Məhkəmə qərarları › İş №2-1(112)-2640/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2640/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2640/2025 09.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 9 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 61, mənzil 74 (Yeni qaydalarla: AZ 1147, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 225, M1, m2) İddiaçı (bundan sonra – iddiaçı) xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair 9.02.2024-cü il tarixdə texniki pasport tərtib olunmuşdur. İddiaçı sözügedən mənzilin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsi tələbi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…yuxarı dövlət orqanlarının xüsusi hallar zamanı yaranmış zərurət ilə əlaqədar olan şifahi tapşırığına əsasən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə (və ya əksinə) keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsi dayandırıldığından, hal-hazırda mənzilinizin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Sərəncam verilməsi mümkün deyil”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 61, mənzil 74 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, iddia olunan əmlak mənzil kimi qeydiyyata alınsa da, hazırkı vəziyyətdə əmlak faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Nəzərə alınmalıdır ki, əmlakın qeyri-yaşayış sahəsi kimi istifadəsi hər hansı hüquqi və ya fiziki şəxsin hüquqlarını pozmur və ümumiyyətlə maneə yaratmır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etiraz məktubunda bildirilmişdir ki, iddiaçı öz tələbinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. İddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. İddiaçının Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia irəli sürməsi əsassızdır, onun hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2 və 2.2.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş, imtina barədə məktubu aldığı gündən 30 gün müddətində məhkəmədə iddia qaldırmışdır (İPM-in 2.2.2, 33.1 və 38.2-ci maddələri). Cavabdeh məhkəməyə verdiyi yazılı vəsatətdə iddiaçının hüququun pozulduğunu əsaslandırmamasını göstərərək iddianın mümkün sayılmamasını xahiş edir. Lakin məhkəmə cavabdehin vəsatətini əsassız hesab edir. Belə ki, iddiaçı hüququnun pozulmasını əsaslandırmış, mülkiyyətində olan və faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi mənzilin təyinatının dəyişdirilərək yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsinə dair inzibati aktın qəbul edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh isə, iddiaçının müraciətini təmin etmədiyinə görə, iddiaçı pozulmuş hüququnun müdafiəsi ilə bağlı hazırkı iddianı vermişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən halıdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 61, mənzil 74 (Yeni qaydalarla: AZ 1147, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 225, M1, m2) iddiaçının xüsusi mülkiyyətindədir. Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubunda və iş materiallarında olan digər sənədlərdən müəyyən edilir ki, mənzil binanın birinci mərtəbəsində yerləşir və faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Mənzilin ayrıca giriş qapısı mövcudur. İddiaçı mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsini xahiş edir. Cavabdeh isə, yuxarı dövlət orqanlarının xüsusi hallar zamanı yaranmış zərurət ilə əlaqədar olan şifahi tapşırığına əsasən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə (və ya əksinə) keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsi dayandırıldığını əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli Fərmanın 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, dövlət mühafizəsində olan daşınmaz tarixi və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.9.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Sadalanmış qanunvericiliyin və normativ hüquqi aktların tələblərindən göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, bu növ qərar qəbul edilərkən hüquqi qiymətləndirilmənin aparılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları əsasında həyata keçirilir. Məcəllənin İİİ fəslində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, qaydası və imtina əsasları konkret olaraq göstərilmişdir. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmədən imtinanın konkret əsasları göstərilsə də, cavabdeh həmin imtina əsaslarına uyğun olmayan imtina dəlilləri ilə çıxış etməklə iddiaçının müraciətinin təminindən əsassız olaraq imtina etməkdədir. Belə ki, imtina dəlili onunla bağlı olmuşdur ki, şifahi tapşırığa əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsi dayandırıldığından, iddiaçının müraciəti təmin olunmamışdır. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinin əsasları, şərtləri, qaydası, imtina əsasları konkret olaraq sadalanmış, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan həmin məsələnin digər bir inzibati orqandan asılılığı müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbindən də göründüyü kimi iddiaçı mülkiyyətində olan mənzilin, çıxarışda və texniki pasportda olan vəziyyətdə mənzildən qeyri-yaşayış sahəsinə keçirilməsini arzulayır ki, bu zaman hər hansı qurumdan razılığın alınması, ümumiyyətlə hər hansı şifahi tapşırığa əsasən bu prosedurun dayandırılması qanunvericilikdə nəzərdə tutulmamış, məhz adıçəkilən səlahiyyət yerli icra hakimiyyəti orqanının səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina üçün hər hansı digər əsaslar da müəyyən edilmir. Belə ki, Mənzil Məcəlləsinin 22.1-ci maddəsində Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina üçün əsaslar göstərilmişdir. Həmin normaya görə, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Normadan göründüyü kimi, yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsindən imtina üçün əsaslara, Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilməməsi, Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilməməsi və yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin tikinti norma və qaydalarına uyğun olmaması göstərilmişdir. Mənzil Məcəlləsinin: Maddə 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. İddiaçı mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış və texniki pasportu ərizə ilə cavabdehə təqdim etmişdir. Keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı isə balanssaxlayıcı kimi, cavabdehdə və onun tabeçiliyində olan qurumlarda olduğundan, Məcəllənin 21.2-1-ci maddəsinin tələbinə əsasən həmin sənədlərin iddiaçıdan tələb edilməsi əsassızdır. Göründüyü kimi, imtina üçün 21.2-ci maddədə qeyd edilən əsaslar mövcud deyil. Mənzil Məcəlləsi: Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri. 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Baxılan işdə iddiaçının mülkiyyətində olan mənzilin arxiv qovluğu Daşınmaz Əmlakın dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmiş və məhkəmə sorğusuna cavab olaraq təqdim edilən materiallardan müəyyən edilir ki, mənzil iddiaçının mülkiyyətindədir və hər hansı üçüncü şəxsin xeyrinə yüklülük qeydə alınmamışdır. Həmçinin iş materiallarına əsasən müəyyən edilir ki, mənzil binanın birinci mərtəbəsində yerləşir, mənzilə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkündür və ayrıca giriş-çıxışı vardır. Mənzil bötüvlükdə fakitiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Hər hansı bir mənzilin tərkib hissəsi kimi deyil. Göründüyü kimi, Məcəllənin 20-ci maddəsinin tələbləri baxımından da, mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün hər hansı bir maneə yoxdur. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin tikinti norma və qaydalarına uyğun olmaması ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından iddiaçını mülkiyyətində olan mənzildə hər hansı yenidən qurulması və (və ya) yenidən planlaşdırılması işlərinin aparılması müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdehin etirazının dəlilləri kimi istinad etdiyi hallar öz təsdiqini tapmamaqla, Mənzil qanunvericiliyində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün nəzərdə tutulmuş bütün şərtlər ödənilir. Məhkəmə hesab edir ki, AR İPM-nin 14-cü maddəsinə uyğun olaraq hazırkı iddianın təminini konkret istisna edən halların müəyyən edilməsi cavabdehin üzərinə düşdüyündən və cavabdeh konkret olaraq müraciətin təminini istisna edən halları sübuta yetirə bilmədiyindən, hazırki iddia təmin olunmalıdır. İnzibati Prosessual Məcəlləsinin: 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 61, mənzil 74 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərar qəbul edilməsi vəzifəsi Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar