə olan 29.2-ci maddəsinə istinad edərək bu zaman qulluq illərinə əlavənin məbləğini artım qədər azaltmış, bununla da iddiaçının əmək pensiyasının məbləği dəyişməmişdir. Belə ki, cavabdeh bu hesablama qaydasını iddiaya yazılı etirazında göstərmiş və qeyd etmişdir ki, qulluq stajına görə əlavənin məbləği həmin artım qədər azaldılıb. İddiaçı hazırda bununla razılaşmır və ona təyin edilmiş əmək pensiyasının topladığı pensiya kapitalı əsasında yenidən hesablanmasını və bu zaman qulluq illərinə görə əlavənin məbləğinin azaldılmamasını xahiş edir. Bundan başqa işdən müəyyən edilir ki, cavabdeh iddiaçının pensiya məbəliğini yenidən hesablayarkən yalnız 29.2-ci maddənin tədbiqini deyil, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə istinad edərək iddiaçının pensiyasını yenidən hesablamış və artıq ödəmələr müəyyən edərək iddiaçının pensiyasından tutulmalar aparmış və artıq məbləğin tutulmasına razılıq verilməsinə dair iddiaçıya məktub göndərmişdir. Həmçinin iddiaçı tələbinin faktiki əsaslarından müəyyən edilir ki, iddiaçı onun vəzifə maaşının düzgün müəyyən edilmədiyini iddia edir. Belə ki, iddiaçı hesab edir ki, vəzifə maaşı 1240 manat deyil, manat olmalı idi. İddiaçı bu halı onunla əsaslandırır ki, xx.xx.2006-cı ildə isə Agentlik ləğv edilərək həmin bazada Azərbaycan Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Hansı ki, bu təşkilat dövlət idarəsi yox təsərrüfat hesablı idarə sayılır. Baxmayaraq ki, tam olaraq büdcədən maliyyələşib. Nazirliklər üzrə həmin vaxt şöbə müdir müavinin əmək haqqısı 1270 manat olub. Komitə üzrə 1240 manat olub. Buna baxmayaraq Nazirlər Kabineti və Maliyyə Nazirliyinin onların əmək haqqını Komitə yox nazirliyin ştat cədvəli səviyyəsində təsdiq etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh iddiaçı pensiyasından tutulmalar aparmaqda qanunvericliyin tələblərinə əməl etməmişdir. Belə ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Hazırkı işdə iddiaçının ona artıq ödənilmiş pensiyanın tutulması barədə razılığının olmaması işin mübahisələndirilməyən halıdır. Belə olan halda cavabdeh orqan artıq ödənildiyi hesab etdiyi məbləği öz təşəbbüsü ilə deyil, yalnız məhkəmədə müvafiq iddia qaldırmaqla nail ola bilərdi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Beləliklə, göründüyü kimi cavabdeh inzibati orqan istər “Əmək pensiyaları haqqında” Qanunun, istərsə də “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, iddiaçıya inzibati icraat barədə məlumat vermədən, inzibati icraatın aparılmasında onun iştirakını, dinlənilmə hüququnu təmin etmədən, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə iddiaçının razılığını almadan iddiaçının pensiyasından faktiki olaraq tutulmalar həyata keçirilməsinə başlamışdır. Məhkəmə qeyd edir ki, cavabdehin qəbul etdiyi yenidən hesablama qəarrı, həmçinin iddia tələbinin yığılmış pensiya kapitalına əsasən yenidən hesablanması və qulluq stajına görə əlavələrin azaldılması ilə bağlı Qanunun mübahisə yaranan zaman qüvvədə olan 29.2-ci maddəsinin tədbiqi baxımından düzgün hesab edilmir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğini nəzərdə tutur. Əmək pensiyasının sığorta hissəsi isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğini ehtiva edir. Əmək pensiyasının yığım hissəsi dedikdə, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.10, 1.0.12 və 1.0.13-cü maddələri). Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.14 və 45-ci maddələri). Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Ona görə də, cavabdehin iddiaçının müraciəti ilə bağlı ilk imtina məktubunda göstərilənlərin qanuni əsası yoxdur. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Qeyd edilməlidir ki, Qanunun 37.3.1-ci maddəsində pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Qulluq illərinə əlavənin hesablanması qaydası isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əmək haqqı) artırıldıqda yenidən hesablanır. İstinad olunan normadan görünür ki, dövlət qulluqçusuna ödənilən qulluq stajına görə əlavənin məbləği iki halda yenidən hesablana bilər, hansı ki, bu zaman birinci halda qulluq illərinə görə əlavənin məbləği azaldılır, ikinci halda isə artırılır:
1. əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə - bu zaman qulluq illərinə görə əlavənin məbləği artım qədər azaldılır;
2. həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı artırıldıqda – bu zaman qulluq illərinə görə əlavənin məbləği artıma uyğun olaraq artırılır. Birinci hal, yəni əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən həyata keçirilir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilir. İndeksləşdirmə Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi daşımaqla istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün vətəndaşların pensiya gəlirini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Qanunun 6.2-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Göründüyü kimi qulluq illərinə əlavə də indeksləşdirmə kimi bəzi kateqoriya şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşımaqla büdcədən həmin şəxslərə ödənilən əlavə təminatdır. İşdən görünür ki, iddiaçı işləyən əmək pensiyaçı kimi toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmiş, cavabdeh isə Qaydanın 1.2-ci bəndində nəzərdə tutulan hallardan (indeksləşdirmə və ya vəzifə maaşının artımı) hər hansı biri olmamasına baxmayaraq, iddiaçıya təyin edilmiş pensiyanın sığorta hissəsini Qanunun 37-ci maddəsinə əsasən yenidən hesablayarkən həm də ona ödənilən qulluq stajına görə əlavənin məbləğini də yenidən hesablamış və iddiaçıya ödənilən qulluq stajına görə əlavənin məbləğini azaltmışdır. İddaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən məhkəmə cavabdeh tərəfindən iddiaçıya Qanunun 29.2-ci maddəsinin tətbiqini qanuni hesab etmir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ mövcuddur. Bu yenidən hesablanma əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı olmadığından iddiaçı pensiya yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını da tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi Qanunun 29.2-ci maddəsi 1 yanvar 2023-cü il tarixdən qüvədən düşmüşdür. Cavabdeh qüvvədən düşmüş normaya və onun şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına istinad edərək iddiaçının pensiyasını yenidən hesablamışdır ki, bu hal qanunvericiliyin tələblərinin pozulmasıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı pensiyasından tutulmalar Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilsin. İddiaçı pensiyasınadan tutulmuş məbləğlər onun aylıq pensiya məbləğinə əlavə edilməklə ona qaytarılması və yığılmış pensiya kapitalına əsasən qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov