Məhkəmə qərarları › İş №2-1(112)-2645/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2645/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2645/2022 10.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə qarşı X14, X10, X12, X11 və X15 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə qarşı X14, X10 və və X12 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan- ünvan 1 ünvanında yerləşən mənzildən X14, X10, X12, X11 və X15 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsinə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iş üzrə üçüncü şəxslər qismində X14, X10, X12, X11 və X16 göstərməklə, ünvan 2 ünvanında yerləşən mənzildən üçüncü şəxslər X14, X10, X12, X11 və X15 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə ona - İddiaçı məxsusdur. Evə dair DƏDRX tərəfindən elektron çıxarış verilmişdir. Qeyd edilən evi 26.09.2006-cı ildə alqı-satqı müqaviləsi əsasında X8 almışdır. Müqavilənin 8-ci bəndinin şərtinə əsasən, X14 ona 3-cü şəxslərin hüquqlarından azad mənzili vermək öhdəliyi götürmüşdür. X2 indiyədək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, 12.07.2010-cu il təvəllüdlü X11, 03.03.1955-ci il təvəllüdlü X14, 08.02.1990-cı il təvəllüdlü X10, 23.09.2008-ci il təvəllüdlü X19 və 19.11.1960-cı il təvəllüdlü X4 məxsus olan evdə pasport qeydiyyatında olmalarına baxmayaraq, ona məxsus olan evdə yaşamırlar. Üçüncü şəxslərin ona məxsus olan mənzildə pasport qeydiyyatında olmaları mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırır. 12.07.2010-cu il təvəllüdlü X11, 03.03.1955- ci il təvəllüdlü X14, 08.02.1990-cı il təvəllüdlü X10, 23.09.2008-ci il təvəllüdlü X19 və 19.11.1960-cı il təvəllüdlü X1 məxsus olan mənzildən pasport qeydiyyatından çıxarılması ilə bağlı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 13.09.2021-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, qeyd edilən şəxslərin ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılması İdarənin səlahiyyəti daxilində deyil. Qeyd edilənlərlə yanaşı məhkəməyə müraciət etmək hüququnun olduğu tövsiyyə edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 01 oktyabr 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxslərə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan və üçüncü şəxslər tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh və üçüncü şəxslər müvafiq olaraq məhkəmə iclasına gəlmədiklərindən və nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, üçüncü şəxslər isə gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1964-cü ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Daşınmaz Əmlakın AN-1 seriyalı ******* nömrəli 26 sentyabr 2006-ci il tarixli alqısatqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı, ünvan 3 ünvanında yerləşən evi X8 müqavilə əsasında almışdır. Müqavilənin 13-cü bəndinə əsasən “Satıcı” müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 90 gün müddətində satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* №li çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə 02.11.2006-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, X14, X10, X12, X11 və X19 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən verilmiş 13.09.2021-ci il tarixli 096-232587J-1221 saylı cavab məktubunda qeyd edilmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlətinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinin müsbət həlli mümkün deyildir və ona məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 018-674-1222 №li 13.01.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, 03.03.1955-ci il təvəllüdlü X14 01.06.2006-cı il tarixdən, 08.02.1990-cu il təvəllüdlü Əliyeva (Mirzəyeva) Səriyyə İbrahim qızı 17.02.2009cu il tarixdən, 19.11.1960-cı il təvəllüdlü X12 14.09.2005-ci il tarixdən, 12.07.2010-cu il təvəllüdlü X11 22.02.2016-cı il tarixdən, 23.09.2008-ci il təvəllüdlü X19 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar və göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata alınmasına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinin 096- 280H-1222 №li 03.02.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, adları qeyd olunmuş vətəndaşların qeydiyyata alınmasına əsas olmuş sənədlər Suraxanı RPİ-nin X3 aşkar olunmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 05/2-885/13 №li 18.02.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, S.Əliyevanın (Mirzəyevanın) 11.04.1990-cı ildə Suraxanı rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən onun doğumunun nikahı olmayan anadan olmuş uşağın doğumu kimi qeydə alındığı, uşağın ata adının ananın göstərişinə əsasən “İbrahim” kimi yazıldığı, anasının isə X13 olduğu məlum olunmuşdur. S.Əliyeva (Mirzəyeva) 10.07.2009-cu ildə Qaradağ rayon qeydiyyat şöbəsində 19.08.1984-cü il təvəllüdlü X20 ilə nikaha daxil olmuş, həmin nikahdan 12.07.2010-cu ildə Çimnazxanım Əlizadə doğulmuşdur. Onların faktiki nikah münasibətindən doğulmuş 23.09.2008-ci il təvəllüdlü Nərmin Əliyevanın doğumu və atalığının müəyyən edilməsi sonuncu qurumda qeydə alınmışdır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzil iddiaçıların mülkiyyətində və sahibliyindədir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia, həmçinin əsaslıdır. İddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci yarımbəndində göstərilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı üçüncü şəxslər X14, X10, X12, X11 və X15 iddiaçıya məxsus mənzildə qeydiyyatda olması müəyyən olunsa da, onların mübahisəli mənzildə əmlak, o cümlədən istifadə hüquqlarını olmaması, həmçinin həmin şəxsin qeyd olunan mənzildə yaşamadığı və mənzildən qeydiyyatdan çıxmağa etirazının olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). Göründüyü kimi, üçüncü şəxslər X14, X10, X12, X11 və X15 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün qanuni əsas mövcuddur ki, cavabdeh sonuncuları qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərini pozmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər 12.07.2010-cu il təvəllüdlü X5, 03.03.1955-ci il təvəllüdlü X9, 08.02.1990-cı il təvəllüdlü X6, 23.09.2008-ci il təvəllüdlü X15 və 19.11.1960-cı il təvəllüdlü X7 İddiaçı məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar