Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2641/2024 17.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində X10, X12, X11, X13, X16, X4, X17 və X14 cəlb olunmaqla) «yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə icraatında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Xəzər RPİ-yə qarşı ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, 16 saylı evin 65 saylı mənzilindən orada qeydiyyatda olan şəxslərin (X5 və digərlərinin) qeydiyyatdan çıxarılması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, 16 saylı evin 65 saylı mənzilini 26 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında almışdır. Müqavilənin 13-cü bəndinə əsasən satıcı müqavilə təsdiq olunduğu tarixdən bir həftə ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin həmin tarixdən uzun müddət keçsə də, satıcı qeydiyyatdan çıxamamış, onun azyaşlı uşaqları da həmin mənzilə qeydiyyata alınmışdır. Azyaşlı uşaqlar qeydiyyata alınarkən mənzil artıq iddiaçının mülkiyyətində olmuşdur, bu qeydiyyata iddiaçı razılıq verməmişdir. Mənzildə keçmiş sakinlər və onların uşaqları qeydiyyatda qalmaqdadır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra həmin şəxslər mənzili tərk edib getmişlər və onların hansı ünvanda yaşaması məlum deyil. Onların qeydiyyatı mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. İddiaçı mülkiyyətində olan mənzildən həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Bakı şəhəri Xəzər RPİ-yə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən həmin məsələnin həllindən imtina olunmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, İPM-in 2, 33-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixdə qərarına əsaslanaraq, X8, X1, X9, X6, X2, X5, X3 və X7 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, 16 saylı evin 65 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X10, X12, X11, X13, X16, X4, X17 və X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf və üçüncü şəxslər (nümayəndələri) gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə etdiyini qeyd etdi və bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, 16 saylı evin 65 saylı mənzili iddiaçının mülkiyyətindədir. Üçüncü şəxslər isə, mənzilin keçmiş mülkiyyətçisi və onun ailə üzvləridir. Həmn şəxslərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Bu səbəbdən məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, satıcı X12 ilə alıcı İddiaçı arasında notarial qaydada 26 oktyabr 2007-ci il tarixli AN-İ 011498 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır və həmin müqavilənin müddəalarına görə satıcı müvafiq məbləğdə pul vəsaiti müqabilində ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, 16 saylı binanın 65 saylı mənzilini alıcının mülkiyyətinə vermişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, 16 saylı evin 65 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan AR Daxili İşlər Nazirliyindən “ASAN 7 xidmət” mərkəzi vasitəsilə alınmış “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli 8 avqust 2023-cü il tarixli arayışdan görünür ki, X10 (2014-cü il təvəllüdlü), X18 (2015-ci il təvəllüdlü), X12 (1979-cu il təvəllüdlü), İddiaçı (1965-ci il təvəllüdlü), X11 (2009-cu il t\vəllüdlü), X13 (2011ci il təvəllüdlü), X16 (2000-ci il təvəlüdlü), X4 (1978-ci il təvəllüdlü), X17 (2001-ci il təvəllüdlü) və X15 (1976-cı il təvəllüdlü) Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, 16 saylı evin 65 saylı mənzilində qeydiyyatdadırlar. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, 16 saylı evin 65 saylı mənzili İddiaçı mülkiyyətindədir və bu barədə DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən 7 dekabr 2007-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. X10, X12, X11, X13, X16, X4, X17 və X14 həmin mənzildə qeydiyyatdadırlar, lakin orada yaşamırlar. İddiaçı onların sözügedən ünvandan qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Bakı şəhəri Xəzər RPİ-yə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən məsələnin həllini təmin etməmişdir. İddiaçı hazırda cavabdehin hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirir. Məhkəmə mübahisəyə mahiyyəti üzrə qiymət verilməsi üçün qanunvericiliyin aşağıdakı normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyat çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaramır. Məhkəmə diqqətə çatdırır ki, iş materiallarına əsasən hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, 16 saylı evin 65 saylı mənzilinə sahiblik, istifadə və sərəncam hüquqları mülkiyyətçi kimi hazırkı İddiaçınna məxsusdur və onun bu hüquqlarının yaranmasının əsası kimi müqavilə çıxış edir. Həmin hüquqlar isə, iddiaçıya köhnə mülkiyyətçidən keçmişdir ki, köhnə mülkiyyətçi əvvəllər əmlaka dair onlara məxsus olmuş mülkiyyət hüququndan müvafiq pul vəsaiti ödənilmıəsi müqabilində imtina edərək onun başqa şəxsə keçməsi ilə bağlı iradə ifadəsini nümayiş etdirmişdir. Eyni zamanda, köhnə mülkiyyətçi ilə qohumluq əlaqəsində, habelə onun ailə üzvü olan və evdə qeydiyyatda olan yetkinlik yaşına çatmış şəxsin hər hansı şəxsin də həmin müqavilənin bağlanmasına öz etirazı mümkün görünmür. Buna görə də X2, X5, X3, X7, X8, X1, X9 və X6 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, 16 saylı evin 65 saylı mənzili üzərində hər hansı hüquqlarının olması ehtimalı qalmır. Həmin şəxslərin iddiaçının mülkiyyətindəki mənzilə dair hər hansı hüquqlarının mövcudluğunun müəyyən edilməsinə dair nə cavabdeh inzibati orqan, nə də adıçıkilən şəxslər (yetkinlik yaşına çatmışlar) tərəfindən hər hansı sübut, dəlil təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Odur ki, məhkəmənin qənaətinə görə X10, X12, X11, X13, X16, X4, X17 və X14 İddiaçınna məxsus mənzildə yaşamadıqlarından (bu hal cavabdeh tərəfindən təkzib olunmur), eləcə də onların həmin yaşayış sahəsinə hər hansı hüququ müəyyən edilmədiyindən, cavabdeh Bakı şəhəri Xəzər RPİ tərəfindən həmin yaşayış sahəsinin mülkiyyətçisi kimi hazırkı iddiaçının müraciəti əsasında adıçəkilən şəxslərin sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətləri (imtinası) qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək X2, X5, X3, X7, X8, X1, X9 və X6 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, 16 saylı evin 65 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X2, X5, X3, X7, X8, X1, X9 və X6 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, 16 saylı evin 65 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər RPİ-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2641/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2641/2024
17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver