Məhkəmə qərarları › İş №2-1(112)-2648/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2648/2022

15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2648/2022 15.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “kirayə xərcinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin hərəkətlərinin qanuna zidd sayılması, iddiaçının ailə üzvlərinin mənzil növbəsinə götürülməsi, Binəqədi rayon İcra Hakimiyyətinin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ödənilməmiş qalan 10.919 manat məbləğində mənzil kirayə pulunun verilməsini Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mənzil növbəsinin siyahısına daxil edilmişdir. İddiaçı hazırda onun ailə üzvlərinin mənzil növbəsinə götürülməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrdə 15 ildən çox xidmət etdiyindən və mənzil növbəsinə götürüldüyündən, onun ailə üzvləri də mənzil növbəsinə götürülməli və onlara münasibətdə kirayə xərci ödənilməlidir. Qeyd olunan tələb ilə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imitna etmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtinanı əsassız hesab edir və onun hüquqlarının pozulmasına səbəb olduğunu bildirir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən mənzil növbəsinə iddiaçının ailə üzvlərinin (X1, X4, X2) daxil edilməsi və mənzil kirayə haqqının ödənilməsi, ailə üzvləri nəzərə alınmaqla ona ödənilməmiş kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi etiraz onunla əsaslandırılmışdır ki, mənzil növbəsinə götürülməsi və mənzil kirayə haqqının ödənilməsi ilə bağlı İddiaçı tərəfindən cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsində qaldırılmış iddia tələbi təmin olunmuş və iddiaçının ehtiyatda olan baş gizir kimi Binəqədi rayon İcra Hakimiyyətinə mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək kirayə haqqının ödənilməsi barədə Ali Məhkəmənin İnzibati Kollegiyasının 23.06.2020-ci il tarixli 2-1(102)-945/2020 saylı qərarı “Məhkəmə qərarının icra edilməsi barədə” Binəqədi rayon İcra Hakimiyyəti başçısının 04.09.2020-ci il tarixli 105 saylı Sərəncamı ilə icra olunmuş və Sərəncam qəbul olunduğu tarixdən də iddiaçıya müvəqqəti mənzil kirayəsi xərcləri ödənilir. Hal-hazırda İddiaçı Səddar oğlu cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq ailə üzvləri üçün də mənzil kirayə haqqının ödənilməsini və həmin hüququnun yaranması günündən yəni 2019-cu il tarixdən ona qanunvericiliklə verilmiş hüquqlarının pozulmasına görə mənzil kirayə haqqının ödənilməmiş qalan məbləğinin ödənilməsini tələb edir. İddiaçı iddia ərizəsində hüququnun yaranması günündən ona kirayə haqqının ödənilməsi olduğunu qeyd etsə də, hansı hüquqdan bəhs etdiyini və həmin hüququn konkret yaranma tarixini bildirməmişdir. Halbuki bu hüquq iddiaçıda onun mənzil növbəsinə götürülməsi ilə bağlı məhkəmə qərarının icra olunması barədə Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncamın qəbul edilməsi tarixdən yaranmışdır. Bu səbəbdən də, iddiaçıya müvəqqəti mənzil kirayəsi xərcləri mənzil növbəsinə götürülməsi barədə Sərəncam qəbul edildiyi tarixdən ödənilmişdir. İddiaçının ailə üzvlərinə ödənilməməsinin səbəbi isə onunla bağlıdır ki, İddiaçı bundan qabaq məhkəmədə iddia qaldıraraq, yalnız özünün mənzil növbəsinə götürülməsi və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi vəzifəsinin cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı qaldırdığı iddiada ailə üzvlərini qeyd etməmişdir. Qeyd olunmalıdır ki, iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmamış və ümumi hüquqlarının pozulduğunu bildirmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə diqqətə çatdırır ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəlki ilkin olaraq cavabdeh inzibati orqana “ailə üzvlərinin mənzil növbəsinə götürülməsi” ilə bağlı müraciət etmiş və müraciəti üzrə imtina məktubu almışdır. Məhkəmə qeyd etmək istəyir ki, hər nə qədər də iddiaçının tələbi bilavasitə kirayə xərclərinin ödənilməsi ilə bağlı olmasa da, onun “ailə üzvlərinin mənzil növbəsinə götürülməsi” barədə müraciəti kirayə xərcinin ödənilməsi hissəsini ehtiva edir. Belə ki, qüvvədə olan qanunvericiliyin və oxşar işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsindən aydın olur ki, bu iki tələb, yəni mənzil növbəsinə götürülməsi və kirayə xərcinin ödənilməsi bir birindən asılı olan tələblərdir. Başqa sözlə desək, bu iki tələb arasında elə bir mexanizm mövcuddur ki, ehtiyata və istefaya buraxılmış hərbi qulluqçu və onun ailə üzvlərini mənzil növbəsinə alınmadan kirayə xərcini tələb etmək hüququna malik deyirlər. Başqa sözlə desək ilkin olaraq şəxsin və onun ailə üzvlərinin mənzil növbəsinə götürülməsi ilə bağlı hüquqlarının olub-olmadığı müəyyən edilməli, bu hal müəyyən edildikdən sonra isə əgər, şəxs mənzil növbəsinə götürülərsə bu zaman o (ailə üzvləri ilə birlikdə), mənzillə təmin olunanadək kirayə xərcini tələb etmək hüququna malik olur. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, iddiaçının iddia tələbi 3 hissədən ibarətdir:

1. İddiaçı ailə üzvlərinin mənzil növbəsinə götürülməsi;

2. Ailə üzvləri nəzərə alınaraq ona kirayə xərclərinin ödənilməsi;

3. Kirayə xərcinin əvvəlki dövr üçün ödənilməsidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hər iki tələbi bir birindən asılı olan tələblərdir və bu hissədə dəyərləndirmənin aparılması aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: -sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar;(50.1.1) -sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; (50.1.2) -yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; (50.1.3) -bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa).(50.1.4) 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27.08.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun: 12-1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. 12-2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. 12-10. Hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərar:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara xidməti mənzil, yşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsinin verilməsi həyata keçirilirkən hərbi qulluqçunun ailə üzvləri də nəzərə alınır. Belə ki, qanunvericilik təkcə hərbi qulluqçuya deyil, həmçinin onun ailə üzvlərinə xidməti mənzil alanadək və ya yaşayış sahəsi ilə təmin edilənədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyasının ödənilməsini şərtləndirmişdir. Digər tərəfdən qanunvericilik həm hərbi qulluqçuya, həm həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxsə, həmçinin də onların ailə üzvlərinə onların mənzil hüquqları pozululduğu anda qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etməklərini təsbit etmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı X3 ilə Binəqədi rayon İcra Hakimiyyəti arasında məhkəmə mübahisəsi olmuş, bu mübahisə zənnində iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ilindən çox xidmət etdiyi müəyyən olunmuş, məhkəmə qərarı ilə onun mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi ödənilməsi Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bundan sonra cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətlərə apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən baxılmış və iddianın əsaslı olması səbəbi ilə şikayətlərin təmin edilməməsinə qərar verilmişdir. Bundan sonra cavabdeh tərəfindən məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə Sərəncam qəbul edilmiş, vətəndaş İddiaçı Səddar oğlunun ehtiyatda olan baş gizir kimi Binəqədi rayonu İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək ona kirayə haqqının ödənilməsi qərara alınmışdır. Göründüyü kimi iddiaçının mənzil növbəsinə və ona kirayə haqqının ödənilməsi bilavasitə onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ilindən çox xidmət etməsi ilə əlaqədar olmuşdur. Doğrudur ki, iddiaçının məhkəməyə ilkin müraciəti zamanı o, özü ilə yanaşı ailə üzvlərinin mənzil növbəsinə götürülməsini tələb etməmişdir. Lakin nəzərə alınmalıdır ki, bu hal iddiaçının ziyanına şərh edilməməli və onu ailə üzvlərini mənzil növbəsinə götürülməsi ilə bağlı iddia tələbi irəli sürmək hüququndan məhrum etməməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi ehtiyata və istefaya buraxılmış hərbi qulluqçu təkcə özünə deyil, həmçinin ailə üzvünün mənzil növbəsinə götürülməsini və kirayə xərcinin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbi üzrə ehtiyata buraxılmış hərbi qulluqçunun mənzil növbəsinə götürülməsini tələb etdiyi şəxslərin onun ailə üzvləri olub-olmamasını və həmin şəxslərin mülkiyyətində hər hansı əmlakın olubolmamasını müəyyən etmək iddianın qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Bununla bağlı aşağıdakı maddi hüquq normalarının qeyd edilməsi zəruridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Göründüyü kimi qüvvədə olan qanunvericilik şəxsin ailə üzvləri qismində onun valideynlərini, uşağlarını və ərini (arvadını) təsbit etmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı təqdim olunmuş doğum və nikah haqqında şəhadətnamələrdən görünür ki, hazırda iddiaçının mənzil növbəsinə götürülməsi tələb etdiyi şəxslər onun arvadı (X1) və uşağlarıdır (X4, X2). Göründüyü kimi həmin şəxslər iddiaçının ailə üzvləri hesab olunur. Bundan başqa məhkəmə icraatı zamanı təqdim olunmuş arayışdan görünür ki, həmin şəxslərin Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlak dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat aşkar olunmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ilindən çox xidmət etməsi ilə əlaqədar mənzil növbəsinə götürüldüyündən, həmçinin mənzil növbəsinə götürülməsi tələb olunan şəxslər iddiaçının ailə üzvləri hesab olunduğundan və onların mülkiyyətində hər hansı əmlak aşkar olunmadığından, iddiaçının iddia tələbinin birinci hissəsi əsaslı olmuşdur. Beləliklə, iddiaşı İddiaçı Səddar oğlu ilə yanaşı həmçinin X1, X4 və X2 mənzil növbəsinə götürülməlidir. Məhkəmə iddia tələbinin kirayə xərcinin ödənilməsi hissəsini qismən əsaslı sayır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasının məzmunundan göründüyü kimi, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Beləliklə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsində müəyyən edilmiş müddətlərdə və qaydada ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi almaq hüquqlarını eyni dərəcədə tanımaqla yanaşı, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi ilə ilk növbədə təmin edilməsi tələbini təsbit edir. Eyni ilə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasında həmin maddədə göstərilən, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən ödənilməsini təsbit edir və bu zaman, həmin şəxslərin ehtiyata və ya istefaya buraxılma əsaslarını fərqləndirmir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarının 1-ci bəndində yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi təsbit olunmuşdur. Bu kompensasiyanın ödənilməsi isə təkcə ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuya deyil, həmçinin onun ailə üzvlərinə də şamil olunur. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının ailə üzvlərinin mənzil növbəsinə götürülməsi hüquqları olduğundan, onlara münasibətdə kirayə xərclərinin ödənilməsi də təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı ailə üzvləri nəzərə alınaraq kirayə xərcinin ödənilməsini tələb etmək hissəsində haqlı olsa da, həmin kirayə xərcinin əvvəlki illər üzrə ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Doğrudur ki, mənzil növbəsinə götürüldüyü ilə əlaqədar iddiaçıya 2020-ci ilin dekabr ayından kirayə xərclərinin ödənilməsi təmin edilir. İddiaçının hazırki tələbin həmin hissəsi ailə üzvlərinə kirayə xərcinin 2020-ci ilin dekabr ayından ödənilməsidir. Halbuki, Ali Məhkəmənin qərarı nəzərə alınmaqla cavabdeh məhz həmin qərarın icrası ilə əlaqədar kirayə haqqının 2020-ci ilin dekabr ayından ödənilməsi ilə bağlı sərəncam vermişdir ki, ailə üzvlərinin kirayə xərclərində nəzərə alınmalı olması yeni iddianın predmetidir və hazırda məhkəmənin həmin kirayə xərclərinin də ödənilməsini təmin etməsi, xərclərin 2020-ci ilin dekabr ayından nəzərə alınmaqla ödənilməsi əsası qismində çıxış etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin: 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarın:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. 3.1. bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012-ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər. 3.2. növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaitə olan tələbatın hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutsun. Qanunvericiliyin tələbindən də göründüyü kimi mənzil uçotuna götürülmüş şəxslərdən başqa ailə üzvlərinin sayı ilə bağlı məlumatların təqdim edilməsi, bununla bağlı dövlət büdcəsindən ailə üzvlərinə də kirayə xərclərinin ödənilməsi üçün vəsaitin ayrılması və s barədə məsələlər konkret olaraq tənzimlənmişdir ki, iddiaçının ailə üzvlərinin də nəzərə alınmaqla uçota tək şəxs götürülsə də ailə üzvlərinin də daxil edilməklə ödənişin məhz 2020-ci ilin dekabr ayından ödənilməsinin tələb edilməsi yuxarıda göstərilən müddəaların tələblərinə uyğun deyil. Bu zaman nəzərə alınmalıdır ki, ailə üzvlərinin də müəyyən edilməklə kirayə xərclərinin ödənilməsi məhz hazırkı iş üzrə gəlinən nəticədir, həmin hal əvvəlki məhkəmə icraatının predmeti olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericilikdə kirayə xərcinin əvvəlki dövrlər üzrə ödənilməsi ilə bağlı müddəa təsbit olunmamışdır. Belə olan halda da, iddia qeyd olunan hissədə əsassızdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin bir neçə qərarını əsas gətirir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1187/20 saylı 05 may 2020-ci il tarixli; 2-1(102)-242/2021 saylı 02.03.2021 tarixli qərarında Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçuya münasibətdə onların ailə üzvləri ili birlikdə mənzil növbəsinə götürülməli olması və mənzillə təmin olunanadək kirayə xərclərinin ödənilməli olması ilə bağlı mövqeyi irəli sürülmüşdür. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı ailə üzvlərinin (X1, X4, X2) mənzil növbəsinə daxil edilməsi və mənzil kirayə haqqının ödənilməsi cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar