Məhkəmə qərarları › İş №2-1(112)-2645/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2645/2021

29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2645/2021 29.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində hüquqların reyestrdə qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi, torpaq sahəsinə ünvan verilməsi, plan və ölçünün tərtib edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı Abşeron Rayon XDS İK-nın 3 aprel 1990-cı il tarixli 73 saylı qərarı ilə Bakı şəhəri, Zirə qəsəbəsi, Zirə Tərəvəzçilik-Südçülük Sovxozunda ona ayrılmış 0,12 ha torpaq sahəsi üzərində hüquqların reyestrdə qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi, torpaq sahəsinə ünvan verilməsi, plan və ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 9 fevral 1990-cı il tarixli qərarı ilə Zirə Tərəvəzçilik-Südçülük Sovxozunda çalışan hər ailəyə 0,12 hektar hesabı ilə 150 ailəlik həvətyanı torpaq fondu yaradılmışdır. Azərbaycan SSR Dövlət Aqrar- Sənaye Komitəsinin Yerquruluşu Layihə İnstitutunun əməkdaşları həmin sahənin sxemini (baş planını) hazırlamış, onun əsasında sahələr nişanlanmışdır. Zirə X2 Kollektivi Şurasının və Həmkarlar Komitəsinin birgə qərarına əsaslanaraq 131 ailəyə torpaq verilməsi haqqında əmr verilmişdir. Beləliklə, Zirə X2 Kollektivi Şurasının və Həmkarlar Komitəsinin 15 mart 1990-cı il tarixli 3 saylı birgə qərarı və 07 mart 1990-cı il tarixli 15 saylı əmri nəzərə alınaraq, Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin 03 aprel 1990-cı il ırixli 73 saylı qərarı ilə Zirə Tərəvəzçilik-Südçülük Sovxozunun işçisi İddiaçı ğluna 0,12 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılmışdır. Qeyd edilən qərarla ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı Bakı şəhəri Xəzər RİH başçısının Zirə inzibati ərazi qurumu tərəfindən hazırlanmış və Xəzər RİH Təsərrüfatı şöbəsi tərəfindən təsdiq edilmişdir. Hazırda həmin torpaq sahəsi üzərində iki mərtəbəli fərdi yaşayış evi mövcuddur. Fərdi yaşayış evi İddiaçı qanuni istifadəsindədir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları trəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar laşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 7.2-ci maddəsinə görə daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunvericiliyin tələblərinə əsasən Abşeron Rayon XDS İK-nın 3 aprel 1990-cı il tarixli 73 saylı qərarı ilə ayrılmış 0,12 hektar həyətyanı torpaq sahəsi üzərində İddiaçı qanuni hüququ yaranmışdır. İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş və yuxanda qeyd olunan müvafiq hüquqmüəyyənedici sənədlərin əslini cavabdeh inzibati orqana təqdim etsə də, cavabdeh inzibati orqan əsassız olaraq ona reyestrdən çıxarışın verilməsindən imtina etmisdir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5, 8.0.7, 8.0.8-ci maddələrinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə, İPM-in 2.2.3, 45, 46-cı maddələrinə əsaslanaraq, Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 03 aprel 1990-cı il tarixli 73 saylı qərarı ilə Bakı şəhəri, Zirə qəsəbəsi, Zirə X1 Qərib Nurəddin oğluna fərdi yaşayış evi tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinə ünvanın verilməsi, həmin torpaq sahəsinə dair onun adına plan və ölçünün tərtib edilərək, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 18 dekabr 2020-ci il tarixli məktubunda iddiaya etiraz olunmuş və aşağıdakılar bildirilmişdir: - Aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi sovxoz ərazisindən (ayrıc aktından) kənarda yerləşmişdir və sözügedən torpaq sahəsinin təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçüləri ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmçinin, göstərilən ərazi bağlar massivində yerləşir. Bu səbəbdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaaycan Respublikası Qanununun 10, 23-cü maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəməsən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X6 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «İnzibati icraat haqqında» AR Qanununun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə görə daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın istifadəyə verilməsinə dair qəbul olunmuş aktlar və Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunu qüvvəyə minənədək olan dövrdə yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsinin əmri bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı Abşeron Rayon XDS İK-nın 3 aprel 1990-cı il tarixli 73 nömrəli qərarı ilə Zirə Tərəvəzçilik-Südçülük Sovxozunda fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. İddiaçı «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsaslanaraq, həmnin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, müvafiqq ünvan və reyestrdən çıxarışın verilməsi, eləcə də “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi ilə bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. O, müraciətinə həmin torpaq sahəsinə Xəzər RİH tərəfindən təsdiqlənməklə hazırlanmış cizgini də əlavə etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinanı belə əsasandırmışdır ki, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi sovxoz ərazisindən (ayrıc aktından) kənarda yerləşir və torpaq sahəsinin təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçüləri ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmənin 24 fevral 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Abşeron Rayon XDS İK-nın 3 aprel 1990-cı il tarixli 73 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinin Zirə Tərəvəzçilik-Südçülük Sovxozunun ərazisindən kənarda yerləşib-yerləşməməsinin, sözügedən torpaq sahəsinin təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçüləri ilə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcudluğunun, göstərilən sahənin bağlar massivinə aid ərazi hüdudlarında olub-olmamasının müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2021-ci il tarixli məktubu ilə Mərkəzin ekspertinin iş üzrə “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı məhkəməyə daxil olmuşdur. Məlumatda aşağıdakılar bildirilir: - 2-1(112)-2845/2020 sayı iş üzrə Mərkəzin eksperti tərəfindən 24 fevral 2020-ci il tarixdə təyin edilmiş məhkəmə ekspertizası və rəy verilməsi mümkün olmamışdır. Belə ki, ekspertiza qarşısında qoyulmuş sualların həlli məqsədilə tədqiqat obyektinə baxış keçirilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mtəxəssis rəyinin Mərkəzə təqdim olunması barədə məhkəməyə 14 aprel 2021-ci il tarixli 10/1389 saylı vəsatət göndərilmişdir. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin müvafiq rəyi bu günədək Mərkəzə təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat»ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə matetiallar icrasız geri qaytarılır. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Məhkəmə qeyd olunanları hazırkı işin hallarına münasibətdə qiymətləndirərək müəyyən etdiyi aşağıdakı xüsusatları diqqətə çəkir: - Abşeron Rayon XDS İK-nın 3 aprel 1990-cı il tarixli 73 nömrəli qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 3 aprel 1990-cı il tarixli qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır; - Bakı şəhərinin Zirə qəsəbəsində Zirə Tərəvəzçilik-Südçülük Sovxozunda 1.200 kv.m ölçüdə torpaq sahəsinin hazırkı İddiaçı qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır; - Abşeron Rayon XDS İK-nın 3 aprel 1990-cı il tarixli 73 nömrəli qərarı «Torpaq islahatı haqqında» AR Qanununun 9, 10-cu maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanının müddəalarına (Fərmanla təsdiq edilmiş Siyahının 2.6-cı bəndi) uyğun olaraq iddiaçının həmin qərarla ona ayrılmış 1.200 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır; - Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. Birinci dəlillə (ayrıc aktından kənarda yerləşmə) bağlı qeyd olunmalıdır ki, iş üzrə məhkəmə ekspertizasının keçirilməsi və rəy alınması mümkün olmasa da, cavabdeh inzibati orqan da bununla bağlı tutarlı sübut təqdim etməmişdir. İkinci dəlilə (torpaq sahəsinin cizgisində uyğunsuzluq) gəldikdə isə nəzərə alınmalıdır ki, torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılması cavabdeh inzibati orqanın özünün səlahiyyətləri daxilindədir (vəzifəsidir). İddiaçının müraciıəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 3.2ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: (3.2.1) qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə, (3.2.2) qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə, (3.2.3) Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda, (3.2.4) daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda, (3.2.5) daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə, (3.2.6) daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. AR Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 03 aprel 1990-cı il tarixli 73 saylı qərarı ilə Bakı şəhəri, Zirə qəsəbəsi, Zirə Tərəvəzçilik-Südçülük Sovxozunda fərdi yaşayış evi tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinə ünvanın verilməsi, həmin torpaq sahəsinə dair onun adına plan və ölçünün tərtib edilərək, iddiaçının ona mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 03 aprel 1990-cı il tarixli 73 saylı qərarı ilə Bakı şəhəri, Zirə qəsəbəsi, Zirə Tərəvəzçilik-Südçülük Sovxozunda fərdi yaşayış evi tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinə ünvanın verilməsi, həmin torpaq sahəsinə dair onun adına plan və ölçünün tərtib edilərək, iddiaçının ona mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar