Məhkəmə qərarları › İş №2-1(112)-2643/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2643/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2643/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Alke İnşaat Sanayi və Ticaret Anonim Şirkətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********192122 nömrəli 24.10.2019-cu il tarixli, qərarının ləğv edilməsi” barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Alke İnşaat Sanayi və Ticaret Anonim Şirkəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********192122 nömrəli 24.10.2019-cu il tarixli, qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 08.02.2019-cu il tarixli, **********176043 saylı qərarına əsasən Milli Gəlirlər Baş İdarəsinin Audit İdarəsinin Dövlət müəssisələrinin auditi şöbəsinin baş dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X5 və Milli Gəlirlər Baş İdarəsinin Audit İdarəsinin Qeyri-dövlət müəssisələrinin audit şöbəsinin böyük dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X2 tərəfindən Alke İnşaat Sanayi ve Ticaret AŞ-nin Azərbaycan Respublikasındakı filialında (VÖEN **********) aparılmış səyyar vergi yoxlamasının nəticələri barədə 12.09.2019-cu il tarixdə tərtib edilmiş **********176085 nömrəli Səyyar vergi yoxlaması Aktında saxta sənədlər, dürüst olmayan və təhrif olunmuş məlumatların olduğunu nəzərə alaraq yuxarı vergi orqanına etirazlarını bildirmişlər. Yoxlama aktının nəticələri ilə bağlı, həmçinin yeni səyyar vergi yoxlamasının təyin edilməsi üçün yuxarı vergi orqanına 13.11.2019 və 05.12.2019-cu il tarixlərdə rəsmi müraciətlər olmuşdur. Müraciətlər araşdırılmadan cavablandırılmış və bildirilmişdir ki, səyyar vergi yoxlaması nəticəsində hesablanmış külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə 08.10.2020-ci il tarixdə Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və qeyd edilən hallara qiymət verilməsi üçün müdafiə tərəfi olaraq həmin məlumatların cinayət prosesini həyata keçirən orqana təqdim edilməsi tövsiyə edilmişdir. Filial 2012-ci ildən Azərbaycan Respublikasında fəaliyyət göstərir və fəaliyyəti dövründə Azərbaycan Respublikası ərazisindən Azərbaycan Höküməti ilə beynəlxalq maliyyə qurumları arasında imzalanmış kredit sazişlərinə əsasən Azərsu ASC ilə imzalanmış üç müqavilənin icrasını həyata keçirmişdir. Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və suqəbuledicin qurğularının tikintisi layihəsinə dair Azərbaycan Höküməti ilə X9 tərəfindən birgə maliyyələşdirilən 20 iyul 2012-ci il tarixli MFF-032-T2-1CB-101 saylı müqavilə, Xaçmaz şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi layihəsinə dair (Azərsutəchizattikinti ASC ilə bərabər konsorsium şəklində) Azərbaycan Höküməti ilə Yaponiya Yenidənqurma və İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən 21 iyul 2017-ci il tarixli AZSU/J1CA AZB P4/WC5/C1 saylı müqavilə, Naftalan şəhərində çirkab sutəmizləyici qurğuların tikintisi layihəsinə dair Azərbaycan Höküməti ilə Yaponiyə Yenidənqurma və İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən 21 iyul 2017-ci il tarixli AZSU/J1CA/ AZB P4/WC5/C1 saylı müqavilı. Filialın ötən fəaliyyət dövrləri ərzində vergi orqanları tərəfindən vergi nəzarəti tədbirləri, o cümlədən səyyar vergi yoxlamaları aparılmış və nəticələri müvafiq aktlarla rəsmiləşdirilmişdir. Görülmüş işlər üzrə ötən hesabat dövrlərinin və 2016-cı ilin təhvil-təslim aktlarının (Forma 2-lərin) vergi uçotunun hesablama metodu ilə dövlət büdcəsi qarşısında olan vergi öhdəlikləri tam olaraq yerinə yetirilmişdir. 2016-cı ilin təhvil-təslim aktlarının (Forma 2-lərin) tam məbləği vergi tutulan əməliyyatlar tərkibində öz əksini tapmışdır. (SVY-nın 19.04.2017-ci il tarixli **********082217 saylı aktlı). 19.04.2017-ci il tarixli **********082217 saylı SVY aktına əsasən F2-lər əsasında vergiyə cəlb edilən dövriyyə 2016-cı il üzrə 59,714,605.38 manat təşkil etmiş, faktiki olaraq 2016-cı il üzrə tərtib edilmiş F2-lər əsasında filialın bank hesabına 37,550,801.89 manat daxil olmasına baxmayaraq 19.04.2017-ci il tarixli **********082217 saylı SVY aktına əsasən hesablanmış bütün vergilər dövlət büdcəsinə banklardan alınmış kredit hesabına ödənilmişdir. 2016-cı il üzrə görülən işlər əsasında tərtib olunmuş F2-lərin bir qisminin dəyəri və bu F2-lər üzrə zəmanət olaraq saxlanılan məbləğlər növbəti 2017, 2018 və 2019-cu illərdə hissə-hissə filialın bank hesabına daxil olmuşdur. Lakin, Milli Gəlirlər Baş İdarəsinin 01.01.2017-ci ildən 01.12.2018-ci il tarixinə qədər olan dövrü əhatələyən 08.02.2019-cu il tarixli **********176043 saylı qərarına əsasən aparılmış səyyar vergi yoxlaması zamanı uçotun hesablama metodu və bu gəlirlərin 2016cı ildə sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edildiyi nəzərə alınmayaraq, həmin işlərə görə olan daxil olmalar, ödənişlər düzgün olmayaraq təkrarən vergi tutulan əməliyyatların tərkibinə daxil edilmişdir və bu səbəbdən qanunsuz olaraq əlavə dövriyyə və vergi öhdəlikləri hesablanmış və böyük miqdarda maliyyə sanksiyaları tətbiq edilmişdir. 2017-ci ildə görülmüş işlər üzrə tərtib olunmuş F2-lərə əsasən vergiyə cəlb edilən dövriyyə 1,145,961.50 manat olduğu halda 12.09.2019-cu il tarixli **********176085 nömrəli Səyyar vergi yoxlaması Aktında 10,429,418.05 manat, 2018-ci ildə görülmüış işlər üzrə tərtib olunmuş F2-lərə əsasən vergiyə cəlb edilən dövriyyə 1,211,552,94 manat olduğu halda 12.09.2019-cu il tarixli **********176085 nömrəli Səyyar vergi yoxlaması aktında 2,511,411.70 manat göstərilmişdir. Bütün bunlara baxmayaraq, vergi orqanı tərəfindən 24.10.2019-cu il tarixdə yoxlama materiallarına baxılmanın nəticələri üzrə Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********192122 nömrəli qərarı çıxarılmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vəsatət təqdim edərək, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraicət təqdim edilməmişdir. İddiaçının mübahisələndirdiyi Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 24.10.2019-cu il tarixli, **********192122 nömrəli qərarı, 30.10.2019-cu il tarixdə sifarişli poçtla vergi ödəyicisinin nümayəndəsinə təqdim edilmişdir. Digər tərəfdən, 24.10.2019-cu il tarixli, **********192122 nömrəli qərarın ləğv edilməsinə dair iddiaçının İqritisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı 09.10.2020-ci il tarixli (AVİS qeydiyyat nömrəsi **********992100) şikayətinə baxılaraq, mövcud səyyar vergi yoxlaması aktı əsasında iddiaçı tərəfindən xüsusilə külli miqdar təşkil edən 1347804,85 manat məbləğin dövlət büdcəsinə ödəməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə başlanılmış cinayət işinin istintaqı davam etdiyinə görə şikayət ərizəsinə baxılmamışdır. Göründüyü kimi, iddiaçı yalnız 2021ci ilin sentyabr ayında iddia ərizəsi ilə müracitə edərək, iddia qaldırmaq üçün müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Məhkəmə tərəfləri dinlədikdən, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarında olan vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24.10.2019-cu il tarixli, **********192122 nömrəli qərarına əsasən, Alke İnşaat Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN **********) vergi məsuliyyətinə cəlb edilmiş. Qərarda onun təqdim edildiyi gündən 30 gün müddətində inzibati qaydada məhkəmə qaydasında şikayət verilməsi göstərilmişdir. İddiaçının iddia ərizəsindən göründüyü kimi iddia tələbi 24.10.2019-cu il tarixli, **********192122 nömrəli qərarının ləğv edilməsi (mübahisələndirmə haqqında iddia) tələbdən ibarətdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1.-cü maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçı cavabdehin qərarını 30.10.2019-cu il tarixdə rəsmi qaydada almışdır, məhkəməyə isə qərarın ləğv edilməsi ilə bağlı iddia ilə 22 sentyabr 2021-ci il tarixində müraciət etmişdir. Bununla da, iddiaçı vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarın təqdim edildiyi 30 oktyabr 2019-cu il tarixdən sonra qərarın ləğv edilməsini tələb etdiyi üçün qanunvericilikdə müəyyən edilmiş müddət buraxılmış, həmin müddətin bərpa edilməsi üçün iddiaçının göstərdiyi səbəblər üzrlü sayılmamışdır. Göstərilənlərə əsasən, iddiaçı Alke İnşaat Sanayi və Ticaret Anonim Şirkəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin 24.10.2019-cu il tarixli, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********192122 nömrəli qərarının ləğv edilməsi” barədə tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Alke İnşaat Sanayi və Ticaret Anonim Şirkəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin 24.10.2019-cu il tarixli, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********192122 nömrəli qərarının ləğv edilməsi” barədə tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar